İslam İnqilabının Ali Rəhbəri bu gün səhər yüzlərlə sahibkar, investor və iqtisadi fəalla görüşdə özəl sektorun irəliləyişləri və təşəbbüslərinin ümid və hərəkət səbəbi olduğunu dedi. O, xalqın, xüsusilə gənclərin bu müsbət nailiyyətlərdən xəbərdar olması üçün ciddi media fəaliyyətlərinin zəruriliyini vurğuladı: “Dövlətin qərar qəbul edən və icraedici sistemi vacib bir vazifə kimi özəl sektora tam ciddi şəkildə kömək etməli, onun hərəkəti və inkişafı yolundakı maneələri ortadan qaldırmalıdır”.
İnqilabın Rəhbəri bu görüşdə Qəzzənin müqavimət cəbhəsinin qələbəsinə işarə edərək dedi: "Dünyanın gözü qarşısında baş verənlər əfsanə kimi görünür".
Həzrət Ayətullah Xamenei bugünkü iclasın çox şirin və faydalı olduğunu vurğulayaraq, xüsusilə düşmənlərin məyusluq və ümidsizlik yaratmaq üçün çalışdıqları bir vaxtda iqtisadi fəalların çıxışları və hesabatlarının həyat və inkişaf səbəbi olduğunu dedi: "Təəssüflər olsun ki, media vasitələrinin səmərəli fəaliyyət göstərməməsi səbəbindən gənclər, tələbələr və digər siniflər bu xoş xəbərlər və əldə edilmiş nailiyyətlərdən xəbərsizdirlər. Məsul şəxslər bu mövzuda dəqiq müzakirə və araşdırmalar apararaq sözügedən sahədə mühüm bir media işi planlaşdırıb gerçəkləşdirməlidirlər”.
İnqilabın Rəhbəri son illərdə iqtisadi fəallarla keçirilən 5 görüşə işarə edərək dedi: “İkiqat sanksiya və təhdidlərin kuliminasiya həddində olduğu 2019-cu ildə istehsalçılar və sahibkarları iqtisadi müharibənin ön xəttinin komandirləri adlandıraraq istehsalın artırılmasını istədik. Növbəti illərin iclasları göstərdi ki, özəl sektor güc və kreativliyin artırılması istiqamətində hərəkət edir. Bu il də bəlli oldu ki, iqtisadi fəallar öz sahə təcrübələri ilə istehsalın genişləndirilməsi və sərmayə qoyuluşunun artırılmasını hədəfləyirlər".
İnqilabın Rəhbəri dünən "İnkişafın öndərləri" adlı sərgiyə etdiyi ziyarətinə işarə edərək bildirdi:: "Bu sərgi ölkənin gerçəkliklərinin kiçik bir hissəsini göstərir, amma eyni zamanda onu da göstərir ki, özəl sektor təzyiqlər, sanksiyalar və təhdidlərə baxmayaraq, nəzərə çarpan bir irəliləyiş əldə edib və ölkə irəliyə doğru hərəkətdədir. Allahın bu böyük nemətinin qədrini bilməliyik".
Həzrət Ayətullah Xamenei əlavə etdi: "Özəl sektor iqtisadiyyat sahəsində ölkənin inkişaf göstəricilərindən biri olsa da, elm, tədqiqat və digər sahələrdə də inkişaf əlamətləri aşkardır. Lakin problemlər, qüsurlar və nöqsanlar da az deyil və onların aradan qaldırılması biz məsul şəxslərin vəzifəsidir".
O, məsul şəxslərin, xüsusilə sanksiya və təzyiqləri nəzərə alaraq daxili potensiallara və imkanlara diqqət yetirmələrinin olduqca zəruri olduğunu vurğuladı: "Bu imkanlardan ən yüksək şəkildə faydalanmalıyıq".
İnqilabın Rəhbəri üç qüvvənin rəhbərləri və digər məsul şəxslərin "İnkişafın öndərləri" sərgisini ziyarət etmələrini faydalı və zəruri hesab etdi: "Keçən il də şəhid Rəisi sərgini ziyarət etdikdən sonra çox məmnun və ümidvar olmuşdu".
O, özəl sektorun investorlarının ölkənin inkişafına çox böyük əhəmiyyət verməsini dünənki sərginin və bu günkü görüşün üstün cəhətlərindən olduğunu dedi: "Əlbəttə, gəlir məsələsi də investorların diqqət mərkəzindədir. Amma bəllidir ki, əsasən gəlir artımından çox ölkənin problemlərinin həllinə və inkişafına diqqət yetirirlər”.
Həzrət Ayətullah Xamenei iqtisadi fəalların şikayətlərinin həll edilməsinin məsul şəxslərin ciddi vəzifəsi olduğunu vurğuladı: “Qərar qəbul edən və icraedici sistem sözün həqiqi mənasında özəl sektora kömək etməli, inkişaf maneələrini ortadan qaldırmalıdır”.
O, dövlət və nəzarət qurumlarının bəzi fəaliyyətlərininin özəl sektorun hərəkət etdiyi yolun tramplinlərinə bənzədərək dedi: "Utancverici məsələlərdən biri yerli istehsala bənzər məhsulların idxalıdır. Bu, faktiki olaraq işçi və istehsalçının zərərinədir; daxili investoru xarici rəqiblər qarşısında diz çökdürəcək yolu hamarlaşdırır".
İnqilabın Rəhbəri qeyd etdi ki, belə maneələri aradan qaldırmaq üçün Prezidentin birinci müavini cənab Arifin nazirləri nəzarətdə saxlaması vacibdir: "Maneələrin aradan qaldırılmasında qanun və qaydaların islahatına ehtiyac yarana bilər ki, bu da yerinə yetirilməlidir".
O bildirdi ki, özəl sektora yardım edilməsi bəzi sui-istifadəçilər qarşısında səhlənkarlığa yol verilməsi kimi başa düşülməməlidir: "Nəzarətləri artırarkən ölkənin inkişafını istəyən adamlara da yardımları artırmaq lazımdır".
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 44-cü maddənin siyasətlərinə əməl edilməsi ölkənin iqtisadi inkişafına mane olan amillərin aradan qaldırılması istiqamətində mühüm addımlardır: “Bu siyasətlər bütün məsul şəxslər və ekspertlər tərəfindən təsdiq edilmişdir. Amma aidiyyəti şəxslər təkrar tövsiyələrin olmasına baxmayaraq, onlara əməl etməmişlər. Bu da 90-cı illərdə (2010-cu ildən bu tərəfə) ölkənin iqtisadi tənəzzülünə səbəb olan amillərdən oldu”.
O, özəl sektorda 8% artıma nail olmaq üçün ixtisaslaşmış işçi qruplarının yaradılmasından məmnunluğunu ifadə edərək etdi: "Bu mütəxəssislər imkanları araşdırıb investisiya layihələrini hazırlayaraq problemlərin həll yollarını müəyyən ediblər. Hökumətin məsul şəxsləri bu işçi qruplarının işinin nəticələrini ciddi şəkildə izləməli və həyata keçirməlidir".
İnqilabın Rəhbəri 8%-lik iqtisadi artımın gerçəkləşməsini qeyri-mümkün sayan və bunu mümkün olmayan külli miqdarda xarici sərmayə yatırımları hesabına şərtləndirənləri tənqid edərək dedi: "İxtisaslaşmış işçi qruplarında 8% artımı izləyən mütəxəssislər bunu qeyd edilən xarici sərmayə yatırımları ilə şərtləndirməmişlər. Onlar daxili imkanlar üzərində təmərküzləşərək bunu həyata keçirməyə çalışırlar. Dövlət onlara mütləq diqqət və köməklik göstərməlidir".
O, yüksək iqtisadi artımın davamlılığının vacibliyini vurğulayaraq dedi: "8% artım, əslində, bir möcüzə yaratmaz, amma davamlı olarsa və nəticələri ədalətlə bölüşdürülərsə, ölkənin vəziyyəti hiss olunacaq dərəcədə dəyişər".
İnqilab lideri BRİCS kimi beynəlxalq təşkilatlarda iştirakın vacibliyini də qeyd edərək, bu böyük fürsətdən maksimum dərəcədə faydalana bilmək üçün ölkənin diplomatlarının fəaliyyət göstərmələrinin zəruri olduğunu bildirdi: “Üzv dövlətlərin bazarları ilə maliyyə mübadiləsini mümkün edən BRİCS maliyyə sistemi mühüm bir imkandır”.
İnqilabın Rəhbəri ticarət mübadilələrində dolların mümkün qədər ləğv edilməsinin zəruriliyini vurğulayaraq dedi: "Cənab Prezidentin də diqqət mərkəzində saxladığı bu iş böyük və əhəmiyyətli bir iş, iqtisadi müharibə şəraitində isə çox qətiyyətli və təyinedici bir hərəkətdir. Mərkəzi Bank meydanı digər valyutaların təyinatı üçün açmalıdır. Təbii ki, bu da bəzi reaksiyalara səbəb olacaq, amma bu, ölkənin əlini daha da gücləndirəcək".
O, dünənki sərgidə istehsalçılardan birinin Rəhbərin ötən ilki çıxışı zamanı lisenziyanın verilmə müddətinin uzadılmasına dair xəbərdarlığına baxmayaraq, bu problemin hələ də öz həllini tapmaması ilə bağlı şikayətinə işarə edərək dedi: "Bu məni, həqiqətən, utandırdı. Sözügedən problemlər həll edilməlidir və onların həlli özəl sektora köməklik göstərilməsinə inam və əməli bağlılıqla şərtlənir. Özəl sektor dövlətin yardımlarına etimad, işlərin maneəsiz, asan və rahatlıqla həyata keçəcəyi hissinə sahib olmalıdır".
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində qeyd etdi ki, əldə edilmiş atəşkəs və Qəzzənin qələbəsi müqavimətin diri olub və diri qalacağı ilə bağlı proqnozun gerçəkləşməsinin aşkar bir əlamətidir: "Dünyanın gözləri önündə baş verənlər bir nağıla bənzəyir. ABŞ kimi böyük bir müharibə maşını insani dəyərlərə etinasız yanaşaraq qəddar və qaniçən sionist rejimə səngərləri darmadağın edən bombalar versin, o rəhimsiz vampir rejim 15 min uşağı evində və xəstəxanada bombalasın, amma öz məqsədinə çata bilməsin".
İnqilabın Rəhbəri vurğuladı ki, ABŞ-nin dəstəyi olmasaydı, sionist rejim elə ilk həftələrdə diz çökəcəkdi: "Sionist rejim son bir il və bir neçə ay ərzində Qəzzə kimi kiçik bir ərazidə əlindən gəldiyi qədər cinayət törətdi, evləri, xəstəxanaları, məscidləri və kilsələri bombardman etdi. Amma sonda onun bədbəxt və üzüqara rəhbərinin təyin etdiyi məqsədə, yəni Həmasın məhv edilməsi və Qəzzənin heç bir müqavimətsiz idarə edilməsinə nail olmamaqla yanaşı, müzakirə masası arxasında əyləşmək və Həmasın atəşkəs şərtlərini qəbul etmək məcburiyyətində qaldılar".
Həzrət Ayətullah Xamenei bildirdi ki, müqavimətin Qəzzə hadisəsindəki ölməzliyi və qələbəsi müqavimət göstəriləcəyi təqdirdə Allahın qələbə bəxş edəcəyinin bir nümunəsidir: "Allahın yaxşı bəndələrinin harada müqavimət və dayanıqlığı varsa, qələbə mütləqdir."
O, İranın zəifləməsi ilə bağlı xəyal edilən uydurmalardan qaynaqlanan fikirlərə işarə edərək dedi: "Kimin zəiflədiyini gələcək göstərəcək. Səddam da İranın zəiflədiyini xəyal edərək hücum etmişdi. Reyqan isə eyni xəyallarla ona böyük yardımlar göstərmişdi. Amma nəticədə hər ikisi və onlarla digər xəyalpərvər cəhənnəmə vasil oldu. İslam Respublikası isə gündən-günə inkişaf etdi. Bu təcrübə Allahın lütfü ilə təkrarlana bilər".
Görüşün əvvəlində özəl sektorun istehsalçıları və iqtisadi fəallardan 13 nəfəri çıxış etdi:
- Neft və qaz sənayesi avadanlıqları sahəsindən Peyam Xəlili
- Su və kanalizasiya sənayesi sahəsindən Rza Hacı Kərim
- Zəfəran, dərman bitkiləri və kooperativ sahənin fəallarından olan Zohre Mənuçehri
- Qaz turbinləri üçün istilik pərdələri istehsalçısı Əli Məxdumi
- Heyvandarlıq və süd məhsulları sənayesi fəalı Şəhriyar Səffari
- Avtomobil ehtiyat hissələri istehsalçısı Rza Rzayi
- Toxuculuq sənayesi sahəsindən Müctəba Dəstmalçiyan
- Mədən sənayesindən Mənsur Nəcmi Niya
- İnternet və mikroelektronika sahəsi fəalı Əlirza Fərhadi
- Ana və uşaq məhsulları istehsalçısı Sədəf Tacir
- Qaz və LNG sənayesi sahəsindən Məsud Porcula
- Enerji sahəsi fəalı Məham Mömini
- Sənaye santrifüjləri sahəsi fəalı Seyid Əmir Muəyyid Əlayi
Çıxışçılar öz çıxışlarında nailiyyətlər və problemlərdən danışıb təkliflər verdilər.
Sənaye ixtisası üzrə təhsil alan tələbələrin təhsili və cəlb edilməsinin yeni modellərinin layihələşdirilməsi və icrası, dövlətin maliyyə təlimatlarında vahid yanaşma və sabitlik yaradılmasının zəruriliyi, bank sistemində elm təməlli şirkətlərin maliyyə təminatı qanunlarının optimallaşdırılması, kooperativlərin ölkə iqtisadiyyatındakı aşağı payı, beynəlxalq rəqabətdə ölkənin gücləndirilməsi, yüksək sənəd kimi avtomobil sənayesi sahəsi ilə bağlı 20 illik yol xəritəsinin təyin edilməsi və bu sahə ilə bağlı qanunlarda uzunmüddətli sabitliyin təmin edilməsi, paltar qaçaqçılığı və sistemsiz idxalatın qarşısını almaq üçün yerli toxuculuq sənayesinin imkanlarına diqqət, dövlət sektorunun və əsas sənaye sahələrinin ağıllı texnologiyalardan istifadə etməyə məcbur edilməsi zərurəti, az inkişaf etmiş bölgələrdə fəaliyyət göstərən sənaye sahələrinin stimullaşdırılması, özəl sektora dair məsələlərdə hər növ korrupsiya ilə mübarizə aparılmasının zəruriliyi bu tədbirin çıxışçılarının çıxışlarının qabartdıqları əsas məsələlərdən oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir