İslam İnqilabının Rəhbəri bu gün səhər minlərlə qadın və qızla görüşdə Həzrət Fatimənin (s.ə) yaradılış aləminin heyrətamiz varlıqlarından biri olduğunu qeyd etdi. O, İslamın qadınla bağlı konsepsiyasının mühüm prinsiplərindən söz açaraq dedi: “İslamda qadın və kişi bir-birini tamamlayır. Pak həyata nail olmaq üçün çalışmaq, elmi, mədəni, incəsənət, sosial-siyasi təsir, iqtisadi fəaliyyət və beynəlxalq məsələlər sahəsində intellektual və mənəvi qabiliyyətlər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur”.
Həzrət Ayətullah Xamenei, habelə sionist rejim və ABŞ-nin bölgədəki cinayətlərinin hələ də davam etdiyinə və bəzi ölkələrin onlara köməklik göstərdiyinə işarə edərək dedi: "Sionist rejim öz təsəvvüründə Suriya vasitəsilə Hizbullah qüvvələrini mühasirəyə alıb məhv etməyə hazırlaşır, amma məhv olacaq olan İsraildir".
İnqilabın Rəhbəri çıxışının əvvəlində hər kəsi Həzrət Siddiqeyi-Tahirənin (s.ə) viladət günləri münasibətilə təbrik etdikdən sonra qadın və qızalarla görüşün çox gözəl və izdihamlı olduğunu dedi. O, bu görüşdə çıxış edən 7 qadının toxunduğu bəzi əsas məsələlərə, o cümlədən "ailənin virtual məkanda qorunması", "əhali artmı", "incəsənət sahəsindəki qadınlarla bağlı məsələlər" və "evlilik məsələsinin asanlaşdırılması" məsələlərinə toxunaraq dedi: “Rəhbərlik aparatı və aidiyyəti qurumların məsul şəxsləri xanımların bu görüşdə qeyd etdiyi nüansları diqqət mərkəzində saxlayıb, ciddi nəzarətə götürsünlər”.
İnqilabın Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) yaradılış aləminin heyrətamizliklərindən olduğunu vurğulayaraq onun varlığının bəzi yönlərindən danışdı: "Bir gənc xanımın mənəvi, mələkuti və cəbəruti baxımdan - həm şiə, həm də sünni alimlərinin rəvayətlərinə görə - qəzəbi və razılığı Allahın qəzəbi və razılığı hesab edilən bir məqama yetişməsi çox əzəmətli və heyrətamizdir".
O qeyd etdi ki, “çətinliklərdə Peyğəmbərin dərdinə şərik olmaq”, “cihadda Əmirəl-mömininə yoldaşlıq etmək”, “ibadətdə mələkləri heyrətləndirmək”, “fəsahətli, bəlağətli və odlu xütbələr söyləmək”, “İmam Həsən (ə), İmam Hüseyn (ə) və həzrət Zeynəbi (s.ə) tərbiyə etmək” Həzrət Fatimənin (s.ə) misilsiz xüsusiyyətlərindəndir: "O, uşaq və gənc yaşlarında, evlilik həyatında və həyat tərzində ən gözəl və ən aydın müsəlman qadını nümunəsidir".
Həzrət Ayətullah Xamenei dünyada qadınla bağlı mövcud olan müxtəlif baxışlara diqqət çəkərək dedi: "Dünyanın nüfuzlu media vasitələrinə sahib olan kapitalizm və ona tabe olan siyasətçilər riyakar və yalançı fəaliyyətləri ilə qadınların qlobal ictimai məsələlərinə müdaxilə etmək və yön vermək məqsədilə öz cinayətkar və fəsada xidmət edən maraqlarını üzdə humanist və fəlsəfi görünən bir örtük altında gizlətməyə çalışırlar".
O, qeyri-səmimilik və ikiüzlülüyün Qərb müstəmləkəçiləri və kapitalistlərinin daim istifadə etdiyi bir metod olduğunu vurğulayaraq sənayeninin az maaşlı işçilərə olan ehtiyacını təmin etmək məqsədilə qadın azadlığı və müstəqilliyi adı altında qadınların fabrik və zavodlara cəlb edilməsinin bu riyakarlığın bir nümunəsi olduğunu dedi.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, təxminən 2 əsr əvvəl Amerika qullarının azad edilməsi şüarının gizli məqsədi qulları cənub tarlalarından bu ölkənin şimalındakı fabriklərə cəlb etmək olmuşdur: “Bu gün də feminizm, qadınların azadlığı və hüquqları şüarlarının arxasında siyasi və anti-humanist məqsədlər gizlədilir. Bu məqsədlərin bəziləri bəllidir, bəziləri də sonra üzə çıxacaq”.
O, İslamın bu sahə ilə bağlı məntiqinin hər kəs tərəfindən başa düşülməsi üçün İslamın qadınla bağlı konsepsiyasının şərh edilməsinin zəruri olduğunu bildirdi: “Biz bu məntiqi cəmiyyətə qəbul etdirməli və onun əsasında hərəkət etməliyik. İnqilabdan sonra bu sahədə çox işlər görülmüşdür”.
İnqilabın Rəhbəri vurğuladı ki, evlilik İslam dininin qadın konsepsiyasının birinci mühüm prinsipidir: “Quranın ayrı-ayrı ayələrinə əsasən, kişi və qadın eyni cinsdəndirlər, cütdürlər və bir-birlərini tamamlayırlar”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, qadın və kişinin cütlüyü və bir-birini tamamlaması ailə adlı üçüncü bir fenomenin təşkili üçün vacibdir: "Bu əsasla, ailə qurmaq yaradılış aləminin ilahi bir qanunudur. Xoşbəxtlikdən İran mədəniyyətində də ailə sevgisi millətin mədəni gücünün və dərinliyinin mühüm göstəricilərindən biridir".
İnqilabın Rəhbəri qeyd etdi ki, İslamın qadınla bağlı bir başqa prinsipi mənəvi hərəkət, yüksəliş, pak həyata nail olmaq baxımından kişi ilə qadın arasında heç bir fərq yoxdur: "İslama görə, qadın və kişi arasında fiziki fərqlərin olmasına baxmayaraq, hər ikisi intellektual və praktiki təşəbbüslərə, sonsuz istedad və qabiliyyətlərə malikdirlər ki, bu da qadının kişi kimi müxtəlif sahələrdə — elmi, siyasi, sosial, iqtisadi, beynəlxalq, mədəni və incəsənət fəaliyyətlərində aparıcı rol ifa etməsini mümkün, bəzən də vacib edir".
Həzrət Ayətullah Xamenei dedi ki, İslama görə ailədə qadın və kişinin fərqli rollar ifa etməsi onlardan birinin digərindən üstünlük səbəbi deyil: "Qadın və kişi ailədə bərabər hüquqlara malikdirlər. Əlbəttə, emosionallıq baxımından İslam qadına ailə mühitində təravəti və ətrinin qorunması və istifadə edilməsi vacib olan bir gül kimi baxır".
İslamın "qadın və kişi arasındakı əlaqə və münasibətlərə qoyulan məhdudiyyətlər" mövzusuna da toxunan İnqilabın Rəhbəri dedi: "İslamın hicab, iffət və baxış məsələləri ilə bağlı xüsusi vurğusu və mülahizələri var. Əlbəttə, bu gün Qərbdə mövcud olan komplekssiz davranışlar da nisbətən yenidir. Avropa qadınının 2-3 əsr bundan əvvəlin ədəbi əsərlərindəki təsvirləri göstərir ki, Qərbdə də qadın məsələsi ilə bağlı çoxsaylı mülahizələr olmuşdur".
O qeyd etdi ki, ananın mənəvi dəyəri və onunla fəxr etmək İslamın qadın məsələsinə baxışı nöqteyi-nəzərindən başqa bir prinsipdir: “Bu gün bəziləri kapitalistlər, istismarçılar və müstəqil cəmiyyətlərin, xüsusilə bizim cəmiyyətin bədxahları ana olmaqla bağlı mənfi təsvvür yaradırlar. Halbuki, ana olmaq və bir insan yetişdirmək çox böyük bir şərəfdir. Buna görə də İslamda, məsələn, “Cənnət anaların ayaqları altındadır” kimi ifadələrlə, anaya sevgi, xidmət və itaət mövzusunda çoxsaylı tövsiyələr verilmişdir”.
Həzrət Ayətullah Xamenei İslamın qadınlar haqqındakı konsepsiyasının mühüm prinsiplərini qeyd etdikdən sonra İnqilabın qələbəsindən sonra imanlı, bilikli və fəal qadınların müxtəlif sahələrdəki heyrətamiz inkişafının bu ali baxışa əsaslandığını dedi: "Qadınların mübarizələr dövrü və İnqilabın qələbəsindəki rolu təyinedici idi. Bəzi insanlar qadınların yürüşlərə qatılmalarına qarşı idilər, amma Böyük İmam bu baxışa kəskin şəkildə qarşı çıxdı".
Həzrət Ayətullah Xamenei əlavə etdi: "Qadınların meydana çıxması onların ərləri və uşaqlarının da meydana atılmasına səbəb oldu. Buna görə də bir mənada qadınlar inqilabı qalib etdilər".
İnqilabın Rəhbəri bildirdi ki, siyasi və beynəlxalq sahələrdəki mətanətli fəaliyyətlər, habelə Müqəddəs Müdafiə və Hərəmin müdafiəsi kimi hadisələrdə ifa edilən həlledici rollar İnqilabın qələbəsindən sonra qadınların göstərdikləri fəaliyyətlərin parlaq nümunələrindəndir: "İran qadını ölkənin kimliyini, mədəniyyətini, tarixi və köklü ənənələrini öz mətanəti, həyası və iffəti ilə qoruyub saxlaya bilib və bu günə qədər bir çox qərb ölkələrinin məruz qaldığı mənfi təsirlərdən təsirlənməyib, inşallah bundan sonra da öz hərəkətini eyni şəkildə davam etdirəcək".
Həzrət Ayətullah Xamenei qadınların universitetlərdə və elmi-teokratik mərkəzlərdə aparılan elmi və tədqiqat fəaliyyətlərində qazandıqları uğurlara işarə edərək dedi: "Bu gün müctəhid qadınların sayı az deyil, hətta hesab edirik ki, kişilərin düzgün və yaxşı təhlil etmədikləri bir çox qadın məsələlərində qadınlar müctəhid qadınlara təqlid etməlidirlər".
O, alim, universitet müəlliməsi, yazıçı, şair və sənətçi qadınların inkişafının İnqilabdan əvvəlki vaxtla müqayisəolnumaz dərəcədə olduğunu dedi: "Əlbəttə, düşmən də boş durmur və öz planlarını qurmaqla məşğuldur. Onlar çox tez anladılar ki, İnqilabı müharibə, bombardman, millətçilik və fitnəçi qruplar kimi sərt vasitələrlə diz çökdürmək mümkün deyil. Buna görə də yumuşaq üsullara - yəni təbliğat, vəsvəsə və dürüstlükdən uzaq şüarlara - keçdilər".
Həzrət Ayətullah Xamenei bildirdi ki, bir ölkədə iğtişaş və qarışıqlıq yaratmaqla qadınların müdafiəsini iddia etmək düşmənlərin yalan şüarlarından biridir: "Qızlar, qadınlar, müəllimlər, tələbələr və bütün qadın cəmiyyətləri bədxahların qadın məsələlərini dəyərlərdən sapdırmaq üçün əl atdıqları vəsvəsələr, hiyləgər metodlar və yumuşaq müharibə strategiyası qarşısında diqqətli olmalı və kifayət qədər səy göstərməlidirlər".
İnqilabın Rəhbəri çıxışının sonunda regiondakı məsələlərə işarə edərək qeyd etdi: "Suriyada həyata keçirilən hərəkət, sionist rejim ilə ABŞ-nin cinayətləri və digərlərinin onlara göstərdikləri köməklərlə düşmənlər müqavimət məsələsinin bitdiyini düşündülər, halbuki onlar çox böyük səhv edirlər".
O, Seyid Həsən Nəsrullah və Sinvarın ruhunun hələ də yaşadığını vurğulayaraq dedi: "Onların cismi getdi, amma şəhidlik onları mövcudluq aləmindən çıxarmadı, ruhları və fikirləri qalır, yolları davam edir".
Həzrət Ayətullah Xamenei Qəzzənin gündəlik sionist hücumları qarşısındakı dirənişi və Livan müqavimətinin davamlılığına işarə edərək dedi: "Sionist rejim öz təsəvvüründə Suriya vasitəsilə Livan Hizbullahını mühasirəyə alıb məhv etməyə hazırlaşır, amma kökü kəsilən İsrail olacaq".
İnqilabın Rəhbəri İranın Fələstin döyüşçüləri və Hizbullah mücahidlərinin yanında durmaqda, onlara hər cür dəstək verməkdə və mümkün olduğu qədər yardım göstərməkdə davam edəcəyini vurğulayaraq xəbis düşmənin bir gün mücahidlərin ayaqları altında tapdalandıqları günü görəcəklərinə ümidvar olduğunu dedi.
İnqilabın Rəhbərindən əvvəl çıxış edən 6 nəfər fəal qadın öz çıxışlarında "İnqilabçı müsəlman qadın nümunəsi”, “virtual məkan, qadın, ailə və uşaq", "ailə institutunun gücləndirilməsi vasitəsilə əhalinin problemlərinin həlli", "İncəsənət sahəsində çalışan qadınların bacarqları və qadınların dram əsərlərinin gücləndirilməsi", "evliliyin asanlaşdırılması və vasitəçilik məsələləri" və "mədəni kimliyin gücüləndirilməsi kontekstində qızların dərs proqramlarına düzəlişlər edilməsi" mövzularına toxundular.
Bu görüşdə iki livanlı şəhidin anası Aidə Surur müqavimət hərəkatının qadınları adından çıxış edərək müqavimətin davam etməsi və qələbəsi barədə danışdı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir