Mübarək Fitr Bayramının namazı bu gün səhər vətənimizin hər yerində mömin və izzətli xalqımızın izdihamlı iştirakı və yadda qalan bir əzəmətlə qılındı. Paytaxtda da saysız-hesabsız bir xalq kütləsi Rəbbimizin lütf və yardımına ümid dolu qəlblə Tehranın müsəllası və ətraf küçələrdə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin imamlığı ilə bayram namazı qıldı.
Həzrət Ayətullah Xamenei namazın birinci xütbəsində İran xalqını və İslam ümmətini Mübarək Fitr Bayramı, habelə Novruz bayramı və 12 Fərvərdin Günü (Xalqın seçimi ilə İslam Respublikasının yarandığı böyük bayram günü) münasibətilə təbrik edərək bu ilin Ramazanının xalqın siyasi səyi və imanlı hərəkəti ilə müşayiət edilən daxili və mənəvi yüksəliş ayı olduğunu vurğuladı.
O qeyd etdi ki, Ramazan Allahın ən böyük nemətlərindən biri, təqva qazanması, Allaha yaxınlaşması, ruhunu və canını paklaması, mənəvi həyatını yeniləməsi üçün Rəbbin bəndəyə hədiyyə etdiyi fürsət və tövhid hadisəsidir: “Oruc olmaq, Quranla ünsiyyət, Qədr gecələri, təvəssüllər, yalvarışlar və minacatlar Mübarək Ramazan ayının insan düzəldən qiymətli fürsətləridir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, Quranla ünsiyyətin zirvə nöqtəyə yüksəlməsi, məscidlərdə, dini mərkəzlərdə və ümumi yerlərdə iftar süfrələrinin açılması, Allah yolunda xeyriyyəçilik işlərinə rəvac verilməsi, bütün təbəqələrdən olan insanların, xüsusilə gənclərin müxtəlif geyimlərdə dua, minacat və təvəssül mərasimlərində izdihamlı və sıxı iştirakı İran xalqının mənəviyyat dolu zəngin Ramazan cilvələrindəndir: “Hər kəs bu əzəmətli ayda əldə etdiyi mənəvi nailiyyətlərdən gələcək ramazan ayına qədər istifadə etsin və onları qorusun”.
O, xalqın mübarək ayın son cüməsində Beynəlxalq Qüds Günü münasibətilə təşkil etdiyi mənəviyyat dolu izdihamlı yürüşü yüksək qiymətləndirərək dedi: “Xalqın əzəmətli hərəkəti başa düşməsi və İran xalqını tanıması lazım olan şəxslərə müxtəlif mesajlar verdi. Bu mesajlar onların qulağına çatdı”.
Həzrət Ayətullah Xamenei Fitr Bayramı namazının ikinci xütbəsində vurğuladı ki, sionist rejimin Qəzza və Livanda törətdiyi soyqırım və uşaq qətllərinin davam etməsi İslam ümmətinin Ramazan ayında acılar çəkməsinə səbəb oldu: “Bu cinayətlər ABŞ-ın Fələstini qəsb etmiş cinayətkar bandaya verdiyi köməklər və dəstəklərin davam etməsi sayəsində baş verdi”.
O vurğuladı ki, sionist rejim müstəmləkəçilərin regiondakı proksi qüvvəsidir: “Qərblilər regionun cəsur xalqlarını və qeyrətli gənclərini tez-tez proksilikdə ittiham edirlər. Halbuki regiondakı yeganə proksi qüvvənin cinayətkar rejim olduğu açıq-aşkardır. O, yanğınlar törətməklə, soyqırım həyata keçirməklə və digər ölkələrə təcavüz etməklə dünya müharibəsindən sonra bu regionun üzərinə əlini qoymuş dövlətlərin planını təkmilləşdirir”.
İnqilabın Rəhbəri pul və media vasitəsilə dünyaya hökmranlıq edən müstəmləkəçilərin anti-terror iddialarına işarə edərək dedi: “Çıxışlarında xalqların öz hüquqları və torpaqlarının müdafiəsinə qalxmasını terrorizm və cinayət adlandıranlar sionistlərin törətdikləri soyqırım və aşkar terrorçu fəaliyyətlərinə ya göz yumurlar, ya da bu fəaliyyətlərə kömək edirlər”.
O, sionist rejimin əli ilə ayrı-ayrı ölkələrdə Əbu Cihad, Fəthi Şəqaqi, Əhməd Yasin və İmad Müğniyə kimi şəxsiyyətlərin, habelə bu rejimin əməliyyatları zamanı bir çox iraqlı alimin terror edilməsinə işarə edərək vurğuladı: “ABŞ və bir çox Qərb ölkəsi bu aşkar terror hərəkətini müdafiə edir, dünyanın qalan hissəsi də tamaşa edir”.
Həzrət Ayətullah Xamenei insan hüquqları iddiaçılarının iki ildən az bir müddət ərzində təqribən 20 min fələstinli uşağın şəhadətinə etinasız yanaşmalarını kəskin şəkildə qınayaraq dedi: “Əlbəttə, xalqlar, o cümlədən Avropa və ABŞ-də insanlar bu cinayətlərdən xəbər tutduqları qədər sionistlərə və ABŞ-a qarşı aksiyalar və nümayişlər keçirirlər. Əgər məlumatlandırma tam şəkildə həyata keçirilsə, xalqlar öz etirazlarını mütləq genişləndirərlər”.
O, qeyd edilən hadisələri bir növ ümumiləşdirərək vurğuladı: “Bu cinayətkar, quldur və cani bandanın kökü Fələstin və regiondan kəsilməlidir. Allahın gücü və qüdrəti sayəsində belə olacaq. Bu istiqamətdə çalışmaq bütün bəşəriyyətin dini, əxlaqi və insani vəzifəsidir”.
İnqilabın Rəhbəri İslam Respublikasının regionla bağlı dəyişməz mövqelərinə işarə edərək dedi: “Bizim mövqelərimiz sabitdir. ABŞ və sionist rejimin düşmənçiliyi də keçmişdəki kimidir”.
Həzrət Ayətullah Xamenei ikinci xütbənin sonunda ABŞ-nin son təhdidedici mövqeləri ilə bağlı iki mühüm nüansa aydınlıq gətirdi: “Birincisi, xaricdən çox da ehtimal edilməyən bir pislik baş versə, mütləq möhkəm bir cavab zərbəsi olacaq. İkincisi, düşmən ayrı-ayrı illərdə olduğu kimi, daxildə fitnə yaratmaq istəsə, xalq da həmin illərdə olduğu kimi, fitnəkarlara möhkəm bir cavab verəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir