Sual: Bir şəxs ticarətlə məşğul olur və nisyə mal satır. Müştəri ilə şərt kəsir ki, məsələn, bu mal 5 manatadır, nisyə aldığın təqdirdə isə 10 manata satılacaq. Bu, riba sayılırmı və haramdırmı?
Cavab: Ümumiyyətlə, malın nisyə şəklində onun nağd qiymətindən baha qiymətə satılıb-alınmasının maneəsi yoxdur. Nağd ilə nisyə arasındakı qiymət fərqi riba sayılmır. Amma malın qiyməti və ödənişin müddəti tam şəkildə müəyyən olunmalıdır.
Sual: Hansısa bir mağazadan kredit şəklində faizlə ev əşyası almağın hökmü nədir?
Cavab: Malın kreditlə nağd qiymətindən baha qiymətə satılıb-alınmasının maneəsi yoxdur və riba sayılmır.
Sual: Mən kreditə klaviatura götürdüm, amma pulunu verə bilmədim; hətta həmin şirkət məni məhkəməyə də verdi. Mən bu klaviatura ilə işləyib pul qazansam (yəni internet vasitəsilə iş görsəm), qazandığım pul ilə kredit borcumu ödəyə bilərəmmi?
Cavab: Klaviaturadan istifadə etməyinizin və onun vasitəsilə qazanc əldə etməyinizin maneəsi yoxdur. Amma borcunuzu ödəməkdə səhlənkarlıq etməməlisiniz.
Müsəlmanın kafirə faizlə pul borc verməsi və ya ondan faizlə pul borc alması
Sual: Müsəlmanın kafirə pul borc verib, əlavə faiz almasının hökmü nədir? Müsəlmanın kafirdən pul borc alıb, əlavə faiz verməsinin hökmü nədir?
Cavab: Qeyri-zimmi kafirə borc vermək və ondan faiz almağın maneəsi yoxdur. Müsəlmanın kafirdən borc almasının öz-özlüyündə maneəsi yoxdur, amma ona riba (faiz) verməyə icazə verilmir.
Xarici banka kredit borcu
Sual: Mən üç il Polşada yaşamışam. Orada yaşadığım müddətdə bankların birindən pul krediti götürdüm. Bir müddət ödəniş də etdim və kreditləri sona qədər ödəmək fikrində idim. Amma vətənimə qayıtdığım vaxtdan etibarən, təəssüf ki, xəstəliklər səbəbindən işləyə bilmədim. Əgər borclu olaraq dünyamı dəyişsəm, bu məsələnin aqibəti necə olacaq?
Cavab: Hər bir halda, borc götürdüyünüz pulu qaytarmalısınız.
Şəxsdən alınan borc
Sual: Mən bir şəxsdən borca pul alıram. Deyirəm ki, məsələn, mənə 1500 manat borc ver və mən borcu geri qaytaranda sənə hədiyyə olaraq 300 manat əlavə pul verəcəyəm. Bunun hökmü nədir? Əgər hədiyyənin məbləğini dilə gətirməsəm, bu iş icazəlidirmi?
Cavab: Əgər əlavə pulun veriləcəyi əvvəlcədən qeyd edilməsə və ya “bəlkə sənə əlavə pul verdim” deyilsə, həmçinin artıq verilən məbləğ inflyasiya miqdarından çox olmasa, onu verməyin maneəsi yoxdur.
Sual: Əgər bir şəxs başqa bir şəxsə pul borc versə və müəyyən məbləğdə artıq qaytaracağını ona şərt qoysa, bu, düzgündürmü?
Cavab: Əgər siz başqa bir şəxsə pul borc versəniz, amma şərt qoysanız ki, məsələn, bir aydan sonra verdiyiniz məbləğdən artıq bir məbləği sizə qaytarmalıdır, bu halda artıq məbləğ riba sayılır və haramdır. Amma bunu da qeyd edək ki, əgər artıq məbləğ pulun dəyərdən düşməsi və ya inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur.
Sual: Əgər bir şəxsə 1000 dollar borc versəm, bir aydan sonra ondan 2000 manat alsam, bu, sələm sayılırmı, yoxsa icazəlidir? Qeyd edim ki, 1000 dollar 1700 manat edir.
Cavab: Əgər dollar borc vermisinizsə, hətta dolların qiyməti artsa belə, həmin məbləğdə dollar və ya onun manatla qarşılığını tələb edə bilərsiniz. Bunu da qeyd edək ki, əgər artıq alınan məbləğ inflyasiya miqdarında olarsa, onu almağın maneəsi yoxdur.
Sual: Mən bir şəxsə borca pul verirəm, amma artıq qaytaracağı ilə bağlı şərt qoymuram. Həmin şəxsin özü pulu götürəndə deyir ki, artıq qaytaracağam. Bunun iradı varmı?
Cavab: Əgər borc verərkən belə bir şərt qoyulmasa və ya artıq qaytarılan məbləğ inflyasiya miqdarından çox deyildirsə, bunun maneəsi yoxdur.
Sual: Bir şəxs başqa bir şəxsə borc vermək istəyir, lakin bu yoldan mənfəət də əldə etmək istəyir. Məsələn, 500 manat pul borc verib, 12 aydan sonra ondan 500 dollar geri almaq istəyir. Bu işin şəri baxımdan hökmü nədir? Qeyd edim ki, hal-hazırda dolların kursu 1.70 manatdır.
Cavab: Borc verən şəxs pulunu geri alarkən yalnız inflyasiya miqdarında artıq məbləğ ala bilər və bundan artıq məbləğ almağa icazə verilmir. Amma əgər bir şəxs başqa bir şəxsə 500 manatı on iki ay müddətinə 500 dollara satarsa, buna icazə verilir.
Sual: Mən bir şəxsə 9000 dollar borc vermişəm. Borc verdiyim vaxt 9000 dollar 7200 manat idi. Həmin vaxtdan on iki il keçib və o şəxs borcu hələ də qaytarmayıb. 9000 dollar indi 15300 manat edir. Mən pulumu dollar ilə ala bilərəmmi, yoxsa borc alan şəxsin mənə təklif etdiyi 7200 manatı almalıyam? Qeyd edim ki, borcu dollar şəklində vermişəm.
Cavab: Əgər dollar borc vermisinizsə, dollar tələb edə bilərsiniz. Bundan qeyri halda da, pulun dəyər fərqini tələb edə bilərsiniz.
Sual: Bir şəxs işləmək üçün avtomobil almaq istəyib və pulu çatmadığı üçün bir fasiqdən faizlə borca pul götürüb. Borc sahibi hər ay pulun müəyyən hissəsini qaytarmağı şərt qoyub. Borc alan şəxs növbəti aylardan birində lazımi məbləği düzəldə bilməyib. O, sələmçiyə olan növbəti ödənişini etmək üçün bir mömindən borc istəyib. Mömin şəxs ona borc verə bilərmi?
Cavab: Faizi deyil, ribalı borcun özünü qaytarması üçün ona borc verə bilər.
Sual: Bir şəxs avtomobil almaq istəyir, amma 2000 manat pulu çatmır. Başqa bir şəxs ona pul təklif edir, amma deyir ki, mən sənə 2000 manat verirəm, qaytaranda 2500 manat qaytaracaqsan. Yaxud da deyir ki, mən maşını alıb sənə verirəm, sən isə pulu mənə qaytaranda bir az artıq verəcəksən. Bu, icazəlidirmi?
Cavab: Sualda qeyd olunan hallar riba və haramdır.
Sual: Bir şəxs başqa bir şəxsə borc verib, amma borc alan şəxs lombard işlədir. Lombard işi haram olduğu üçün onun qazancı da haramdır. Borc sahibi həmin şəxsdən öz borcunu geri ala bilərmi?
Cavab: Haram yolla qazanılmayan pulu almaq olar.
Sual: Avtomobili nağd şəkildə almağa maddi imkanım çatmadığı üçün mən bir şəxsə müraciət edirəm. Məsələn, avtomobil 6000 manatadır, mənim isə 3000 manat pulum var. Həmin şəxs mənim pulumun üstünə 3000 manat pul qoyub, maşını öz adına alır. Deyir ki, mən ona 3000 manatdan əlavə 500 manat da verəcəyəm. Bu sövdələşmə düzgündürmü?
Əgər 500 manatı ona hədiyyə niyyətilə verməyimi istəsə, belə sövdələşmə icazəlidirmi?
Əgər həmin şəxs məndən 3000 manat alıb üstünə 3000 manat da qoyub 6000 manata maşını alsa, sonra həmin maşını mənə satsa, 500 manatı əlavə olaraq kredit şəklində məndən alması icazəlidirmi?
Cavab: Əgər həmin şəxs maşını almaqda sizinlə şərik olsa və sonra öz hissəsini sizə nisyə şəklində artıq məbləğə satsa, bunun maneəsi yoxdur.
Sual: 1) Əgər mən bir şəxsə borc versəm, o isə mənə haram pulla borcu qaytarsa, mən o pulu qəbul edə bilərəmmi? Yaxud əgər onun verdiyi pulun halal, yoxsa haram qazancdan olduğunu bilməsəm, bu halda o pulu qəbul edə bilərəmmi? Mən bunu araşdırmalıyammı?
2) Əgər bir şəxsdə haram yolla əldə edilən pul olsa və mən də ondan borc alsam, sonra halal qazancımla borcu qaytarsam, bu, düzgündürmü? Yəni əvvəllər belə bir pul ilə özümə əşyalar almışam, paltar almışam. Dəqiq bilmirəm ki, nəyi almışam və nə qədər xərcləmişəm, amma sonra hamısını halal pul ilə qaytarmışam. Mən o pul ilə alınan paltarla namaz qıla bilərəmmi? Amma hansı paltarı aldığım da dəqiq yadımda deyildir.
Cavab: 1 və 2) Aldığınız və istifadə etdiyiniz mal-pulda haramlığın olduğuna yəqinliyiniz olmayanadək, ondan istifadə etməyinizin maneəsi yoxdur. Araşdırma aparmaq da lazım deyildir.
Sual: Sələm nədir?
Cavab: Riba (sələm) böyük günahlardan biridir və onun haramlığı şəriətin aydın hökmlərindəndir. Riba iki qisimdir:
1- Borc ribası: Əgər borc verən şəxs borc alan şəxsin qarşısında şərt qoysa ki, borcu qaytardığı zaman borc məbləğindən müəyyən qədər artıq məbləğ qaytaracaqdır – hətta artıq məbləğ çox az olsa belə – bu, ribadır və haramdır. Amma bunu da qeyd edək ki, inflyasiya miqdarından artıq məbləğ almağın maneəsi yoxdur.
2- Alğı-satqı ribası: Əgər alğı-satqıda aşağıdakı məqamlar mövcud olarsa, bu alğı-satqı ribalı sayılır:
1) Ürfə görə, bir mal eyni cinsdən olan malın qarşılığında satılır;
2) Həmin mal çəki ilə və ya ölçü qabı ilə satılan maldır (müşahidə ilə və ya say ilə satılan mal bura daxil deyildir);
3) Satılan mal onun qarşılığında olan maldan az və ya çoxdur.
Sual: Bir şəxs başqa bir şəxsdən 10000 dollar borc alıb və belə razılaşıblar ki, borc alan şəxs borcun yarısını manatla nağd qaytaracaq, qalan hissəsini isə manatla artıq ödəyərək hissə-hissə qaytaracaq. Belə ki, əgər yerdə qalan borcu beş ay müddətində qaytarsa, üstündə 200 manat artıq verəcək, yaxud on ay müddətində qaytarsa, üstündə 500 manat artıq verəcək. Borclu şəxsin borcunu bu şəkildə (yəni faizlə) qaytarması şəri baxımdan düzgündürmü?
Cavab: Əgər artıq məbləğ inflyasiya miqdarında olub, pulun dəyərdən düşməsinin əvəzini ödəməkdən ötrü olsa, yaxud da borc alan şəxs bu artıq məbləği borc verən şəxsin şərti olmadan hədiyyə ünvanında versə, bu hallarda maneəsi yoxdur.