İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) besətinin (peyğəmbərliyə seçilməsi) ildönümü münasibətilə bu gün səhər üç qüvvənin rəhbərləri, dövlətin məsul şəxslərindən bir qrupu, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan insanlar İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İnqilabın Rəhbəri bu görüşdə “Besət”in davamlı və həmişəlik bir cərəyan olduğunu vurğulayaraq qeyd etdi ki, onun insan cəmiyyətləri, xüsusilə müsəlmanlar üçün olan ən mühüm dərsi fikir və idrak müstəvisində dəyişiklik yaratmağa xidmət edən ağıl və imandan istifadə edilməsidir: “İslam İnqilabının qələbəsindən sonra başlayan müqavimət hərəkatı dövrümüzdə “Besət”in bir təzahürüdür . Müqavimət ağıl və imandan istifadə edərək müsəlman xalqları, hətta müsəlman olmayan xalqları da oyatmağa müvəffəq oldu. Sionist rejiminin Qəzza və Livan qarşısında diz çökməsi həmin müqavimətin nəticəsidir”.
Həzrət Ayətullah Xamenei İran xalqını, İslam ümmətini və bütün azadlıqsevər xalqları “Məbəs” bayramı münasibətilə təbrik edərək bu bayramın Bəhmən ayı, yəni “Besət”dən qaynaqlanan İslam İnqilabının qələbə qazandığı aya təsadüf etməsini xüsusi hörmətlə vurğuladı: "Besət bəşəriyyət tarixinin ən böyük və ən üstün hadisələrindən biridir. Çünki böyük bir düşüncə və idrak inqilabı edərək o dövrün və sonrakı dövrlərin insanlarında misilsiz bir dəyişiklik yaratdı".
O, insan cəmiyyətlərində inqilab yaratmaq üçün peyğəmbərlərin istifadə etdikləri vasitələrin ağıl və iman olduğunu dedi: "Peyğəmbərlər insanların ağlını və içlərindəki imanı oyadaraq bəşəriyyətə inkişaf yolunu və doğru yolu tapmaqda kömək edirlər. Quranın təfəkkür, dərin düşüncə və idrakdan təkrar-təkrar söz açmamasının səbəbi də bu məsələdir".
İnqilabın Rəhbəri qeyd etdi ki, iman və onun əsas sütunu olan tövhid İslam dünyagörüşünü və İslam cəmiyyətini formalaşdıran təməldir: "Besət bir günlə məhdudlaşan birdəfəlik bir hadisə deyil, davam edən həmişəlik bir cərəyandır. Ağıl və imandan istifadə edilməsi şərtilə bütün dövrlərdə düşüncə və əməli inqilab yaradılması və problemlərin həll edilməsi istiqamətində onun bərəkətlərindən və dərslərindən istifadə etmək olar".
O bildirdi ki, “Besət”in bütün müsəlman xalqlara və dövlətlərə ünvanladığı ən vacib mesajlardan biri "İzzətin yalnız Allaha məxsus olması" həqiqətinə inamdır:
"İlahi izzətdən yararlanandan sonra heç bir düşmən və yad amil fiziki və ruhi dünyamızın heç bir nöqtəsinə mənfi təsir göstərə bilməz".
Həzrət Ayətullah Xamenei bu gün dünyada baş verən hadisələrə rasional yanaşmanın hər kəs, xüsusilə də böyük İran İslam dövlətinin məsul şəxsləri üçün zəruri olduğunu vurğulayaraq müstəmləkənin insan cəmiyyətlərinə qarətçi yanaşdığını dedi: "Müstəmləkənin tarixi üç mərhələdən ibarətdir: Təbii sərvətlərin talanması, mədəniyyətlərin talanması və köklü mədəniyyətlərin dağıdılması, milli və dini kimliyinin talan və işğal edilməsi. Bu gün də dünyanın qüdrətli şeytani qüvvələri müstəmləkənin bu üç mərhələsinin hamısını xalqlara qarşı tətbiq etməyə çalışırlar".
İnqilabın Rəhbəri ABŞ-nin dünyanın imperialist və müstəmləkçi güclərinin başında, maliyyə qüvvələrinin təsiri altında olan bir dövlət olduğunu dedi:
"Böyük maliyyə kartelləri hər gün bir üsulla xalqların kimliyini və maraqlarını dəyişdirmək, öz müstəmləkəçi nüfuzlarını genişləndirmək üçün planlar qururlar. Quranın təbiri ilə desək, sizi çətinə salacaq hər şey onlar üçün bəyəniləndir".
İnqilabın Rəhbəri bəzi Quran ayələrinə istinad edərək İslam düşmənlərinin düşməçiliyi və kin-küdurətinin dildə söylədikləri və əməli şəkildə göstərdiklərindən daha böyük olduğunu dedi: "ABŞ Konqresinin nümayəndələrinin minlərlə uşağı qətlə yetirən, tikə-parça edən qatili əl çalıb alqışlaması, İranın 300 sərnişini olan sərnişin təyyarəsini vuran ABŞ hərbi gəmisinin kapitanına təşviq medalı verməsi onların diplomatik gülüşlərinin arxasında gizlənən çirkin niyyətləri, düşmənçilikləri və kin-küdurətlərinin nümunələridir. Bu həqiqətlər qarşısında gözlərimizi açmalı və Quranın təbiri ilə desək, onlarla gizli dostluq axtarışında olmamalıyıq".
O, qlobal səviyyəli qarşılaşmalarda ayıq olmağın zəruriliyini vurğuladı: "Biz kiminlə qarşı-qarşı olduğumuza, kiminlə qarşılıqlı əlaqə qurduğumuza və kiminlə söhbət etdiyimizə diqət yetirməliyik".
Hal-hazırki dövrdə müqavimət hərəkatının Peyğəmbərin besətinin bir təzahrü, İran İslam İnqilabından qaynaqlanan bir cərəyan olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei Qəzzanın heyrətamiz qələbəsinə işarə edərək dedi: "Bu kiçik və məhdud bölgə təpədən dırnağa qədər silahlanmış, ABŞ-ın tam dəstəyinə arxalanan sionist rejimi diz çökdürməyi bacardı. Bu qələbə ağıl və imandan istifadə, Allaha bağlılıq və ilahi izzətə inamdan qaynaqlanır".
İnqilabın Rəhbəri qeyd etdi ki, şəhid Nasrullahı itirməklə aldığı xəsarətə baxmayaraq, şanlı Hizbullahın göstərdiyi dayanıqlıq müqavimətin bu günümüzdəki parlaq təzahürlərindəndir: "Dünyada Seyid Həsən Nəsrullah həddində və miqyasında neçə böyük insan var? Belə bir şəxsiyyət itirildikdən sonra, dost və düşmən artıq Hizbullahın sonunun gəldiyini düşündüyü bir vaxtda Hizbullah göstərdi ki, nəinki tükənməyib, üstəlik, bəzi hallarda daha böyük bir motivasiya ilə sionist rejimə qarşı müqavimət göstərir”.
Görüşün əvvəlində çıxış edən prezident cənab Pezeşkiyan peyğəmbərlərin göndərilməsinin ixtilaf və qarşıdurmalara son qoyan haqq və ədaləti bərqərar etmək məqsədi daşıdığını dedi. O, Peyğəmbərin Mədinəyə hicrət etdikdən sonra atdığı ilk addımın aralarında tarixi ixtilaf olan qəbilələr arasında qardaşlıq sazişi bağlamaq olduğuna işarə edərək dedi: "Bu gün İranın, İslam ölkələrinin və bütün xalqların bu baxışa həmişəkindən daha çox ehtiyacı var".
Cənab Pezeşkiyan görüşün sonunda dövlətlərin cinayətlərinə, müxtəlif bəhanələrlə müsəlmanların və uşaqların qanının axıdılmasına işarə edərək bildirdi: "Müsəlmanların vəhdət və birliyi ilə ədalətin gerçəkləşməsinə, imperialistlərin müharibə və qan axıdılmasının davam etdirilməsi yuxusunun ərşə çəkilməsinə zəmin yaranacaq".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir