İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında qüvvələrin rəhbərləri, dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri və məsul işçilərindən bir qrupu ilə görüşdə fərdi və sosial müstəvilərdə özünü unutma və onun nəticələri barəsindəki Ramazan tövsiyələrini verərkən əhalinin maddi vəziyyəti və məişətinin yaxşılaşdırılmasının çox mühüm olduğunu vurğuladı. O, sanksiyalarla heç bir əlaqəsi olmayan imkanlar və həll yollarını şərh edərək dedi: “Qüvvələr və bütün məsuliyyət səviyyələrinin birliyi və əməkdaşlığı, valyuta sisteminin islahatı, milli pul vahidinin dəyərinin qorunması, istehsal və sərmayə qoyuluşuna hərtərəfli dəstək, qərarların qəbul edilməsi, icrası və layihələrin nəticə verməsindəki sürətlilik, qərarsızlıqdan qaçmaq, işlərin tərk edilməməsi və qaçaqmalçılıqla ciddi mübarizə bütün məsul şəxslərin və qurumların gündəliyində yer almalıdır”.
Həzrət Ayətullah Xamenei bu görüşün əvvəlində dövlət işçilərinin Rəhbərlə olan keçənilki görüşündə şəhid Rəisinin iştirakına işarə edərək dedi: “O əziz adam indi öz zəhmətləri və xidmətlərinin mükafatı olaraq İlahi mərhəmət və lütfdən faydalanır. Bütün məsul şəxslər üzərlərinə düşən vəzifəyə xidmətin keçici bir fürsəti kimi baxsalar, belə bir lütf və mərhəmətə layiq olacaqlar”.
İnqilabın Rəhbəri səsləndirdiyi gözəl və faydalı fikirlərə görə Prezidentə təşəkkür edərək, onun motivasiyası və məsuliyyət hissini çox yüksək qiymətləndirdi: “Cənab Pezeşkiyanın Allaha və böyük işlər bacarığına olan etimadı zəruri hesab etməsi tamamilə həlledicidir. İnşallah, Prezident bu görüşdə açıqladığı böyük layihələrin həyata keçdiyini yaxın gələcəkdə müjdə verib xalqı sevindirəcək”.
Həzrət Ayətullah Xamenei Ramazan ayının zikir ayı, Quranin zikir kitabı olduğunu buyurdu: “Xatırlama unutqanlığın əks tərəfidir. Unutqanlıqlar arasında insanın özünü və Allahı unutması çox ziyanlı və bərpaolunmazdır”.
O, Quranın ayələrinə istinad edərək Allahı unutmağın nəticələrindən danışdı: “Əgər insan Allahı unutsa, Allah da onu unudar; yəni onu Öz rəhmət və hidayətindən xaric edər. Etinasızlıqla onu xar edib özbaşına buraxar”.
İnqilabın Rəhbəri özünü unutmağın həm fərdi, həm də sosial yönünün çox zərərli olduğunu dedi: “Allahın insanı yaratmaq məqəsədini, yəni Allahın xəlifəsi məqamına yetişməyi və ölümü unutmaq, o dünyaya köçməyə hazır olmamaq özünü unutmanın fərdi yönlərindəndir. Zikr, dua, yalvarış, təqva və ibadətlər vasitəsilə insan bu unutqanlıqdan xilas ola bilər”.
O, özünü unutmaqdan xilas olmanın Allah qarşısında cavabdehliyin zəruriliyinə diqqət yetirilməsinə səbəb olduğunu dedi: “Əzəmətli Allahın hüzurunda bəhanə gətirməyin yeri yoxdur, hər hansı davranış və sözə görə məqbul cavabın olmaması insanı xar edir”.
Həzrət Ayətullah Xamenei məsul şəxslərin ilahi sorğu-sualının adi insanların sorğu-sualından ağır olduğunu bildirdi: “Biz məsul şəxslər davranışımız, danışığımız və fəaliyyətlərimizdə çox diqqətli olmalı, zikr, dua, yalvarışlara daha çox müraciət etməliyik”.
O, özünü unutmanın ağır sosial yönlərini izah edərkən “Tövbə” surəsinin təkanverici bir ayəsinə istinad edərək vurğuladı: “Əgər İslam Respulikasında bizdən əvvəlkilər, yəni diktatura rejiminin rəhbərləri kimi hərəkət etsək, özü ilə həddən artıq böyük zərərlər gətirən çox böyük və narahatedici bir cinayət etmiş olarıq”.
İnqilabın Rəhbəri əlavə etdi: “Allahın lütfü ilə indiyə qədər bu vəziyyətə düşməmişik, amma qorxmalıyıq və diqqətli olmalıyıq ki, sosial özünü unutma bəlasına tuş gəlib öz kimliyimizi, İnqilabın fəlsəfəsini və dövləti formalaşdıran əsasları unutmayaq, daxili və xarici siyasətdə, ölkə idarəçiliyində və yadlara arxalanmaqda diktatura rejiminin rəhbərləri kimi davranmayaq”.
O qeyd etdi ki, dövlətin əsasını Quranın prinsip və ideyaları, Kitab və sünnənin meyar və məqsədləri təşkil edir: “Bu əsasla biz Qərb mədəniyyətinin ardınca gedə bilmərik. Əlbəttə, dünyanın harasındasa, o cümlədən Qərb mədəniyyətində hər hansı məziyyət olarsa, biz ondan istifadə edirik. Amma səhv və İslam dəyərlərinə zidd olduqları üçün Qərbin əsas prinsip və meyarlarına əsaslana bilmərik”.
Həzrət Ayətullah Xamenei qərblilərin müstəmləkəçilik fəaliyyətləri, xalqların sərvətlərini talan etməsi, geniş miqyaslı qətliamlar törətməsi, insan haqları və qadınlar barədə olan saxta iddiaları və müxtəlif məsələlərdə sərgilədiyi ikili standartlar səbəbindən Qərb mədəniyyətinin rüsvayçı vəziyyətdə olduğuna işarə edərək vurğuladı: “Qərbdə informasiya azadlığı bir yalandır. Belə ki, Qərbə bağlı olan virtual məkanda Sərdar Süleymani, Seyid Həsən Nəsrullah, şəhid Həniə və digər tanınmış şəxslərin adlarını çəkmək olmur, sionistlərin Fələstin və Livanda törətdikləri cinayətlərə qarşı etiraz etmək olmaz”.
O, Qərbin media vasitələrinin İranın vəziyyəti ilə bağlı uydurduqları yalanlara işarə edərək dedi: “Bu media vasitələrinin hansında elmi nailiyyətlərdən, böyük xalq toplantılarından, xalqın və İslam dövlətinin uğurlarından söz açılır? Halbuki zəiflikləri on qat böyüdürlər”.
Həzrət Ayətullah Xamenei bəzi qərb sosioloqlarının fikirlərinə istinad edərək dedi: “Qərb mədəniyyəti hər keçən gün daha çox tənəzzülə uğrayır. Bizim onun ardınca getməyə haqqımız yoxdur”.
O, İranın bədxah düşmənlərinin bütün mənfi təbliğatlarına baxmayaraq, xalqın daha da izzətli olmasının bir həqiqət olduğunu vurğuladı: “Əgər məsul şəxslər dövlətin kimliyini, strukturunu qoruyaraq doğru yolu izləsələr və Prezidentin bəyan etdiyi proqramlar həyata keçirilərsə, böyük İran xalqı daha da izzətli olar və biz xalqlara, hətta bəzi ölkələrin rəhbər şəxslərinə nümunə ola bilərik".
Həzrət Ayətullah Xamenei çıxışının ölkə problemlərinə aid etdiyi başqa bir hissəsində 1390-cı illərin əvvəlindən bu vaxta qədər olan iqtisadi problemlərə işarə edərək düşmənin təhdidlərinin əksər hissəsinin, o cümlədən təhlükəsizlik və kəşfiyyat təhdidlərinin məqsədinin xalqın gündəlik həyat şəraitinə təsir göstərmək olduğunu dedi: “Onların məqsədi budur ki, İslam Respublikası xalqın məişətini idarə edə bilməsin. Buna görə də, xalqın məişəti çox mühüm məsələdir. Ciddi islahatlar aparılmalıdır”.
O, iqtisadi problemlərin yaranmasında sanksiyaların rolunun inkarolunmaz olduğunu vurğulayaraq əlavə etdi: “Sanksiya problemlərin bir hissəsinə səbəbdir. Amma bütün məsələ sanksiya deyil. Bəzi problemlərin sanksiya ilə heç bir əlaqəsi yoxdur”.
Həzrət Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün lazım olan bəzi görüş və tədbirlərdən söz açaraq həm hökumət daxilindəki qurumların daxili birliyi, həm də üç qüvvənin birliyinin ən mühüm prioritetlərdən olduğunu dedi: “İşlərin inkişafının birinci şərti birlikdir. Xoşbəxtlikdən bu gün yüksək səviyyələrdə gözəl birlik var. Ümumi sistemdə və aşağı səviyyələrdə də bu baş verməlidir”.
O, iqtisadi məsələlərdə fəaliyyət sürətinin əsaslı təsirə malik olduğunu vurğulayaraq yavaşlıq, fikir və ideya ilə qərar qəbul etmə, qərarların icrasının nəticə verməsi arasında böyük bir zaman fasiləsinin olmasını tənqid etdi: “Bu problem əsasən işlərin düzgün şəkildə izlənməməsindən qaynaqlanır. Buna görə də hörmətli prezidentlərə və məsul şəxslərə verdiyimiz tövsiyələrdən biri müxtəlif mərhələlərdə işləri izləmək, nəzarət etmək və onları yarımçıq qoymamaqla bağlıdır”.
İnqilabın Rəhbəri bəzi müdirlərdə ən təhlükəsiz işin qərar qəbul etməmək düşüncəsinin olmasının təhlükəli olduğunu dedi: “Hər hansı müdirin verdiyi qərarlara görə yaxası və biləyinin tutulmasından qorxub qərar qəbul etməməsi səhvdir və Allahın cəzasına səbəb olacaq. Çünki Allah görülən işlərlə yanaşı, işlərin görülməməsinə görə də sorğu-sual edəcək”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iqtisadi problemlərin həllində rol oynayan amillərdən biri məsul şəxslərin ölkənin imkanlarından xəbərdar olmamasıdır: “Dəfələrlə təkrar edilir ki, ölkə zəngin imkan və potensiallara malikdir. Amma bu məsələnin dərinliyinə diqqət yetirilmir”.
O, gənclərin və onların müxtəlif iqtisadi, elmi və araşdırma sahələrindəki heyrətamiz yenilikləri və innovasiyalarının, habelə elm və texnologiya sahəsində əldə edilmiş inkişafın ölkənin böyük potensiallarından olduğunu dedi: “Digər vacib potensialımız isə təbii sərvətlərimiz, o cümlədən neftimiz və dünyanın ən üstün və zəngin təbii minerallarından olan mineral ehtiyatlarımızdır. Bu sərvətlərin bir çoxu hələ kəşf və istifadə olunmamışdır”.
İnqilabın Rəhbəri ikitərəfli qaçaqmalçılıq probleminin iqtisadiyyata zərər verən digər problem və amillərdən olduğunu qeyd etdi: “Bizim qaçaqmalçılıqla mübarizədə qərar qəbul etmə, icra və işlərə nəzarət sürətimizin olmamasının və imkanlardan istifadə etməməyimizin sanksiyalarla heç bir əlaqəsi yoxdur”.
İnqilabın Rəhbərinin iqtisadi məsələlərlə bağlı qeyd etdiyi digər bir prioritet isə milli valyutanın gücləndirilməsi ilə ölkənin valyuta sisteminin islah edilməsi oldu: “O, milli valyutanın dəyərinin qorunmasının vacib və tamamilə zəruri olduğunu, bunun xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasında, alıcılıq qabiliyyətinin artırılmasında, ölkənin abır və etibarının yüksəldilməsində təsirli olduğunu vurğuladı: “Bu sahədə ixracatdan əldə olunan valyutaların geri qayıtması çox vacibdir”.
Həzrət Ayətullah Xamenei şəhid Rəisinin valyuta gəlirli iri dövlət şirkətlərinin ölkənin müxtəlif bölgələrində böyük su, neft emalı və enerji layihələrini həyata keçirməyə məcbur edilməsi planına işarə edərək dedi: “Əlbəttə, ona həmin şirkətlərin fəaliyyətləri ilə bağlı verilən hesabat əsassız idi. Hər halda, dövlət şirkətlərinin valyuta gəlirlərinin dövlət və Mərkəzi Bankın nəzarətində olmaması qəbul edilməzdir. Bu məsələnin həlli üçün müvafiq tədbirlər görülməlidir”.
O qeyd etdi ki, istehsala əhəmiyyət verilməsi ölkə iqtisadiyyatının digər prioritetidir: “Qanuni dəstəklər, istehsal resurslarının təchizatı, maneələrin və mənasız təlimatların aradan qaldırılması və istehsal texnologiyasının inkişaf etdirilməsi zəruri məsələlərdəndir. Habelə, əhali, xüsusilə də dövlət qurumları daxili tələbatı yerli istehsal ilə təmin etməli və yerli istehsaldan olan malların xaricdən gətirilərək istehlak edilməməsi məsələsinə ciddi yanaşmalıdırlar”.
İnqilabın Rəhbərinin iqtisadi məsələlərlə bağlı toxunduğu sonuncu nüans sərmayə qoyuluşu məsələsi oldu: “Sanksiyaların əsas məqsəblərindən biri xarici sərmayə qoyuluşunun qarşısını almaqdır. Bunun üçün də müxtəlif yollar mövcuddur”.
O əlavə etdi: “Yerli sərmayə qoyuluşunun artırılması istiqamətində ən mühüm amil investora əlverişli şərait yaratmaqdır. Belə ki, o, investisiya qoyuluşunun onun üçün faydalı olduğunu və yaxşı gəlir gətirəcəyini hiss etməlidir”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda Xarici İşlər Nazirliyinin fəallığından məmnuq olduğunu bildirərək qonşular və digər ölkələrlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı: “Bəzi quldur şəxslər və hökumətlər müzakirələr aparılmasında israr edirlər. Əslində, onların məqsədi problemləri həll etmək deyil, müzakirə vasitəsilə öz istədiklərini diqtə və qəbul etdirmək, qarşı tərəf qəbul edərsə, nə yaxşı, qəbul etməsə, qalmaqal yaradıb onu danışıqları tərk etməkdə günahlandırmaqdır”.
İnqilabın Rəhbəri əlavə etdi: “Onların problemi təkcə nüvə məsələsi ilə bağlı deyil. Müzakirə onlar üçün həm də müdafiə və beynəlxalq imkanlar sahəsində yeni tələblər, filan şeyi etməyin, filan şəxslə görüşməyin, raketin mənzilini bu qədərdən çox etməyin kimi gözləntilər irəli sürmək üçün bir yoldur. Şübhəsiz ki, bu məsələlər İran tərəfindən əsla qəbul edilməz və yerinə yetirilməzdir”.
O, qarşı tərəfin müzakirəni təkrarlamaqda məqsədini ictimai rəyə təzyiq göstərmək olduğunu dedi: “Onlar ictimai rəydə şübhə yaratmaq istəyirlər ki, niyə onlar müzakirəyə hazır olduqlarını bildirdikləri halda, biz müzakirə etməyə razı deyilik. Halbuki onların məqsədi müzakirə etmək deyil, əslində zor göstərmək və diktə etməkdir”.
Həzrət Ayətullah Xamenei üç Avropa ölkəsinin İranın HBFP-dəki nüvə öhdəliyinə əməl etməməsi ilə bağlı verdiyi bəyanata işarə edərək dedi: “Onlardan soruşmaq lazımdır ki, bəs siz HBFP-dakı öhdəliklərinizi yerinə yetirdinizmi? Onlar ilk gündən öhdəliklərinə əməl etmədilər və Amerika HBFP-dən çıxdıqdan sonra onlar bu problemi ortadan qaldıracaqları ilə bağlı söz vermələrinə baxmayaraq, iki dəfə öz sözlərindən çıxdılar”.
İnqilabın Rəhbəri qeyd etdiki, avropalıların verdikləri sözə əməl etməmələri və eyni zamanda İranı onu pozmaqda ittiham etmələri onların hədsiz dərəcədə həyasız olduqlarını göstərir: “O dövrün hökuməti bir il bu vəziyyətə dözümlük göstərdi. Sonra İslam Şurası Məclisi məsələyə qarışdı və qərar qəbul etdi. Bundan başqa bir yol da yox idi. İndi də zor və zorakılıq qarşısında başqa bir yol yoxdur”.
Görüşün əvvəlində Prezident daxili razılıq əldə edilməsi və dövlətin inkişaf perspektivinə nail olmaq üçün hökumətin atdığı son addımlar barədə açıqlama verərək 5 ümumi iqtisadi proqramın icrasına başlandığını bildirdi: “İstehsal artımı, inflyasiyaya nəzarət, məişət problemləri ilə məşğul olmaq, qeyri-bərabərliklərin ortadan qaldırılması, strateji və milli layihələrin icrası məsələsi hökumətin icra masası üzərində yer alıb”.
Cənab Pezeşkiyan ölkənin bəzi bölgələrində elektrik və qaz kəsintilərinin ciddi böhranların qarşısını almaq üçün görülən tədbirlərlə bağlı olduğunu dedi və bildirdi ki, gələn il enerji sahəsindəki bərabərsizliyin ortadan qaldırılacağına ümidvardır.
Prezident qonşu ölkələrin imkanlarından və xaricdə yaşayan iranlılardan maksimum dərəcədə faydalanmanın vacibliyini vurğulayaraq on dördüncü hökumətin həm daxili, həm də xarici investorlara dəstək verdiyini, habelə ölkədə bir neçə böyük sərmayə qoyuluşu layihəsinin hazırlandığını xəbər verdi.
Cənab Pezeşkiyan xarici siyasətdə izzət, hikmət və məsləhət prinsiplərinin vacibliyini vurğulayaraq milli həmrəyliyin düşmənlərin hər növ təhdidinin həyata keçirməsinin əsas maneəsi olduğunu bildirdi: “Heç bir güc Allaha arxalanan və rəhbərinin arxasında birlikdə hərəkət edən bir xalqı məğlub edə bilməz”.
Prezident çıxışının əvvəlində mübarək Ramazan ayının əhəmiyyətinə dair bəzi məqamları qeyd edərək, bu ayı ədalətin icrası, ayrı-seçkilikdən qaçmaq, səmimiyyət, ehtiyaclılara yardım göstərilməsi, insanlar arasında barış yaratmaq, zülm və fəsadın ortadan qaldırılmasının əhəmiyyətini xatırlamaq üçün bir fürsət olduğunu dedi: “Dini mətnlər yalnız oxumaq üçün deyil, əksinə, həyata keçirmək üçündür. Bu vacib məsələ üçün vəhdətə, bir-birinə qarşı dözümlülük göstərilməsinə, xalqla məsul şəxslərin əməkdaşlığına ehtiyac var”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir