İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə, siyasi, sosial, mədəni təşkilatların və tələbə cihad qruplarının fəalları ilə görüşdə məsələlərin qiymətləndirilməsi tənqid edilməsi və tələbə kimliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm tövsiyələr verdi. O, İran gənclərinin Qərblə qarşılaşarkən iki təcrübəni yaşadığını qeyd etdi: "Birinci təcrübə özünüitirmə ilə nəticələndi. Amma hal-hazırda tələbə kollektivinin hərəkət xətti ilə müşayiət olunan ikinci təcrübədə Qərbin reallıqlarından xəbərdar olmaq, müstəqillik və Qərb mədəniyyətinin problemlərindən uzaqlaşma əsas prinsip hesab edilir”.
Həzrət Ayətullah Xamenei hazırkı ABŞ hökuməti ilə danışıqların faydasız olduğunu və sanksiya düyününün daha da mürəkkəbləşməsinə səbəb olacağını bildirdi. O, ABŞ hökumətinin müzakirə məsələsində dünya ictimaiyyətini aldatmağa çalışmasına işarə edərək dedi: "Biz nüvə silahı istehsal etmək fikrində deyilik. Əgər bu fikirdə olsaydıq, indiyə qədər istehsal edərdik. Yeri gəlmişkən, ehtimal edilən hər hansı zərbəyə qəti cavab verəcəyik".
İnqilabın Rəhbəri təşkilatların nümayəndələrinin bu gün söylədiklərinin irəliləyiş, yetkinlik, düşüncə, təhlil və anlama səviyyəsinin inkişafının göstəricisi olduğunu vurğulayaraq bu vəziyyətin ümidverici və müjdəçi olduğunu dedi.
O əlavə etdi: "Əlbəttə, tələbələrin bu iclasda söylədiklərinin hamısını qəbul etmirəm. Məsələn, bir tələbə dedi ki, təhlükəsizlik və hərbi qüvvələr həssas zamanlarda sionist rejim qarşısında bəyanat yazanlara çevriliblər. Halbuki, araşdırma və tədqiqat aparılsa, bu məsələnin doğru olmadığı bəlli olar. İş görməli olanlar vaxtında lazım olan işi gördülər".
Həzrət Ayətullah Xamenei tələbələrdən birinin sözlərinə cavab olaraq əlavə etdi: "Hələ də gənclərə güvənirəm və ümidim yalnız onlaradır, amma əsas şərt budur ki, gənclər düzgün mövqelərində möhkəm dayansınlar, qətiyyətli olsunlar, maneələrlə qarşılaşanda şübhəyə düşməsinlər, passivləşməsinlər, əsas yoldan sapmasınlar".
İnqilabın Rəhbəri Elmlər və Səhiyyə Nazirliyinin məsul şəxslərinə tələbələrin qabartdıqları məsələlərə tam diqqət yetirmələrini və onları nəzarətə götürmələrini şiddətlə tövsiyə etdi.
O, keçən il baş vermiş müxtəlif hadisələri yada salaraq əlavə etdi: "Keçən il bu günlərdə şəhid Rəisi, şəhid Seyid Həsən Nəsrullah, şəhid Həniə, şəhid Səfiəddin, şəhid Sinvar, şəhid Zeyf və bir neçə digər görkəmli inqilabçı şəxsiyyətlər aramızda idilər, amma indi yoxdurlar. Buna görə də düşmən güman edir ki, biz zəifləmişik. Amma əminliklə vurğulayıram ki, bu çox qiymətli qardaşlarımızın yoxluğu bizim üçün xəsarət olsa da, keçən illə müqayisədə bir çox mövzularda daha da güclənmişik və bəzi məsələlərdə də zəifləməmişik".
Həzrət Ayətullah Xamenei müqavimət cəbhəsinin qüdrətinin davam etməsinin səbəbini izah edərkən dedi: "Əgər bir millət və ya bir kollektivdə iki amil - ideologiya və səy - varsa, onların ümumi hərəkəti heç bir zərbə almaz".
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində Quran ayələrinə istinad edərək orucun əsas məqsədinin təqva qazanmaq olduğunu vurğuladı: "Təqva insanı pisliklərdən, vəsvəsələrdən, pis düşüncələrdən, pis niyyətlərdən, iyrəncliklərdən, fisqdən, cinsi ehtiraslardan, vəzifəyə etinasız yanaşmaqdan və vacib işləri tərk etməkdən qoruyur".
O qeyd etdi ki, dünyəvi asanlıq və hidayət təqvanın iki mühüm nəticəsidir: "Təqva bu dünyada müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və təhlükəsizlik sahələrində də asanlıq yaradır".
Həzrət Ayətullah Xamenei bildirdi ki, ilahi hidayətə nail olmaq hər bir insanın ali məqsədidir: "Qurtuluş, səadət və xilasa nail olmaq yalnız Uca Allahın hidayəti sayəsində mümkün olur. Bu hidayət isə təqvanın nəticələrindəndir".
İnqilabın Rəhbəri bildirdi ki, fərdi əzmkarlıq və iradə təqva əldə etmənin şərtidir: "İmam Rahil tövsiyə edirid ki, təqva yolunda hərəkət etmək üçün qəti və mərdcəsinə qərar qəbul etmək lazımdır".
Həzrət Ayətullah Xamenei çıxışının iranlı tələbə kimliyinə aydınlıq gətirdiyi əsas hissəsində iranlı gənclərin müasir dövrdə Qərb və Qərb mədəniyyəti ilə qarşılaşanda iki fərqli təcrübə yaşadıqlarını dedi: "İlk qarşılaşma heyranlıq və özünüitirmə ilə nəticələndi. İkinci qarşılaşma isə Qərb mədəniyyətini tanımaq, Qərb reallıqlarına seçici yanaşmaq, müstəqillik hissi, bəzi məqamlarda dərin fərqlilik və tam ayrılıq hissinin yaşanması ilə nəticələndi".
O qeyd etdi ki, iranlı gənclərin təxminən yüz il əvvəl Qərblə ilk qarşılaşması gənclərin düşüncəsində iki standartın - inkişaf etmiş Qərb, zəif və geridə qalmış İran təsəvvürünün yaranmasına səbəb oldu: "Bu ikili düşüncə o dövrdə gerçək idi. Amma özünüitərmə və Qərbə tabeçiliklə nəticələnməməli idi. Çünki qarşı tərəfin güclü tərəflərini görmək insanda təslimçilik və tabeçiliyə səbəb olmalı deyil, öz zəif tərəflərini ortadan qaldırmaq və həll yolları fikirinə sövq etməlidir".
İnqilabın Rəhbəri Qərbin irəliləyişləri qarşısında passivlik göstərilməsinin İran xalqı və dövlətinin güclü tərəflərinin unudulmasına səbəb olduğunu dedi: "O təcrübə özünütapma ilə nəticələnə bilərdi, amma təəssüflər olsun ki, özünüitirmə ilə nəticələndi. Bir qrup insan da ölkə daxilində bu unutqanlıq və tabeçiliyi gücləndirərək xalqı Qərbin mənəvi və mədəni görüntülərini tam şəkildə təqlid etməyə təşviq edirdi. Bu təşviqlər Qərbin inkişafının əsasını təşkil edən elmi və ciddi məsələlərdə deyil, mədəni və əxlaqi məsələlərdə baş verirdi".
O, Rza xanın dağıdıcı və viranedici qərbçilik ideologiyasının simvolu olduğunu dedi: “İngilislər o qulduru hakimiyyətə gətirdilər, sonra isə maraqlarına uyğun olaraq hakimiyyətdən götürdülər. Amma bu müddət ərzində Rza xanın sapma halqası Qərbə tabe olma və Qərbdə həzm olunma zərurətini ölkənin bütün sahələrinə və ictimai rəyə sirayət etdirmiş, ölkəni daxildən boşaltmışdı. Heç bir milli dəyər, milli iqtisadiyyat, milli daxili və xarici siyasət, hətta iranlılara məxsus milli geyim belə qalmamışdı".
İnqilabın Rəhbəri qeyd etdi ki, Qərbin İrandakı varlığının ikinci təcrübəsi ölkənin bəzi bölgələrinin İngiltərə və Çar Rusiyası tərəfindən işğal edilməsi, qıtlıq, minlərlə insanın həyatını itirməsi, daxili hərəkatların boğulması və Rza xanın dövründəki “Darsi neft müqaviləsi” kimi alçaldıcı müqavilələrin qəbul edilməsi kimi acı hadisələrdən qaynaqlanırdı: “Bu hadisələr xalqa, xüsusilə gənclərə qərblilərin iç üzünü, onların ütülü zahirləri və təbəssümlərinin arxasında pis və xəyanətkar bir batinin dayandığını göstərdi. Bu vəziyyət ölkədə Qərb mədəniyyətinə olan şövq və heyranlığı azaltdı".
O bildirdi ki, Milli Neft Hərəkatı Qərbin iç üzünün açılmasında tarixi bir dönüş nöqtəsi oldu: “Müsəddiq İngiltərəyə qarşı mübarizədə ABŞ-yə güvənir, ümid bəsləyirdi. Amma məhz elə həmin ABŞ-nin özündən zərbə aldı və hökumətinə qarşı çevriliş ABŞ-nin pulu və imkanları ilə həyata keçirildi”.
Həzrət Aytullah Xamenei vurğuladı ki, 28 mordad 1332-ci il çevrilişinin nəticəsi Qərbə arxalanmanın inkişaf amili deyil, ona maneə olduğunu göstərdi: “Bu həqiqət də aydın oldu ki, qərblilər özlərinin maraqları və hədsiz istəkləri ilə ziddiyyət təşkil edən hər bir hadisəyə amansız reaksiya verirlər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, tələbələrin ABŞ-yə qarşı mübarizələrinin başlaması, Tehran Universitetinin tələbələrinin Niksonun səfərinə etiraz olaraq qaldırdıqları 16 Azər Qiyamı və hökumət tərəfindən üç tələbənin öldürülməsi Qərbin iç üzünün açılması ilə nəticələndi.
Qərbə heyranlıq xətti zəifləsə də, onun İnqilabın qələbəsinə qədər davam etdiyinə işarə edən Ali Rəhbər dedi: “Əgər 1979-cu ildə inqilab baş verməsəydi, ölkə xarici asılılıqların artması ilə bütün mənəvi sərvətləri və məziyyətlərindən məhrum olacaqdı".
O bildirdi ki, Böyük İmamın böyük və əvəzsiz bacarığı hər hansı təbəqə və ya xüsusi bir partiya ilə deyil, xalqla ünsiyyət qurması və danışmasında idi: “İmam (r.ə) xalqın bacarıqlarını, millətin mədəni və tarixi kimliyini xatırladaraq hər kəsi qəflətdən oyatdı, xalqa etimad etdi, meydana çıxmasını istədi və hər kəsi meydana çxardı. Xalq da ayağa qalxdı, qorxmadı, düşmənlərin təzyiqi və soyğunçuluğu sona çatdı”.
Həzrət Ayətullah Xamenei dünyanın quldurlarının İslam İnqilabına qarşı mübarizədən və fitnələrdən əl çəkməyəcəklərinə işarə edərək dedi: “Onlar deyirlər ki, "əvvəl biz" olmalıyıq, yəni bütün dünya bizim maraqlarımızı öz maraqlarından üstün tutmalıdır. Bu mənfəətpərəstliyi indi hər kəs görür. Bu gün İran İslam Respublikası başqalarının maraqlarını öz maraqlarından üstün tutmadığını qətiyyətlə deyən yeganə dövlətdir".
O, qeyd etid ki, düşmən, xüsusilə yeni rabitə üsullarından istifadə edərək Qərbin İran üzərindəki nüfuz və hökmranlığını bərpa etməyə, gənc iranlı tələbələrdə İnqilabdan əvvəlki passivlik, itaət və asılılıq ruhiyyəsini təkrarlamağa çalışır: “Bu plana qarşı mübarizə aparmağın yolu güclü ruhiyyənin davam etdirilməsidir. Tələbələrin bugünkü çıxışında bu özünü göstərdi. Yeri gəlmişkən, bədxahların səylərinə qarşı dini, əxlaqi və irfani məsələlər zəminində yaxşı inkişaf əldə edilib. Zamanın dilinə hakim olan qiymətli fikir və düşüncə adamları İslam anlayışlarını çatdırmaqdadırlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: "Bugünün universiteti İnqilabdan əvvəlki, hətta 20 il bundan əvvəlki universitetdən daha irəlidə və daha düşüncəlidir. Bəzi təbliğatların əksinə olaraq, İranlı tələbə və gənc bu gün düşmənə qarşı mübarizənin ön sıralarında yer almaq üçün qətiyyətlə və məsələləri daha yaxşı dərk edərək hazırdır”.
İnqilabın Rəhbəri xüsusilə virtual məkanda məzmun istehsalı ilə bağlı bir müddət əvvəl verdiyi tövsiyəni təkrar edərək dedi: "Tələbə də müəllim kimi xəbərdaredici və bələdçi çıraq mövqeyinə malikdir; məzmun istehsalı və məsələlərin işıqlandırılması sahəsində səylərini ikiqat artırmalıdır".
O, çıxışının başqa bir yerində keçən il tələbələrə verdiyi tövsiyələrə toxunaraq tələbə təşkilatlarının universitet daxilində fəaliyyətlərinin zəruriliyini yenidən vurğuladı: "Universitetdəki gəncın auditoriyasında inadkarlıq və düşmənçilik yoxdur, o, dinləməyə və qəbul etməyə hazırdır. Tələbə təşkilatlarından gözlənilən budur ki, universitet mühitini özlərinin doğru düşüncələrinin təsiri altına alsınlar".
Həzrət Ayətullah Xamenei digər bir tövsiyəsində tələbələri etibarlı fikir mənbələrindən istifadə edərək ölkənin əsas məsələləri, İnqilabın ümumi hərəkəti və cəmiyyətlə bağlı mövzular ətrafında seminarlar təşkil etməyə çağırdı: "Ayrı-ayrı hadisələr zamanı diqqətli olun ki, müxtəlif media təhlilləri ilə şübhə və çaşqınlığa düşməyəsiniz. Düzgün araşdırma ilə səhv fikirlərə qalib gəlin".
O, bəzi tələbələrin məsul şəxlsərə ünvanladıqları irad və tənqidlərin məsələlərin ayrı-ayrı yönləri ilə bağlı məlumatın olmamasından qaynaqlandığını dedi və “Doğru vəd-2” əməliyyatının icra zamanı ilə bağlı qeyd edilən tənqidlərdən bir nümunəyə işarə edərək bildirdi: “Nə üçün əməliyyat filan vaxt həyata keçirilmədi? Əgər həyata keçirilsəydi, filan hadisənin qarşısı alına bilərdi" fikri doğru deyil. Çünki bu işlərə məsul olan şəxslərinin İnqilaba qarşı sevgisi və bağlılığı mənim və sizin sevgi və bağlılığınızdan az deyil. Onları ittiham etmək olmaz".
İnqilab Rəhbəri əlavə etdi: "Onlar hesablama əsasında hərəkət edirlər. Əgər siz də onların yerində olsaydınız, eyni işi görərdiniz. Buna görə də başqalarını ittiham etməkdən çəkinin və qərarların qəbul edilməsində düzgün hesablamaların aparıldığını ehtimal edin".
O, tənqidin çərçivələrinə aydınlıq gətirərkən dedi: “Tənqidin heç bir problemi yoxdur, amma tənqid iftira atmaqdan fərqlənir. Sual vermək və anlaşılmazlığın olduğunu bildirməyin heç bir problemi yoxdur. Amma elə etmək lazımdır ki, cavab vermək fürsəti də tanınsın. Əlbəttə, bəzən elə olur ki, bəzi suallara cavab vermək mümkün olmur. Belə olan hallarda, hətta anlaşılmazlığın olduğunu da dilə gətirməyin, ehtimal edilən fərziyyələri qətiyyət kimi qəbul etməyin”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ixtilaf, ümidsizlik, ikiqütblülük aşılamaqdan, auditoriyada qərar qəbul edən məsul şəxslərə qarşı ümidsilik yaratmaqdan, çıxılmazlıq olduğunu təlqin etməkdən çəkinmək tənqidin digər çərçivələrindəndir: “Bəzən tənqidlər elə bir şəkildə ifadə edilir ki, dinləyici qarşıda duran yolun insanı çıxılmazlığa apardığını düşünür. Bu səhv xalqda ümidsilik yaranmasına səbəb olur. Bundan ciddi şəkildə qorunmaq lazımdır”.
O, virtual məkanda öz əksini tapmış: “Nazirlər hamısı meyar və parametrlərə cavab vermədikləri halda, rəhbərlik nə üçün onlan hamısının seçilməsi məsələsindən məmnun olduğunu ifadə etdi?” kimi tənqidlərdən birinə cavab verərkən vurğuladı ki, tələbəni belə mövzular deyil, ölkənin əsas məsələləri narahat etməlidir: “Bütün nazirlərin seçilməsi və hökumətin vaxtında tam formalaşması onun ölkəni idarə etmək gücü əldə etməsinə səbəb olur. Bu, arzuolunan bir hadisədir. Çünki bir nazirin seçilməməsi ilə o nazirlik uzun müddət rəhbərsiz qalır və bu, bəzi meyarlara cavab verməyən, fəaliyyətləri və ya bəzi xüsusiyyətləri yaxşı qarşılanmayan bir adamın seçilməməsindən daha pisdir”.
İnqilabın Rəhbəri çıxışının sonunda ABŞ ilə danışıqlar mövzusu ilə bağlı bir neçə nüansı qeyd etdi.
O, birinci nüansı açıqlayarkən bildirdi ki, ABŞ Prezidentinin danışıqlara və razılığa gəlməyə hazır olduqlarını ifadə edən çıxışı, İrana məktub göndərməsi dünya ictimaiyyətini aldatmaq cəhdidir: “Bu məktub hələ mənə gəlib çatmayıb, amma ABŞ: “Bizdən fərqli olaraq İran danışıqlara və razılığa gəlmir” yalanını təqlin etməyə çalışır. Halbuki, bu sözləri deyən adam özü ABŞ ilə müzakirələrdə əldə edilmiş razılaşmanı pozdu. İndi əldə edilmiş nəticələrə əməl etməyəcəyini bildiyimiz halda, onunla necə müzakirə apara bilərik?"
Həzrət Ayətullah Xamenei “Müharibə vəziyyətində olan iki şəxs arasında etimadın olmaması müzakirələrə mane olmamalıdır” məzmunlu bir qəzet yazısına işarə edərək dedi: “Bu fikir yanlışdır. Çünki danışıq aparan həmin tərəflər qarşı tərəfin müzakirələrdən əldə edilmiş nəticələrə əməl edəcəyinə əmin olmasa, müzakirə aparmazlar. Çünki bu halda danışıqlar mənasız və faydasızdır”.
O, üçüncü nüansa aydınlıq gətirərkən dedi: “Müzakirə aparmaqda başlıca məqsədimiz sanksiyaların ortadan qaldırılması idi. Amma şükürlər olsun ki, proses uzandıqca sanksiyalar tədricən təsirini itirir”.
İnqilabın Rəhbəri əlavə etdi: “Bəzi amerikalılar da hesab edirlər ki, sanksiyaların uzun sürməsi onların təsirini azaldır. Bundan əlavə, sanksiya tətbiq edilmiş ölkə sanksiyaların təsirindən yan keçmək yollarını tapır. Biz də müxtəlif yollar tapmışıq”.
O, mövcud problemlərin əsasən daxili diqqətsizliklərdən qaynaqlandığını dedi: “Əgər iqtisadiyyatın vəziyyəti pisdirsə, bunun yeganə səbəbi sanksiyalar deyil. Bəzi işləri görməmək mövcud vəziyyətə təsir göstərir”.
Həzrət Ayətullah Xamenei amerikalıların “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik” kimi sözlərinə işarə edərək dedi: “Əgər nüvə silahı istehsal etmək istəsəydik, ABŞ qarşımızı ala bilməzdi. Nüvə silahımızın olmaması və onu əldə etmək istəyində olmamağımızın səbəbi dəlillərini daha öncə də qeyd etdiymiz kimi, bizim bu növ silaha sahib olmaq istəməməyimizdir".
İnqilabın Rəhbəri başqa bir nüansı ABŞ-nin hərbi təhdidinin ağılsız bir addım olması ilə izah etdi: "Zərbə vurmaq və müharibə etmək təktərəfli bir məsələ deyil. İran qarşılıqlı zərbə endirmək gücündədir və bu işi mütləq görəcəkdir".
O əlavə etdi: "Əgər ABŞ və tərəfdarları yanlış bir addım atarlarsa, özləri daha çox xəsarət alacaqlar. Biz müharibə etmək firkində deyilik, çünki müharibə yaxşı bir şey deyil, amma kimsə bir addım atarsa, qəti şəkildə cavab verəcəyik".
İnqilabın Rəhbəri ABŞ-nin zəifləməkdə olan bir yol tutduğunu dedi: "İqtisadiyyat, xarici və daxili siyasət, sosial məsələlər və digər sahələrdə ABŞ zəifləməkdədir, artıq 20-30 il bundan əvvəlki gücünü saxlaya bilmir".
Həzrət Ayətullah Xamenei daxildə elə hey: "Niyə danışıqlar masasına getmirik?" deyən adamlara işarə edərək dedi: "Bu ABŞ hökuməti ilə danışıqlar, nəinki sanksiyaları ortadan qaldırmaz, üstəlik sanksiyalar düyününü daha da mürəkkəbləşdirər, təzyiqlərin artmasına səbəb olar, yeni tələblərin və aşırı istəklərin irəli sürülməsinə imkan yaradar".
O, çıxışının son hissəsində Fələstin və Lüvan müqavimətinin əvvəlkindən daha güclü və motivasiyalı olduğunu vurğuladı: "İranın məsul şəxsləri, o cümlədən hökumət və Prezident bizim var gücümüzlə Fələstin və Livan müqavimətinə dəstək verməli olmağımız məsələsində yekdil fikirdədir. İnşallah, İran xalqı keçmişdə olduğu kimi, gələcəkdə də zalımlara qarşı müqavimətin bayraqdarı olacaq."
Görüşün əvvəlində ümumrespublika tələbə təşkilatlarından 6 nəfər nümayəndə çıxış etdi:
- Vəhdətin Möhkmələndirilməsi Bürosundan Müctəba Məngəli;
- Azad Universitetin Tələbələrinin İslami Birliyindən Məhəmməd Əsədiyan;
- Tələbə Bəsicdən Mehdi Bəzme;
- Ədalət Hərəkatından Məhəmməd Rza Məryəmi;
- Tələbələrin İslam Cəmiyyətindən Əbülfəzl Məhəmmədi;
- Tələbələrin Cihad Qruplarından Reyhanə Həsən Qurban.
Onlar öz çıxışlarında tələbələr və ölkənin ən mühüm məsələləri ilə bağlı görüşlərini bölüşdülər.
Ölkənin siyasi cərəyanları və yanaşmalarının dövlətin ümumi siyasətləri və "Güclü İran" ideyasına uyğunluğunun zəruriliyi, keçən onillikdə ölkə problemlərinin ABŞ ilə danışıqlara bağlamağın acı təcrübələrini təkrarlamaqdan çəkinmənin vacibliyi, dövlətin iqtisadi və sosial siyasətləri icra edərkən zəiflər və fəhlələrin prioritetliyini nəzərə almasının vacibliyi, ictimai rəyin sosial ikili standartların aradan qaldırılması məsələsində etimad yaradan cavablara ehtiyacının olması, universitetlərə ümidsizlik və zəiflik hissinin yayılmasının tənqidi, Azad Universitetin tibbi elmlər ixtisasında ödənişlərin artımının tənqidi, hökumətin özəl sektorla rəqabətdən əl çəkib həqiqi özəlləşdirməyə getməsinin vacibliyi, məhkəmə orqanının məhkəmə sənədlərinin siyasiləşdirilməsinin qarşısını alması zərurəti, zəif təbəqələrə xidmət göstərilməsi istiqamətində tələbələrin həmrəyliyinin əsas nüvəsi kimi cihad qruplarının fəaliyyətlərinin asanlaşdırılması zərurəti, xalqın siyasi və iqtisadi iştirakının qanuni bazalarının asanlaşdırılmasının zəruriliyi, yeni idarəetmə ideyalarının inkişaf etdirilməsi məqsədilə ölkənin siyasi cinahlarının gəncləşdirilməsi və ölkənin təbii sərvətlərindən istifadə edilməsində səmərəliliyin ciddiyə alınması zərurəti tələbə təşkilatlarının nümayəndələrinin bu gün axşam saatlarında İslam İnqilabının Rəhbəri ilə baş tutan görüşdə irəli sürdükləri əsas məsələlər və təkliflər oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir