İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssisləri ilə görüşdə müdafiə sahəsindəki nailiyyətlərin innovativ şəkildə davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, bu ilin 22 bəhmən yürüşü xalqın düşmən cəbhəsinin media bombardmanları altındakı böyük milli hərəkatı və xalq qiyamıdır. O, xalqa səmimi qəlbdən təqdir və təşəkkür edərək dedi: "Millət öz birliyini hayqırdı və düşmənin təkrarlanan təhdidləri qarşısında iranlıların kimliyini, şəxsiyyətini, gücünü və dözümlülüyünü nümayiş etdirdi".
Bu görüşdən əvvəl Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ölkənin müdafiə sənayesi sahəsinin alimləri və mütəxəssislərinin son nailiyyətlərini və imkanlarını nümayiş etdirən “1403-cü ilin İqtidar Sərgisi”ni bir saatlıq ziyarət etdi. Bu sərgidə hava müdafiəsi, ballistik və kruiz raketləri, ağıllı sursatlar, kosmik texnologiyalar, PUA-lar, hava nəqliyyatı vasitələri, dəniz nəqliyyatı vasitələri və enerji sahələrində istifadə olunan qabaqcıl avadanlıqlar və yeni texnologiyalar nümayiş etdirilirdi.
O, sərgini ziyarət etdikdən sonra müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin önündə hər kəsi Həzrət Bəqiyyətullahın (ə.f) mübarək mövludu münasibətilə təbrik edərək Şəban ayının 15-ci gününün, həqiqətən, ümumdünya və ümumbəşəri bir bayram olduğunu dedi: "Ədalət müjdəsi, ədalətin bərqərar olması və xilaskarın zühuruna ümid tarix boyu bəşəriyyətin həmişəlik arzusu olmuşdur və bu arzu, heç şübhəsiz, gerçəkləşəcək".
O, 22 bəhmənin İran xalqının böyük və tarixi bayramı olduğunu vurğulayaraq bu dəyişiklik yaradan gün münasibətilə hər kəsi təbrik edərək dedi: "Elə bir inqilab yoxdur ki, 46 ildən sonra xalq öz inqilabının ildönümü münasibətilə küçələrə çıxıb bayram keçirsin".
İnqilabın Rəhbəri xalqın bütün təbəqələrinin, qadınların, kişilərin, uşaqların, yaşlıların və gənclərin soyuq və sərt havada iştirakını milli və xalq hərəkatı adlandırdı: "Builki mərasim inqilabın ildönümünün ən mühüm və diqqət çəkən bayramlarından oldu".
İnqilab Rəhbəri Prezidentin 22 bəhmən mərasimində etdiyi açıq və yol göstərən çıxışının xalqın böyük hərəkətinin təkmilləşdiricisi olduğunu dedi: "Cənab Prezident xalqın ürəyindən keçənləri və lazım olanları dedi".
Həzrət Ayətullah Xamenei düşmən tərəfin İnqilabın sahibi olan İran xalqına və 22 bəhmənin qəhrəmanı olan İmam Xomeyniyə qarşı həyata keçirdiyi fasiləsiz və hiyləgər təbliğat bombardmanından və yumşaq müharibədən söz açaraq dedi: "Belə bir şəraitdə xalq fürsətləri dəyərləndirərək vaxtında bütün şəhərlərdə və kəndlərdə küçələrə çıxıb öz sözlərini dedi və mövqelərini bildirdi".
O, şən əhval-ruhiyyəli gənclərə ümumrespublika 22 bəhmən yürüşündəki iştiraklarına görə təşəkkür etdi: "Əziz gənclərə səmimi qəlbdən bağlıyam və ümidvaram ki, Allahın lütfü ilə Allahın mərhəməti bu xalqı saracaq. Bu alim, cəsur və ayıq xalqı daha yaxşı bir gələcək gözləyir".
İnqilabın Rəhbəri çıxışının davamında bu görüşdən əvvəl ziyarət etdiyi sərginin ən yaxşı və ən üstün sərgilərdən olduğunu bildirərək müdafiə sənayesi sahəsinin alimləri, mütəxəssisləri, məsul şəxsləri və işçilərinə dərin təşəkkürünü bildirərək əlavə etdi: "Xalq da bu bacarıqlı övladlarına minnətdar olmalıdır".
O, xalqın müdafiəsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsinin çox mühüm əhəmiyyət daşıdğını dedi: "İranın müdafiə qüdrəti bu gün çox məşhurdur, inqilabın dostları bundan qürur duyur, düşmənlər isə qorxu keçirirlər. Bu reallıq bir ölkə üçün çox önəmlidir".
Həzrət Ayətullah Xamenei beynəlxalq quldurların ölkənin ehtiyac duyduğu müdafiə vasitələrini, hətta qat-qat baha qiymətə satmadığı dövrə işarə edərək dedi: "İndi həmin hegemonlar: “İrana hərbi avadanlıq satmayın”, - deyirlər. “Satmırıq” ilə “satmayın” arasında çox böyük bir məsafə var. Bu məsafə alimlərin səyləri və gənc mütəxəssislərin güclü beyinləri sayəsində dolmuşdur".
O, xüsusilə düşmənlərin davamlı sanksiyalarına baxmayaraq, müdafiə sahəsindəki nəzərəçarpan irəliləyişləri qeyri-adi nailiyyətlər kimi qiymətləndirərək dedi: "İranın müdafiə sənayesi elə bir şəraitdədir ki, hər hansı hissəni bizə verməsələr, gənclər daha yaxşısını ölkə daxilində istehsal edərlər".
Ali Baş Komandan çıxışının digər hissəsində müdafiə sənayesi sahəsindəki irəliləyişlərin davamlılığının zəruriliyi və zəruri tələbləri ilə bağlı müəyyən nüanslara aydınlıq gətirərkən dedi: "Müdafiə sənayesi sahəsindəki nailiyyətlərimiz dünya miqyasında müdafiə gücümüzün səviyyəsinin yüksəlməsinə səbəb oldu. Amma bu, dayanmağımız və mövcud vəziyyətlə kifayətləndiyimiz demək deyil. Çünki biz işi sıfır nöqtəsindən başlamışıq. Göstərdiyimiz səylər və əldə etdiyimiz nailiyyətlərə baxmayaraq, hələ də bir çox sahələrdə ön sırallardan uzağıq”.
O qeyd etdi ki, hərbi sahədə ön sıralara nail olmaq Qurani Kərimin "و اعدوا لهم ما استطعتم من قوه" (Düşmənə qarşı maksimum dərəcədə və davamlı hazırlıqlı olun) göstərişindən götürülüb və bu ölkənin müdafiəsi üçün zəruridir. O əlavə etdi: "İrəliləyişlər bütün hərbi sahələrdə davam etdirilməlidir. Məsələn, bir dövr ərzində raketlərin dəqiqliyi üçün müəyyən bir hədd nəzərdə tutmuşduqsa və indi bunu artırmağa ehtiyac duyuruqsa, bu iş yerinə yetirilməlidir".
İnqilabın Rəhbəri bildirdi ki, mövcud sistemlərdə dayanmamaq, innovasiyalara təmərküzləşmək müdafiə sənayesi sahəsinin inkişafının digər zəruri tələblərindəndir: "Təşəbbüs və innovasiyanın sonu yoxdur. Amma innovasiya başqalarının işlərini düzəltmək və ya təkmilləşdirmək bacarığı deyil, əksinə, hələ yerinə yetirilməmiş işlər axtarışında olmaq və təbiətdə hələ də öyrənilməmiş imkanların aktivləşdirilməsinə çalışmaqdır. Belə ki, elektrik enerjisinin, internet və süni zəkanın kəşfi ilə dünyada yeni elmi üfüqlər açıldı".
O, həqiqi irəliləyişin innovasiya, gənc, imanlı, inqilabçı, alim, bacarıqlı və istedadlı qüvvələrdən istifadə ilə şərtləndiyini dedi: "İman insana qüvvət və güc verir, onu doğru yolda saxlayır. İnqilabçı olmaq isə ölkədə İslam İnqilabının bərəkəti sayəsində yaranan böyük siyasi və sosial dəyişikliklərə inanmaq deməkdir".
Həzrət Ayətullah Xamenei başqa bir tövsiyəsində Silahlı Qüvvələrin universitetləri və tədqiqat mərkəzlərini ölkənin müdafiə ehtiyaclarının təmin edilməsi istiqamətində araşdırmalar aparmağa çağırdı: "Bəzi universitetlərdə müəllimlər məqalə yazmaq və nəşr etdirməyə çalışır, amma bu məqalənin ölkənin hansı ehtiyacını qarşıladığına diqqət yetirilmir. Silahlı Qüvvələrin tədqiqat mərkəzlərində bu bəladan qaçmaq lazımdır".
İnqilabın Rəhbəri çıxışının sonunda təfəkkürün gücü, təşəbbüs, innovasiya, tədqiqat və yaratma bacarığının Allahın neməti olduğunu vurğulayaraq bunun üçün ürəkdə, dildə və əməldə şükür və təşəkkür edilməli olduğunu dedi.
Görüşün əvvəlində Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, İran xalqının 22 bəhmən yürüşündəki izdihamlı iştirakının ölkənin müdafiə sahəsinin mütəxəssis və alimlərinə böyük bir ruh yüksəkliyi verdiyini dedi.
Briqada generalı Əziz Nəsirzadə qabaqcıl və sürpriz silah növlərinin tədqiqi, layihələşdirilməsi və istehsalı prosesinə işarə edərək müdafiə sənayesinin qeyri-hərbi sahələrdəki nailiyyətləri, müdafiə texnologiyaları parklarının yaradılması, habelə ölkənin müdafiə sənayesi sahəsinin üstün texnologiyaya malik digər sənaye sahələri ilə elmi ortaqlığı barəsində hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir