İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qonşularla əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq dedi: "Cənab Pezeşkiyan hökumətinin elan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələrin genişləndirilməsidir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyişlər də olub. Xarici işlər naziri cənab Əraqçı bu sahədə çox fəaldır".
İslam İnqilabının Rəhbəri ümidvar olduğunu bildirdi: “Ümid edirəm ki, Tehranda əldə olunan razılaşmalar hər iki ölkə üçün faydalı olacaq və hər iki tərəf qonşuluq vəzifələrinə əvvəlkindən daha çox əməl edə biləcək”.
Həzrət Ayətullah Xamenei bu görüşdə habelə Qətərin əmirinin regionla bağlı açıqlamalarına işarə edərək dedi: "Cənubi Koreyadan Qətərə transfer edilmiş İran pullarının geri qaytarılması kimi anlaşılmaz və həll olunmamış məsələlərin hələ də qalmasına baxmayaraq, biz Qətəri bir dost və qardaş dövlət hesab edirik. Və bilirik ki, bu sahədə əldə olunan razılaşmanın həyata keçməsinə mane olan əsas amil ABŞ-dir".
O dedi: "Əgər biz Qətərin yerində olsaydıq, ABŞ-nin təzyiqlərinə etina etməz, qarşı tərəfin pullarını geri qaytarardıq. Qətərdən hələ də belə bir addım gözləyirik".
İslam İnqilabının Rəhbəri vurğuladı: “ABŞ prezidentləri arasında heç bir fərq yoxdur”.
Dövlət başçısı cənab Pezeşkiyanın da iştirak etdiyi bu görüşdə Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani İslam İnqilabının Rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edərək İslam Respublikasına dünyadakı zəiflərə və Fələstin xalqına verdiyi dəstəyə görə təşəkkür etdi. O, İnqilabın Rəhbərinə müraciət edərək dedi: "Zati-Alinizin Fələstin xalqının yanında durmasını heç vaxt unutmayacağıq".
Qətərin əmiri regionun ağır və xüsusi şəraitinə işarə edərək bildirdi ki, bu şəraitin region dövlətlərinin daha böyük əməkdaşlığına ehtiyacı var.
Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani habelə İran və Qətər arasında əldə olunan razılaşmalara, o cümlədən iki ölkə arasında sualtı tunelin inşasına işarə edərək dedi: "Əldə olunan razılaşmaya əsasən, iki ölkə arasında yaradılmış ortaq komissiya tezliklə fəaliyyətə başlayacaq və yaxın gələcəkdə iqtisadi mübadilələrin həcmi artacaq".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir