İnqilabın Rəhbəri bu gün səhər minlərlə tələbə və şagirdlə görüşdə İran xalqının ABŞ-nın zülmü və hegemoniyasına qarşı ən azı 70 ildən artıq davam edən mübarizəsinin əsas səbəblərinə aydınlıq gətirərək vurğuladı: “İran xalqının ABŞ-nin imperializminə qarşı islami, milli, məntiqi, rasional və insani prinsiplərə əsaslanan mübarizəsi beynəlxalq hüquq normalarına uyğundur. Bu mübarizə düzgün bir yol xəritəsi ilə, heç bir laqeydlik və ya səhlənkarlığa yol verilmədən davam etdiriləcək. Bu qələbə yolunda sionist rejim və ABŞ İran xalqına qarşı atdıqları istənilən addıma görə mütləq ağır bir cavab alacaqlar”.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində bir tələbənin imperializmlə mübarizə forması ilə bağlı verdiyi təklifə işarə edərək, dedi: "Hər kəs bilməlidir ki, bu mübarizədə İran xalqının hazırlığı üçün lazım olan hərbi, silahlanma və siyasi tədbirlər həyata keçiriləcəkdir və məsul şəxslər hazırda bu işlərlə məşğuldurlar".
O əlavə etdi: "İran xalqının və məsul şəxslərin dünya imperializminə və mövcud dünya nizamına hökmranlıq edən cinayətkar quruma qarşı ümumi hərəkəti məntiqə, din, şəriət, əxlaq və beynəlxalq hüquq normalarına uyğundur; xalq və məsul şəxslər bu istiqamətdə heç bir laqeydlik və ya səhlənkarlığa yol verməyəcək".
İnqilabın Rəhbəri İran xalqının imperializmə qarşı mübarizəsinin daimi, davamlı və xalqın həyatının bir parçası olduğunu qeyd edərək dedi: "Bir günü “Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü” adlandırmaq, əslində, bu tarixi mübarizəni unutdurmamaq üçündür. Xüsusilə, ABŞ və regiondakı əlaltılarına qarşı mübarizədə xalqın cəsarətli və ayıq fəaliyyətini zəiflətməyə, sonra bu mübarizəni inkar etməyə çalışan bəzi qüvvələrin olduğunu nəzərə almaq lazımdır".
O, bəzi şəxslərin casus yuvasının ələ keçirilməsi məsələsinin həqiqəti ilə bağlı şübhə yaratmağa çalışdıqlarına işarə edərək dedi: "Bəzi insanlar deyirlər ki, ABŞ səfirliyi də bütün ölkələrin səfirlikləri kimi diplomatik fəaliyyətlər və məlumat toplama yeri olub; bəs niyə zəbt edilib?"
Həzrət Ayətullah Xamenei bu şübhəni rədd edərək vurğuladı: "Tehrandakı ABŞ səfirliyi, əldə edilmiş sənədlərin də təsdiqlədiyi kimi, anti-inqilabi hərəkatları təhrik və təşkil etmək, SAVAK-ın tör-töküntüləri ilə ixtilaf yaratmaq, etnik və milli zəmində qızışdırma aparmaq, çevrilişlər etmək, İmam Xomeyninin (r.ə) həyatını təhdid etmək və inqilabı məhv etmək üçün planların hazırlandığı mərkəz olmuşdur. Hətta bu hadisənin bəzi iştirakçıları şübhəyə düşsələr belə, bu reallıq dəyişməz".
İnqilabın Rəhbəri casus yuvasından əldə edilmiş sənədlərin çox mühüm və aydınladıcı olduğunu vurğulayaraq əlavə etdi: "Gənclər ABŞ səfirliyinin inqilab əlayehinə şəbəkə yaradılması və təxribat mərkəzinə çevrilməsi ilə bağlı həqiqətləri daha yaxşı anlamaq üçün casus yuvasının qovluqlarını və digər materialları oxusunlar".
O, Amerika səfirliyinin əsl mahiyyətini üzə çıxarmaq üçün casus yuvasının ələ keçirilməsini dönüş nöqtəsi və unudulmaz tarixi hadisə adlandırıaraq əlavə etdi: “Məhz buna görə də İmam həmin nüfuzedici baxışla tələbələrin hərəkətini dəstəklədi”.
Həzrət Ayətullah Xamenei İran xalqının qlobal imperializmə qarşı mübarizəsinin səbəbi ilə bağlı əsas suala belə cavab verdi: “Şübhəsiz ki, bu mübarizə Amerika hökumətinin əziz millətimiz və İran üzərində qəddar və həyasız hökmranlığından qaynaqlanırdı”.
O, casus yuvasının ələ keçirilməsinin İran xalqı ilə ABŞ arasındakı qarşıdurmanın başlanğıc nöqtəsi hesab edən bəzi azğın tarixçilərə işarə edərək əlavə etdi: “Bu, yalandır və bu qarşıdurma ən azı 19 avqust 1953-cü il tarixinə gedib çıxır. Belə ki, həmin tarixdə amerikalılar Müsəddiq hökumətinin sadəlövhlüyündən istifadə etdilər; qanlı çevrilişlə həmin milli və xalq hakimiyyətini devirərək zalım şah hakimiyyətini yenidən bərpa etdilər”.
İnqilabın Rəhbəri gənclərə milli hərəkat və 19 avqust çevrilişi zamanı baş vermiş prosesləri öyrənməyi və tədqiqatçılara bu mövzuda əsərlər yazmağı tövsiyə etdi: “Bunlar İran xalqının tarixinin dönüş nöqtələridir və onlar yaxşı izah edilməlidir”.
O, SAVAK-ın yaradılması və onun müstəntiqlərinə dəhşətli işgəncə üsullarının öyrədilməsinin, ordu, hökumət, nüfuz və casusluq şəbəkələrinin işlərinə qarışmaq üçün on minlərlə müftəxor amerikalı məsləhətçinin gətirilməsinin amerikalıların anti-İran fəaliyyətlərindən olduğunu bildirdi: “Bütün bu hərəkətlər milləti alçaltmaq və İrana hakim olmaq məqsədi güdürdü”.
İnqilabın Rəhbəri mənfur Pəhləvi rejiminin sionist rejimə etdiyi köməklərə toxunaraq əlavə etdi: “Regionun əksər hökumətləri sionist rejimlə əlaqələrini kəsdiyi halda, Pəhləvi rejimi ABŞ-nin diktəsi ilə neft təminatı və digər dəstəklər vasitəsilə unudulmaz bir xəyanətdə qəsbkar rejimi gücləndirirdi”.
O dedi: “Təəssüflər olsun ki, bu gün də bəzi hökumətlər sionist rejimin Qəzza və Livanda törətdiyi iyrənc cinayətlərə etinasız yanaşaraq bu qaniçən düşmənə iqtisadi və hətta hərbi yardımlar edir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, İran xalqının imperializmə qarşı mübarizəsi İslam təlimlərindən qaynaqlanan vacib bir vəzifəsidir: “Qlobal hegemonların iqtisadi, hərbi, mədəni və alçaldıcı hökmranlığı ilə mübarizə davam edəcək”.
İnqilabın Rəhbəri İran xalqının son 46 illik uğurlu təcrübəsinə əsasən, bəzi insanların ABŞ kimi inkişaf etmiş, güclü və hakim sistemlə mübarizə imkanı ilə bağlı şübhə yaratmasını düzgün hesab etmədi: “İran xalqı bu günə qədər davam edən bu mübarizədə qəti uğur qazanıb. Bu da öz heybəti və zorakılığı ilə xalqları qorxudan və onları geri çəkilməyə məcbur edən ABŞ-nin gücünü zəiflətmək bacarığından xəbər verir”.
O, çoxlu sayda amerikalı tələbələrin elmi birliklərinin Qərbin mədəniyyəti və sivilizasiyasına, ABŞ-nin addımlarına qarşı verdikləri bəyanatın, məzlum ölkələr və xalqların müdafiəsinə qalxmasının imperializmlə mübarizə hərəkatının uğur və inkişafının daha bir əlaməti olduğunu dedi: “Bu mübarizə günü-gündən şiddətlənəcək, İran xalqı, zülmə məruz qalmış xalqlar və müqavimət cəbhəsi mütləq tərəqqi edəcəkdir”.
Həzrət Ayətullah Xamenei sionist rejimin Qəzzada törətdiyi dəhşətli cinayətlərin, əksəriyyəti qadınlar və uşaqlar olmaqla 50 min insanın qətlə yetirilməsinin, habelə hazırda Livanda baş verən faciələrin hamısının ABŞ-nin açıq və həyasızcasına silahlandırma və siyasi dəstəyi ilə baş verdiyini, onların insan hüquqları iddialarının rüsvayçılığına səbəb olduğunu dedi: “İmperializmə qarşı mübarizə rasional, ağıllı və beynəlxalq məntiqə uyğun bir mübarizədir”.
O, İran xalqının imperializmə qarşı mübarizəsini qeyri-məntiqi göstərməyə çalışan insanları tənqid edərək bildirdi: "Bu insanları xəyanətkar hesab etmirik, amma bu düzgün, rasional və beynəlxalq məntiqə uyğun olan hərəkəti qeyri-məntiqi göstərmək ən azı dar düşüncəlilikdir”.
İnqilabın Rəhbəri imperializm sisteminin geniş miqyaslı media fəaliyyətlərinə baxmayaraq, İran xalqının dünya ictimaiyyətindəki nüfuzunun İslam Respublikasının məntiqli və uğurlu mübarizəsinin bir göstəricisi olduğunu dedi: “Doğru vəd” əməliyyatından sonra ayrı-ayrı ölkələrdə insanların küçələrə çıxıb şadyanalıq etməsi İran xalqının hərəkatının beynəlxalq məntiqlə və təbii ki, İslam və Quran məntiqi ilə qəbul edilməsi deməkdir”.
O, bu fundamental hərəkatın düzgün plan əsasında davam etdirilməsinin zəruri olduğunu vurğuladı: “Bu hərəkatın davam etdirilməsi elmi-texniki tərəqqidən və əziz gənclərin ölkəni intellektual və elmi cəhətdən gücləndirməklə kömək edə biləcəyi bir yol xəritəsinin olmasından asılıdır”.
Həzrət Ayətullah Xamenei məsul şəxslərin və mövcud imkanlar əsasında hərtərəfli şəkildə çalışan təşkilatçıların heç bir şəkildə uğursuzluğa düçar olmadıqlarını vurğulayaraq dedi: “Əmin olun ki, düşmənin heç bir hərəkəti İran adından mübarizə aparan şəxslər tərəfindən cavabsız qalmayacaq, unudulmayacaq. Düşmənlər - istər sionist rejim olsun, istərsə də ABŞ - İran xalqına və müqavimət cəbhəsinə qarşı etdiklərinin mütləq ağır cavabını alacaqlar”.
O qeyd etdi ki, işğalçı rejimin ABŞ-nin köməyi, müdaxiləsi və iştirakı ilə törətdiyi hazırkı cinayətlər hiyləgər ABŞ-nin yalançı “İnsan haqları” iddialarını tamamilə məhv etdi: “Bu gün dünya anlayır ki, Nəsrullah, Həniə və Süleymani kimi böyük şəxsiyyətləri terrorçu adlandıran insan haqlarının cinayətkar iddiaçıları özləri terrorçu və cinayətkar bandadır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqların bu qədər cinayət və hiyləgərlik qarşısındakı vəzifəsi ümumi bir hərəkət yaratmaqdır: “Siz şagirdlər və tələbələr İslam ölkələri, bölgə və regiondan kənar ölkələrin gəncləri ilə əlaqə və ünsiyyət quraraq hüquqları onlara izah etməli və xatırlatmalısınız ki, imperializm əleyhinə böyük və ümumi bir hərəkat yaransın”.
İslam İnqilabının Rəhbəri sonda qeyd etdi: “Allahın lütfü ilə bu islami və insani hərəkatla İran xalqı və müqavimət cəbhəsi özünün dünyadakı yerini tapacaq və düşmənə mütləq qalib gələcək”.
İnqilabın Rəhbəri yeniyetmə və gənc nəslə verdiyi mənəvi tövsiyədə onları Allahı xatırlamağa və şükür etməyə çağırdı: “Qarşıdakı yol qısa və asan deyil, siz əziz gənclər, minacat, dua, təvəssül, Quranla ünsiyyət, Allahın verdiyi nemətlərə, o cümlədən beynəlxalq cinayətkar bandalara qarşı mübarizə sisteminin mövcudluğuna görə şükür etməklə bu şərəfli yolda getməyin ağır vəzifələrini yerinə yetirmək üçün cəsarətinizi, elminizi və səyinizi artırmalısınız”.
O, gənclərin oyanışı, hazırlığı və bacarıq hissinin Allahın digər böyük nemətlərindən olduğunu bildirdi: “Allahın köməyi, Seyid Həsən Nəsrullah, İsmayıl Həniə, Sərdar Süleymani və yəhya Sinvar kimi əziz və nurani şəhidlərin ruhlarının köməyi ilə bu yolu davam etdirin”.
Bu görüşün əvvəlində şagirdlər adından İsfahanın 11-ci sinif şagirdi cənab Rza Süleymani, görüşdə iştirak edən tələbələr adından Şərif Universitetinin tələbəsi Fatimə Baqiri, müqavimətçi tələbələr adından İranda yaşayan livanlı tələbə cənab Seyid Heydər Fəzlullah çıxış edərək ABŞ-nin rəhbərlik etdiyi qlobal imperializmə qarşı mübarizə ilə bağlı görüş və təkliflərini bildirdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir