İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər xalqın müxtəlif təbəqələrindən ibarət minlərlə vətəndaşın qarşısında İslam hökumətinin əhəmiyyətli məsələ olması və əsil İslam hökuməti nümunəsinin açıqlanmasını Qədir-Xum hadisəsinin böyük bir dərsi kimi təqdim edərək dedi: “Şiəlik Qədir-Xum hadisəsi ilə bağlı öz parlaq və əsası möhkəm olan inancını qorumaqla yanaşı bu inancın İslam dünyasında təfriqə və ixtilafa yol açmasına da imkan verməyəcək”.
O, İran xalqını və bütün dünya müsəlmanlarını Qədir-Xum bayramı münasibətilə təbrik etdi və Qədir-Xumun mesajını düzgün dərk etməyin İslam ümmətinin doğru yolda hərəkət etməsinə uğurlu yol açdığını bildirərək əlavə etdi: “Həzrət Peyğəmbər (s) tərəfindən Əmirəl-mömininin (ə) canişin təyin olunması və bu məsələnin Peyğəmbərin (s) bərəkətli ömrünün son günlərinə təsadüf etməsi çox mühümdür. Əslində, bu hadisə hökumət məsələsinin əhəmiyyətinin, habelə İslamda din ilə siyasətin vəhdət təşkil etdiyinin bariz göstəricisidir. Bu gün bu böyük dərsə bütün İslam ümməti möhtacdır”.
Sonra o, İslam hökuməti nümunəsinin açıqlanmasını əzəmətli Qədir-Xum hadisəsinin növbəti mesajı kimi dəyərləndirərək dedi: “Həzrət Əli ibn Əbu Talib (ə) kimi bir şəxsiyyəti İslam Peyğəmbərinin (s) canişini olaraq təqdim etmək, əslində, Qədir-Xum hadisəsinin yalnız müsəlmanlar üçün tarixi bir xatirə olmadığını göstərir. Bu hadisə həm İslami cəmiyyətlərin, həm də bütün bəşəri toplumların idarə olunması üçün lazımi meyarları açıqlayır”.
İslam İnqilabının Rəhbəri İlahi rizayətə bağlılıq, Allah yolunda çətin və yorulmaq bilməyən mücadilə, haqq və həqiqət uğrunda fədakarlıq, Tanrı düşmənləri qarşısında səbir və polad iradə, dünya cazibələrinə etinasızlıq, zəif və məzlum insanlar qarşısında təvazökarlıq və sadəlik və başqa bu kimi xüsusiyyətlərin Əmirəl-mömininə (ə) xas özəlliklərindən olduğunu vurğulayaraq əlavə etdi: “Qədir-Xum hadisəsi İslam ümmətinə öyrədir ki, İslami cəmiyyətlərin idarəçiliyi məhz Əmirəl-möminini (ə) özünə meyar qəbul edən və bu uca zirvəyə yaxınlaşmaq üçün çalışan insanların əlində olmalıdır. Bu əhəmiyyətli məsələ İslamın və İslam Respublikasının müasir insana verdiyi yeni bir mesajdır”.
Sonra Əli ibn Əbu Talibin (ə) səbirdə, səy və mücadilədə, eləcə də həyatın digər sahələrində böyük Peyğəmbərimizin (s) layiqli şagirdi olduğunu qeyd edərək dedi: “Bu gün bəşəriyyətin ən böyük problemi Qədir-Xumda İslamın ən ali nümunəsinin göstərən siyasətçilərin yoxluğudur”.
İslam İnqilabının Rəhbəri Qədir-Xum barəsində şiə və sünni nəzərləri arasındakı fərqə də toxundu: “Buna rəğmən həm şiə, həm də sünni əqidəli insanlar Qədir-Xum hadisəsinin həqiqəti və Əmirəl-mömininin (ə) şəxsiyyətinin əzəməti barəsində həmfikirdirlər. İslam ümmətinin hər bir fərdi Həzrət Əli ibn Əbu Talibi (ə) elm, təqva və şücaətin ən yüksək və əlçatmaz qülləsi hesab edir”.
Həzrət Ayətullah Xamenei şiə və sünnilərin ayıq olmasını və təfriqəçi qüvvələrə qarşı mübarizə etməsini təkidlə tövsiyə edərək əlavə etdi: “Həzrət Əlinin (ə) Rəsuləllahdan (s) sonra imamətinə etiqad bəsləmək şiəliyin ən əsas təməlidir. Şiələr bir çox zülm və düşmənçiliklərə baxmayaraq bu və bu kimi digər etiqadları qorumuş və qoruyacaqdır. Həmçinin, şiələr bu inancın İslam dünyasında ixtilaf və iğtişaş yaratmasına heç bir vəchlə yol verməyəcəkdir”.
İslam İnqilabının Rəhbəri müsəlmanlar arasında ixtilaf yaranmasına mane olmaq məqsədilə imam Xomeyninin (r.ə) və İslam Respublikasının etdiyi ardıcıl səylərdən söz açaraq dedi: “Şiə və sünni olmasından asılı olmayaraq bütün müsəlman xalqlarının İslam İnqilabına rəğbəti dünyanın hegemon qüvvələrinə böyük zərbə oldu. Bu məhəbbəti gördükdən sonra onlar müsəlmanlar arasında təfriqə salmaq və onların meyillərini İslam Respublikasından uzaqlaşdırmaq üçün məzhəb təəssübkeşliyini qızışdırmağı ən təsirli yol bilirlər. Bu təhlükəli təxribatın qarşısını almaq üçün çox ehtiyatlı və diqqətli olmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei İslam düşmənlərinin təfriqə salmaq üçün büdcə ayırmaqları məsələsinə də toxundu: “Biz bilirik ki, şiələr və sünnilər əleyhinə söyüşlər, iftiralar yağdıran kitabların çap olunması üçün büdcəni hegemon qüvvələrə bağlı olan bir mərkəz ödəyir. Bu qorxunc həqiqət bizi ayıltmaq üçün kifayət deyilmi?!”
İslam İnqilabının Rəhbəri şiə və sünni ədəbiyyatında təhqir və iftira dolu yazıları Amerikaya və sionizmə yardım kimi qiymətləndirərək dedi: “Hamı bilməlidir ki, bu qəbildən olan kitablar nə heç bir şiəni sünni etməyəcək, nə də heç bir sünninin qəlbini şiə əqidəsinə cəlb edə bilməyəcək”.
Sonra o, Həzrət Əlinin (ə) vilayətindən yardım diləyərək sözünə belə davam etdi: “Əlbəttə, tarix boyu şiə alimləri tərəfindən yazılan kitablar kimi möhkəm və məntiqi dəlillərə əsaslanan kitab yazmağın heç bir qorxusu yoxdur. Lakin əgər kimsə sünni toplumunu təhqir etməklə şiəliyi müdafiə edə biləcəyini düşünürsə, qoy bilsin ki, düşmənçilik yaratmaqdan başqa heç bir nəticə əldə etməyəcək. Əslində, bu iş vilayəti yox, tamamilə əksinə, Amerika və sionizmi müdafiə etməkdir”.
O, İran xalqının nüvə enerjisi və digər hüquqlarına qarşı çıxmaq üçün xarici ölkələrin bəzi ərəb dövlətlərinə təzyiq göstərməsinə də işarə edərək dedi: “Bu, düşmənin bacardığı ən böyük işdir. Yeri gəlmişkən, həmin dövlətlər də nisbətən bitərəf mövqe tutmaqla İran barəsində özlərini tamamilə Amerika və sionizmə təslim etməyə razı olmurlar”.
Həzrət Ayətullah Xameneyi çıxışının sonunda belə dedi: “Hər bir halda İran xalqı və digər müsəlman xalqlar ayıq olsalar, düşmən hansı hiyləyə əl atırsa-atsın, İslam ümmətini zəiflətmək üçün qarşısına qoyduğu məqsədə çata bilməyəcək”.
Görüşün başlanğıcında Əhli-beyt (ə) məddahlarından biri Əmirəl-möminin (ə) və Qədir-Xum hadisəsinə həsr olunan qəsidələr oxudu.