Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri beynəlxaql dərəcli Quran qariləri ilə görüşdə dedi:

Tilavətin möcüzəsi Quran anlayışlarının qəlblərə və əməllərə axmasındadır

İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının ilk günü, yəni bu gün günortadan sonra təşkil edilmiş “Quranla ünsiyyət” tədbirində beynəlxalq səviyyədə tanınan Quran qariləri və ustadları qarşısında çıxış edərkən  fərdi, ictimai və milli səviyyədə Quranın şəfaverici təlimlərinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Fəaliyyətləri Quranla bağlı olan insanlar elə davranmalıdırlar ki, Allahın kitabının mənəvi bulaqları qəlblərə və düşüncələrə, nəticədə isə bütün insanların əməl və davranışlarına axsın”.

İki saat yarımdan çox müddət ərzində tanınmış qarilərin, daxili və xarici xor və təvaşih qruplarının tilavətlərini dinləyən Həzrət Ayətullah Xamenei hər kəsi möminlərin böyük və həqiqi bayramı olan Ranazan münasibətilə təbrik edərək ölkənin qarilərinin sayının davamlı olaraq artdığına görə Allaha şükür etdi: “Cəmiyyətin ayrı-ayrı problemlərin həlli istiqamətində Quranın tükənməz bulaqlarına olan ehtiyacı həqiqi və ciddi ehtiyacdır”.

O, Allahın kitabına olan fərdi ehtiyaclardan danışarkən dedi: “Bəşəriyyətin həsəd, paxıllıq, bədgümanlıq, tənbəllik, özünü düşünmə, həvəspərəstlik, fərdi mənafeyin ictimai mənafedən üstün tutulması kimi bütün ruhi və əxlaqi xəstəliklərin əlacı Quranda gizlənmişdir”.

İnqilabın Rəhbəri cəmiyyətin daxili əlaqələri ilə bağlı dedi: “Sosial problemlərin əlacı, o cümlədən İslamın tövhiddən sonra ən mühüm prinsipi olan sosial ədalət üçün Qurana müraciət etməyə ehtiyacımız var”.

Həzrət Ayətullah Xamenei digər ölkələrlə əlaqələr sahəsində də Quranın aydın və dəqiq bələdçi olduğunu qeyd etdi: “İran xalqının digər xalqlarla heç bir problemi yoxdur, amma bu gün kafir və ya münafiq güclərdən ibarət geniş bir cəbhə ilə qarşı-qarşıyadır. Qurani-Kərim ayrı-ayrı mərhələlərdə onlarla necə davranmalı olduğumuzu, nə zaman danışıqlar aparmalı, hansı mərhələdə əməkdaşlıq etməli, haçan yumurqla ağzına vurmalı, nə vaxt qılınc çəkməli olduğumuzu müəyyən edir”.

O qeyd etdi ki, Quranı düzgün oxumaq və dinləmək qeyd edilən bütün xəstəliklərin ortadan qalxmasına səbəb olur: “Quran yaxşı oxunanda və dinləniləndə insanda islahat və xilasa meyl yaradır”.

İnqilabın Rəhbəri Quranın bir ayəsinə istinad edərək Peyğəmbərin (s) ayələri oxumaqda məqsədinin təzkiyə etmək, yəni ruh və candakı xəstəlikləri sağaltmaq, Kitabı - yəni fərdi və ictimai həyatın ümumi parametrlərini, hikməti - yəni varlıq aləminin həqiqətlərini tanıma maarifini öyrətmək olduğunu dedi: “Tilavət peyğəmbərə xas olan bir işdir. Qarilər, əsl həqiqətdə, Peyğəmbərin işini görürlər”.

O vurğuladı ki, Quran anlayışlarının insanların fikir və düşüncələrində dəyişilməz prinsiplərə çevrilməsi düzgün tilavətin mühüm funksiyalarındandır: “Qarilər elə tilavət etsinlər ki, Quranın minlərlə mövzusu və fəsilləri insanların fikir və düşüncələrində özünə yer edib əməl mənbəyinə çevrilsin”.

Həzrət Ayətullah Xamenei gözəl Quran oxunmasının xalqın Quran savadının artmasına səbəb olduğunu dedi: “Ədəb qaydalarına riayət etmək şərti ilə edilən tilavət bütün yönlərdə möcüzədir”.

İnqilabın Rəhbəri bildirdi ki, özünü Rəbbin həqiqi hüzurunda hiss etmək Quran tilavətinin ən mühüm ədəbidir: “Quranı mənalara diqqət yetirməklə və tərtillə oxumaq lazımdır ki, təsiri olsun”.

O, tərtilin düzgün mənasını izah edərkən dedi: “Tərtil mənəvi bir iş, başa düşərək, dərin düşünərək, anlayaraq oxumaqdır. Əlbəttə, ölkədə həyata keçirilən tərtil yaxşı və qiymətlidir. Ona daha da rəvac verilməlidir”.

İnqilabın Rəhbəri növbəti tövsiyəsində vurğuladı ki, qarinin tilavət etməkdə birinci məqsədi işıqlı vəhy kəlamından faydalanmaq, təsirlənmək, ondan sonra dinləyiciyə təsir göstərməkdir: “Bu məqsədə diqqət yetiriləcəyi təqdirdə səs və ahəngin gözəlliklərindən istifadə edilməsinin problemi yoxdur. Belə ki, bu gün qarilərimizin istifadə etdikləri və çox hissəsi də təqlid olmayan gözəl avazları dinləyicilərin qəlbində təvazökralıq, zikr və təsbih halının yaranmasına səbəb olur”.

O, mənaları anlamağın tilavətin təsirliliyində mühüm rol oynadığını dedi: “İnqilabın əvvəlki illəri ilə müqayisədə bu gün qarilərimiz Allahın vəhy etdiyi kəlamın mənaları ilə daha yaxşı tanışdırlar. Ayələrin mənalarının ümumi səviyyədə yayılmasına gəlincə isə, onun metodlarını tapmaq vəzifəsi Təhsil və Təlim-Tərbiyə Nazirliyi, İslami Təbliğatlar Təşkilatı və Quran fəaliyyətləri ilə məşğul olan qurumların üzərinə düşür”.

Qarilərin surəti və zahiri görkəmi məsələsi Həzrət Ayətullah Xameneinin toxunduğu digər məsələ oldu: “Gözəl davranış tərzi ilə yanaşı, qarinin zahiri görkəmi də yaxşı, əməlisaleh bəndələr və mənəviyyat adamlarının görkəminə uyğun olmalıdır”.

O, iranlı qarilərin xarici ölkələrə səfərləri, orada gözəl şəkildə qarşılanmaları, xarici ölkələrin Quran məclislərində iranlı geyimində çıxış etmələrinin bir imtiyaz olduğunu dedi: “Digər məsələ tilavətdə haram avazdan isitfadə etməməkdir”.

İnqilabın Rəhbəri ayrı-ayrı qurumlaırn, o cümlədən Maarif Nazirliyi, Təbliğat və Vəqflər təşkilatlarının, Teleradio Şirkəti, habelə Quranla məşğul olan xalq qruplarının fəaliyyətinə işarə edərək dedi: “Bu qurumlar qarşılıqlı əməkdaşlıq etməlidirlər. Əməkdaşlığın şərti Ali Quran Şurasının siyasətlərinə diqqətdir”.

O, Quranla bağlı gözəl işlərin ərsəyə gətirilməsinə işarə edərək bildirdi ki, Teleradio Şirkəti Quranla bağlı olan qürürverici işlərə dəstək vermək vəzifəsi daşıyır: “Xoşbəxtlikdən ölkə Quran sahəsində çox sürətli inkişafa nail olmuşdur. Quranın bir kənara qoyulduğu, tilavətin çox az sayda qari ilə məhdudlaşdığı İnqilabdan əvəvlki dövrlə müqayisədə bu gün ölkənin hər yerində, hətta kiçik şəhərlərdə və bəzi kəndlərdə gözəl və görkəmli qarilər var”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı ki, bu incə nüanslara riayət edilməklə Quran bulağı xalqın qəlbinə, düşüncəsinə və əməllərinə axacaq.

Tədbirdə qarilərdən bir neçəsi Allahın uca kəlamından ayələr oxudu, ayrı-ayrı qruplar xor oxuyub dualar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /