İslam İnqilabının Ali Rəhbəri bu gün səhər general Süleymaninin şəhadətinin beşinci ildönümü münasibətilə generalın ailəsi, Hərəm müdafiəçiləri və müqavimət şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə Hacı Qasim Süleymaninin bəzi şəxsi keyfiyyətləri və davranışlarından danışdı: “Bu xüsusiyyətlərdən dərs alaraq Süleymaninin məktəbinin əsas məqsədi olan “İslam və Quranın gerçəkləşdirilməsi” yolunda hərəkət etmək lazımdır”.
Həzrət Ayətullah Xamenei habelə Suriya xalqının işğalçılar üzərində gec-tez qələbə çalacağını, Yəmən, Fələstin və Livan müqavimətinin davam edəcəyini vurğulayaraq Hərəmin müdafiəsi şəhidlərini hörmətlə yad etdi: "Süleymani İranı da hərəm hesab edirdi. Əgər o təmiz qanlar olmasaydı, bu gün müqəddəs məkanlar, hərəmlər və dini məkanların heç birindən əsər-əlamət yox idi".
İnqilabın Rəhbəri qeyd etdi ki, İran və digər ölkələrdən gəlmiş minlərlə ziyarətçinin şəhid Süleymaninin məzarını şövqlə ziyarət etməsi onun ixlasından və Allahın ona verdiyi izzətdən xəbər verir: “Quran buyurur ki, izzət yalnız Allaha məxsusdur. Bu həqiqəti anlamaq həyat tərzinə tətbiq etmək lazımdır”.
O, general Süleymaninin böyük bir mübariz, özünün də əziz və səmimi dostu olduğunu qeyd edərək döyüş meydanına vaxtında, hər kəsdən əvvəl atılması, şücaətli və sürətli hərəkət etməsinin onun bariz xüsusiyyətlərindən olduğunu dedi.
Həzrət Ayətullah Xamenei Hacı Qasimin 80-ci illərin əvvəllərindən başlayaraq ABŞ-nin Əfqanıstan və İraqda törətdiyi cinayətlərə qarşı mübarizəyə qoşulmasına işarə edərək dedi: "ABŞ-nin bu iki ölkəni işğal etməsinin əsas məqsədi İran idi, amma o şərəfli və sadiq insan ABŞ-nin zahiri qüdrətindən qorxmayaraq döyüşə atıldı və sonda bu işğallar ABŞ-nin məğlubiyyəti və o böyük planının iflasa uğraması ilə sona çatdı".
O, general Süleymaninin həmin hadisələrdəki misilsiz rolunun xırdalıqlarının açıqlanması və yazılmasını istəməməsi qərarını xatırlayaraq dedi: "Bu mövzuda çoxlu məlumatlar var. Onlar ölkənin siyasi maarifində qalıcı sənədlər şəklində saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir".
Həzrət Ayətullah Xamenei ABŞ işğalçılarının hücumu zamanı İmam Əlinin (ə) hərəmində bir qrup silahsız və müdafiəsiz iraqlı gəncin müdafiəsinə işarə edərək dedi: "General məsuliyyət hissi ilə dərhal və sürətlə həmin gənclərlə əlaqə yaradıb onları xilas etdi. Əlbəttə, mərcəiyyət də həmin məsələdə qeyri-adi və effektiv bir addım atdı".
O bildirdi ki, ABŞ-nin İraqı işğal etməkdə məqsədi Səddamın yerini tutmaq idi: "ABŞ qalmaq üçün gəlmişdi, amma general və yoldaşları çətin, mürəkkəb və uzun bir prosesə, siyasi, hərbi, təbliğat və mədəni aspektləri əhatə edən hibrid müharibəyə qoşularaq İraq xalqının öz taleyinə sahib olmasında əsaslı rol oynadılar".
İnqilabın Rəhbəri ABŞ-nin İŞİD planının iflasa uğramasının Hacı Qasimin özünü meydana tez və vaxtında yetirməsi, təyinedici fəaliyyətinin nəticəsi olduğunu dedi: "Təkfirçi terrorizmə qarşı mübarizədə iraqlı gənclər, həqiqətən, böyük işlər gördülər, amma bölgə üçün ölüm-dirim məsələsi olan planın iflasa uğradılmasında Süleymani təşəbbüskarlığı, cəsarəti, fədakarlığı və qüdrəti ilə misilsiz rol oynadı".
O qeyd etdi ki, generalın cihad fəaliyyətlərindəki dəyişməz strategiyası "Müqavimət Cəbhəsini diriltmək" idi: "Müqaviməti dirçəltmək üçün Suriya, Livan və İraqın hazır və vətənpərvər gəncləri və potensiallarından ən yaxşı şəkildə istifadə etmək Süleymaninin bariz xüsusiyyəti idi".
İnqilabın Rəhbəri mərcəiyyətin İŞİD-ə qarşı mübarizə aparılmasının zəruriliyi ilə bağlı verdiyi fətvaya işarə edərək dedi: "Minlərlə gənc bu mühüm fətva ilə döyüşə atıldı, amma onların təşkilatlanması və silahları yox idi. General İraqın böyük mücahidləri, xüsusilə çox böyük və dəyərli bir şəxsiyyət olan Şəhid Əbu Mehdi ilə birlikdə bu gəncləri təşkilatlandırdılar, silahla təmin edərək təlimlər keçdilər".
İnqilabın Rəhbəri bildirdi ki, Hacı Qasimin cihad və mübarizə apardığı bütün dövrlərin sabit və dəyişməz prinsipi müqəddəs hərəmləri müdafiə etmək idi: "General İranı da müqəddəs məkan kimi müdafiə edirdi. Müqəddəs məkanlar və hərəmlərin müdafiəsi məntiqi çox mühüm və zəruridir".
Həzrət Ayətullah Xamenei əlavə etdi: "General üçün imamların ziyarətgahları, Zeynəbiyyə, Əmirəlmöminin (ə) Şam və İraqdakı səhabələrinin məzarları, xüsusilə Məscidul-Əqsanın müdafiəsi mühüm prinsip idi. Buna görə də Şəhid Həniə generalın dəfn mərasimində onu «Qüds Şəhid»i adlandırdı".
İnqilabın Rəhbəri Şəhid Süleymaninin çox mühüm xüsusiyyətlərindən birinin ölkə məsələlərini qlobal baxışla təhlil etməsi, məsələlərə gözü bağlı və məhdud çərçivədən baxmaqdan çəkinmək olduğunu dedi: "O, hər bir mühüm regional və qlobal hadisənin bizim ölkəmizə də təsir etdiyinə inanırdı. Bu baxış və hesablama ilə ölkə xaricindən gələn təhlükəni müəyyən edir, təhlükənin qarşısını almaq və həll etmək üçün tədbir görürdü".
O vurğuladı ki, Şəhid Süleymaninin üstün xüsusiyyətləri "Süleymani məktəbi" adı altında araşdırıla bilər: "Bu məktəb elə İslam və Quran məktəbidir. Şəhid Süleymani ona bağlılığı ilə «nümunə, mərkəz və meyar»a çevrildi. Biz də eyni iman və saleh əmələ sahib olsaq, Süleymaniyə çevrilə və Allahın lütfünə layiq ola bilərik".
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində uğrunda pak qanların axıdıldığı müqəddəs məkanların müdafiəsi məsələsinə işarə edərək dedi: "Bəzi insanlar məsələləri anlamadıqları, bilmədikləri və düzgün təhlil etmədikləri üçün son hadisələrdən sonra müqəddəs məkanların müdafiəsi uğrunda tökülən qanların boşuna axıdıldığını düşünürlər. Bu təsəvvür və yanaşma böyük bir səhvdir. Çünki Hacı Qasim və hərəm müdafiəçilərinin şücaətli mübarizəsi olmasaydı, bu gün Zeynəbiyyə, Kərbəla və Nəcəf kimi müqəddəs məkanlardan əsər-əlamət yox idi".
O dedi: "Bir vaxtlar Samirrada səhlənkarlığa yol verildiyi üçün təkfirçi qruplar ABŞ-nin köməyi ilə Əsgəriyyə imamlarının günbəz və qəbirlərini dağıtdılar. Əgər canlarını qurban verməyə hazır olan mömin gənclər olmasaydı, digər müqəddəs məkanlar və müsəlmanların qəlblərinin qiblələri də eyni kədərli aqibəti yaşayacaqdı. Lakin müqəddəs məkanların müdafiəsinə qalxmış əziz və şərəfli mübarizlər düşmənin qarşısını alaraq ağzının payını verdilər".
İnqilabın Rəhbəri qeyd etdi ki, hərəmin müdafiəsi, əsl həqiqətdə, müqəddəs məkanların müdafiəsi ilə yanaşı, həmin məkanın sahibi və böyük imamların məktəbinin də müdafiəsidir: "Qurani-Kərimə görə haqq və Allah yolunda tökülən hər bir qan, hətta qələbə ilə nəticələnməsə belə boşa getmir, Allah dərgahında qiymətlidir. Ühüd döyüşündə Həzrət Həmzənin axıdılan qanı və İmam Hüseynin (ə) Kərbəlada axıdılan bütün qanlardan üstün olan qanı da boşa getməmişdir".
Həzrət Ayətullah Xamenei vurğuladı: "Əlbəttə, qələbə də mütləqdir. Hazırki batil hərəkətlərə və müvəqqəti üstünlük görüntüsünə baxmayın. Çünki bu gün meydan oxuyanlar bir gün möminlərin ayaqları altına tapdalanacaq".
İnqilabın Rəhbəri bildirdi ki, son illərin hadisələri, Şəhid Süleymani və yoldaşlarının aşkar fəaliyyətləri, xüsusilə müqəddəs məkanların qorunması istiqamətindəki hərəkətləri pak İnqilab ağacının, həyatiliyi, təravəti və məhsuldarlığının əlamətidir: " 1980-ci illərdə gənclər cəbhəyə getmək üçün valideynlərinin ayaqlarına düşüb onların razılığını almağa çalışdıqları kimi, 2000 və 2010-cu illərdə də şəhid Höcəci kimi gənclər cihad icazəsi almaq üçün analarının ayaqlarını öpürdülər. Bu, onu göstərir ki, İslam Respublikası 46 ildən sonra hələ də həyatdadır".
İnqilabın Rəhbəri milyonlarla iranlı gəncin İslamı müdafiə etmək üçün canlarını fəda etməyə hazır olduğuna işarə edərək dedi: "Müqəddəs məkanların müdafiəçiləri göstərdilər ki, bədxahların sərf etdiyi böyük sərmayələr və xərclərə baxmayaraq, müqavimət bayrağı hələ də dalğalanır və düşmən bu bayrağı Livanda, Fələstində, Suriyada, İraqda və İranda endirə bilməyib və bilməyəcək də".
Həzrət Ayətullah Xamenei hər bir ölkənin milli iqtidarı və müqavimətinin davamlı olması üçün güc faktorlarının qorunmasının vacib olduğunu vurğuladı: "Fədakarlığa hazır olan mömin gənclər istənilən ölkənin sabitliyi və iqtidarının ən vacib amilləridir. Belə gəncləri səhnədən kənarlaşdırmaq olmaz".
İnqilabın Rəhbəri əlavə etdi: "Əlbəttə, bizim ölkəmizdə bu məsələyə çox böyük əhəmiyyət verilir, amma digər ölkələr də buna əhəmiyyət verməlidir. Çünki mömin və fədakar gənclər meydana çıxmasa, Suriyaya bənzər bir vəziyyət yaranar, ABŞ, sionist rejim və digər təcavüzkar ölkələrin hücumuna məruz qalar, hərc-mərclik hökm sürər".
İnqilabın Rəhbəri təcavüzkar işğalçıların Suriyadakı mövcudluğunun davam etməsinin mümkünsüz olduğunu vurğulayaraq dedi: "Suriya Suriya xalqına məxsusdur. Suriya torpaqlarına təcavüz edənlər, heç şübhəsiz, bir gün Suriyanın qeyrətli gənclərinin gücü qarşısında geri çəkilməyə məcbur olacaqlar".
İnqilabın Rəhbəri ABŞ-nin Suriyada ardıcıl hərbi bazalar tikməsinə işarə edərək dedi: "Təcavüzkar bir xalqa aid olan torpaqdan çıxmalıdır, əks halda, onu çıxaracaqlar. Buna görə də ABŞ-nin hərbi bazaları mütləq suriyalı gənclərin ayaqları altında məhv ediləcək".
Həzrət Ayətullah Xamenei son qələbənin möminlərin olacağını vurğulayaraq dedi: "Livan müqavimətin simvoludur. Baxmayaraq ki, yaralanıb, amma əyilməyib, sonda qalib gələcək. Yəmən də müqavimətin simvoludur və qalib olacaq. İnşallah, başda tamahkar və cinayətkar Amerika olmaqla, təcavüzkar düşmənlər region xalqlarından əl çəkmək və regionu zillətlə tərk etmək məcburiyyətində qalacaqlar".
Çıxışının əvvəlində Rəcəb ayının dua, ibadət və Allaha təvəssül ayı olduğunu deyən İnqilabın Rəhbəri bu ayın yüksək ilahi məna və məzmunlarla zəngin dualarına işarə edərək dedi: "Qəlbləri, canları və niyyətlərin Allahın sonsuz rəhmət dənizinə qovuşdurmaq üçün Rəcəb fürsətindən istifadə etmək, Allahdan bəndəlik qətiyyəti, gücü və uğuru diləmək lazımdır".
Bu görüşdə şəhid Süleymaninin ailəsi, Hərəm müdafiəsi şəhidlərinin ailələrindən bir qrupu, keçən il Kermanın Şəhidlər Xiyabanında baş vermiş terror hadisəsinin şəhidlərinin ailələri, 2019-cu ildə Hacı Qasım Süleymaninin nəşinin təntənəli dəfn mərasimində şəhid olanların ailələri və son Livan hadisələrinin şəhidləri və yaralılarının ailələri iştirak etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir