Sual: Pul qazandıran birjalarda internet üzərindən işləmək icazəlidirmi?
Cavab: Ümumiyyətlə, birjalarda səhmdar olmaq və fəaliyyət göstərmək aidiyyatı dövlət qanunlarına, habelə şəriət qanunlarına (məsələn, gəlirin ribalı olmaması, haram fəaliyyəti olan, o cümlədən şərab və donuz ticarəti edən şirkətlərin səhmlərinə şərik olmamaq) müvafiq olduğu təqdirdə, bunun maneəsi yoxdur.
Foreks
Sual: Digital şəkildə qızıl metalını ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc götürmək icazəlidirmi? Trading edərək qiymət fərqinə görə bu qazancı götürmək halaldırmı? Qeyd etdiyim iş “Forex Trading” adlanır.
Cavab: Ümumiyyətlə, FOREX bazarında alğı-satqının düzgünlüyü şəriət qayda-qanunlarına riayət etməyə dayanır.
Bəzi mütəxəssislərin dediklərinə əsasən, FOREX beynəlxalq valyuta bazarının broker (vasitəçilər) və dilerləri (nümayəndəliklər) iki dəstəyə ayrılır:
Birinci dəstə (belə ki, vasitəçilik və nümayəndəlik iddiası edənlərin əksəriyyəti bu dəstəyə daxildir) internetdə sadəcə bir səhifə açır və valyuta bazarında gerçək şəkildə iştirak etmir. Bu dəstə müştərilərin pulunu alıb, öz məqsədlərinə sərf edirlər. Müştəri üçün isə bir internet səhifəsi açırlar və müştəri də bu səhifədə sanki valyuta alğı-satqısı ilə məşğul olur. Odur ki, bu alğı-satqılar həqiqi olmur və düzgün sayılmır, əldə edilən gəlir də müştərinin mülkiyyətinə çevrilmir.
İkinci dəstə isə həqiqi brokerlər və dilerlərdir. Yəni valyuta bazarında gerçək şəkildə iştirak edirlər və müştərinin pulu ilə valyuta alğı-satqısı aparırlar. Bu alğı-satqı şəriət qanun-qaydaları çərçivəsində olduğu təqdirdə, öz-özlüyündə maneəsi yoxdur. Amma aşağıdakı məqamlar da diqqətdə saxlanmalıdır:
1) Alğı-satqı həqiqi olmalı və valyuta alğı-satqısı olmalıdır. Odur ki, əgər valyutanın qiymətinin enib-qalxmasının proqnozu əsasında gəlir əldə edilərsə, bu, şəri baxımdan icazəli deyildir.
2) Brokerdən vəsait almaqla həyata keçən piramida alış-verişinin mahiyyəti ribalı borc olduğu təqdirdə, bu alış-veriş və əldə edilən gəlir haramdır.
Bunu da qeyd edək ki, virtual aləmdə alğı-satqının (o cümlədən FOREX bazarında alğı-satqının) müxtəlif cəhətləri də vardır. Gecə mübadiləsi bunun yalnız bir cəhətidir və bu problem islami bank hesabı açmaqla həll olunur. Amma başqa cəhətlərə gəlincə, bu bazarda alğı-satqının növü araşdırılmalıdır. Məsələn, əgər alğı-satqı daimi fyuçerslər və ya cdf şəklində olarsa, ehtiyat-vacibə görə, bu alğı-satqıdan əldə edilən gəlir şəxsin mülkiyyətinə çevrilmir.
Bank kartına daxil olan naməlum pul
Sual: Bank hesabıma 330 manat məbləğində pul gəlib. Onun kim tərəfindən göndərildiyini bilmirəm. Bu pulu nə etməliyəm? Onun sahibini nə vaxta qədər gözləməliyəm?
Cavab: Əgər bu pulun başqa şəxslərə aid olduğuna və ya səhvən sizin bank hesabınıza köçürüldüyünə əminsinizsə, onu göndərən şəxsi araşdırıb axtarmalı və pulu sahibinə çatdırmalısınız. Əgər pulun sahibini tapacağınıza ümidiniz qalmasa, onun tərəfindən pulu fəqirə sədəqə verməlisiniz.
Amma əgər bu bank hesabı yalnız sizin gəlirinizin köçürüldüyü bir hesab olarsa və bu pulun başqasına aid olduğuna dair şəkk edirsinizsə, bu halda o pulu istifadə etməyinizin maneəsi yoxdur.
Bankların səhmlərinə pay sahibi olmaq
Sual: Qeyri-islami, amma bəzi sərmayəçiləri müsəlmanlar olan bankların səhmlərinə pay sahibi olmaq və bankın ümumi gəlirlərindən “divident gəliri” əldə etməyin hökmü nədir?
Cavab: Əgər şəriət qanunlarına müvafiq olarsa (məsələn, alğı-satqı ribalı olmazsa, haram fəaliyyəti olan, məsələn, şərab və ya donuz məhsulları istehsal edən şirkətlərin səhmləri olmazsa), bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual: Əməliyyat və sövdələşmələrin bəzilərinin şəri qaydalara müvafiq, bəzilərinin isə müvafiq olmadığını bildiyimiz bir bankın satışda olan səhmlərini almaq olarmı?
Cavab: Suala əsasən, buna icazə verilmir.
Bankın satışa çıxardığı mənzil
Sual: Bank bir mənzili öz adına rəsmiləşdirib (yəni müəyyən qiymətə sahibindən alıb) və sonra bu mənzili daha baha qiymətə satışa çıxarır. Satış qiymətini aylara bölür və toplam məbləğ razılaşdırılmış müddət ərzində ödənilir. Bu cür alğı-satqı icazəlidirmi?
Cavab: İradı yoxdur.