Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Həmasın rəhbəri və rəhbərlik şurasının üzvləri ilə görüşdə:

Qəzza əhalisinin zəfəri ABŞ üzərində qələbə idi

Həmasın rəhbəri və rəhbərlik şurasının üzvləri bu gün səhər İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Bu görüşün əvvəlində Həmasın rəhbərlik şurasının sədri Məhəmməd İsmail Dərviş müqavimətin Qəzzada əldə etdiyi böyük qələbə münasibətilə təbrikini çatdırdıqdan sonra İnqilabın Rəhbərinə dedi: "Biz Qəzza müqavimətinin qələbə çaldığı günlərin İslam İnqilabının qələbəsinin ildönümünə təsadüf etməsini uğur əlaməti sayırıq. Ümidvarıq ki, bu təsadüf Qüdsün və Məscidül-Əqsanın azadlıq prossesinin başlanğıc nöqtəsi olacaqdır".

Hamasın siyasi bürosunun sədr müavini cənab Xəlil əl-Həyyə görüşün əvvəlində Qəzzanın müqavimət qüvvələrinin qələbəsi münasibətilə təbriklərini çatdırdıqdan sonra İslam İnqilabının Rəhbərinə dedi: "Biz bu gün zat aliləri ilə görüşə qürurla gəlmişik və bu böyük qələbə bizimlə İslam Respulikasının ortaq qələbəsidir".

Həzrət Ayətullah Xamenei də bu görüşdə Qəzza şəhidlərinin, şəhid komandanların,  xüsusilə şəhid İsmail Həniənin xatirəsini əziz tutaraq Həmasın rəhbərlərinə dedi: “Allah-Taala sizə və Qəzza əhalisinə izzət və zəfər bəxş etdi; Qəzzanı “O qədər olub ki, azsaylı dəstə Allahın icazəsi və lütfü ilə çoxsaylı dəstəyə qalib gəlib” ayəsinin nümanəsi etdi".

İslam İnqilabının Rəhbəri vurğuladı: “Siz sionist rejimə, əslində isə ABŞ-yə qalib gəldiniz və Allahın lütfü ilə onların qarşıya qoyduqları məqsədlərin heç birinə çatmasına imkan vermədiniz”.

Həzrət Ayətullah Xamenei Qəzza əhalisinin bir il yarımlıq müqavimət dövrü ərzində çəkdikləri əziyyətlərə işarə edərək dedi: “Bütün bu əziyyətlər və xərclərin nəticəsi sonda haqqın batil üzərindəki qələbəsi oldu. Qəzza əhalisi müqavimətə ürəkdən bağlı olan hər kəs üçün örnək oldu”.

İslam İnqilabının Rəhbəri Həmasın danışıqlar aparan təmsilçilərinə təşəkkür edərək əldə edilən razılaşmanın böyük olduğunu bildirdi: “Bu gün bütün İslam dünyası və bütün müqavimət dəstəkçilərinin vəzifəsi Qəzza əhalisinə əzab-əziyyətləri və ağrı-acılarını azaltmaqda kömək etməkdir”.

Həzrət Ayətullah Xamenei hərbi işlərlə yanaşı, mədəni fəaliyyətlər, təbliğat işlərinin hazırkı xəttinin davam etdirilməsi və Qəzzanın yenidən bərpa edilməsini əhatə edən bir plan işlənib hazırlanmasının zəruri olduğunu dedi: “Müqavimət qüvvələri və Həmas təbliğat və media sahəsində çox yaxşı işlər görüblər. Bu metod davam etdirilməlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iman müqavimət cəbhəsinin düşmən qarşısındakı əsas faktoru və misilsiz silahıdır: “Məhz bu iman sayəsində İslam Respublikası və müqavimət cəbhəsi düşmənlər qarşısında zəiflik hiss etmir”.

Həzrət Ayətullah Xamenei son zamanlar ABŞ-nin İslam Respublikası və İran xalqına etdiyi təhdidlərə işarə edərək vurğuladı: “Belə təhdidlər xalqımızın, rəhbər şəxslərimizin, habelə ölkə fəallarının və gənclərin düşüncələrinə heç bir təsir göstərmir”.

O dedi: “Fələstinin müdafiəsi və Fələstin xalqına dəstək məsələsi İran xalqının düşüncəsində heç bir şübhə doğurmur və artıq həll olunmuş bir məsələdir”.

İslam İnqilabının Rəhbəri dedi: “Fələstin məsələsi bizim əsas məsələmizdir və Fələstinin qələbəsi də bizim üçün qəti bir mövzudur”.

Həzrət Ayətullah Xamenei son qələbənin Fələstin xalqına məxsus olduğunu vurğulayaraq dedi: “Hadisələr, yüksəlişlər və enişlər tərəddüdə səbəb olmamalıdır, əksinə, iman və ümidlə irəliləmək, Allahın yardımlarına ümidvar olmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri sonda Həmasın rəhbərlərinə dedi: “Allahın köməkliyi ilə hamınızın tam bir qürur hissi  ilə Qüds məsələsini İslam dünyası üçün həll edəcəyiniz gün yetişəcək. O gün mütləq olacaq”.

Bu görüşdə Həmasın rəhbərlik şurasının sədri Məhəmməd İsmail Dərviş, Həmasın siyasi bürosunun sədr müavini Xəlil əl-Həyyə, Həmasın Qərb sahili üzrə rəhbəri Zahir Cabbarin müqavimət şəhidləri, xüsusilə İsmail Həniə, Seyid Həsən Nəsrullah, Yəhya Sinvar və Saleh əl-Ərurini hörmətlə yad edərək Qəzza və Qərb Sahilinin son vəziyyəti, əldə olunan qələbələr, uğurlar və mövcud şərait barəsində hesabat verib, İran İslam Respublikası və İran xalqına daimi dəstəklərinə görə təşəkkür etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /