Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi gənc və təcrübəli şairlərdən bir qrupu İslam İnqilabının Rəhbəri ilə görüşdü.
Həzrət Ayətullah Xamenei bu görüşdə ciddi və inqilabçı poeziyanın inkişafından məmnun olduğunu ifadə edərək oxunan şeirlərin, ümumilikdə, yaxşı və keyfiyyətli olduğunu dedi: "Şeirin, xüsusilə gənclər arasında geniş vüsət alan dalğası çox ümidvericidir. Şairlərin 1403-cü ildəki ədəbi fəaliyyətlərini əks etdirən hesabatlar məsuliyyətli və inqilabçı şairlərimizin bu il yaxşı bir sınaqdan keçdiklərini göstərir".
O vurğuladı ki, şeir misilsiz bir media vasitəsi və sənət nümunəsidir. Müxtəlif media vasitələri onu mənbə mövqeyindən endirə bilməyib: "Şeir nə qədər inkişaf edərsə, yaxşı şairlərin sayı nə qədər çox olarsa, bu bir o qədər sevindiricidir. Təbii ki, şeirlərin kəmiyyəti ilə yanaşı, keyfiyyətinin də yaxşılaşdırılmasını təvəqqe edirik".
İnqilabın Rəhbəri qeyd etdi ki, şeir və şairin keyfiyyət baxımından inkişaf etməsinin zəruri şərti şairin öz nailiyyətləri ilə kifayətlənməməsidir: "Dövrümüz Sədi, Hafiz və Nizami yaradan bir dövr ola bilər. Çünki böyük şairlərə ehtiram göstərilməyən, etina edilməyən diktatura dövründən fərqli olaraq, indi cəmiyyət arasında şairlərə hörmət və diqqət yüksək səviyyədədir. Onların mətbuat, radio və televiziyada olması, diqqət görməsi böyük şairlərin yetişməsinə əlverişli şərait yaradır".
Həzrət Ayətullah Xamenei fars poeziyasının hazırki dilinin analoqsuz, İnqilab dövrünün yaratdığı bir dil olduğunu vurğuladı: "Bu yaradıcılıq imtiyazı dövrümüzdə şairlərin və böyük şeir zirvələrinin yüksəlməsi üçün başqa bir zəmindir".
Şairin daxili dünyasının onun yaradıcılığına təsir etdiyini vurğulayan Həzrət Ayətullah Xamenei xüsusilə gənc şairlərə təqvanı, epistemik prinsipləri və dindarlığı qorumağı tövsiyə etdi: "Quranın şairlərə çoxlu zikr etməyi tövsiyə etməsinin səbəbi budur ki, şairin daxili dünyası nə qədər pak və duru olsa, şeiri də bir o qədər pak və duru olacaq".
O, fars ədəbiyyatı xəzinəsindən və İranın böyük şairlərinin əsərlərindən istifadə etməyin vacibliyini vurğulayaraq şairlərə lirik şeir və qəzəllə bağlı verdiyi bir tövsiyəsində dedi: "Şairin sevgi hisslərinin təlatümündən xəbər verən lirik şeirlər deməsinin problemi yoxdur. Amma fars poeziyası ənənəsindəki lirik şeir iffətli və nəcib olmuşdur. Buna görə də, lirik şeirinizin iffət və nəciblik çərçivəsindən çıxmasına, qeyri-etikliyə və açıq-saçıqlığa bulaşmasına imkan verməyin".
İnqilabın Rəhbəri qeyd etdi ki, aşağı səviyyədə geniş yayılmış sözləri şeirlərə daxil etməkdən çəkinmək şeirin yüksəlməsinə səbəb olur: “Öyrədici məzmunlar incə və zərif poetik hisslərlə müşayiət olunan bədii və şirin dil vasitəsilə şeiri daha üstün və seçkin edir".
O qeyd etdi ki, müasir dövrdə ruhlandırıcı sosial məzmunların çox olması şeirlər üçün ruhlandırıcı bir imkandır: "Görüşdə şəhid Qasim Süleymani, şəhid Rəisi, şəhid Nəsrullah və şəhid Sinvar haqqında şeirlər oxundu. Bu həyatverici məzmunlar şeir vasitəsilə insanların yaddaşında diri qala bilər. Şeirlərdə hikmətamiz, tövhid və mərifətlə bağlı məzmunlar da çox qiymətlidir və öz auditoriyası var".
Həzrət Ayətullah Xamenei şeir dəftərlərinin tövhid və Allahın tərifi ilə başlamasının müasir şairlərin nümunə götürəcəyi qiymətli bir ənənə olduğunu dedi.
O, habelə tanınmış şairlərin gənc şairlərin şeirlərini dinləyib müzakirə etdikləri bəzi televiziya proqramlarına işarə edərək bu üsulun şeirin səviyyə və etibardan düşməsinə, şairlərin isə bazar şairlərinə çevrilməsinə səbəb olduğunu dedi: “Təbii ki, şeir mütləq radio və televiziyada oxunmalıdır. Amma şairin hörməti saxlanmalıdır”.
Bu görüşdə 36 şair ayrı-ayrı dini, sosial və siyasi mövzularda yazdıqları şeirlərini təqdim etdilər.
Magrib və İşa namazlarından əvvəl isə bir neçə şair İslam İnqilabının Rəhbəri ilə danışıb öz əsərlərini ona təqdim etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir