İslam İnqilabının Ali Rəhbəri yeni ilin birinci günü əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, iranlıların dua, təvəssül, mübarək yerlərə toplaşmaqla yeni ilə başlama ənənəsi xalqın Novruz bayramına mənəvi baxışını ifadə edir. O, dua və qətiyyətin tarix boyu haqq cəbhəsinin böyük qələbələrində rol oynadığın bildirərək keçən ilin İran xalqının səbir, iradə və mənəvi qüdrətinin təzahür etdiyi bir il olduğunu dedi.
İnqilabın Rəhbəri bütün xalqa mübarək bir il arzulayaraq ilin şüarının, yəni “İstehsala investisiya”nın gerçəkləşdirilməsində xalqın və hökumətin üzərinə düşən vəzifələrə, iqtisadi və yaşayış şəraitinin yaxşılaşdırılması məsələsinə aydınlıq gətirdi.
Həzrət Ayətullah Xamenei xalqların qəddar sionist rejimin cinayətlərinə ümumi şəkildə nifrət bəslədiklərinə işarə edərək böyük İran xalqı qarşısında təhdid dilinin nəticəsiz və uğrusuz olduğunu dedi: “Xalqlar və müqavimət cəbhəsinin mərkəzləri, o cümlədən Fələstin, Livan və Yəmən xalqları mənəvi və imanlı motivasiyaları ilə azğın və cinayətkar sionist rejimə qarşı müqavimət göstərirlər”.
İnqilabın Rəhbəri çıxışının əvvəlində düşmənlərin insanları mənəviyyatdan uzaqlaşdırmaqda məruz qaldıqları uğursuzluğa işarə edərək bu günlərin Əmirəlmöminin (ə), yəni ədalət, təqva və fədakarlığın zirvəsinə aid olduğunu dedi: “İran xalqı və müsəlman xalqlar Peyğəmbərdən (s) sonra insanların ən üstünü olan Əlinin (ə) dərslərindən istifadə etmək üçün Nəhcül-bəlağəyə müraciət etsinlər. Mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər bu əzəmətli kitabı mütaliə etməyə və öyrənməyə xüsusi diqqət yetirsinlər”.
O, Qədr gecələrinin Allah dərgahında dua və yalvarış üçün qiymətli bir fürsət olduğunu bildirdi: "Bu gecələrin hər saatı bir ömür qədər qiymətlidir. İmamlara diqqət və təvəssül, xalqın, xüsusilə gənclərin duaları, onların və bir millətin həyatını dəyişdirə bilər".
İnqilabın Rəhbəri Qurani-Kərim ayələrinə əsaslanaraq duaların qəbulu, bunun dünya və axirət həyatına mütləq şəkildə təsir göstərdiyini dedi: "Amma bir şərti var ki, özümüz duaların qəbuluna heç bir maneə yaratmamalıyıq".
İnqilabın Rəhbəri qeyd etdi ki, çətinliklərlə qarşılaşanda peyğəmbərlər "təvəssül, dua və müqavimət" yolunu tutmuşlar: "Allah Həzrət Musanın duasının qəbulunu müqavimət, səbr və ümidlə şərltəndirir. Nəticədə, Fironun tərəfdarlarının aradı-arası kəsilməyən işgəncələrindən təngə gəlmiş, böyük çətinliklərə qatlaşmış İsrail oğulları onların məğlubiyyətini öz gözləri ilə gördülər".
Həzrət Ayətullah Xamenei batil cəbhəsi ilə mübarizədə haqq cəbhəsinin daim çətinliklərlə qarşılaşdığını vurğulayaraq dedi: "Biz 1403-cü ilin hadisələrinə bu gözlə baxmalıyıq: haqla batilin mübarizəsində qələbə qəti şəkildə haqq cəbhəsinindir. Amma bu yolda çətinliklərə qatlaşmaq lazımdır. Belə ki, bu ilahi qanun Müdafiə Müdafiəyə də hakim idi".
Keçən ilin hadisələrində İran və Livanın böyük şəxsiyyətlər itirdiyini deyən İnqilabın Rəhbəri bu acı hadisələrə qarşı dözüm və qətiyyət göstərilməsi, Allahdan kömək istənilməsinin düşmənlərin, xüsusilə azğın, cinayətkar və mənfur sionist rejimin məğlubiyyəti ilə nəticələndiyini vurğuladı: "Ağır keçən 1403-cü ildə xalqın mənəvi gücü, səbri, cəsarəti və rəşadəti özünü parlaq şəkildə büruzə verdi".
Həzrət Ayətullah Xamenei şəhid Rəisinin nəşinin son mənzilə qəhrəmancasına yola salınmasının, düşmənin təhdidlərinə baxmayaraq, “Nəsr Cümə Namazı”ndakı bənzərsiz iştirakın, prezident seçkilərində yüksək motivasiya ilə iştirakın, şəhid Həniə və sionist rejimin hücumları nəticəsində şəhid olmuş digər komandanların məzmunlu dəfn mərasiminin xalqın gücü və mənəvi ruhunun parlaq təzahürləri olduğunu dedi: "Tarixi 22 bəhmən yürüşü bu prosesin zirvə nöqtəsi idi. İran xalqının İslam İnqilabına olan sədaqətini, İslam Respublikasına olan sevgisini dünyanın bütün münafiqləri və hegemonlarına göstərərək İran xalqını dünyaya tanıtdırdı".
O, xalqın kimliyi və xarekterik xüsusiyyətlərinin ölkə daxilində də dərk edilməsinin vacibliyini vurğuladı: "İqtisadi və məişət problemlərinin əhatə dairəsi hər bir xalqı məyus və ümidsiz edə bilər, amma güclü və rəşadətli İran xalqı keçən il bütün problemlərə baxmayaraq, meydana atıldı və İslam dövlətini müdafiə etdi".
İnqilabın Rəhbəri qeyd etdi ki, Təbəs mədənində baş vermiş faciə və 50-dən çox mədən işçisinin həyatını itirməsi 1403-cü ilin acı hadisələrindəndir.
O, xalqın bərpa, abadlıq və inkişaf sahəsində gördüyü işlərə və göstərdiyi səylərə işarə edərək dedi: "Xalq və iqtisadi fəallar bu sahədə əllərindən gələni etdilər və son aylarda çoxlu sayda kiçik və iri həcmli layihələr həyata keçirildi. Təbii ki, bu işlər davam etdirilməli və genişləndirilməlidir".
Həzrət Ayətullah Xamenei son illərin şüarlarında istehsal mövzusuna təkrar-təkrar diqqət yetirilməsinin səbəbini istehsal sahəsinin ölkənin iqtisadi vəziyyətinin və xalqın yaşayış şəraitinin yaxşılaşmasında əsas rol oynaması ilə izah edərək yeni ilin şüarı olan "İstehsala investisiya"nın həyata keçirilməsində xalqın və hakimiyyətin üç qüvvəsinin, xüsusilə dövlətin üzərinə düşən vəzifələrə aydınlıq gətirdi.
O, istehsalın maliyyələşdirilməyə ehtiyacı olduğunu eşidər-eşitməz xarici investisiya fikrinə düşən insanları tənqid edərək dedi: "Bizim nəzərdə tutduğumuz daxili sərmayə qoyuluşu və insanların əlində olan likvidliyin istehsala yönəldilməsidir. Təəssüflər olsun ki, insanların əlində olan nəqd pul bu günlərdə daha çox qızıl, valyuta və torpaq alışı kimi məsələlərə sərf edilir ki, bu da problem yaradır".
İnqilabın Rəhbəri istehsal sahəsinə edilən hər növ kiçik və böyük sərmayə qoyuluşunun faydalı və zəruri olduğunu dedi: "Hamı, həm kiçik istehsal müəssisələri yaratmaq üçün az miqdarda pulu və imkanları olanlar, həm də böyük iqtisadi fəallar sərmayələrini istehsala qoymalıdırlar".
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın sərmayə qoyuluşunu asanlaşdırmaq və buna şərait yaratmaq hökumətin ən vacib vəzifəsidir: "Sərmayə qoyuluşu təhlükəsizlik zəmanətinə ehtiyac duyur və üç qüvvə bu sahədə tamamilə fəal və ciddi olmalıdır".
O, nəzarət məsələsində yol verilən ifrat və təfritə işarə edərək dedi: "Bəzən nəzarət qüvvələrindən - qurumlar, hökumət və məhkəmədən heç bir xəbər olmur, bəzən də o qədər sərt tədbirlər görülür ki, faktiki olaraq iş görmək olmur".
Həzrət Ayətullah Xamenei qanun və qaydaların sabitliyi və biznes fəaliyyəti üçün lisenziyaların verilməsi proseslərinin qısaldılmasının ilin şüarının gerçəkləşməsi istiqamətində zəruri olan iki tədbir olduğunu qeyd etdi: "Hökumət bu vəzifələri yerinə yetirməkdə sürətini artırmalıdır".
İnqilabın Rəhbəri daxili istehsalla oxşarlığı olan malların idxalının qarşısının alınması, məsul şəxslər və iqtisadi fəallar tərəfindən xalqa sərmayə qoyuluşu yollarının elan edilməsinin iki digər vacib addım olduğunu vurğuladı: “Ölkənin məsul şəxsləri xalqın məişətinin yaxşılaşdırılmasında israrlıdırlar. Amma bu məsələ yalnız dəstəkləyici tədbirlərlə gerçəkləşdirilə bilməz. Köklü işlər görülməsinə ehtiyac var. Sərmayə qoyuluşu bunlardan biridir".
O, çıxışının başqa bir yerində ABŞ rəhbərliyinin çoxsaylı açıqlamaları ilə bağlı bir neçə məqama aydınlıq gətirdi.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, amerikalılar İrana qarşı təhdidlər yağdırmaqla heç nəyə nail olmayacaqlarını bilməlidirlər: “Onlar və qeyriləri bilməlidirlər ki, İran xalqına qarşı hər hansı çirkin vasitəyə əl atsalar, sərt bir sillə alacaqlar".
O, başqa bir nüansdan danışrakən qeyd etdi ki, amerikalı və avropalı siyasətçilərin müqavimət mərkəzlərini İranın proksi qüvvələri hesab etməsi böyük bir səhv və bu qüvvələrə qarşı təhqirdir: “Proksi nə deməkdir? Sionistlərə qarşı müqavimət Yəmən xalqı və bölgədəki müqavimət mərkəzlərinin daxili motivasiyasından irəli gəlir. İslam Respublikasının proksiyə heç bir ehtiyacı yoxdur; bizim də, onların da fikri məlumdur".
İnqilabın Rəhbəri sionist rejimin zülmlərinə və çirkin hərəkətlərinə qarşı müqavimət və dirənişin bölgənin köklü bir məsələsi olduğunu dedi: "Fələstin işğal edilməyə başladığı ilk vaxtlarda da zülmə qarşı çıxan ölkələrdən biri Yəmən olmuşdur. Yəmənin o tarixdəki rəhbəri beynəlxalq bir tədbirdə Fələstinin işğalına etiraz etmişdi".
Həzrət Ayətullah Xamenei qəddar sionist rejimin cinayətlərinə qarşı edilən etirazların qeyri-müsəlman xalqlar arasında yayılmasına, ABŞ və Avropa ölkələrində həyata keçirilən tələbə və xalq nümayişlərinə işarə edərək dedi: "Qərb hökumətləri bu həqiqətləri görmək və öz xalqlarının mövqelərini anlamaq istəmirlər. Buna görə də Fəlstinə görə aksiya keçirmiş tələbələrin universitet təqaüdlərini kəsmək kimi tədbirlərə əl atırlar. Bu isə onların azad informasiya dövriyyəsi, liberalizm və insan haqları ilə bağlı iddialarının bir nümunəsidir".
O, xalqların sionist rejimin çirkinliklərinə qarşı çıxmasının və ona qarşı hər hansı şəkildə mümkün olan müqavimətin həyata keçirilməsinin zəruri olduğunu vurğuladı: "İslam Respublikası da bu çirkinliklər qarşısında möhkəm dayanıb, özünün həmişəki mövqeyini açıq şəkildə elan edərək ölkələrini müdafiə edən fələstinli və livanlı mübarizlərə dəstək verir".
İnqilabın Rəhbəri İranın bədxah düşmənlərinin təhdidlərinə cavab olaraq bir daha vurğuladı: "Biz heç vaxt heç kəslə münaqişə və qarşıdurma başladan tərəf olmamışıq. Amma kimsə çirkin niyyətlə münaqişə başlatsa, bilsin ki, sərt sillələr alacaq".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir