İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza xalqının cinayətkar sionistlər tərəfindən qətli-ama məruz qalması haqqında verdiyi bəyanatında bu hadisəni şiddətlə pislədi. O, cinayətkar Buş hökumətinin sionistlərlə iyrənc həmkarlığını, beynəlxalq təşkilatların, eləcə də bir sıra ərəb dövlətlərinin sükut və etinasızlığını bu cinayətlərə zəmin yaradan amillər kimi dəyərləndirdi. İslam İnqilabının Rəhbəri bazar ertəsi gününü Fələstin mücahidlərinin, azadlıqsevər xalqların, bir sözlə, bütün müsəlmanların “ümumi matəm günü” elan etməklə yanaşı alimləri və ziyalıları qaniçən sionizmin cinayətləri qarşısında öz ağır məsuliyyətlərini icra etməyə çağırdı.
Bəyanatın mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
“Həqiqətən, Biz Allahınıq və həqiqətən, Ona tərəf qayıdacağıq”.
(“Bəqərə” surəsi, ayə 156)
Sionist rejimin Qəzzada törətdiyi qorxunc cinayətlər, yüzlərlə kişi, qadın və məzlum körpələri qətli-am etməsi son illərin hiylə, riya və ikiüzlülük pərdəsi arxasında saxlanan sionist canavarların qaniçən simasını bir daha ortaya çıxarmış oldu. Bu dəhşətli hadisə sionizm kimi hərbi kafirin müsəlman millətlərin coğrafi qəlbində yerləşməsinin nə qədər təhlükəli olmasını qafil və laqeyd insanlara bir daha xatırlatdı. Bu qorxunc hadisənin ağrısı hər bir müsəlman, ümumən dünyanın hər hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir vicdanlı və şərəfli insan üçün kifayət qədər ağır və üzücüdür. Lakin bundan da böyük müsibət özünü “müsəlman” adlandıran bəzi ərəb dövlətlərinin təşviqedici sükutudur. Əslində, qəsbkar, kafir və İslama qarşı döyüşən sionist bir rejimin qarşısında əzmlə dayanaraq məzlum Fələstin xalqını müdafiə etməli olan “müsəlman” dövlətlər elə bir yol seçmişlər ki, cinayətkar sionist rəhbərləri həyasızlıqla onları bu dəhşətli faciədə öz tərəfdarları kimi təqdim edirlər. Həqiqətdə bundan daha böyük müsibət və acı faciə düşünülə bilərmi?!
Bu ölkələrin liderləri Rəsuləllah (s) qarşısında nə cavab verəcəklər?! Yaşanan bu dəhşətli faciədən ötrü (bunun baş verməsi mütləqdir) yas saxlayan və matəmə bürünən öz millətlərinə nə cavab verəcəklər? Heç şübhəsiz ki, bu gün Qəzza xalqının uzunmüddətli ərzaq və tibbi ləvazimat mühasirəsindən sonra baş vermiş bu kütləvi qırğınına görə Misir, İordaniya və başqa İslam ölkələrində yaşayan müsəlmanların ürəkləri qan ağlayır.
Cinayətkar Buş dövləti öz iyrənc hakimiyyətinin son günlərində bu böyük cinayətdə işğalçı İsraillə həmkarlıq etməklə Amerika rejimini daha çox üzüqara etdi və hərbi cinayətkar olaraq öz günah dəftərini daha da qalınlaşdırdı.
Digər tərəfdən isə Avropa dövlətləri özlərinin etinasızlığı və təhrikedici səssizlikləri və bəlkə də bu böyük faciədə sionistlərlə həmkarlıq etməsi ilə insan haqlarının müdafiəçisi olduqlarına dair iddialarının yalan olduğunu və yalnız özlərinə sərf etdikdə bu haqları müdafiə etdiklərini bir daha sübut etdilər. Gerçəkdə onlar İslama və müsəlmanlara qarşı yönəlmiş cəbhədə iştirak etməklə öz düşmənçiliklərini açıq-aşkar göstərdilər.
İndi isə mənim ərəb dünyasının alim və ruhanilərinə, xüsusilə Misirin Əl-Əzhər universitetinin rəhbərlərinə belə bir sualım var: “Sizcə, İslam və müsəlmanları hədələməklə yaranan böyük təhlükələri hiss etməyinizin vaxtı gəlib çatmayıbmı? “Nəhy əz munkər” etməyinizin (pis işlərdən çəkindirmə) və zalım rəhbərin qarşısında haqq söz deməyinizin vaxtı yetişməyibmi? Sizin öz məsuliyyətinizi anlamağınız üçün Fələstində baş verən dəhşətli hadisələr, müsəlmanların kütləvi surətdə qırılması məqsədilə hərbi kafirlərlə həmkarlıq edən münafiqlərin mənfur hərəkətləri kifayət deyilmi?”
Mən İslam dünyasının, xüsusilə ərəb ölkələrinin informasiya təşkilatlarına və ziyalılarına da belə bir sual ünvanlamaq istəyirəm: “Nə vaxta qədər öz məsuliyyətinizə laqeyd yanaşacaqsınız? Qərbin utancverici insan haqları təşkilatları və BMT-nin Təhlükəsizlik Şurasının bundan da artıq rüsvay olması mümkündürmü?”
Bu gün bütün fələstinli mücahidlər və İslam dünyasının möminləri Qəzzadakı qadınları, uşaqları və köməksiz insanları müdafiə etməyə borcludurlar. Bu müqəddəs və dini müdafiədə öldürülən hər bir şəxs şəhiddir və ümidvarıq ki, onlar Bədr və Uhud döyüşündə Rəsuləllahın (s) hüzurunda şəhid olmuş insanlarla bir sırada məhşur olacaqlar.
İslam Konfransı Təşkilatı belə həssas vəziyyətdə öz tarixi vəzifəsini yerinə yetirməli və cinayətkar sionist rejiminin qarşısında heç bir təsirə məruz qalmayan aktiv bir cəbhə yaratmalıdır. Sionist İsrail rejimi müsəlman dövlətlər tərəfindən mütləq cəzalandırılmalıdır. Xüsusilə də sionizmin rəhbərləri Qəzza qırğınına və uzunmüddətli mühasirəyə görə mühakimə olunmalı və cəzalanmalıdırlar.
Müsəlman xalqlar öz möhkəm iradəsi, qəti əzm və dönməzliyi sayəsində bu tələbləri reallaşdıra bilərlər. Bu baxımdan hal-hazırkı çətin durumda siyasətçilərin, alimlərin və ziyalıların üzərinə düşən məsuliyyət başqaları ilə müqayisədə daha ağırdır.
Mən Qəzza faciəsi ilə əlaqədar olaraq bu bazar ertəsi gününü (sabahı) “ümumi matəm günü” elan edirəm və bu kədərli hadisə ilə bağlı bütün dövlət məmurlarının üzərlərinə düşən vəzifələrini yerinə yetirməyə çağırıram.
وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ
«Tezliklə zalımlar hansı hala düşəcəklərini biləcəklər».
(“Şüəra” surəsi, ayə 227)
Seyid Əli Xamenei