İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Livan Respublikasının prezidenti Mişel Süleyman və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Livandakı müxtəlif qrup və tayfaların birləşməsini bu ölkənin yeganə xilas və tərəqqi yolu kimi təqdim edərək dedi: “İran İslam Respublikası bu əqidədədir ki, Livandakı bütün qruplaşmalar öz xalqının sionist rejimindən doğan təhlükəyə qarşı milli qüdrət və vəhdətinə xidmət etməlidirlər”.
O, Cənab Mişel Süleymana İslami müqavimət hərəkatını himayə etdiyi, milli vəhdət yaratmaq yolunda səyləri və ordunun milli ruhunu qoruduğu üçün təşəkkür edərək dedi: “İran İslam Respublikası daim Livan xalqının yanında olacaq və biz ümid edirik ki, bu dəfəki danışıqlar iki ölkə arasında olan səmimi münasibətləri daha da gücləndirəcək”.
İslam İnqilabının Rəhbəri Livanın kiçik əraziyə malik olmasına baxmayaraq çox “böyük mənalar”ı ehtiva etməsinə də toxundu: “Bu “böyük mənalar”dan biri Livandakı müxtəlif dini və məzhəbi firqələrin nümunəvi formada birgə yaşamalarıdır”.
Həzrət Ayətullah Xamenei Livanın həmin “böyük mənalar”ından birinin Livan xalqının sionist rejimi üzərində tarixi qələbəsi olduğunu qeyd edərək əlavə etdi: “Ötən 60 il ərzində heç bir İslam və ərəb ölkəsi sionist rejimin qarşısında dayana bilməmişdi. Lakin Livan xalqı bu tilsimi sındırdı və İsrail ordusunu məğlub edib, öz torpağından çıxarmağı bacardı”.
O, Livan xalqının vəhdətini sionist rejimi üzərində qələbənin əsas amili kimi göstərərək dedi: “Hal-hazırda prezidentin rəhbərliyi ilə Livandakı müxtəlif qruplaşmalar arasında gedən danışıqlar müsbət dəyərləndirilir. Çünki Livan xalqının işıqlı gələcəyi məhz milli vəhdətdən asılıdır”.
İslam İnqilabının Rəhbəri sözünə belə davam etdi: “Livan sionist rejimin təcavüzü qarşısında müqavimət göstərməklə digər müsəlman millətlər üçün gözəl bir örnək və dərsə çevrildi. 33 gün davam edən müharibə zamanı İslam və ərəb ölkələrində yaşayan bir çox müsəlmanlar Livan Hizbullahının və Seyid Həsən Nəsrullahın adına şüarlar səsləndirirdilər”.
Həzrət Ayətullah Xamenei İslam dünyasında və ərəb ölkələrində müqavimət dəstələrini himayə etməyi çox yüksək qiymətləndirərək dedi: “Bu yolda irəliləmək üçün müqavimət əhval-ruhiyyəsini ilk öncə qəlblərimizdə, sonra isə əməl meydanında qorumalıyıq”.
O, həmçinin terrorizmi Livan və bütün region dövlətləri üçün çox böyük bir təhlükə hesab edərək dedi: “Bəzi dövlətlərin pulları ilə yaranmış bu terrorizmin zərbəsi həmin dövlətlərə də dəydi. Amma onlar bu zərbədən ibrət dərsi almadılar və hələ də terroristləri himayə etməkdədirlər”.
İslam İnqilabının Rəhbəri terrorizmlə mübarizədə düzgün çıxış yolu tapmaq məsələsini də önə çəkib Livandakı fələstinli qaçqınlara işarə edərək dedi: “Qaçqın fələstinlilərin ərəb ölkələrində yerləşməsi düzgün siyasətdir, lakin onlar əvvəl-axır öz doğma yurdlarına qayıtmalıdırlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi insanlar elə düşünürlər ki, fələstinlilərin öz torpaqlarına qayıtması qeyri-mümkündür, lakin bu məsələ baş verəcək”.
İİR-nın prezidenti Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Livan prezidenti Mişel Süleyman həmişə, xüsusilə 33 günlük çətin müharibə günlərində, habelə müharibədən sonrakı abadlaşma dövründə Livan xalqına göstərdiyi dəstəyə görə İran xalqına və İslam dövlətinə təşəkkür edərək dedi: “Livanın daxili problemlərinin həllində və Dəvhə razılaşmasının baş tutmasında İran İslam Respublikasının rolu çox aşkar və dəyərlidir”.
Livanın siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini şərh edən prezident Mişel Süleyman sözünə belə davam etdi: “Livanın müxtəlif qruplarından təşkil olunmuş çoxsaylı nazirlər heyətinin İranda olması, əslində, bütün bu qrupların İran İslam Respublikasının müsbət roluna təşəkkürünün ifadəsidir”.
Cənab Mişel Süleyman qeyd etdi ki, Livan dövlətinin qüdrətli olması müqavimət hərəkatını daha da gücləndirəcək. O, Livan ordusunun milli birliyin əsas göstəricisi olduğunu bildirərək dedi: “Livanın izzət və toxunulmazlığının təmini üçün ordunun olması zəruridir, müqavimət hərəkatı isə bu izzət və toxunulmazlığın bariz göstəricisidir”.