İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Təbriz əhalisinin 29 bəhmən 1356-cı il (18 fevral 1978) tarixli böyük üsyanının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdə iman, dini qeyrət, liderlik və nümunə yaratma keyfiyyətlərinin Azərbaycan və Təbriz əhalisinin davamlı xüsusiyyətlərindən olduğunu dedi: "Xalq problemlərinin və haqlı gözləntilərinin olmasına baxmayaraq, 22 bəhmən yürüşündə göstərdi ki, düşmənin ictimai fikri manipulyasiya etmək, ixtilaf və şübhə yaratmaq məqsədilə yumşaq proqram təminatı çərçivəsində həyata keçirdiyi tədbirlərin və təhdidlərin bu vaxta qədər təsiri olmayıb. Bütün media vasitələri, düşüncə, söz və qələm sahibləri, incəsənət, elm və təhsil işçiləri, virtual məkanda fəal olan gənclər xalqın yumşaq proqram təminatı çərçivəsində düşmənin mürəkkəb planlarına qarşı həyata keçirdiyi uğurlu müdafiəni davam etdirmək üçün bütün güclərini meydana çıxarmalıdırlar".
Həzrət Ayətullah Xamenei bu gün Təbriz gənclərinin imanı və ruhunun 29 bəhmən 1356-cı il tarixində üsyan qaldırmış insanların mirası olduğunu dedi: "Müasir gənc dostlarını və düşmənlərini tanıyır, birinin bu tərəfdən qışqırıqları, digərinin o tərəfdən ulamaları qarşısında qorxu keçirmədən, passivlik göstərmədən qüdrət hissi ilə siyasət sahəsinin təcrübəli adamlarını belə sarsıdan hadisələr qarşısında dağ kimi möhkəm dayanıb”.
O, Azərbaycan gənclərinin böyük 29 bəhmən hadisəsinin xüsusiyyətləri və bu hadisənin yaradıcıları ilə bağlı məlumatlı olmalarının zəruriliyini vurğulayaraq bu məlumatların düşmənin uydurma nağıllarının düşüncələrə nüfuz etməsinə mane olduğunu dedi.
İnqilabın Rəhbəri qeyd etdi ki, Azərbaycan və Təbriz İranın xarici hücumlar qarşısındakı səddidir. O, Səttar xanın "Əbəlfəzin bayrağından başqa heç bir bayraq altında getmərəm" cümləsinə işarə edərək dedi: "Təbrizlilər bir çox hallarda səbir, qətiyyət və imanla düşmənləri qaçmağa məcbur etmişlər".
O, təcavüzkar rejim qüvvələrindən asılı olan bəzi azğın insanların Azərbaycan kimliyini qeyri-müsəlman kimliyə çevirmək cəhdlərinə işarə edərək dedi: "Onlar etnik xüsusiyyətlərə, anti-dini, terminoloji dillə desək, sekulyar baxışlara əsaslanaraq Azərbaycanın həqiqi kimliyini dəyişdirməyə çalışdılar, amma müvəffəq ola bilmədilər. O dövrlərdə Təbriz Əllamə Təbətəbai, Əllamə Əmini və Ustad Şəhriyar kimi parlaq gövhərlər təqdim etməklə İranın adını və etibarını yüksəltdi".
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam imanı və dini qeyrət Təbriz əhalisinin 29 bəhmən üsyanının iki əsas amili idi: “Bu üsyanın böyüklüyü təkcə diktator rejimi tankları küçələrə çıxarmaq məcburiyyətində qoyması ilə ölçülmür. Bu hadisənin əzəməti onun bütün millətə örnək olmasında, ayrı-ayrı şəhərlərin əhalisini mübarizə meydanına çıxarmasında idi”.
O, müxtəlif hadisə və məsələlərdə öndə getməyin Təbriz əhalisinə xas olan başqa bir xüsusiyyət olduğunu ded: “Bu gün Azərbaycan bölgəsinə xas olan qətiyyət, güc və bacarıq hissi, habelə passivlikdən uzaqlıq mirası o dövrün yadigarıdır və ölkənin inkişafında ona söykənmək lazımdır”.
Nümunə yaratmaq da Təbriz əhalisinin başqa bir xüsusiyyətidir. İnqilabın Rəhbəri bu xüsusiyyətdən danışarkən Siqətül-İslam Şeyx Məhəmməd Xiyabani, Səttar xan, Baqir xan kimi qiymətli şəhidləri, habelə Azərbaycanın Müqəddəs Müdafiə dövründəki şanlı şəhidlərini, o cümlədən şəhid Bakirini hörmətlə andı.
Həzrət Ayətullah Xamenei İsfahan şəhərindən sonra Təbrizin böyük alimlər yetişdirməkdəki liderliyini qeyd edərək dedi: “Bu iki şəhər böyük alimlər yetişdirməkdə nümunədirlər”.
O, İranın müdafiə gücünün sərt təhdidlər qarşısındakı səviyyəsini yüksək qiymətləndirərək dedi: “Dostlarımız və düşmənlərimiz də bu həqiqəti bilirlər və xalq bu cəhətdən təhlükəsizlik hissinə malikdir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Buna görə də bizim bu günkü məsələmiz düşmənin sərt deyil, yumşaq proqram təhdididir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, yumşaq proqram təhdidi deyilərkən ictimai fikrin manipulyasiyası, ixtilaf yaratmaq və İslam İnqilabının əsas prinsiplərinə və düşmənə qarşı dayanıqlılığın zəruriliyinə dair şübhələr yaratmaq nəzərdə tutulur: “Bədxahlar bu qənaətə gəliblər ki, İran xalqı üzərində qələbə qazanmağın və İslam Respublikasını öz qüdrətli mövqelərindən geri itələməyin yolu yumşaq proqram təhdidlərindən istifadə etməkdir. Ancaq bu günə qədər bir nəticə əldə etməyib, öz vəsvəsələri ilə İran xalqını və gənclərini əzmkarlıq və hərəkətdən saxlaya bilməyiblər”.
O qeyd etdi ki, böyük 22 bəhmən yürüşü yumşaq proqram təhdidlərinin təsirsizliyinin aşkar bir nümunəsidir: “İnqilabın qələbəsindən 46 il sonra xalqın əzəmətli və möhtəşəm iştirakının dünyada analoqu yoxdur. Xalq göstərdi ki, qarşılaşdıqları çətinliklər və haqlı tələbləri onların İnqilabı müdafiə məqsədi ilə etdikləri iştiraklarına mane ola bilmir”.
Həzrət Ayətullah Xamenei düşmənin hiylə və məkrinə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayaraq dedi: “Təbliğat, təhsil və media qurumlarının rəhbərləri, söz, qələm, elm və sənət adamları, virtual məkanın bütün aktiv gəncləri düşmənin ictimai fikrə təsir göstərmək üçün hədəfə aldığı nöqtələri müəyyən edib, onları məzmun, fikir və düşüncə istehsalı ilə bağlamalıdırlar”.
İndiki şəraitdə yumşaq proqram müdafiəsinin sərt proqram müdafiəsindən daha önəmli olduğunu deyən İnqilabın Rəhbəri bu əhəmiyyətin səbəbini izah edərkən dedi: “Sərt proqram müdafiəsindəki çatışmazlıqlar yumşaq proqram müdafiəsi ilə aradan qaldırıla bilər. Bu günə qədər dəfələrlə bu iş görülüb. Amma yumşaq proqramın problemləri sərt proqram vasitələri ilə həll oluna bilməz”.
İnqilabın Rəhbəri yumşaq proqram müdafiəsini gücləndirmək üçün gənclərə İnqilaba xas olan prinsip və xüsusiyyətlərlə, habelə imamın bəyanatları ilə ünsiyyət qurmağı tövsiyə etdi: “İnqilabımız sözün həqiqi mənasında nurun zulmətə və haqqın batilə qarşı mübarizəsidir; İran xalqının yüksəlişi və gələcəyinə əzəmət bəxş etmək, milli kimliyini göstərmək məqsədi güdür”.
O, İnqilabın məqsədlərinin gerçəkləşməsi yolundakı irəliləyişə işarə edərək dedi: “Əlbəttə, biz hələ İnqilabın məqsədlərinə tam şəkildə çatmamışıq, ədalət, sosial fərqlərin aradan qaldırılması və bəzi məsələlərdə çətinliklərimiz var ki, daha çox çalışmaqla gerilikləri aradan qaldırmalıyıq. İnqilabın özünə gəldikdə isə öz müstəqil kimliyini bölgə xalqları və hətta bölgə xaricindəki xalqlar üçün ümidverici və böyük bir baza kimi qoruyub saxlayıb. Dünyanın imperialist və müstəmləkəçi qüvvələrinin hiddətinin səbəbi də məhz İslam Respublikasının qalmaq və müqavimət göstərmək qüdrəti, onlara möhkəm yumruq göstərməsidir”.
Həzrət Ayətullah Xamenei bəzilərinin İran xalqının özünə düşmən qazanması kimi təhlillərinin səhv olduğunu dedi: “Despot Amerikanın siyasət idarələrinin düşmənçiliyi «Amerikaya ölüm!» şüarına görə deyil. Bu düşmənçilik İran xalqın qətiyyət və fədakarlıq göstərərək müstəmləkəçilərin əsarət boyunduruğundan çıxması və onların təzyiqlərinə boyun əyməməsindən qaynaqlanır”.
O bildirdi ki, amerikalıların zorakı çıxışları və bəzi ölkələrin ərazilərini işğal etmək və ya öz adlarına çıxmaq istəkləri imperialistlərin və mürəkkəb sionizm şəbəkəsinin çirkin, sərt, soyğunçu və müstəmləkəçi batininin bir təzahürüdür: “Onlar İran xalqının öz ayaqları üzərində durub onların zülm və təcavüzünə etiraz edərək hökumət qurmasını, 46 il keçməsinə baxmayaraq, bu hökumətin günbəgün daha da güclənməsi gerçəyini qəbul edə bilmirlər”.
İnqilabın Rəhbəri sözlərini əsasən gənclərə ünvanladığını vurğulayaraq onlara səsləndi: “Bugünkü məsuliyyətiniz inqilabi ruhiyyəni qorumaq, inkişafa güc vermək, İnqilabın məqsədlərinə yetişmək üçün hərəkət etməkdir”.
Həzrət Ayətullah Xamenei habelə Təbrizin mərhum imam cüməsi şəhid Ali Haşimin, Şərqi Azərbaycan əyalətinin gənc və inqilabçı valıisi, şəhid Rəisi və yoldaşlarının helikopterinin qəzaya uğradığı vaxt şəhid olmuş bütün şəhidlərin xatirəsini hörmətlə anaraq cənab Pezeşkiyanın bu görüşdə iştirakının prezidentin xalqdan olmasının bir əlaməti olduğunu dedi.
Bu görüşün əvvəlində Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi, Təbriz şəhərinin imam cüməsi Höccətül-İslam vəl-müslimin Mütəhhəriəsl xidmət şəhidlərinin xatirəsini hörmətlə anaraq İran və onun qonşularının ərazi bütövlüyünün zəruriliyini vurğuladı. O, Şərqi Azərbaycan əyalətinin sərhədlərinin yoldaşlıq, dostluq, rahatlıq və sabit təhlükəsizliyə əsaslanan bir sərhəd olduğunu dedi.
Höccətül-İslam vəl-müslimin Mütəhhəriəsl habelə Cümə namazı təşkilatının bu əyalətdə həyata keçirdiyi mədəni, elmi, siyasi və sosial fəaliyyətlərə dair məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir