Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Əhli-Beyt (ə) şairləri və məddahları ilə görüşdə dedi:

İranın regionda hər hansı addımı atmaq üçün proksi qüvvəyə ehtiyacı yoxdur

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər iki dünya xanımlarının ən üstünü Həzrət Fatimeyi-Zəhranın (ə) mübarək mövludunun ildönümü münasibətilə Əhli-Beyt (ə) şairləri, məddahları və müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilən görüşdə Həzrət Fatimeyi-Zəhranın (ə) "həqiqət yolunda mübarizə, dayanıqlılıq, şücaət, aşkar və güclü məntiq və arqumentlər" baxımından bütün bəşəriyyət üçün mükəmməl bir nümunə olduğunu dedi. O, düşmənlərin cəmiyyətdə qorxu yaratmaq, ayrı-seçkilik salmaq və ümidsizlik yaymaq üçün göstərdiyi səylərə işarə edərək vurğuladı: "Şeytanın ardıcıllarının xasiyyəti boş-boş danışmaq və yalan uydurmaqdır. Bunun qarşısını almağın yolu həqiqətləri çatdırmaq, düzgün məlumat vermək və qəbul edilə bilən məntiqi təqdim etməkdir".

Həzrət Ayətullah Xamenei həmçinin Həmas və Hizbullahı məhv etmək üçün sionist rejimin qarşıya qoyduğu məqsədilərin heç birinin gerçəkləşmədiyinə işarə edərək dedi: "Bölgənin şərəfli xalqları - Allahın köməyi ilə - bu mənfur rejimin kökünü kəsəcək və bölgə üçün daha gözəl bir gələcək quracaqlar".

İslam İnqilabının Rəhbəri regiondakı məsələlərə, o cümlədən Suriya məsələsi ilə bağlı bəzi məqamlara toxunaraq dedi: "Bir qrup iğtişaşçı xarici dövlətlərin köməyi, plan və proqramı ilə Suriya daxilindəki zəifliklərdən istifadə edərək bu ölkəni xaosa sürüklədi".

O, bir müddət əvvəl ABŞ-ın region ölkələri ilə bağlı tətbiq etdiyi ikili standart – hegemoniya ilə kompramisə gedən diktatoru hakimiyyət başına gətirmək, əgər mümkün olmasa, həmin ölkədə iğtişaş və hərc-mərclik yaratmaq - haqqında söylədiklərinə işarə edərək vurğuladı: “Onların Suriya ilə bağlı proqramları iğtişaş və hərc-mərcliklə nəticələndi. Hal-hazırda ABŞ, sionist rejim və yandaşları qələbə hissi ilə şeytanın tərəfdarları kimi boş-boş danışmaq və yalanlar yaymaqla məşğuldurlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ-ın yüksək vəzifəli məmurlarından birinin "İranda iğtişaş salan hər kəsə kömək edin və dəstək verin” məzmunlu eyhamı düşmənlərin boş-boş danışıqlarının bir nümunəsidir: "Axmaqlar sanki kabab qoxusu alıblar. Amma İran xalqı bu məsələdə ABŞ-nin muzdurluğunu qəbul edən hər kəsi ayaqları altına salıb tapdalayacaq".

İslam İnqilabının Rəhbəri regiondakı dəyişikliklərdən danışarkən sionist ünsürün qələbə iddiaları, rəcəzləri və boş-boş çərənləməsinə işarə edərək dedi: "Bədbəxtlər, siz harada qalib gəldiniz? Bu, qələbədir ki? 40 mindən çox qadın və uşağı bombalayaraq qətlə yetirdiniz, amma müharibənin əvvəlində elan etdiyiniz məqsədlərdən heç birini həyata keçirə bilmədiniz. Həmas-ı məhv etdiniz, ya Qəzzadakı əsirlərinizi azad etdiniz? Seyyid Həsən Nəsrullah kimi böyük bir şəxsiyyəti şəhid etsəniz də, Livan Hizbullahını yox edə bildinizmi?"

İnqilabın Rəhbəri regiondakı müqavimətin - Hizbullah, Həmas və İslami Cihadın diri və inkişafda olduğunu vurğulayaraq sionistlərə səsləndi: "Deməli, siz qalib gəlməmisiniz, əksinə, məğlub olmusunuz".

İslam İnqilabının Rəhbəri sionistlərin Suriyada irəliləməsi və bəzi əraziləri işğal etməsini qarşılarında heç bir maneə, müqavimət, hətta bir əsgərin olmaması ilə əlaqələndirərək dedi: "Bu maneəsiz irəliləmə qələbə deyil. Lakin şübhəsiz ki, qeyrətli və şücaətli suriyalı gənclər sizi oradan çıxaracaqlar".

Həzrət Ayətullah Xameneinin regionda baş verən dəyişikliklərlə bağlı toxunduğu üçüncü məsələ İranın regiondakı proksi qüvvələrini itirdiyini ifadə edən psixoloji və təbliğat müharibəsi ilə bağlı oldu.

O, İslam Respublikasının heç bir proksi qüvvəsinin olmadığını vurğulayaraq dedi: "Yəmən, Hizbullah, Həmas və İslami Cihad imanlı olduğu üçün döyüşür. Onları müqavimət meydanına gətirən bizim proksi qüvvəmiz olmaları deyil, inanc və imanın gücüdür".

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam Respublikası bir gün hər hansı addımı atmaq istəsə, proksi qüvvəyə ehtiyacı yoxdur: "Yəmən, İraq, Livan, Fələstin və inşallah, yaxın gələcəkdə Suriyadakı mömin və şərəfli kişilər zülm, cinayət, həmçinin mənfur və zorakı sionist rejimə qarşı mübarizə aparırlar. İslam Respublikası da mübarizə aparır və Allahın izni ilə bu rejimi bölgədən çıxaracağıq".

İslam İnqilabının Rəhbəri bu sözlərin siyasi bir bəyanat deyil, əksinə, təcrübə edilmiş və real həqiqətlər olduğunu dedi. O, 1980-ci illərin sonlarında Livandakı daxili müharibə və iğtişaşların ortasından Hizbullah adlı şərəfli, güclü və polad kimi bir təşkilatın baş qaldırdığını vurğuladı: "O təhdidlər və qeyri-sabitliklərin içərisindən Livan Hizbullahı kimi böyük bir fürsət meydana gəldi. Həmin dövrdə baş verən hadisələr, o cümlədən Seyyid Abbas Musavi kimi böyük şəxsiyyətlərin şəhadəti Hizbullahı zəiflətmədi, əksinə daha da gücləndirdi. Müqavimətin bu günü də, sabahı da belə olacaq".

Həzrət Ayətullah Xamenei təhdidlərin fürsətlərə çevrilməsinin ayıqlıq, məsuliyyət hissi və vəzifələrə əməl etməklə şərtləndiyini vurğulayaraq, bölgənin sabahının bu günündən daha yaxşı olacağına inandığını bildirdi: "Biz Suriyada da güclü və şərəfli bir təşkilatın ortaya çıxacağını proqnozlaşdırırıq. Çünki bu gün suriyalı gənclərin itirəcək heç bir şeyləri yoxdur; məktəbləri, universitetləri, evləri və küçələri təhlükəsiz deyil. Buna görə də onlar öz güclü iradələri ilə qeyri-sabitliyi planlaşdıran və onu icra edənlərə qarşı çıxmalı və qalib gəlməlidirlər".

İslam İnqilabının Rəhbəri çıxışının birinci hissəsində iki dünyanın xanımlar xanımının şəxsiyyətindən danışdı: "O xanımın həyatı, xüsusilə Peyğəmbərin (s) vəfatından sonra yaşadığı qısa müddət dinin möhkəm əsasları və həqiqətlərini dayanmadan izah etməkdən ibarət idi. Bu, bir nümunə və zirvədir. Ona çatmaq mümkün olmasa da, ona doğru daim hərəkət etmək lazımdır".

İslam İnqilabının Rəhbəri Peyğəmbərin (s) "Fətiməyə (s) qarşı sevgi yüz yerdə insanın dadına çatacaq. Bunlardan ən asanı ölüm vaxtı və qəbirdədir" hədisinin mənalarını izah edərkən dedi: “Bu hədisin səthi mənası budur ki, Həzrət Siddiqeyi-Kübraya (s.ə) qarşı sevginin saysız faydaları var. Hədisin dərin mənası budur ki, o xanımın sevgisini cəlb edən işlərin yüz yerdə faydası və misilsiz nəticəsi var”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Həzrət Fətimənin (s) xüsusiyyətlərini nümunə götürmək o misilsiz xanımın sevgisini qazanmağa səbəb olur: "Bu xüsusiyyətlərdən ən mühümü daim həqiqətləri çatdırmaqdır. Məddahlıq, əslində, həmin izah və aydınlatma cihadınının davamıdır".

Həzrət Ayətullah Xamenei Peyğəmbərin (s) "Mömin bəzən canı və ya qılıncı ilə, bəzən isə dili ilə cihad edir", - deyə qeyd etdiyi başqa bir hədisə toxunaraq dedi: "Bəzən dil ilə edilən cihadın önəmi və təsiri, canla edilən cihaddan daha çox ola bilər."

O, məddahları dillə cihad edən mücahidlər adlandırdı: "Məddahlıq bir neçə incəsənət növünü ehtiva edən bir sənət və tam əyarlı bir media növüdür. Onun ehtiva edtiyi müxtəlif yönlər forma və məzmun, söz və məna, şeir və musiqi, ahəng və kütləni idarə etmə bacarığı, insanlarla ünsiyyət istiqamətlərində təzahür edir".

Aktual məsələlərin qabardılmasının həqiqi bir ehtiyac olduğunu deyən İslam İnqilabının Rəhbəri düşmənin həqiqətləri təhrif etmək və şübhələr yaratmaq üçün gizli və açıq şəkildə planlar qurduğuna və vəsait xərclədiyinə işarə edərək dedi: "Məddahlar izah və aydınlatma, maarifləndirmə, ümid və aktivlik yaratma cihadı ilə düşmənə adekvat və təsirli cavab verə biləcək şəxslərdəndir".

Həzrət Ayətullah Xamenei düşmənin "qorxu yaratmaq, ixtilaf salmaq və ümidsizlik yaratma" fəaliyyətlərinin anti-İslam və anti-İran məqsədlərinə xidmət edən üçlü prinsiplər olduğunu dedi: "Şeytanın əsas hiyləsi və işi qorxu yaratmaqdır. Ədəbiyyat, şeir və düşüncə sahəsinin nümayəndələri gözəl bir məntiqlə şücaət, ayıqlıq və mübarizə hisslərini xalqa aşılamalıdırlar".

Bu görüşün əvvəlində ölkənin uzaq bölgələrindən gəlmiş məddah və şairlərdən 8-i Əhli-beyt (ə) barədə mədhiyyələr oxuyub onların fəzliətlərini yad etdilər. Görüş iştirakçıları birgə oxuduqları nəğmələrlə Həzrət Fətimeyi-Zəhraya (s) olan hörmətlərini ifadə etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /