Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri "Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüşdə:

Elmi hövzə Ayətullah Cavadi Amuliyə borcludur

4 isfənd 1403-cü il tarixində keçirilmiş Beynəlxalq “Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüşdə İslam İnqilabının Ali Rəhbərinin verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.

İnqilabın Rəhbəri bu görüşdə Qurani-Kərimin böyük təfsirçisi və “Təsnim” təfsiri əsərinin müəllifi Ayətullah Cavadi Amulinin üstün şəxsiyyətinə olan böyük hörmətini ifadə edərkən bildirdi ki, elmi hövzə bu fəzilətli alimin “Təsnim” təfsirinin tədqiqi, tədrisi və yazıya alınması istiqamətində 40 ildən artıq göstərdiyi səy və fəaliyyətlərə borcludur: "Qeyd etmək lazımdır ki, Ayətullah Cavadi Amulinin əqli və nəqli elmlər, fiqh, fələsəfə və irfan sahəsində gördüyü işlərın hamısı mühümdür, amma heç bir onun Quran təfsiri sahəsində gördüyü işlə müqayisə edilə bilməz".

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, "Təsnim" təfsiri şiə məzhəbi və elmi hövzənin qürur mənbəyidir. O bu təfsirin bəzi xüsusiyyətlərinə toxunaraq dedi: "Möhtərəm təfsirçinin rasional təfəkkürünün gücü onun Quran ayələrində gizlənmiş incə və zərif nüansları anlamasına çox kömək etmişdir. Bu təfsir “Əl-Mizan” təfsirinə bənzəsə də, daha müasir və daha əhatəlidir, öyrənilməli və isitfadə edilməli məlumatlarla zəngindir, əsl həqiqətdə, əhatəli bir ensiklopediyadır".

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu təfsirdən daha səmərəli istifadə etmək üçün mövzular üzrə axtarışı asanlaşdıran bir mündəricatın hazırlanması zəruridir.

O, elmi hövzələrdə təfsir sahəsinə az diqqət yetirilməsindən təəssüf hissi keçirdiyini vurğulayaraq elmi hövzələrdə təfsirə və Quran məzmunlarına diqqət və əhəmiyyət göstərilməsinin əsasını qoymuş, “Əl-Mizan” təfsirinin müəllifi Əllamə Təbatəbaini hörmətlə yad etdi: "Qum elmi hövzəsində təxminən 200 Quran təfsiri dərsinin keçirilməsi gözəl bir müjdə və xəbərdir. Bu istiqamət gücləndirilməli və möhkəmləndirilməlidir".

İnqilabın Rəhbəri İslam dünyasında istifadə edilməsi üçün “Təsnim” təfsirinin ərəb dilinə tərcüməsinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayaraq Ayətullah Cavadi Amuliyə və bu təfsirin tədqiqatçı heyətinə təşəkkür və minnətdarlığını bildirdi.

Bu görüşün əvvəlində ölkənin elmi hövzələrinin rəhbəri Ayətullah Ərafi “Təsnim Təfsiri” Konfransı, bu təfsirin üstün cəhətləri və istiqamətləri, o cümlədən mövzular üzrə, habelə təqribi istiqaməti və müasirliyi ilə bağlı məlumat verdi.

“İsra” müəssisəsinin direktoru Höccətül-İslam vəl-müslimin Səid Cavadi Amuli “Təsnim” təfsirinin yazıya alınması və tənzimlənməsi metodu, bu sahədə çalışan tədqiqatçı qruplar haqqında məlumat verdikdən sonra Ayətullah Cavadi Amulinin salamını İslam İnqilabının Rəhbərinə çatdırdı.

“Təsnim” təfsiri Ayətullah Cavadi Amulinin yazıya aldığı 80 cildlik bir əsərdir. Ayətullah Cavadi Amulinin 40 illik tədrisi və tədqiqatlarının, ayrı-ayrı tədqiqat qruplarında fəaliyyət göstərən onlarla tədqiqatçının əməkdaşlığının nəticəsi olan bu təfsir Quranın Quranla təfsirləri sırasında yer alır.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /