İslam İnqilabının Ali Rəhbəri bu gün səhər 41-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, qarilər, üstün hafizlər və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşdə vurğuladı ki, Quran İslam Peyğəmbərinin (s) əbədi möcüzəsidir: "Allaha sözün həqiqi mənasında təvəkkül etmək istənilən mümkünsüz işi gerçəkləşdirir".
Həzrət Ayətullah Xamenei hər kəsi Əba Abdullah Hüseynin (ə) miladı münasibətilə təbrik etdikdən sonra Quran və peyğəmbərlik möcüzəsinin davamlılığının insan və varlıq aləmi üçün böyük bir bərəkət olduğunu dedi: "Qurana müraciət edərkən və onu oxuyarkən tam diqqətli olmaq lazımdır. Çünki sonuncu peyğəmbərin möcüzəsi ilə qarşı-qarşıyayıq".
İnqilabın Rəhbəri övliya, alimlər və böyük şəxsiyyətlərin Quranın yüksək maarifinə nail olduqlarına işarə edərək dedi: "Bəşəriyyətin hər bir fərdi üçün də Quranın zahiri ifadələri və göz önündə olan dərsləri istiqamətləndiricidir".
O, Quranın sözləri, nizamı, anlayışları, İlahi qanunları və hər şeyinin möcüzə olduğunu dedi: "Əgər bu çox böyük möcüzədən faydalansaq, bəşəriyyətin bütün problemləri oratadan qalxar, insan cəmiyyətlərinin həyatı nizama düşər".
İnqilabın Rəhbəri “təvəkkül”ün Qurandakı mənasına aydınlıq gətirərək dedi: “Allahın qiymətli kəlamına əsasən, Allaha təvəkkül edən hər kəsə Allah kifayət edər. Deməli, təvəkkülün şərtlərinə əməl edilərsə, Allahın bu vədi mütləq gerçəkləşər”.
O bildirdi ki, Allahın doğru vədlərinə etimad və yəqinlik təvəkkülün zehni şərtidir:
"Allahın izni ilə istənilən qeyri-mümkünün mümkün olacağına heç bir bədgümanlıq olmadan yəqin etmək lazımdır".
İnqilabın Rəhbəri Qəzzə əhalisinin sionist rejim və ABŞ üzərində qazandığı qələbəni qeyri-mümkün işin gerçəkləşməsinin bir nümunəsi olduğunu dedi: "Əgər desəydilər ki, kiçik Qəzzə bölgəsinin əhalisi Amerika kimi böyük bir güclə müharibə aparıb ona qalib gələcək, heç kəs inanmazdı. Amma bu qeyri-mümkün iş Allahın izni ilə gerçəkləşdi".
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, " مَن یَتَوَکّل عَلی الله فَهُوَ حَسبُه" (Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər) ayəsinin gerçəkləşməsinin ikinci şərti əməl meydanında olmaqdır: "Allah hər bir işin bir hissəsini insanın öhdəsinə qoyub. Əgər düşüncədə Allahın vədlərinə olan yəqinliklə yanaşı, bu vəzifələr də yerinə yetirilərsə, heç şübhəsiz istənilən iş, hətta qeyri-mümkün bir iş də mümkün olacaq".
İnqilabın Rəhbəri imperializmin təkcə İran xalqı deyil, dünya xalqlarının bir çoxu ilə mübarizəyə qalxmasına işarə edərək dedi: "İran xalqının digərlərindən fərqi budur ki, o, ABŞ-a təcavüzkar, yalançı, kələkbaz və müstəmləkəçi olduğunu, insani prinsiplərdən heç birinə riayət etmədiyini demək cəsarətinə malikdir. Buna görə də “Amerikaya ölüm” deyir. Amma digər xalqların bu həqiqətləri demək və Amerikaya qarşı mübarizə aparmaq, imperializmlə mübarizədə üzərlərinə düşən vəzifəni yerinə yetirmək cəsarətləri yoxdur. Buna görə də heç bir nəticə əldə edə bilmirlər".
Nəticə əldə etmək üçün səbr və mübarizənin zəruri olduğunu vurğulayan İnqilabın Rəhbəri bildirdi ki, İran xalqının dünyanın bütün imperialistlərinin kualisiyası qarşısındakı 46 illik səbr və səyləri ölkənin hərtərəfli inkişafına səbəb oldu: "İran xalqı bu mübarizədə heç bir zərbə almamaqla yanaşı, bütün sahələrdə inkişaf və irəliləyiş əldə etdi".
İnqilabın Rəhbəri ölkə üzrə minlərlə gənc və yeniyetmə Quran qarisi və hafizinin yetişdirilməsinin ölkənin mənəvi nailiyyətlərindən bir nümunə olduğunu dedi: "Maddi cəhətlərdən də ölkə inkişaf edib və gənclərin əli ilə müxtəlif və böyük işlər görülüb. Allaha təvəkkül etməklə xalq özünün arzuolunan zirvə nöqtəsinə yetişənə qədər bu nailiyyətlər davam edəcək."
Görüşün əvvəlində Vəqflər və Xeyriyyə İşləri Təşkilatının direktoru 26 İslam ölkəsindən olan qarilərin iştirakı ilə Müqəddəs Məşhəd şəhərində keçirilmiş 41-ci Beynəlxalq Quran Müsabiqəsi ilə bağlı hesabat verdi.
Quranın əzbər öyrədilməsi, oxunuşu, təfsiri və tədrisi dərnəklərinin təşkil edilməsi, Qurani-Kərim Elmləri və Maarifi Universitetinin idarə edilməsi, habelə ölkədə Quran maarifi və mədəniyyətinin təbliği sahəsində müxtəlif fəaliyyətlərin göstərilməsi məsələləri Höccətül-İslam vəl-müslimin Xamuşinin hesabatında yer alan məsələlərdən oldu.
Bu mərasimdə Müqəddəs Məşhəd şəhərində təşkil edilmiş son Beynəlxalq Quran müsabiqəsində yüksək yerlər tutmuş bəzi iştirakçılar, bir qrup üstün dərəcələrə malik yeniyetmə Allahın uca kəlamından ayələr oxuyub, dua etdilər.
Həmin iştirakçılar aşağıdakılardır:
Qiraət sahəsi üzrə birinci yerin sahibi Seyid Məhəmməd Hüseynipur
Misirdən olan beynəlxalq dərəcəli münsif Ustad Məhəmməd Əli Cabin
Tam hifz sahəsi üzrə birinci yerin sahibi Məhəmməd Xakpur
Qiraət sahəsi üzrə ikinci yerin sahibi Misirdən olan Məhəmməd Hüseyn Məhəmməd
Beynəlxalq səviyyəli qari Haşim Roğəni
Və Quran sahəsi üzrə yüksək dərəcələrə malik olan bir qrup yeniyetmə.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir