Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri minlərlə Qum sakini ilə görüşdə vurğuladı:

Ümidin diri saxlanması ən mühüm vəzifədir; Düşmənin güc illüziyası dağılmalıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Qum əhalisinin 19 dey 1356-cı (1978) il tarixli qiyamının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdü. O qeyd etdi ki, ABŞ-nin İran xalqı ilə bağlı həyata keçirdiyi 46 illik səhv siyasətləri və hesablamaları amerikalıların 19 dey tarixli qiyamın təhlilində yol verdikləri hesablama səhvinin davamıdır. O, 19 dey qiyamından dərs çıxarılmasının zəruriliyini vurğulayaraq qeyd etdi ki, KİV-lər və virtual fəalların düşmənin güc illüziyasını dağıtmaq və ictimai fikrə müqavimət gücü bəxş etmək üçün dayanmadan, geniş miqyasda effektiv şəkildə çalışması, hər bir iqtisadi və mədəni qərarın qəbul edilməsi və addımın atılmasında məsul şəxslərin ölkə və xalqın maraqlarını diqqət mərkəzində saxlaması bu günün ciddi tələbləridir: “Hamı hər gün artmaqda olan ümid hissi ilə iqtisadi və qeyri-iqtisadi məqsədlərin gerçəkləşdirilməsi istiqamətinə yönəlmiş milli hərəkəti davam etdirməlidir”.

Mömin və şücaətli Qum əhalisinin 19 dey tarixli qiyamının ölkə tarixindəki zirvələrdən biri olduğunu vurğulayan Ayətullah Xamenei bu hadisənin Allahın günləri kimi müxtəlif dərslər və ibrətlərə malik olduğunu dedi: “Həmin günün ən mühüm dərsi budur ki, ABŞ-nin necə bir İranı bəyəndiyini və arzuladığını göstərir”.

İnqilabın Rəhbəri  ABŞ-nin o vaxtkı prezidenti Karterin 10 dey 1356-cı il tarixində Tehrana səfəri, Məhəmmədrza haqqında yalan tərfilər deməsi və Pəhləvi İranını “Sabitlik adası” adlandırması məsələsinə işarə edərək dedi: "Karter tərəfindən Amerikanın arzu etdiyi 1356-cı il İranı xarici siyasətdə qeyd-şərtsiz olaraq amerikalılara tabe idi, onların maraqlarını təmin edirdi. Daxili siyasətdə isə rejimə qarşı, hətta ondan fərqli olan bütün cərəyanları sərt şəkildə əzir, təqib edirdi. İqtisadi cəhətdən neft satışından külli miqdarda gəlir əldə etsə də, ciddi sosial təbəqələşmə səbəbindən elm və texnologiyada geri qalırdı. Mədəni cəhətdən Qərbin fəsad və əxlaqsızlığı günbəgül geniş vüsət alırdı”.

Həzrət Ayətullah Xamenei vurğuladı: "19 dey qiyamı amerikalıların arzu etdikləri İranı onların caynağından dartıb çıxardı. Amma ABŞ hələ də həmin İranı arzulayır. Lakin Karter bu arzunu özü ilə qəbrə apardığı kimi digər amerikalılar da aparacaqlar".

O qeyd etdi ki, 19 dey qiyamının ikinci dərsi ABŞ-nin səhv hesablamalarını üzə çıxarması və onların İranın gerçəkliklərini anlamaqda nə qədər aciz olduqlarını göstərməsidir.

İnqilab Rəhbəri əlavə etdi: "ABŞ-nin zahiri görüntülərinə vurulan, Allahın və İran xalqının böyüklüyünü unudanlar bilsinlər ki, Karterin “Amerikalıların sabitlik adası” barədə dediyi təriflər və yağlı sözlərdən yalnız 9 gün sonra qabaqcıl qumluların üsyanı ABŞ-nin İran məsələlərini anlamaqda nə qədər geri qaldığını və məlumatsız olduğunu göstərdi".

O, İslam İnqilabının "imperializmin ən mühüm səngərindən" qalib çıxmasını Həzrət Musanın (ə) Firon sarayında böyüməsinə bənzətdi: “Amerikalılar yuxuya qaldılar və Böyük İslam İnqilabı onların maraqlarının möhkəm qalasının ortasından qaynadı. Firon da eynilə belə idi, Həzrət Musanın (ə) onun evində böyüməsindən xəbərsiz idi".

Ayətullah Xamenei ABŞ-nin Hesablama Qurumunun son 46 ildə İranla bağlı yol verdiyi səhvlərin davam etdiyini vurğulayaraq əlavə etdi: "ABŞ-nin siyasətlərindən qorxanlar qorxmasınlar, ABŞ-nin bu davam edən əsaslı zəif nöqtələrinə diqqət yetirsinlər".

İnqilabın Rəhbəri ABŞ-nin İran xalqına qarşı həyata keçirdiyi yanlış və nəticəsiz siyasətlərdən bəhs edərkən, sanksiyalara da toxundu: "Onlar sanksiyalarla İranın iqtisadiyyatını diz çökdürməyi qarşılarına məqsəd qoydular. Lakin İran xalqı bu sanksiyalar altında elm və texnologiyada ən böyük inkişafa nail oldu, hazırlıqlı gənclər müxtəlif sahələrdə meydana çıxdılar".

İnqilabın Rəhbəri əlavə etdi: "Bəli, sanksiyalar ölkəyə bəzi zərərlər vurdu, amma onların məqsədlərinə çatmalarına imkan vermədi. İnşallah, İran xalqı bir gün bu zərərlərin hesabını da soruşacaq".

Ayətullah Xamenei qeyd etdi ki, İnqilabın qələbəsi imperializmin beton divarında çat yaratdı, Qərbin hasarını laxlatdı: “19 dey qiyamının başqa bir dərsi budur ki, düşmənin təbliğatları qarşısında ictimai fikrimizi qorumalıyıq”.

O bildirdi ki, 1356-cı ilin dey ayında qəzetlərin birində İmam Xomeyniyə qarşı nəşr olunan təhqiramiz bir məqalə amerikalılar və Pəhləvi rejiminin diqqəti, "yumşaq güc" alətlərindən istifadəsinin nəticəsi idi: "Onlar Əmirəl-mömininin (ə) pak məzarının yanından insanların qəlbinə ümid və hərarət  bəxş edən İmam Xomeynin “Zülfüqar dilini” məhv etmək istəyirdilər, amma Qum əhalisi ayıqlıq göstərdi, ABŞ və Pəhləvinin təbliğatlarına etimad etməyib bu hərəkatı iflasa uğratdı".

İnqilabın Rəhbəri sərt güc vasitələrindən istifadənin nəticələrini möhkəmlətmək üçün amerikalıların təbliğat proqramından istifadəni minlərlə dəfə artırdıqlarını dedi: "Qəzzədə on minlərlə insanı qətl-am etdilər, amma sərt güc ilə müqaviməti məhv edə bilmədilər. Livanda da, Seyyid Həsən Nəsrullah kimi şəxsiyyətləri və digər komandanları şəhid etdilər, amma Hizbullah məhv olmadı və olmayacaq".

Həzrət Ayətullah Xamenei izah və təbliğat işinin çox mühüm bir amil olduğunu bildirdi: "Düşmən yalanlar yaymaq, həqiqətlə xalqın düşüncə və təsəvvürləri arasında məsafə yaratmaq və digər metodlarla ictimai fikrə təsir göstərməyə çalışır. Bu gün ölkəmizin televiziyası, Mədəniyyət və Təhsil Nazirliyi, bütün təbliğat və mədəniyyət qurumları, virtual aktivistlət düşmənin iqtidar illüziyasını darmadağın etməli, ictimai fikri onun yalanlarına, təhdidlərinə və təhriflərinə qarşı qorumalıdırlar".

İnqilabın Rəhbəri imperializmin mahiyyətinin əvvəlki dövrlərdən fərqlənmədiyini vurğuladı: "Kimsə düşünməsin ki, bu günkü ABŞ və siyonist rejim əvvəlki dövrlərdən fərqlənir. Əlbəttə, onların metodları və alətlərinin növləri min dəfə artıb və genişlənib. Buna qarşı biz də min dəfə daha ağıllı və diqqətli olmalıyıq".

İnqilabın Rəhbəri ictimai fikrin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq əlavə etdi: "Əsas açar məsələ düşmənin sözlərinə inanmamaqdır. Düşmənin ictimai fikrə təsir etmək üçün apardığı təbliğatların hiylə və yalan olduğunu bilib, dərhal onları rədd etməliyik".

Ayətullah Xamenei çıxışnın başqa bir yerində İranın təbii sərvətlər, dünyanın orta göstəricisindən daha üstün göstəriciyə malik insan resursları, əlverişli coğrafi mövqe, həssas siyasi coğrafiya kimi qiymətli imtiyazlara malik olmaq baxımından dünyada strateji bir zirvədə olduğunu vurğulayaraq dedi: "İran təxminən 80 il əvvəl, bir neçə onillik müddətində ABŞ-yə məxsus idi, amma İslam İnqilabı ölkəni ABŞ-nin əlindən çıxardı. Buna görə də onların inqilabdan aldıqları acı məğlubiyyət heç vaxt yadlarından çıxmayacaq".

İnqilabın Rəhbəri bəzi insanların "Niyə İslam Respublikası Avropa ölkələri ilə əlaqələr saxlayır və onların səfirlikləri ölkəmizdə fəaliyyət göstərir, amma ABŞ ilə danışmağa və əlaqə qurmağa razı deyil?" sualına işarə edərək dedi: "İnqilabdan əvvəlki İran ABŞ-nin tam mülkiyyəti altında idi və İslam İnqilabı bu böyük siyasi və iqtisadi sərvətin ABŞ-nin əlindən çıxmasına səbəb oldu. Buna görə də amerikalıların inqilaba olan kini dəvə kinidir və bu, Avropa ölkələrindən çox fərqlənir."

Ayətullah Xamenei bildirdi ki, ABŞ-nin 46 il ərzində külli miqdarda xərclər çəkməsinə baxmayaraq, İranı geri ala bilməməsi onların İran xalqına və İslam Respublikasına qarşı olan kin və nifrətinin başqa bir səbəbidir: "ABŞ bu ölkədə məğlubiyyətə uğrayıb, məğlubiyyətinin əvəzini çıxmağa çalışır. Buna görə də əllərindən gəldiyi qədər İran xalqı ilə düşmənçilik edirlər".

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, başda ABŞ olmaqla imperializmin bütün ölkələrdən, o cümlədən İslam Respublikasının rəhbərlərindən əsas tələbi müxtəlif məsələlərin tənzimləndirilməsində onların maraq və mülahizələrini nəzərə almalarıdır. O vurğuladı ki, ABŞ-nin bu haqsız tələbinə boyun əymək demokratiyanı və cümhuriyyəti təhdid edir: “Xalq rəhbərlərə səs verib ki, ABŞ-nin maraqlarını deyil, xalqın maraqlarını gerçəkləşdirsinlər. Buna görə də iqtisadi məsələlər, o cümlədən inflyasiya, istehsal və valyuta, eləcə də mədəni məsələlər, o cümlədən hicabla bağlı qərar qəbul edəndə yalnız İran xalqının və İslam Republikasının maraqlarını nəzərə almalıdırlar və heç bir halda ABŞ-nin və sionistlərin maraqlarını düşünməməlidirlər. Çünki onlar bütün varlıqları ilə bizim xalqımız və İslam Respublikasına düşməndirlər və arzuları İranın dağılmasıdır".

İnqilabın Rəhbəri ölkə prezidentinin sionist rejimin və ABŞ-ın sionistlərin cinayətlərinə dəstəyinə qarşı açıq, qəti və cəsur mövqeyindən məmnunluğunu ifadə edərək dedi: "Bu mövqelər xalqın ürəyini sevindirdi".

Həzrət Ayətullah Xamenei düşmənin gəncləri ümidsizləşdirmə cəhdlərinə qarşı ümid hissinin canlı saxlanmasının vacibliyini vurğulayaraq dedi: "Biz Allahın hidayəti və köməyinə, eləcə də Allahın xalqlara bəxş etdiyi qüvvəyə ümid etməliyik. Təbliğat sahəsininin bütün fəalları və söz sahiblərinin ən mühüm məqsədi insanların qəlbində ümid yaratmaq və ümidsizləşdirici sözlərdən çəkinmək olmalıdır".

O qeyd etdi ki, böyük İmam Xomeyninin 19 dey hadisəsindən sonra Nəcəfdən İran xalqına mübarək qələbə müjdəsini göndərməsi İmamın ümid məsələsinə nə qədər əhəmiyyət verdiyini göstərən bir faktdır: "İmam hərəkatın qələbə müjdəsini verdiyi gün İnqilabın qələbə çalacağına, dünyanın bu bölgəsində Qərbin bir çox çirkin məqsədləri və təcavüzlərinin qarşısını alan İslam Respublikası kimi sərhədləri aşan böyük bir gücün meydana çıxacağına kim inanardı? Bir gün Qərb ölkələrində, hətta Vaşinqtonun özündə ABŞ bayrağının yandırılacağı bir günün gələcəyinə kim inanardı?"

İnqilabın Rəhbəri ölkənin iqtisadi məsələlərinin mütəxəssislər və həqiqətlərdən xəbərdar olan insanlar tərəfindən ümidverici olaraq qiymətləndirildiyini vurğulayaraq dedi: "Bəzi insanlar səkkiz faiz iqtisadi artım kimi siyasətlərin gerçəkləşəcəyini mümkün saymırlar, halbuki bir müddət əvvəl ölkə prezidentinin də ziyarət etdiyi iqtisadi fəalların sərgisində bu artımın xarici yardıma ehtiyac olmadan mümkün olduğu söyləndi və sübuta yetirildi. Prezident də həmin iqtisadi fəalların və mütəxəssislərin sözlərini təkrarladı".

İnqilabın Rəhbəri ümidin nəticə verməsi üçün zəhmət və çalışqanlığın vacib olduğunu dedi: "Ümid və çalışqanlıqla ölkənin zəruri inkişaf tələbləri təmin edilməlidir".

Ayətullah Xamenei çıxışının sonunda vurğuladı ki, bölgədəki hadisələr, o cümlədən Suriya hadisələri Fələstin məsələsinin önəminin azalmasına səbəb olmamalıdır: "Mübarizənin əsas məqsədi sionist rejimin mənfur hərəkətləri qarşısında dayanmaqdır".

O, "mübarizənin yaşaması və hər gün daha da güclənməsi"nə diqqət çəkərək dedi: "Biz Qəzzə, Qərb sahili, Livan, Yəmən və sionist rejimə qarşı mübarizə aparan bütün müqavimətləri dəstəkləyirik".

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /