İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Ekvador Respublikasının prezidenti Rafael Korrea və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran millətinin maraq və hüquqlarına dair ölkələrin müqavimətini yeganə tərəqqi yolu kimi qiymətləndirərək qeyd etdi: "Bu müqavimətin şücaətli rəhbərlərə ehtiyacı var və Latın Amerikasında belə rəhbərlər mövcuddur".
Həzrət Ayətullah Xamenei Latın Amerikası ərazisində yaşayan xalqların, həmçinin digər millətlərin ABŞ-a qarşı olan qəzəb və nifrətlərinə işarə edərək buyurdu: "Artıq millətlər imperializmin və istismarçı müstəmləkəçiliyin hökmranlıq və təzyiqindən beziblər. Bu hökmranlıqdan xilas olmaq üçün şücaətli rəhbərlərə ehtiyac vardır".
İslam İnqilabının Rəhbəri bunu da qeyd etdi ki, dünyaya hökmranlıq edən dövlətlər acgözdürlər və onların istəklərinin həddi-hüdudu yoxdur. Həzrət Ayətullah Xamenei xatırlatdı: “Öz dövlətinin maraqlarının qorunmasında yeganə yol hegemon qüvvələrin qarşısında müqavimət göstərməkdir. Amma dünyanın bəzi rəhbərləri öz millətlərinin mənafeyinin müdafiəsində müqavimət göstərmək əvəzinə daima imperialist dövlətlərdən qorxub geri çəkilirlər”.
Həzrət Ayətullah Xamenei ötən 30 il müddətində, xüsusilə 8 illik müqəddəs müdafiə dövründə İran xalqının göstərdiyi müqaviməti xatırladaraq əlavə etdi: “İmam Xomeyni (r.ə) bizə müqaviməti öyrətdi və İran xalqı bu müqavimətdən böyük mənfəət əldə etdi”.
Daha sonra İslam İnqilabının Rəhbəri xatırlatdı: “İİR-nın müxtəlif sahələrdə bugünkü tərəqqisini İslam İnqilabından əvvəlki və inqilabın ilk dövrləri ilə əsla müqayisə etmək olmaz”.
İslam İnqilabının Rəhbəri sözünə belə davam etdi: “Əlbəttə, istismarçı dövlətlər qarşısında müqavimət böyük sərmayələr tələb edir, amma bu müqavimətdən əldə olunan mənfəət bu yolda sərf olunan sərmayədən daha çoxdur”.
Həzrət Ayətullah Xamenei əlavə edərək dedi: “İran İslam İnqilabı heç bir qarşıdurmaya meyilli deyil, lakin öz hüquqlarından da vaz keçməyəcək”.
Sonra o, İran və Ekvador respublikalarının prezidentləri arasında gedən müzakirələri və iki ölkə arasında başlayan rəsmi münasibətləri müsbət qiymətləndirərək dedi: “Təfəkkür müstəvisində olan səmimi münasibətlər rəsmi və diplomatik münasibətlərdən xeyli əhəmiyyətlidir və belə münasibətlər məqsədlərin eyniliyindən doğur”.
İslam İnqilabının Rəhbəri Ekvador Respublikasının prezidentinin gənc olmasına işarə edərək təkidlə vurğuladı: “İran Respublikasının prezidenti də gənc, enerji dolu, gecə-gündüz yorulmadan işləyən bir şəxsdir və bu ruhiyyə, bu potensial iki ölkənin tərəqqisi üçün yaxşı zəmin yaradır”.
Prezident Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Ekvador Respublikasının prezidenti Rafael Korrea İslam İnqilabının Rəhbəri ilə dialoqdan məmnunluq duyduğunu izhar edərək İran xalqının qəhrəman xalq olduğunu bildirdi. O əlavə etdi: “Embarqo və 8 illik məcburi müharibəyə baxmayaraq İran İslam Respublikasının ötən 30 il müddətində əldə etdiyi nailiyyətlər əzəmətli və heyrətamizdir”.
O, imam Xomeynini (r.ə) və onun nəhəng qüdrətlər qarşısında müqavimətini hörmətlə xatırlayaraq dedi: “Ekvador xalqı və dövləti də müqavimət yolunu seçmişdir”.
Ekvador prezidenti İran İslam Respublikasının prezidenti ilə müzakirə etdiyi məsələlərə də toxundu: “Məqsədimiz bütün sahələrdə ikitərəfli əlaqələri dərinləşdirmək, genişləndirmək və İran dövlətinin təcrübə və nailiyyətlərindən istifadə etməkdir”.