İnqilabin Rəhbəri bu gün səhər saatlarında əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə “Suriya hadisələrinin ayrı-ayrı qatlarının izahı, İranın bu ölkədəki mövcudluq məntiqinin təsviri, gələcəkdə regionda baş verəcək dəyişikliklər prosesinin şərhi və Suriya hadislərindən alınan dərslər və ibrətlər" mövzusunda çıxış edərək bildirdi: “Bu hadisələr ABŞ və sionist rejiminin birgə planının nəticəsidir. Allahın köməkliyi, gücü və qüdrəti sayəsində müqavimət hərəkatı təzyiqlər və cinayətlər qarşısında daha da möhkəmlənərək daha böyük bir motivasiya ilə bütün regionu əhatə edəcək”.
Həzrət Ayətullah Xamenei bu hadisələrdə Suriyaya qonşu olan bir dövlətin aşkar rolunun olduğuna işarə edərək dedi: “Bütün bunlara baxmayaraq, bir çox faktlar əsas təxribatçının, plan quranların və idarəetmə mərkəzinin ABŞ və sionist rejim olduğunu göstərir”.
O, sionistlər və amerikalıların son Suriya hadisələrində sərgilədikləri davranışı bu əlamətlərdən biri kimi qiymətləndirərək əlavə etdi: “Əgər bunlar Suriya hadisələrinin planını hazırlamayıblarsa, niyə digər ölkələrdən fərqli olaraq sakit oturmadılar və yüzlərlə infrastruktur obyektini, hava limanlarını, tədqiqat mərkəzlərini, elmi mərkəzləri və Suriyanın digər nöqtələrini bombalayaraq faktiki olaraq cari hadisələrə müdaxilə etdilər?"
İnqilabın Rəhbəri hadisələrin birinci və ikinci günləri Suriyanın 75 nöqtəsinə hücumlar ediləcəyi ilə bağlı ABŞ tərəfindən verilən rəsmi məlumata işarə edərək dedi: "Sionistlər yüzlərlə nöqtəni hədəf almaqla yanaşı, Suriyanın ərazilərini işğal etdilər və tanklarını Dəməşqə qədər yaxınlaşdırdılar. ABŞ digər ölkələrdəki kiçik sərhəd hadisələrinə böyük həssaslıq göstərdiyi halda, bu məsələyə nəinki etiraz etmədi, üstəlik köməklik də göstərdi. Bu faktlar onların Suriya hadisələrində əlinin olduğunu göstərmirmi?"
Həzrət Ayətullah Xamenei ABŞ və sionist rejimin Suriya hadisələrinə müdaxiləsini göstərən başqa bir fakta aydınlıq gətirərkən dedi: "Son günlər Suriyanın bəzi bölgələrinə, xüsusilə Zeynəbiyyəyə yardımlar və müəyyən təchizatlar göndərilməsi planlaşdırılırdı, amma sionistlər bütün quru yollarını bağladılar, ABŞ və sionist rejimin təyyarələri genişmiqyaslı uçuşlar edərək bu yardımların hava yolu ilə də göndərilməsinə mane oldular. Əgər onlar bu hadisənin müəllifi deyillərsə, müəyyən bir terrorçu və ya filan silahlı qruplaşmanın arxasında gizlənərək Suriya ilə müharibə aparmırlarsa, niyə Suriya əhalisinə yardım göstərilməsinə mane oldular?"
İnqilabın Rəhbəri şimal və cənub istiqamətindən Suriyanın torpaqlarını ələ keçirməyə çalışan hücumçuların ayrı-ayrı məqsədlər güddüyünü vurğulayaraq əlavə etdi: "Vəziyyətin belə olduğu bir vaxtda ABŞ öz mövqeyini möhkəmləndirməyə çalışır, amma zaman göstərəcək ki, heç biri öz məqsədlərinə çata bilməyəcək və şübhəsiz ki, Suriyanın işğal olunmuş əraziləri qeyrətli suriyalı gənclər tərəfindən azad ediləcək".
O, bölgədə baş verən dəyişikliklərin gələcək perspektivinin təsvirini verərkən vurğuladı ki, Allahın köməkliyi ilə ABŞ müqavimət cəbhəsi tərəfindən regiondan çıxarılacaq: "Müqavimət tərəfdarı olan Suriya hökuməti süquta uğradıqdan sonra imperialist qüvvələr müqavimət cəbhəsinin zəiflədiyini güman edirlər, amma çox böyük səhv edirlər. Çünki müqavimət və müqavimət cəbhəsini doğru-düzgün anlamayıblar".
Həzrət Ayətullah Xamenei bildirdi ki, müqavimət sındırıla və dağılaraq məhv edilə biləcək sərt bir qüvvə deyil, əksinə bir iman, düşüncə, ideoloji məktəb və qəlbən verilmiş bir qərardır: "Buna görə də müqavimət təzyiqlər vasitəsilə daha da güclənəcək, üzvlərinin motivasiyası çirkinlikləri gördükcə artacaq və əhatə dairəsi daha da genişlənəcək".
O, Hizbullah, HƏMAS, İslami Cihad və digər fələstinli qüvvələrin son 14 aylıq təzyiqlər altında daha da güclənməsinin bu həqiqətdən xəbər verdiyini dedi: "Müsibətlər və Seyyid Həsən Nəsrullahın itirilməsi çox ağır idi, amma Hizbullahın gücü və yumruğu daha da möhkəmləndi. Düşmən bu gerçəyi görüb atəşkəsə üz tutdu".
İnqilabın Rəhbəri qatil rejimin Qəzzədə törətdiyi misli görünməmiş cinayətlərə və Yəhya Sinvar kimi önəmli şəxsiyyətlərin şəhadətinə işarə edərək dedi: "Düşmən düşünürdü ki, Qəzzə əhalisi bombardmanlar altında HƏMAS-a qarşı üsyan edəcək, amma əksinə oldu. Xalq daha çox HƏMAS, İslami cihad və digər fələstinli mücahid qruplarının yanında yer aldı".
Həzrət Ayətullah Xamenei müqavimətin bütün bölgəyə yayılmasının düşmənlərin təzyiqləri və cinayətlərinin nəticəsi olacağını vurğulayaraq əlavə etdi: "Bu hadisələrin İranın zəifləməsinə səbəb olduğunu düşünən cahil və məlumatsız analitiklər anlamalıdırlar ki, İran güclüdür və daha da güclü olacaq".
O bildirdi ki, müqavimət xalqların iman və inancında kök salmış bir həqiqətdir: "ABŞ və hər hansı digər işğalçı qüvvəyə, Amerikaya nökərçilik və ondan asılılığa qarşı mübarizə mənasını ifadə edən müqavimət xalqlar üçün çox mühüm bir inancdır. Bu inanc son aylarda bölgə və dünya xalqlarının böyük izdihamlar fonunda Fələstinə dəstək verməsinə və sionistlərə qarşı nifrətini ifadə etməsinə səbəb oldu".
Həzrət Ayətullah Xamenei Fələstinin işğalından 75 ildən çox bir vaxt keçdiyinə işarə edərək dedi: "Bu məsələ bu qədər uzun müddət ərzində unudulmalı idi, amma bu gün Fələstin xalqının və bölgə xalqlarının Fələstin məsələsindəki müqaviməti, bu torpağın işğal edildiyi zamandan on qat daha çoxdur və xalqların müqavimətə olan ortaq inancı bu alovu daha da gücləndirib".
O, sionist rejimlə birlikdə olmağı xalqların qırmızı xətti kimi qiymətləndirərək əlavə etdi: "Sionistlər və ortaqları bilməlidirlər ki, ilahi qanuna əsasən, cinayət qələbə gətirməz. Bu gün bu ilahi qanun və tarixi təcrübə Qəzzə, İordan çayının qərb sahili və Livanda təkrarlanır".
İnqilabın Rəhbəri illər öncə İranın Suriyadakı mövcudluğuna işarə edərək dedi: "Çoxlarının, xüsusən də gənclərin məlumatsız olduqları bir məsələ var. Belə ki, biz Suriya dövlətinə yardım etməzdən əvvəl, yəni Müqəddəs Müdafiə dövrünün həssas vaxtlarında, hər kəs Saddamın xeyrinə və bizim əleyhimizə çalışdığı bir şəraitdə Suriya hökumətinin İrana həyat əhəmiyyətli bir köməyi dəydi. Suriya hökuməti həlledici bir addım ataraq İraqdan Aralıq dənizinə gedən neft boru kəmərini bağladı və Saddamı bu vasitə ilə əldə edilən gəlirdən məhrum etdi".
O bildirdi ki, gənclərin və bəzi iranlı zabitlərin Suriya və İraqda olmasının başqa bir səbəbi İŞİD fitnəsi ilə mübarizə olmuşdur: "İŞİD əmin-amanlığı pozan bir bomba idi. Onlar Suriya və İraqda əmin-amanlığı pozmağa, sonra da İrana keçməyə çalışırdılar. Ölkəmizdə əmin-amanlığı pozmaq onların son və əsas məqsədləri idi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qarışıqlıq və iğtişaşların İrana sirayət etməsinin qarışısının alınması zərurəti İslam Respublikasının İŞİD-lə mübarizəyə qalxmasının mühüm səbəbi olmuşdur: "Ölkəmizin məsul şəxsləri çox tez anladılar ki, əgər İŞİD-in qarşısı alınmasa, qeyri-sabitlik və qarışıqlıq bütün İranı bürüyəcək. Onların törətdikləri terror nümunələrini xalqımız parlament hadisələri, Şahçırağ türbəsi və Kerman hadisələrində gördü".
İnqilabın Rəhbəri qeyd etdi ki, Əmirəlmöminin (ə) öz evində düşmənlə mübarizəyə qalxan xalqın zillət və məğlubiyyətinin qaçılmaz olduğunu vurğulayaraq düşmənin evə qədər irəliləməsinə imkan verilməməsi ilə bağlı göstəriş vermişdir. Sonra o dedi: “Bu səbəbdən də qüvvələrimiz, şəhid general Süleymani və həmkarları İraq və Suriyaya yollandılar. Həmin ölkələrin gənclərini təşkilatlandırıb silahlandıraraq İŞİD-ə qarşı mübarizə apardılar və İŞİD-in belini qırdılar".
O, İŞİD-in Samirradakı müqəddəs türbəni məhv etdiyi kimi, Kərbəla, Nəcəf, Kazimeyn və Dəməşqdəki müqəddəs məkanları dağıtmaq məqsədinin olduğuna işarə edərək dedi: "Onların müqəddəs məkanlarla düşmənçiliyi qarşısında, bəlli idi ki, Əhli-Beyti sevən mömin və qeyrətli gənclər laqeyd qalmayacaq, təcavüzə icazə verməyəcəklər".
Həzrət Ayətullah Xamenei İslam Respublikasının Suriya və İraqdakı hərbi iştirakının "məsləhətçi" bir iştirak, yəni mərkəzi qərargahlar təşkil edilməsi, strategiya və taktikaların təyin edilməsi, lazım gəldikdə döyüş meydanında olmaq, ən əsası da həmin bölgələrin gənclərini səfərbər etməkdən ibarət olduğunu dedi: "Bizim Suriya və İraqdakı iştirakımızın məqsədi onların ordusunun yerinə döyüşmək üçün hərbi birləşmələr göndərmək deyildi; çünki bu, nə məntiqlidir, nə də ictimai rəy bunu qəbul edir".
İnqilabın Rəhbəri həmin dövrdə Suriyaya getmək üçün can atan səbirsiz gənclərin və bəsicilərin çoxsaylı istəklərinə işarə edərək dedi: "Qüvvələrimizin həmin bölgələrdəki əsas iştirakı məsləhətçilik, nadir və zaruri hallarda, əsasən, könüllü və bəsici qüvvələrin iştirakından ibarət olmuşdur".
O, İŞİD-ə qarşı mübarizə aparmaq üçün bir neçə min suriyalı gəncin şəhid Süleymaninin rəhbərliyi altında təlimatlandırılması, təşkilatlandırılması və silahlandırılmasının o şanlı generalın təqdirəlayiq addımlarından biri olduğunu qeyd edərək bir neçə ildən sonra Suriyanın hərbi rəhbərliyinin qərarı ilə həmin qrupun ləğv edilməsindən təəssüf hissi keçirdiyini bildirdi: "İŞİD fitnəsi yatırıldıqdan sonra qüvvələrimz, əsasən, Suriyadan geri döndü".
Həzrət Ayətullah Xamenei əsas müharibənin Suriya ordusu tərəfindən aparılmalı olduğunu vurğulayaraq dedi: "Suriya ordusu ilə yanaşı digər ölkələrin könüllü qüvvələrinin döyüşə qatılmaq imkanı var. Amma ordu zəiflik və iradəsizlik göstərsə, könüllü qüvvələrin heç bir köməyi olmayacaq. Təəssüf ki, bu hadisə Suriyada baş verdi."
O əlavə etdi: "Əlbəttə, hər hansı ölkəyə getmək üçün həmin ölkənin hökumətinin razılığı və tərəfdaşlığı lazımdır. Belə ki, İraq və Suriya hökumətlərinin istəyi ilə biz orada idik. Əgər onlar bizdən kömək istəməsələr, yol bağlanır və yardım etmək mümkün olmur".
Həzrət Ayətullah Xamenei dedi: "Suriyanın hazırki vəziyyəti və fəlakətlər Suriya ordusunun zəifliyi və müqavimət ruhunun azalmasının nəticəsidir".
İnqilabın Rəhbəri Suriya ordusunun zəifliyini İranın Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərlərinin yüksək ruhiyyəsi ilə müqayisə edərək onların döyüşə qatılmaq və müqavimətə kömək etmək icazəsi almaq üçün israr etdiklərini dedi: "Bu gün İran xalqı öz ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu ilə qürur duyur, fəxr edir. Halbuki, diktatura dövründə ordu o qədər zəif idi ki, xarici təcavüzə qarşı duruş gətirmədi və ikinci müharibədə düşmən Tehrana qədər irəliləyib onu işğal etdi".
Həzrət Ayətullah Xamenei Suriyada baş verən hadisələr və müqavimət cəbhəsi ilə bağlı bir neçə məqamı qeyd edərək dedi: "Hər kəs bilsin ki, vəziyyət bu şəkildə davam etməyəcək - bir qrup adam gəlsin, Dəməşqdə insanların evlərinə soxulsun, sionist rejim də bomba, top və tanklarla irəliləsin".
İnqilabın Rəhbəri vurğuladı: " İraq ABŞ tərəfindən işğal edildikdən sonra İraqın qeyrətli gəncləri əziz şəhid generalımızın köməyi, təşkilatçılığı və komandanlığı ilə düşməni evlərindən və küçələrindən qovub çıxara bildikləri kimi, şübhəsiz ki, Suriyanın qeyrətli gəncləri də ayağa qalxacaq və müqavimət göstərərək, hətta itkilər verərək bu vəziyyətə son qoyacaqlar. Əlbəttə, Suriyada bu iş uzun zaman ala bilər, amma nəticə qəti və mütləqdir".
O, Suriyada baş verən hadisələrdə məsul şəxslər və bütün millət üçün dərslər və ibrətlər olduğunu bildirdi: "Birinci dərs düşmənin diqqətdən qaçırılmamasından ibarətdir. Suriyada düşmən sürətlə hərəkət etdi. Onlar əvvəlcədən bunu proqnozlaşdırmalı və qarşısını almalıydılar. Belə ki, bizim kəşfiyyat qurumlarımız bir neçə ay əvvəl Suriyanın məsul şəxslərinə xəbərdarlıq məlumatları göndərmişdi".
Həzrət Ayətullah Xamenei dedi: "Düşməni diqqətdən qaçırmamalı, kiçik görməməli və ya təbəssümünə etimad edilməməlidir. Çünki bəzən o, gülümsəyir və xoş ahənglə danışır, amma arxasında xəncər saxlayıb zərbə vurmaq üçün fürsət gözləyir".
O, qələbə və məğlubiyyətin, fərdi və milli yüksəliş və enişin həyatın reallıqları olduğunu qeyd edərək dedi: "Əsas odur ki, yüksəliş zamanı özünü üstün görmək olmaz. Çünki özündən razılıq cəhalətə səbəb olur. Məğlubiyyətlərdə isə pasivləşmək və ümidsizliyə qapılmaq olmaz. Belə ki, müqavimət cəbhəsi qələbələrdə özündən razı olmur, məğlubiyyətlərdə passivləşmir".
Həzrət Ayətullah Xamenei əlavə etdi: "İnqilabdan sonrakı 46 il ərzində böyük və çətin hadisələri arxada qoymuşuq. Bir zamanlar Səddamın təyyarələri Tehran hava limanını bombalayır və insanlarda qorxu yaradırdı, amma İslam Respublikası bütün bu acı və bir-birindən fərqli hadisələr qarşısında bir an belə pasivləşmədi".
İnqilabın Rəhbəri passivliyin bəzən hadisənin özündən daha təhlükəli olduğunu vurğulayaraq dedi: "Mömin insan passiv olmamalı, əlindən heç bir şey gəlməməsi və təslimçilikdən başqa bir yolunun qalmaması hissinə qapılmamalıdır. Quran qələbələrdə şükür etməyi və qısa müddətli səhlənkarlıqlara görə tövbə etməyi, həmçinin özü ilə öyünməkdən qaçmağı tövsiyə edir. Buna görə də nailiyyətlər və uğurlarda özü ilə öyünmək, səhlənkarlıqlar və çətinliklərdə isə passivlik zəhərdir. Bunların hər ikisindən ehtiyat etməliyik".
O, işləri-gücləri insanları qorxutmaq və ürəklərə qorxu salmaqdan ibarət olan bir qrup şəxsə işarə edərək dedi: "Bəziləri xaricdə oturub farsdilli media vasitələri ilə bunu edirlər. Onlarla fərqli şəkildə davranmaq lazımdır. Amma daxildə heç kəs bu işi görməməlidir. Kiminsə öz təhlili və ya danışığında insanların ürəyində qorxu yaradan məzmun aşılaması cinayətdir və bununla bağlı tədbir görülməlidir".
Həzrət Ayətullah Xamenei çıxışını yekunlaşdırarkən İran xalqının işə hazır olduğunu bildirərək vurğuladı: "Allahın köməkliyi ilə bu bölgədə sionizm və qərbin xəbis qüvvələrinin kökü kəsiləcək".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir