Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri tələbələrlə görüşündə:

Tələbə ölkənin ən böyük sərvətidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Elm və Sənaye  Universitetinin minlərlə tələbəsi qarşısında etdiyi çıxışda tələbə fəaliyyətinin müxtəlif sahələrini və xüsusiyyətlərini açıqlayaraq, universitetləri "elm və təhqiqat" və "müqəddəs amallar uğrunda mübarizə” ocağı kimi dəyərləndirdi və qeyd etdi: “Əgər millət və dövlətin vəzifəli şəxsləri ölkəmizdəki İslam quruluşunu öz həqiqi simasında qoruyub saxlaya bilsələr, heç bir düşmən bu ölkəyə zərbə vura bilməz".

Tələbələrlə görüşdən böyük məmnunluq duyduğunu qeyd edən Rəhbər səmimilik, gənclik, təravətlilik və mənəvi hazırlığı tələbəliyin səciyyəvi xüsusiyyətləri kimi vurğulayaraq əlavə etdi: "Ölkənin ən böyük sərvəti sayılan tələbə bu günün və gələcəyin əsas və təyinedici rolunu ifa edir".

Həzrət Ayətullah Xamenei “elm və təhqiqat” ocağını millətin həyat və izzət mənbəyi kimi tanıtdıraraq söylədi: "Son illərdə elmin müxtəlif sahələrində müşahidə olunan irəliləyiş və tərəqqi yolu ölkənin elmi-texniki sahədəki geriliyini sürətlə aradan qaldırmaq üçün dayanmadan davam etdirməlidir”.

O, tibb, nüvə enerjisi və müxtəlif yeni elmlər sahəsində əldə edilən nailiyyətləri millətin dərin elmi bacarığa və istedada malik olmasının bariz göstəricisi kimi qiymətləndirdi, eləcə də İran millətinin zəkası və elm sahəsindəki böyük keçmişini xatırladaraq dedi: “Ölkədə aparılan genişmiqyaslı elmi fəaliyyətin əsas məqsədi İranı dünyanın elmi mərkəzinə çevirməkdir. Bu böyük arzuya ölkənin alimləri və tələbələrinin səyi nəticəsində nail olmaq mümkündür”.

İslam İnqilabının Rəhbəri İran millətinin böyük elmi nailiyyətlər əldə etməsində “Biz bacararıq” şüarına inamla arxalanıb yüksək səviyyəli təhsil sisteminin yaradılmasının, həmçinin bu istiqamətdə tələbələrin, elmi-araşdırma mərkəzlərinin və universitetlərin fəal əməkdaşlığının mühüm rol oynadığını vurğulayaraq dedi: “Bu iş ümidvarlıq və ciddiyyətlə yerinə yetirilməli və hal-hazırkı cavan nəsil İranın elm ocağına çevrilməsinin şahidi olmalı, eyni zamanda buna qətiyyətlə inanmalıdır”.

Həzrət Ayətullah Xamenei tələbələrin müqəddəs amallar uğrunda fəaliyyətini bu şəkildə açıqladı: “Tarix göstərir ki, zülm, istismar və zorakılığa qarşı mübarizə, həmçinin ədalətin bərqərar olunması tələbələrin ən başlıca tələbləri idi. Hər bir tələbə də hökmən bu amalları uca tutmalıdır”.

O, 1332-ci hicri-şəmsi ili azər ayının 16-da Amerika əleyhinə təşkil olunan mitinqlərdə üç tələbənin şəhadətini tələbələrin zülm və əsarətə qarşı mübarizəsinin daha bir nümunəsi hesab edərək dedi: “Tələbələr elə ilk günlərdən 1342-ci ildə yaranan Ruhanilər hərəkatına qatıldılar və ruhanilərlə çiyin-çiyinə mübarizə aparmaqla İslam İnqilabının qələbəsində böyük rol oynadılar”.

Sonra o, İslam İnqilabının qələbə çaldığı ilk dönəmlərdə tələbələrin Mühafizlər Korpusunun və Quruculuq Cihadı Təşkilatlarının yaranmasında ayıq-sayıq təşəbbüsünü tələbə hərəkatının digər həqiqi nümunələrindən biri hesab edərək əlavə etdi: “Ali məktəbləri öz yuvasına çevirmiş kiçik qruplar və silahlı dəstələrə qarşı mübarizə, Amerikanın casusluq yuvasını ələ keçirmək kimi böyük bir hərəkat, bərəkətli Universitet Cihadının təşkili, 8 il müqəddəs müdafiə və son 30 ildə bütün təxribatlara qarşı effektiv mübarizə – bütün bunlar göstərir ki, tələbə hərəkatı istismara qarşı çıxmaq, fitnə-fəsad, istibdad və zadəgan həyat tərzi ilə mübarizə etmək, təbəqələşmə sisteminə və azğın meyillərə müxalif olmaq və s. digər müsbət xüsusiyyətlərlə davamlı surətdə ədalət tərəfdarı kimi çıxış etməklə inqilab və xalqın hədəflərinə çatmaq yolunda öz əsas rolunu ifa edə bilmişdir”.

Həzrət Ayətullah Xamenei “inqilab – siyasət” mövzusu ilə bağlı müzakirələrin və ab-havanın yaranmasını tələbə hərəkatının növbəti nümunəsi kimi təqdim edərək əlavə etdi: “Əlbəttə, bəzi tələbələrin və ya bəzi tələbə qruplarının başqa tərzdə düşünməsi mümkündür. Lakin tələbə hərəkatının tarixi faktları göstərir ki, ölkədəki tələbə sinfinin əsas cihadı zülmə qarşı çıxmaq və böyük hədəflər uğrunda mübarizə aparmaq kimi gözəl xislətlərə malikdir. Tələbə sinfi elə bu zati xislətlərinə əsaslanaraq Fələstində, İraqda, Əfqanıstanda və ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrində ayrı-ayrı xalqlara qarşı törədilən cinayətlərin əleyhinədir”.

İslam İnqilabının Rəhbəri tələbə təşkilatlarının rolu və bu təşkilatların siyasi partiyalarla fərqi haqqında bunları dedi: “Partiyalar hakimiyyət uğrunda çalışırlar, lakin tələbələr hakimiyyət haqqında düşünmürlər. Tələbə sinfi yalnız öz hədəf və amallarına nail olmaq istəyir. Ona görə də partiyaların qüdrət əldə etmək üçün tələbə təşkilatlarından vasitə kimi istifadə etməsi heç də doğru deyil və tələbələr də bu məsələni mütləq diqqət mərkəzində saxlamalıdırlar”.

O, tələbəlik mühitində həmkarlıq üçün şərait yaradılmasını tələbə təşkilatlarının digər müsbət fəaliyyətlərindən biri hesab edərək və düşmənlərin tələbə sinfini azdırmaq üçün qoyduğu sərmayələrə işarə edərək dedi: “Tələbə təşkilatları tələbəlik əhval-ruhiyyəsini yaratmaqla yanaşı, tələbələri şəhvət cazibələri, siyasi hiylələr və ilk baxışda mənəviyyat görüntüsü yaradan yalançı irfan bazarları kimi uçurumlardan qorumalıdır”.

İslam İnqilabının Rəhbəri tələbə təşkilatlarını tələbə hərəkatının əsas prinsiplərini davamlı surətdə izləməyə çağıraraq əlavə etdi: “Ümummilli vəhdəti qorumaq və İran xalqının əcnəbi təxribatlara qarşı mübarizəsində iştirak etmək tələbə təşkilatlarının əsas vəzifələrindəndir”.

Həzrət Ayətullah Xamenei çıxışının digər bölümündə İslam İnqilabının qələbəsinin səbəblərini açıqlayarkən Məşrutə hərəkatının ingilis istismarçıları tərəfindən qəsb olunması ilə qəddar, rəhmsiz və qeyri-müstəqil bir diktatorun hakimiyyətə gəlməsini xüsusi qeyd edərək dedi: “Əzəmətli İslam hərəkatı xalqın səyi və mərhum imam Xomeyni (r.ə) kimi misilsiz bir şəxsiyyətin rəhbərliyi sayəsində qalib gəldi. Bu inqilabın qələbəsinin və davamlılığının əsas iki səbəbi var: xalqın dözümü və xalqın uzaqgörənliyi”.

Sonra o, İranda İslam Respublikasının yaranmasını İran xalqının tarixi ehtiyacının ödənişi kimi dəyərləndirərək dedi: “Qətiyyətlə demək olar ki, İslami və dini hərəkatdan başqa heç bir mübariz hərəkat Amerikaya bağlı Şah rejimini məhv edə bilməzdi”.      İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei əlavə etdi: «Xalq kütlələrinin bir nəfər kimi İslam İnqilabında iştirakı da dini əhval-ruhiyyə, ruhaniyyət və xüsusilə imam Xomeyninin (r.ə) rəhbərliyi olmadan mümkün deyildi».

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının ötən 30 il ərzində düşmənin müxtəlif təzyiqləri qarşısında müqavimət göstərə bilməsinin əsas stimulu kimi bu quruluşun İslami mahiyyətini göstərdi.

O, başda Amerika və sionizm beynəlxalq şəbəkəsi olmaqla hegemon dövlətlərin İran İslam Respublikasına qarşı dərin və barışmaz düşmənçiliyinin əsas səbəbini açıqlayaraq dedi: «İran İslam Respublikasının qəbul etdiyi və etmədiyi bir sıra məsələlər vardır, ona qarşı yönəlmiş düşmənçiliyin əsas səbəbi də elə bu müsbət və mənfilərdir».

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin qəbul etmədiyi məsələləri belə açıqladı: «İstismar, köləlik, dünyanın siyasi qüdrətləri tərəfindən millətlərin təhqiri, siyasi müstəmləkəçilik, hegemon dövlətlərin nüfuzu və müdaxiləsi, əxlaqi  sekolarizm – bütün bunlar İran İslam Respublikasının qəbul etmədiyi məsələlər sırasındadır».

Daha sonra o, qəbul olunan məsələləri belə izah etdi: «İran İslam Respublikası millətpərvərlik və milli mənlik, İslami dəyərlər, dünya məzlumlarının müdafiəsi, elm və bilik zirvələrini fəth etmək üçün edilən səylər və s. bu kimi məsələləri qəbul edir və üzərində təkidlə dayanır».

Həzrət Ayətullah Xamenei: «Əgər biz bu mövqeyimizdən azacıq geri çəkilsək, şübhəsiz, bu düşmənçilik azalacaq və «İran İslam Respublikası öz prinsiplərindən dönməlidir» deyənlərin əsil məqsədi məhz bizi öz mövqeyimizdən çəkindirməkdir» – deyə sözünə davam etdi.

O, İslam rejiminin heç bir vəchlə tutduğu mövqedən dönməyəcəyini vurğulayaraq əlavə etdi: «Ötən 30 ildə İslam rejimi bu mövqeyində möhkəm dayanaraq düşmənin geniş və təchizatlı cəbhəsinə qarşı müqavimət göstərmiş və hətta onu geri çəkilməyə vadar etmişdir».

İslam İnqilabının Rəhbəri hal-hazırda Amerikanın Yaxın Şərqdəki mövqeyini son 15 illə müqayisə edərək dedi: «Amerika ötən illərə nisbətən daha da mənfur, zəlil və nakam vəziyyətə düşmüşdür. Onun Yaxın Şərq, xüsusilə Fələstin, Livan, İraq və Əfqanıstan üçün cızdığı planları nəticəsiz qalmış, əksinə İslam Respublikası daha da inkişaf etmişdir».

Həzrət Ayətullah Xamenei əlavə etdi: «İslam dövlətinin düşmən qarşısında belə güclü müqaviməti və müxtəlif sahələrdə müşahidə olunan inkişaf və tərəqqisi, əslində, bu rejimin iqtidar və daimiliyini göstərən əlamətlərdir”.

O qeyd etdi ki, bu qabiliyyət və dözüm bir sıra zəruri şərtlərə bağlıdır və bu barədə fikirlərini şərh edərkən İslam Respublikası sisteminin əsas mahiyyətini və hüquqi quruluşunu önə çəkərək dedi: «İslam rejiminin hüquqi və rəsmi sistemi dövlətçiliyin sütunları sayılan dövlət, milli məclis, məhkəmə hakimiyyəti və digər orqanlar, eləcə də seçkilərdən ibarətdir. Bütün bunlar dövlət əsasnaməsində qeyd olunmuşdur və onları qorumaq zəruridir, lakin bu, İslam Respublikasının həqiqi əbədiliyi üçün kifayət deyil».

İslam Respublikasının Rəhbəri bu nizamın əsas və həqiqi mahiyyətini qorumağı ən mühüm vəzifə hesab edərək təkid etdi: «Bu sistemin əsil mahiyyəti onun ruhu, mənası və məğzidir. Həqiqi kimliyi qorumadan hüquqi sistemi qorunmağın heç bir faydası yoxdur».

Həzrət Ayətullah Xamenei əlavə edərək dedi: «Bu quruluşun həqiqi və əsas mahiyyəti İslam Respublikasının hədəfləri olan ədalət, insan şəxsiyyəti, mənəvi dəyərlərin qorunması, bərabərlik və qardaşlıq naminə çalışmaq, əxlaqi üstünlüklər, düşmənin nüfuzu  qarşısında müqavimət göstərmək və s.-dən ibarətdir» .

O dedi: «Əgər İslami əxlaqdan uzaqlaşsaq, ədaləti unutsaq, dövlət məmurlarının xalqdan uzaqlaşmasına göz yumsaq və əgər ölkəni idarə edən səlahiyyətli şəxslərin zehnindən və əməlindən xalqa xidmət uğrunda fədakarlıq düşüncəsi kənarlaşsa, cavabdeh şəxslər sadə xalq kütlələri səviyyəsində yaşamaq fikrindən əl çəksə, həmçinin məsul şəxslərin xarici siyasətinə düşmən qarşısında əzmlə dayanıb müqavimət göstərmək əvəzinə fərdi və şəxsi zəiflik, acizlik və nöqsanlar hakim kəsilsə – bax, o zaman, həqiqətən də İslam dövlətinin əsil mahiyyətinin mühüm bir hissəsi aradan gedəcək. Bu halda isə bu sistemin zahiri quruluşu «İslami» adlansa belə heç bir mühüm təsiri olmayacaq».

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei əlavə etdi: «İslam sisteminin bu ruhu və simasının əldən çıxmaması üçün çox ehtiyatlı olmaq lazımdır. Xüsusilə diqqətdə saxlamaq lazımdır ki, bu rejimin həqiqi simasının və mahiyyətinin aradan getməsi tədricən baş verən gizli bir proses olduğundan çoxlarının diqqətini cəlb etmir, bəzən də onlar artıq mövcud durumun düzəlməsinə imkan olmadıqda qəflət yuxusundan ayılırlar».

Həzrət Ayətullah Xamenei tələbə sinfini cəmiyyətin ziyalı təbəqəsinin görən gözü, İslam rejiminin zahirini və batinini qoruyan, eləcə də onu sapmalardan saxlayan bir qüvvə hesab edərək dedi: «Ötən 30 ildə, xüsusilə imam Xomeyninin (r.ə) vəfatından sonrakı iki onillikdə İslam rejimini həqiqi simasından çıxarmaq üçün siyasi, əxlaqi və ictimai müstəvidə çox səy göstərənlər oldu, lakin Allahın lütfü və xalqın ayıq-sayıqlığı sayəsində onların cidd-cəhdi heç bir nəticə vermədi».

O əlavə etdi: «Bir vaxtlar mətbuatımızda rəsmi və aşkar formada dinin siyasətdən ayrı olmasını təbliğ etməyə, hətta daha da irəli gedərək zalım, qəddar və qaniçən Pəhləvi rejimini açıq-aydın şəkildə tərifləməyə başlamışdılar».

İslam İnqilabının Rəhbəri belə problemlərin qarşıya çıxmaması üçün yeganə çıxış yolunu İslami mahiyyətin əsas göstəricilərinin daha qabarıq görkəm almasında, eləcə də əqidə, təfəkkür və siyasət sərhədlərinin möhkəmlənməsində görərək əlavə etdi: «Məsul şəxslərin ədalətli və sadə həyat tərzi keçirməsi, onların sədaqətlə işləməsi, dayanmadan elmi səylər, əcnəbilərin tamahı və hegemonluğu qarşısında qətiyyətlə müqavimət göstərmək, həmçinin milli hüquqlarımızı igidliklə müdafiə etmək – bütün bunlar İslami mahiyyətin əsas göstəricilərindəndir».

700 /