Ali Məqamlı Rəhbərin informasiya bloku

Fitrə zəkatına aid sual-cavablar

Sual: 1) Fitrə zəkatını həddi-büluğ olmayan uşağa vermək olarmı?
2) Uşağın valideyni günah əhlidir. Fitrəmi uşağa paltar, yemək alıb verə bilərəmmi?
3) Valideyn dindar deyildir. Uşağa paltar alsın deyə, fitrə zəkatını onun valideyninə verə bilərəmmi?
Cavab: 1) Şəri-büluğa çatmayan övladının xərclərinə sərf etməsi üçün fitrə zəkatını uşağın atasına verməyin maneəsi yoxdur.
2) Uşağın atasından vəkalət alaraq fitrə pulu ilə uşağa yemək və geyim almağın maneəsi yoxdur.
3) Əgər fitrə pulunun uşağa xərclənəcəyini bilsəniz, pulu valideynə verməyin maneəsi yoxdur.
 
Sual: 1) Əgər bir şəxs şiə deyildirsə, ona fitrə zəkatını vermək olarmı?
2) Əgər bir qadın şiədirsə, amma hicab bağlamır və ya namaz qılmırsa, ona fitrə zəkatını vermək olarmı?
Cavab: 1) Ehtiyat-vacibə görə, fitrə zəkatı şiə olan fəqirə verilməlidir.
2) Ehtiyat-vacibə görə, fitrə zəkatı şərab içən və aşkarda böyük günahları (o cümlədən qeyd edilən günahları) edən şəxsə verilməməlidir.

Sual: 1) Fitrə zəkatını açıq-aşkar günah əhli olan fəqirin özünə deyil, onun çörəkyeyəni olan və həddi-büluğa çatmamış övladına və ya açıq-aşkar günah əhli olmayan digər çörəkyeyəninə vermək olarmı?
2) Əgər bu, icazəlidirsə, uşağa verilən fitrə zəkatının məhz onun ehtiyaclarına sərf edildiyinə əmin olmaq üçün uşağın başçısından fitrə zəkatını qəbul etmək üçün vəkalət alıb daha sonra həmin fitrəni uşağın ehtiyaclarına sərf etmək mümkündürmü?
Cavab: 1) Maneəsi yoxdur.
2) İradı yoxdur.

Sual: Şəxs fitrə zəkatını öz yaşadığı məntəqədəki fəqirə deyil, digər şəhər və ya rayondakı fəqirə verə bilərmi?
Cavab: Fitrə zəkatını başqa bir şəhərdəki fəqirə verməyin maneəsi yoxdur. Amma əgər fitrə zəkatını ayırmısınızsa və öz şəhərinizdə onu fəqirə verə bilərsinizsə, ehtiyat-vacibə görə, fitrə zəkatını başqa şəhərə göndərməməlisiniz.

Sual: Fitrə zəkatını ərzaq alıb fəqirə vermək olarmı?
Cavab: Hər bir şəxs özünün, həmçinin onun çörəkyeyəni sayılan şəxs və ya şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatı adambaşına üç kiloqram yeməkdən (yəni buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi ərzaqlardan) ibarətdir. Bu ərzaqlardan birinin pulunu da vermək olar.

Sual: İstiftaatda belə bir hökm qeyd etmisiniz ki, ehtiyat-vacibə görə, şəriət hökmünü bilən, amma bilərəkdən aşkarda günah edən şəxsə fitrə zəkatı verməyə icazə verilmir. Konkret olaraq sual budur ki, namaz qılmayan şəxsə fitrə zəkatı vermək olarmı?
Cavab: Əgər aşkarda namazı tərk edirsə, ehtiyata görə, bu şəxsə fitrə zəkatı verilməməlidir.

Sual: Fitrə zəkatını içki içən bir şəxsə vermək olarmı?
Cavab: Aşkarda böyük günah edən şəxsə, ehtiyata görə, fitrə zəkatı verilməməlidir.

Sual: Fitrə zəkatını kartdan digər şəxsin kart hesabına köçürmək olarmı? Belə ki, həmin şəxs fitrəni lazım olan şəxslərə çatdırsın.
Cavab: Əgər həmin şəxs bu pulu şəriətdə təyin edilən müddət ərzində (yəni bayram axşamı qürubdan etibarən bayram günü zöhrədək) fəqirlərə çatdırarsa, kifayət edir. Əks halda, düzgün deyildir.

Sual: Fitrə zəkatı kimlərə verilməlidir?
Cavab: Fitrə zəkatı fəqir şəxsə və ehtiyat-vacibə görə, şiəyə verilməlidir.

Sual: Fitrə zəkatı ən gec nə vaxt verilə bilər?
Cavab: Fitr bayramı axşamı qürubdan etibarən fitrə zəkatını vermək və ya ayırıb kənara qoymaq olar. Ehtiyat-vacibə görə, fitrə zəkatı bayram namazından qabaq verilməlidir. Amma əgər şəxs bayram namazı qılmırsa, fitrə zəkatını zöhrədək verə bilər. Əgər bir şəxs fitrə zəkatını malından ayırıb kənara qoyubsa, məntiqi bir məqsədə görə və səhlənkarlıq etmədən onu verməyi yubatmasının iradı yoxdur. Əgər fitrə zəkatını ayırıb kənara qoymayıbsa, ehtiyat-vacibə görə, fitrə zəkatı onun boynundan götürülmür və qəsdi-qürbət ilə və əda-qəza niyyəti etmədən fitrəni verməlidir.

Sual: Mən Bakıda yaşayıram və öz evimizdə atamın çörəkyeyəni hesab oluram. Bir neçə aylıq rayona gəlmişəm. Artıq iki aydır ki, rayondayam. Mənim fitrəmi kim verməlidir?
Cavab: Əgər kiminsə "çörəkyeyəni" hesab olunmursunuzsa, fitrə zəkatı öz öhdənizdədir.

Sual: 1) Fitrə zəkatını bayram axşamı çıxartmaq olarmı? 2) Fitrə zəkatını kimlərə vermək olar, kimlərə vermək olmaz?
Cavab: 1) Fitrə zəkatını Fitr bayramı axşamı qürub vaxtı ödəmək və ya ayırıb kənara qoymaq olar.
2) Fitrə zəkatı fəqir şəxsə və ehtiyat-vacibə görə, şiəyə verilməlidir. Fəqir olmayan şəxsə fitrə zəkatı vermək olmaz.

Sual: 1) Mən fitrə zəkatını nağd pul şəklində ayırmışam. Həmin pulu karta yükləyib fəqirə göndərə bilərəmmi?
2) Fitrə zəkatını ət, yumurta, balıq kimi məhsullardan vermək olarmı?
Cavab: 1) Əgər fitrə zəkatını pul olaraq ayırıb kənara qoymusunuzsa, başqa pulu fəqirə verə bilməzsiniz, ayırdığınız pulu fəqirə verməlisiniz. Amma əgər fəqirdən vəkalət alsanız ki, pulu özünüzə götürəcək və başqa pulu öz kartınızdan onun kartına  köçürəcəksiniz, bu, düzgündür.
2) Qeyd edilən məhsullardan fitrə zəkatı vermək düzgün deyildir. Amma fəqirdən vəkalət alıb onun icazəsi ilə bu məhsulları ala və ona verə bilərsiniz.

Sual: 1) Hicabsız fəqirə fitrə zəkatı vermək olarmı?
2) Əgər bir şəxs rayon yerində işləyirsə, amma vətəni Bakıdırsa, o, fitrə zəkatını işlədiyi məntəqənin fəqirinə versə yaxşıdır, yoxsa Bakıdakı fəqirə?
3) Fitrə zəkatını fəqirin hansı istiqamətdə sərf etməsini ona şərt qoymaq lazımdırmı? Yəni mütləq şərt qoymaq lazımdırmı ki, zəruri ehtiyaclarına (məsələn, ərzaq, dərman, kommunal xərclər, borcların ödənilməsi, dərs ləvazimatları və bu kimi ehtiyaclara) sərf etsin? Yoxsa hara sərf etmənin məsuliyyəti və ixtiyarı fəqirin öz üzərindədir? Məsələn, fəqir bu pulu zəruri olmayan telefonun lizinq ödənişinə yönəldə bilər, yaxud vacib olmayan yeni paltar ala bilər.
Cavab: 1) Əgər hicaba riayət etməyən bir qadına fitrə zəkatını vermək onun hicabsızlığını dəstəkləmək və yaymaq hesab olunmasa və o, aşkarda böyük günah etmirsə, ona fitrə zəkatı verməyin maneəsi yoxdur. Əlbəttə, şərab içən və aşkarda böyük günah edən, məsələn, namazı tərk edən şəxsə, ehtiyat-vacibə görə, fitrə zəkatı verilməməlidir.
2) Ehtiyata görə, o, yaşadığı yerin fəqirinə fitrə zəkatını versin.
3) Şərt qoymaq vacib deyildir və fəqir şəxs bu pulu istədiyi yerə sərf edə bilər.

Sual: 1) Fitrə zəkatını mütləq nağd şəklində ayırmaq lazımdır, yoxsa kartda olan pulun bir hissəsini zehində fitrə pulu ünvanında ayırmaq olar?
2) Əgər fəqirin kartı bəllidirsə, fitrə pulunu bu karta köçürmək kifayət edirmi, yoxsa mütləq fəqir həmin məbləği almasını təsdiqləməlidir? Nəzərə alsaq ki, bir sıra hallarda fitrə pulunu fəqirə ödəyən insan özünü tanıtdırmaq istəmir və eyni zamanda fəqirin abır-izzəti də bu mövzularda qorunsa, yaxşı olar.
Cavab: 1) Fitrə zəkatını kartdan karta köçürməyin iradı yoxdur. Amma başqa şəhərdə yaşayan fəqirin kartına köçürmək ehtiyata ziddir.
2) Pulu fəqirin kartına köçürmək kifayət edir.

Sual: Fitrə zəkatını mömin olmayan, amma ehtiyacı olan şəxsə vermək olarmı? Fitrə zəkatını namaz qılmayan, oruc tutmayan və ya namaz qılan, amma oruc tutmayan şəxsə vermək olarmı?
Cavab: Əgər bir şəxs aşkarda namazı tərk edir və orucu yeyirsə, ehtiyata görə, bu şəxsə fitrə zəkatı verilməməlidir.

Sual: 1) Mən fitrə pulunu bir şəxsin kartına vasitəçi kimi ata və o da ehtiyacı olan şəxsə çatdıra bilərmi?
2) Fitrə pulunu ehtiyacı olan şəxsin öz kartına ata bilərəmmi?
Cavab: 1) Əgər o, bu pulu şəriətdə təyin edilən müddət ərzində (yəni bayram axşamı qürubdan etibarən bayram günü zöhrədək) fəqirlərə çatdırarsa, kifayət edir. Əks halda, düzgün deyildir.
2) İradı yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər