İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər 2.5 saat müddətində “İnkişafın öndərləri, özəl sektorun nailiyyətləri və imkanları üzrə milli tədbir” sərgisini ziyarət etdi.
Bu sərgidə özəl sektorun kommunikasiya və informasiya texnologiyaları, peyk istehsalı avadanlıqları, süni intellekt, təyyarə təmiri avadanlıqlarının istehsalı, geologiya və mədən sənayesi, neft, qaz və neft-kimya sənayesi, polad və alüminium sənayesi, ev əşyaları, dəniz sənayesi, xalça sənayesi, su və elektrik sənayesi, toxuculuq sənayesi, tibbi və xəstəxana avadanlıqları və dərman istehsalı, Royan tədqiqat mərkəzi, kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, kustar sənaye və turizm sahələrində malik olduğu imkanlar və əldə etdiyi nailiyyətlər təqdim edildi.
Ziyarət zamanı özəl sektorda fəaliyyət göstərən müxtəlif şirkətlər özəl sektorun fəaliyyətinə mane olan amillər və problemlərlə bağlı şikayət və narazılıqlarını bildirdilər. İnqilabın Rəhbəri sərgidə iştirak edən nazirlərə səslənərək dedi: “Dövlət və hökumət rəhbərləri özəl sektorun şikayətlərini aradan qaldırmaq üçün bir iş görməlidirlər. Çünki ölkənin inkişafı özəl sektora meydan verilməsi ilə şərtlənir. Ölkənin yeganə inkişaf yolu özəl sektorun imkan və potensiallarından istifadə etməkdir”.
Energetika naziri elektrik sahəsində mövcud olan qeyri-bərabərliklərin aradan qaldırılması ilə bağlı açıqlama verdikdən sonra İnqilabın Rəhbəri su və enerji sahəsi ilə bağlı bunları dedi: "Bu sözlər yaxşı və düzgündür, amma əməldə öz əksini tapmalıdır, Çünki son illərdə qeyri-bərabərliklər və onların həlli yolları daim gündəmdə olub, amma hələ də tələb olunan nəticəyə çox uzağıq".
Həzrət Ayətullah Xamenei habelə özəl sektorda faəliyyət göstərən şirkətlərin lisenziyaların verilməsi prosesinin uzun sürməsi və mürəkkəb olması ilə bağlı şikayətlərinə toxunaraq dedi: "Lisenziya məsələsi mühüm bir mövzudur. Dövlət və aidiyyəti qurumlar lisenziyaların tez bir zamanda verilməsinə mane olan amillərin aradan qaldırılması üçün əsaslı şəkildə düşünməlidirlər".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir