Ali Baş Komandan bu gün səhər Humafəran və Hərbi Hava Qüvvələri mənsublarının 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni ilə etdikləri tarixi beyətin ildönümü münasibətilə İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü.
İslam İnqilabının Rəhbəri bu görüşdə tarixi 19 bəhmən gününü ləyaqətli, müstəqil və şəxsiyyətli bir ordunun doğum günü olduğunu qeyd etdi. O, 1390-cı illərdə ABŞ ilə aparılmış 2 illik uğursuz müzakirələr təcrübəsinə və ABŞ-nin öz üzərinə götürdüyü bütün öhdəlikləri pozmasına işarə edərək dedi: "ABŞ ilə danışıqlar heç bir problemi, o cümlədən iqtisadi və məişət problemlərini həll etmir. Necə ki, həll etmədi. Buna görə də problemlərin həlli yolu məsuliyyətli rəhbərliyin əzmi və vəhdət halında olan xalqın dəstəyindədir. İnşallah, 22 bəhmən günü bu birliyi və həmrəyliyi görəcəyik".
Həzrət Ayətullah Xamenei qəzetlərdə, virtual məkanda və bəzi adamların çıxışlarında müzakirələrlə bağlı irəli sürülən fikirlərə işarə edərək dedi: “İrəli sürülən fikirlərin mərkəzində ABŞ ilə danışıqlar mövzusu durur və danışıqları yaxşı bir şey kimi təqdim edirlər. Sanki kimsə danışıqların yaxşı olmasına qarşıdır".
O, Xarici İşlər Nazirliyinin bütün dünya ölkələri ilə danışıqlar aparılması, görüşlər keçirilməsi və müqavilələrin bağlanması istiqamətində çox iş gördüyünü qeyd edərək vurğuladı: “Bu sahədə yeganə istisna ABŞ-dir. Əlbəttə, biz sionist rejimin adını istisna kimi qeyd etmirik. Çünki bu rejim, əslində, bir dövlət deyil, cani və qəsbkar bir bandadır".
Həzrət Ayətullah Xamenei ABŞ ilə danışıqların istisna olunmasının səbəbinə aydınlıq gətirərkən dedi: “Bəziləri elə təsəvvür edirlər ki, danışıqlar masasına otursaq, filan problemlər həll olacaq. Amma başa düşməli olduğumuz həqiqət budur ki, ABŞ ilə danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur".
İnqilabın Rəhbəri qeyd etdi ki, 1390-cı illərin mənfi təcrübəsi, ABŞ və bir neçə digər ölkə ilə təqribən iki il davam edən, sonda isə nüvə sazişinin imzalanması ilə nəticələnən danışıqlar ABŞ ilə müzakirələrin faydasız olduğunu göstərən bir dəlildir: “Bizim o vaxtkı hökumətimiz onlarla görüşdü, get-gəl etdi, müzakirə apardı, gülümsədilər, əl sıxdılar, dost oldular, hər şey etdilər, nəticədə, elə bir müqavilə imzaladılarki, orada İran tərəfi çox böyük səxavət göstərib qarşı tərəfə böyük imtiyazlar tanıdı. Amma amerikalılar həmin müqaviləyə əməl etmədilər".
O, indiki ABŞ prezidentinin Hərtərəfli Birgə Fəaliyyət Planının cırılıb atılması barədə səsləndirdiyi fikirlərə işarə edərək dedi: “Ondan əvvəl də bu sazişi qəbul etmiş sabiq ABŞ hökuməti ona əməl etmədi və ABŞ-nin aradan qaldırmalı olduğu sanksiyalar aradan qaldırılmadı, BMT-nin məsələsi yara içərisində saxlanılan sümük parçası kimi qaldı və bu, İranın başı üzərində həmişəlik bir təhdid kimi saxlanıldı".
Həzrət Ayətullah Xamenei “iki illik danışıqlara, imtiyazların verilməsi və geri çəkilmənin olmasına baxmayaraq, nəticə əldə edilməməsi” təcrübəsindən istifadə edilməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “ABŞ həmin sazişi, içərisində nöqsanların olmasına baxmayaraq, pozdu və ondan çıxdı. Buna görə də belə bir dövlətlə danışıqlar aparmaq ağıl, zəka və şərəfdən deyil. Onunla müzakirə aparılmamalıdır".
O, əhalinin əksər hissəsinin qarşılaşdığı daxili və məişət problemlərinə işarə edərək dedi: “Problemləri daxili amillər, yəni məsuliyyətli rəhbərlərin əzmi, vəhdət və birlik halında olan xalqın dəstəyi həll edəcək. Bu milli birliyin özünü göstərdiyi yer 22 bəhmən yürüşüdür. İnşallah, bu il də hamımız bu birliyi görəcəyik".
İnqilabın Rəhbəri bildirdi ki, problemləri aradan qaldıran amil ayıq xalq və yorulmaq bilməyən məsul şəxslərdir: “Şükürlər olsun ki, məsul şəxslər işləyirlər. Çox ümidvarıq ki, bu möhtərəm hökumət xalqın məişət problemlərini azaldacaq və çətinliklərə son qoyacaq".
O, amerikalıların dünya xəritəsini dəyişdirməyə çalışdıqlarına işarə edərək dedi: “Onların bu işlərinin heç bir reallığı yoxdur və yalnız kağız üzərində mövcuddur. Əlbəttə, onlar bizim haqqımızda da fikirlər bildirir, danışır və təhdidlər edirlər".
İnqilabın Rəhbəri vurğuladı: “Əgər bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər öz təhdidlərini əməli şəkildə həyata keçirsələr, biz də öz təhdidlərimizi əməli şəkildə həyata keçirəcəyik. Əgər xalqımızın təhlükəsizliyini pozmağa qalxsalar, heç tərəddüd etmədən, biz də onların təhlükəsizliyini pozacağıq".
Həzrət Ayətullah Xamenei bu qarşılıqlı davranışın Qurandan və İslam qanunlarından qaynaqlandığını dedi: “Ümid edirik ki, Uca Allah vəzifələrimizi yerinə yetirməkdə bizə uğur bəxş edəcək".
O, çıxışının birinci hissəsində 19 bəhmən 1357-ci il tarixini mübarək və əzəmətli bir xatirə kimi səciyyələndirərək dedi: “O gənclərin rəşadətli addımı yeni yaranmış ordunun yol xəritəsini müəyyən etdi, müxtəlif ordu mənsubları və əməkdaşlarının o beyətdən ilham alaraq xalqın sıralarına qoşulmasına səbəb oldu".
İnqilabın Rəhbəri şəhid Səyyad Şirazi, şəhid Səttari, şəhid Babayi, şəhid Kolahduz və şəhid Fəllahi kimi məşhur şəhidləri hörmətlə anaraq əlavə etdi: “Bu qəhrəmanların ortaya çıxması və parlamasının əsas səbəbi İnqilabın qələbəsindən 3 gün əvvəl, təhlükənin zirvə nöqtəsində olduğu bir vaxtda bir qrup Humafəran və Hərbi Hava Qüvvələri əməkdaşının göstərdiyi o şücaətli hərəkət idi".
Həzrət Ayətullah Xamenei 19 bəhmən 1357-ci il hərəkətinə xas olan mühüm xüsusiyyətlərin bu gün ölkənin və xalqın ehtiyac duyduğu xüsusiyyətlər olduğunu dedi: “Şücaət və vaxtında hərəkət etmək Humafəranın atdığı addımın iki əsas xüsusiyyəti idi".
Həzrət Ayətullah Xamenei vaxtında və lazım olan anda düzgün qərar verilməsinin çox mühüm əhəmiyyət daşıdğını bildirdi: “Təvvabin Aşura günü İmam Hüseynin (ə) köməyinə getmədi. Amma sonra qiyam etdilər və hamısı qətlə yetirildi. Vaxtında hərəkət etmədikləri üçün gördükləri iş nəticə vermədi".
O qeyd etdi ki, 19 bəhmən 1357-ci il hadisəsinin digər bir xüsusiyyəti rasionallıq və hesablamaya əsaslanan addım olmasıdır: “Bəzi insanlar düşünürlər ki, inqilabi hərəkət rasionallığa ziddir. Halbuki inqilabi hərəkətin hesablamaya və rasionallığa hər bir hərəkatdan daha çox ehtiyacı var".
İnqilabın Rəhbəri qeyd etdi ki, düşmənin xəbərsizliyindən istifadə Humafəranın atdığı addıma xas olan başqa bir üstün xüsusiyyətdir: “Əks-kəşfiyyat qurumları və ordu komandanları Hərbi Hava Qüvvələri kimi bir sistemdə bu hərəkətdən xəbər tuta və ya güman edə bilmədilər. Əsl həqiqətdə, ağıllarına gəlməyən bir yerdən zərbə aldılar".
Həzrət Ayətullah Xamenei pəhləvi rejiminin gördüyü işlərə işarə edərək ABŞ-nin hərbi sisteminin tabeçiliyində olan ordunu belə səciyyələndirdi: “Ordunun strukturu, silahları və təlimi Amerikaya məxsus idi. Mühüm təyinatlar, hətta silahlardan istifadə qaydaları belə amerikalıların icazəsi ilə həyata keçirilirdi. Asılılıq o dərəcədə güclü idi ki, iranlılara hissələrin açılması və təmir edilməsinə belə icazə verilmirdi".
O bildirdi ki, İmam Xomeyninin 1343-cü ilin aban ayında kapitulyasiyaya qarşı etdiyi sərt çıxış Amerikanın ordu və ölkə üzərindəki alçaldıcı hegemoniyasına etiraz idi: “Pəhləvi rəhbərliyinin yuxarıdan aşağıya qədər bütün üzvlərinin qəbul etdiyi kaputilyasiyaya əsasən, heç bir Amerika vətəndaşı, hər hansı cinayəti törətməsindən asılı olmayaraq, İran məhkəməsi tərəfindən məsuliyyətə cəlb edilə bilməzdi".
O bildirdi ki, Müqəddəs Müdafiə dəyişilmiş ordunun ləyaqət və qabiliyyətlərinin aşkara çıxdığı səhnə oldu: “Şəhid olmuş minlərlə ordu mənsubu İran tarixində parlaq ulduzlar kimi parlayır".
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İranın müdafiəsi işlərin sərlövhəsi, ordunun gücləndirilməsi isə ən mühüm vəzifədir: “Ordu şəxsi heyət, silahlandırılma, təlimlər, döyüş və müdafiə hazırlıqları, zəif cəhətlərin və ehtimal edilən zərərlərin aradan qaldırılması, innovativ istehsal və təşəbbüslərin davamlılığı baxımdan günbəgün gücləndirilməli və sübut etməlidir ki, həddən artıq böyük işlər də görə bilər”.
Bu görüşün əvvəlində Hərbi Hava Qüvvələrinin Komandanı briqada generalı Həmid Vahidi İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin son bir il ərzindəki fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsi, kibermüdafiə əməliyyatları mərkəzlərini və ağıllı müharibə otağı komandanlığının yaradılması, hərbi manevrlər və yarışların keçirilməsi, habelə bacarıqlı, motivasiyalı və inqilabçı kadr hazırlığına ciddiyyət göstərilməsi ilə bağlı hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir