İslam İnqilabının Ali Rəhbəri üç qüvvənin yüksək vəzifəli rəsmiləri ilə yeni ilin ilk görüşündə qeyd etdi ki, davamlı nəzarət ölkənin məqsədlərinin gerçəkləşdirilməsi yolunda itirilmiş halqadır. İlin şüarının gerçəkləşdirilməsi üçün çalışmaq üç qüvvənin ortaq gündəliyi olmalıdır.
O, habelə Oman danışıqlarının nəticələrinə ifrat nikbinlik və ya ifrat bədbinlik göstərməkdən çəkinməyi də tövsiyə edərək vurğuladı: “Ölkənin bütün sahələr üzrə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətlərinin tempi daha yüksək sürətlə davam etdiriməlidir və heç bir işin taleyi danışıqların nəticəsinə bağlanmamalıdır”.
Ayətullah Xamenei bu görüşdə davamlı icra nəzarətinin qərar qəbul etməkdən daha vacib olduğunu vurğulayaraq əlavə etdi: “Ölkədə yaxşı qanunlar, qaydalar və lazımi layihələr mövcuddur, amma nəzarət yetərsizliyi məqsədlərin qənaətbəxş şəkildə gerçəkləşməsinə mane olur”.
O, yüksək benzin sərfiyyatı, təhsil sistemində ədalətin yetərli şəkildə həyata keçməməsi və zəif təbəqələrin problemləri kimi məsələlərin davamlı icra nəzarəti vasitəsilə həll oluna biləcəyini dedi: “Üç qüvvənin başçıları və qurumların məsul şəxslərinin istəyi, həvəsi və motivasiyası yaxşı olsa da, yetərli deyil. Lazımi nəzarətlərin olmaması səbəbindən rəhbərlərin qərarları və israrları idarəetmə mərhələlərində zəifləyir və ayrı-ayrı hallarda həyata keçmir”.
İnqilab Rəhbəri enerji daşıyıcılarının istehlakında qənaətin əsaslı bir zərurət olduğunu vurğuladı: “Ən böyük enerji istehlakçısı olan dövlət qurumları özlərini xalqdan əvvəl qənaətə öyrəşdirməlidirlər. Bu iş də davamlı nəzarət tələb edir”.
O qeyd etdi ki, bu ilin şüarının reallaşdırılmasına kömək üç qüvvənin və bütün qurumların cari ildəki gündəliyində olmalıdır: “İstehsala investisiya yatırımı etməklə ölkə bir çox problemlərdən xilas ola bilər. Bu səbəbdən İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və digər aidiyyəti qurumlar cəmiyyətdəki mövcud sərmayələri və likvidliyi istehsal sahəsinə investisiyaya yönəltməlidirlər”.
Həzrət Ayətullah Xamenei istehsal sahəsinə sərmayə qoyuluşunun qürurverici bir iş olduğunu bildirdi:
“İnvestisiya təhlükəsizliyi də təmin olunmalı və istehsal sahəsində fəaliyyət göstərən fəalların qarşısındakı maneələr aradan qaldırılmalıdır”.
O, üç qüvvənin, xüsusilə hökumətin səylərinin ilin şüarının gerçəkləşməsinə zəmin yaratdığını dedi: “Əgər daxili sərmayə yatırımında canlanma baş versə, xarici investorlar da İranda fəaliyyət göstərməyə maraq göstərərlər”.
İnqilabın Rəhbəri bildirdi ki, istehsala sərmayə yatırımı sanksiyalarla mübarizənin ən yaxşı yoludur: “Sanksiyaların ləğvi bizim əlimizdə deyil, amma onları zərərsizləşdirmək bizim ixtiyarımızdadır. Bunun üçün çoxsaylı yollar və daxili imkanlar mövcuddur. Əgər bu məqsəd gerçəkləşsə, ölkə sanksiyalar qarşısında xəsarət almayacaq”.
O, qonşu ölkələrlə, Asiyanın iqtisadi qütbləri ilə, eləcə də Afrika və digər ölkələrlə əlaqələrin genişləndirilməsinin mühüm olduğunu qeyd etdi: “Bu iş də, xüsusilə orta səviyyələrdə bəzi yanaşmaların dəyişməsi baxımından davamlı nəzarət tələb edir.”
Həzrət Ayətullah Xamenei Prezidentin digər ölkə başçıları ilə əlaqələrinin və Xarici İşlər Nazirliyinin fəaliyyətlərinin çox yaxşı və effektiv olduğunu vurğuladı.
O, Oman danışıqlarının XİN-nin onlarla işindən biri olduğunu dedi: “Ölkənin məsələləri bu danışıqlarla şərtləndirilməməlidir. BHFP-də yol verilən səhv, yəni ölkənin hər şeyinin danışıqların inkişafı ilə şərtləndirilməsi səhvi təkrar edilməməlidir. Belə olduqda ölkə şərtli vəziyyətə düşür və investisiya da daxil olmaqla bütün sahələr danışıqların nəticəsi bəlli olana qədər dayanır”.
İnqilabın Rəhbəri ölkənin bütün sənaye, iqtisadiyyat, quruculuq, mədəniyyət və iri layihələrin icrası sahəsindəki fəaliyyətlərinin davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi: “Bu məsələlərin heç birinin Oman danışıqlarına aidiyyəti yoxdur”.
O bu danışıqlara qarşı ifrat nikbinlik və ya ifrat bədbinlikdən çəkinməyi tövsiyə edərək əlavə etdi:“İlk addımlarda ölkənin danışıqlar qərarı yaxşı işlənib. Bundan sonra da diqqətlə hərəkət edilməlidir. Bizim üçün də, qarşı tərəf üçün də qırmızı xətlər tamamilə aydındır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Danışıqlar nəticə verə də bilər, verməyə də bilər. Biz bu danışıqlara nə çox nikbin, nə də çox bədbin yanaşırıq. Təbii ki, qarşı tərəflə bağlı çox bədbin olduğumuz halda, öz imkan və bacarıqlarımızla bağlı nikbinik”.
İnqilabın Rəhbəri “Yeddinci İnkişaf Proqramı”nın dəqiq və sapmaya yol verilmədən icra edilməsinə nəzarətin zəruriliyini vurğulayaraq dedi: “Ölkənin makro siyasətlərinə əsaslanan bu yaxşı proqram başlanğıcdan etibarən möhkəm və güvənli şəkildə icra olunmalıdır”.
Məsul şəxsləri və onların ailələrini yeni il münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, həyat yoldaşları və ailələrinin məsul şəxslərlə həmrəyliyi və onlara dəstəyi vəzifələrin daha yaxşı şəkildə icra edilməsi və işlərin nəticə verməsində mühüm rol oynayır. O, həmçinin Prezidentin birinci müavininin hesabatında yer alan məsələlərin məqbul bir müddət ərzində reallaşacağına ümidvar olduğunu bildirdi.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda cinayətkar sionist bandanın Qəzzədə xəstələrə, jurnalistlərə, təcili yardım maşınlarına, xəstəxanalara, uşaqlara və məzlum qadınlara qəsdən etdiyi hücumlar zamanı törətdiyi misli görünməmiş cinayətlərə işarə edərək dedi: “Bu cinayətlər qeyri-adi qəddarlıq tələb edir. Cinayətkar işğalçı dəstə bu qəddarlığa malikdir”.
O, İslam dünyasının iqtisadi, siyasi, lazım gəldikdə əməli sahələrdə birlikdə hərəkət etməsinin ciddi bir ehtiyac olduğunu dedi: “Əlbəttə, Allah öz qamçısını bu zalımların başına endirəcək. Lakin bu, dövlətlərin və xalqların ağır məsuliyyətini azaltmır”.
Görüşün əvvəlində çıxış edən Prezidentin birinci müavini cənab Arif ölkənin inkişafı istiqamətində hər üç qüvvənin əməkdaşlığı və birgə fəaliyyətinə işarə edərək dövlətin iqtisadi inkişaf və məşğulluğun yaxşılaşdırılması, iqtisadi sabitlik və inflyasiyanın idarə edilməsi, gəlirlər bölgüsünün yaxşılaşdırılması və xəsarət alan təbəqələrə dəstək, enerji sektorundakı balanssızlıqların aradan qaldırılması, aparıcı layihələrin icrası istiqamətində işləyib hazırladığı proqram haqqında məlumat verdi: “Hökumət son yeddi ayda əhalinin məişətinin yaxşılaşdırılması, təhsil sistemində ədalətin artırılması və xarici əməkdaşlıqların genişləndirilməsi sahələrində addımlar atmış və effektiv proqramlar hazırlamışdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir