Sual: Mən avtomobil satıram. Alıcılar ayda müəyyən məbləği nağd deyil, nisyə ödəyirlər. Ödəniş gecikdirildikdə cərimə təyin edib, əlavə məbləğ almağın hökmü nədir?
Cavab: Əgər alınan əlavə məbləğ müştərinin təyin edilən vaxtda ödəniş edəcəyinə dair öhdəliyini yerinə yetirmədiyinə görə cərimə ünvanında olarsa və müqavilədə belə bir şərt qoyularsa, bunun maneəsi yoxdur. Amma əgər alınan əlavə məbləğ borcun qaytarılma müddətinin uzadılması üçün möhlət vermək ünvanında olarsa, buna icazə verilmir.
Mağazanın kredit satışı
Sual: 1) Bir şəxs kreditlə telefon alır, amma onun məqsədi kreditlə aldığı telefonu satıb nağd pul əldə etməkdir. Telefonu satan şəxs bunu bildiyi halda, həmin şəxsə kreditlə telefon sata bilərmi?
2) Əgər həmin şəxsə kreditlə telefon sata bilərsə (telefonu almaqda onun məqsədinin nağd pul əldə etmək olduğunu nəzərə alaraq), telefonu satan şəxs telefon əvəzinə həmin telefonun satış və alış qiymətini hesablayıb, o şəxsə telefon deyil, nağd pul verə bilərmi?
Cavab: 1) Maneəsi yoxdur.
2) Bu, riba və haramdır.
Sual: Faizlə alınan (yəni kreditlə alınan və üstünə faiz gələn) telefondan və ya hansısa bir əşyadan istifadə etmək olarmı?
Cavab: Əgər malın alğı-satqısı zamanı malın son qiyməti müəyyən edilibsə və kreditlərə bölünübsə, bu alğı-satqı düzgündür.
Keşbek
Sual: Bəzi bankların telefon tətbiqləri var. Biz öz hesabımıza pul yükləyərək qaz, işıq və su kimi kommunal xərcləri onlayn şəkildə ödəyə bilirik. Bu ödənişlər zamanı bizə 1-2% ilə bonus keşbek verilir. Bizə verilən bu keşbek haramdırmı?
Cavab: Halaldır.
Girov
Sual: Əgər bir şəxs aldığı mala görə hansısa bir əşyasını girov qoysa və satıcı ilə razılaşsa ki, müəyyən müddət ərzində (məsələn, beş ay ərzində) pulu ödəmədiyi təqdirdə satıcı girov qoyulan əşyanı satsın, bu halda girov qoyulan əşyanı satmaq və ondan qazanılan pulu istifadə etmək icazəlidirmi?
Cavab: Borcun qaytarılma tarixi müəyyən edilmədiyi və borc verən tərəf onu istənilən vaxt tələb edə bildiyi halda, əgər girovu qəbul edən tərəf öz haqqını götürmək istəsə və girovu satıb öz haqqını götürmək üçün girov qoyan tərəf ona vəkalət veribsə, o, girov qoyan tərəfə müraciət etmədən həmin malı sata bilər. Yox əgər girov qoyan tərəf ona vəkalət verməyibsə, o, malı satmaq hüququna malik deyildir. Bu halda o, girov qoyan tərəfə müraciət etməli və girovu satmaqla olsa belə, onun borcunu qaytarmasını istəməlidir. Yaxud da istəməlidir ki, girov qoyan tərəf malı satmaq üçün ona vəkalət versin. Əgər girov qoyan tərəf bu təkliflə razılaşmasa, onlar şəri-hakimə müraciət etməli və şəri-hakim də borclu tərəfi borcu qaytarmağa və ya girovu satmağa vadar etməlidir. Əgər şəri-hakimə müraciət etmək mümkün olmasa, girovu qəbul edən tərəf girovu satmaq üçün şəri-hakimdən icazə almalıdır. Şəri-hakim olmadığı və ya ondan icazə almaq mümkün olmadığı təqdirdə isə girovu qəbul edən tərəf girovu satıb, öz haqqını götürə bilər. Əgər girovun satışından əldə olunan məbləğ onun haqqından çox olarsa, pulun qalanını sahibinə çatdırmalıdır və bu pul onun əlində əmanətdir.
Stimullaşdırıcı lotereyalar
Sual: Stimullaşdırıcı lotereyalar (yəni malın satışını artırmaq məqsədilə malı alan şəxslər arasında keçirilən lotereya) halaldırmı?
Cavab: Suala əsasən, alıcılar arasında püşk atılması və püşkdə adı çıxan şəxsə hədiyyə verilməsinin maneəsi yoxdur.
“Poz-qazan” lotereyası
Sual: Köşklərdə “al, poz, qazan” adlı kartlar satılır. Kartı pozursan, üç dəfə eyni məbləğ olarsa, həmin məbləği qazanırsan. Bu kartları almaq icazəlidir, yoxsa yox?
Cavab: Ehtiyat-vacibə görə, haramdır.