Sual: Avtomobil almaq üçün lombarda qızıl qoyub pul götürmək icazəlidirmi? Belə ki, avtomobil pul qazanıb ailəni dolandırmaq məqsədilə alınır. Bu məsələnin şəri baxımdan hökmü nədir?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir.
Sual: Lombarda qoyulan və aylıq ödənişi verilə bilmədiyi üçün lombard tərəfindən mənimsənilən qızıllar var. Həmin qızılları lombard satışa çıxarır. Bu qızılları almaq icazəlidirmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Amma əgər lombard borc alan şəxsdən vəkalət alsa ki, aylıq ödənişləri vermədiyi təqdirdə qızılları satacaq və öz pulunu oradan götürəcəkdir, bu halda həmin qızılları almağın maneəsi yoxdur.
Sual: Bir şəxs velosiped almaq istəyib, amma məlum olub ki, bu velosipedin birinci sahibi onu lombarda qoyub, sələmə pul götürüb. Lombard da hansısa səbəbə görə (yəqin ki, borcu və ya faizi gecikdirdiyinə görə), həmin velosipedi başqa bir şəxsə satıb. Birinci sahibi onu haram müqavilə əsasında girov qoyub, ikinci sahibi (yəni lombard sahibi) haram müqavilə əsasında onu satıbsa, üçüncü sahibindən velosipedi almaq şəri baxımdan icazəlidirmi?
Cavab: Müxtəlif surətlər mövcuddur. Amma əgər lombard borc alan şəxsdən vəkalət alsa ki, borc ödənilmədiyi təqdirdə velosipedi satıb öz pulunu götürəcəkdir, bu velosipedi onlardan almağın maneəsi yoxdur.
Valyuta alğı-satqısı
Sual: Valyuta alğı-satqısı icazəlidirmi? Məsələn, əgər 1 manatın dəyəri 10 dollara bərabərdirsə və mən 1 manat verib 10 dollar alsam, sonra bir müddət gözləyib 10 dollar dəyər qazanan kimi yenidən onu manatla əvəz edib gəlir qazansam, bu, düzgündürmü? Yəni bu işin ticarəti icazəlidirmi?
Cavab: Müxtəlif valyutaları bir-biri ilə dəyişməyin maneəsi yoxdur. Məsələn, əgər siz hal-hazırda 1 manat verib qarşılığında 10 dollar alsanız, bir müddətdən sonra 1 manat 9 dollara olduqda, 9 dolları verib 1 manat alsanız, bu alğı-satqı icazəlidir.
Sual: Mən bir nəfərə 1000 dollar pulu 2000 manata satmışam və belə razılaşmışıq ki, dolları alan adam ödənişi bir aydan sonra edəcək. Ödəniş vaxtı çatanda dolları alan adam ödənişi manatla yox, həmin manata bərabər məbləğdə (yəni milli bankın müəyyən etdiyi məzənnəyə əsasən) dollarla (məsələn, 1200 dollar) ödəmək istəsə, bu məsələnin hökmü nədir?
Cavab: Əgər sözügedən alğı-satqı formal olsa və ribadan yayınmaq məqsədi daşısa, buna icazə verilmir və alınan əlavə məbləğ riba sayılır.