İnqilabın Rəhbəri bu gün səhər təhlükəsizlik şəhidlərinin hörmətli ailə üzvlərinin minlərlə nümayəndəsi ilə görüşdə bu şəhidləri haqq yolunun ən ali şəhidləri adlandırdı. O, cəmiyyətin bütün aspektlərində, insanların həyatının müxtəlif yönlərində təhlükəsizliyin fundamental əhəmiyyətinə işarə edərək vurğuladı: “Yalnız güclü bir İran ölkənin və xalqın təhlükəsizliyini və inkişafını təmin edə bilər. Buna görə də İran hər gün iqtisadi, elmi, siyasi, müdafiə və idarəetmə sahələrində daha da güclənməlidir”.
Həzrət Ayətullah Xamenei, habelə, mənfur sionist rejimin Qəzza və Livanda ən vəhşi müharibə cinayətlərini davamlı şəkildə törətməsinə işarə edərək, bu murdar rejimə qarşı bir "beynəlxalq koalisiya" təşkil edilməsini tələb etdi. O, iki gecə əvvəl sionist rejiminin etdiyi şər hərəkətinə də toxunaraq dedi: “Onların etdikləri səhvə gəlincə, onu xüsusi məqsədlərdən ötürü böyüdərək təqdim edirlər, lakin bunun kiçildilməsi, - "heç bir şey olmamışdır, əhəmiyyətli deyil" deməyimiz də yanlışdır”.
İnqilabın Rəhbəri sionist rejiminin İranla bağlı yanlış hesablamalarının pozulmasının zəruriliyini vurğulayaraq dedi: “Onlar İranı, İran xalqını və gənclərini tanımadıqları üçün səhvə yol verirlər və hələ də İran xalqının gücünü, bacarığını, təşəbbüsünü və iradəsini düzgün başa düşə bilməyiblər; bunu onlara başa salmalıyıq”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Əlbəttə, məsul şəxslər işin keyfiyyətini düzgün müəyyən etməli, bu ölkə və xalq üçün faydalı olanları həyata keçirməlidirlər ki, onlar İran xalqının kim, gənclərinin necə olduğunu anlasınlar”.
İslam İnqilabının Rəhbəri qeyd etdi: “İran xalqının bu düşüncəsi, motivasiyası, hazırlığı və cəsarəti qorunmalıdır, çünki bu amillər özləri təhlükəsizliyi təmin edir”.
O, bu gün təhlükəsizlik şəhidlərinin ailələri ilə görüşdə təhlükəsizlik şəhidləri və onların ailələrinin xalqın üzərində olan haqqının, həqiqətən, sözlə təsvir edilə bilməyəcək bir həddə olduğunu dedi: “Təhlükəsizlik ölkənin və xalqın inkişafını təşkil edən bütün yol və vasitələrin əsasını təşkil edir. Daxili İşlər Nazirliyi, Bəsic, Sepah, ordu və kəşfiyyat qurumlarının təhlükəsizliyi canları bahasına qoruyan mənsublarının və bu yolda canlarını qurban vermiş şəhidlərin əhəmiyyət və dəyərini təhlükəsizliyin misilsizliyi kontekstində dərk etmək lazımdır.
İnqilabın Rəhbəri Qurani-Kərimə istinad edərək təhlükəsizliyi böyük bir ilahi nemət adlandırdı. O, təhlükəsizliyin keşikçilərinin fəaliyyət sahəsinin genişliyinə işarə edərək dedi: “Təhlükəsizlik və onun qiymətli mühafizəçilərinin olmadığı hər yerdə şər baş verir”.
Həzrət Ayətullah Xamenei sərhədlərdə və şəhərlərdə quldurluq, qarət, oğurluq, silah qaçaqmalçılığı, narkotik qaçaqmalçılığı və şayiə yayılması kimi halları təhlükəsizliyin pozulmasına yönəlmiş cəhdlərə misal gətirərək dedi: “Bu qəbildən olan şərlərin hər hansı birinə qarşı çıxan adam "təhlükəsizliyin müdafiəçisi" şərəfli adını qazanacaq”.
İnqilabın Rəhbəri təhlükəsizliyin təmin edilməsi və qorunmasının əsas və vacib amilinə aydınlıq gətirərkən dedi: “Bəzi insanlar qəribə təhlillər apararaq imperialistlərin diqqətini cəlb edən, onları həssaslaşdıran vasitələrin, o cümlədən raket istehsalından çəkinmənin İran üçün təhlükəsizlik gətirəcəyini düşünürlər. Lakin bu səhv düşüncə və təsəvvür, əslində, xalqa və məsul şəxslərə deyir ki, təhlükəsiz olmaq üçün ölkəni zəif saxlayın”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, milli güc İranın təhlükəsizliyinin yeganə yoludur: “Ölkəni və cəmiyyəti təhlükəsizləşdirmək, eləcə də İranın inkişafı üçün hər cəhətdən – iqtisadi, elmi, müdafiə, siyasi, idarəetmə və digər sahələrdə güclü olmalıyıq və hər gün daha da güclənməliyik.
O, I və II Dünya Müharibələri zamanı ölkənin tərəfsizliyinin elan edilməsinə baxmayaraq, İranın işğal edilməsinin ləyaqətsiz, xain, satqın və asılı rəhbərlərin pis siyasətlərindən qaynaqlandığını dedi: “Onlar real güc vasitələrindən üz çevirərək, xalqı və ölkəni təhlükəsizliyin təmin edilməsində zəiflik və acizlik çəkən bir vəziyyətə saldılar”.
İnqilabın Rəhbəri təhlükəsizliklə bağlı mühüm bir məsələni izah edərkən, insanların psixoloji təhlükəsizliyinin vacibliyini vurğuladı: “Xüsusilə virtual mühitdə, bəzi məlumatlar, şayiələr və ya yanlış analiz və şərhlərlə insanlarda təşviş, narahatlıq, qorxu və tərəddüd yaradan insanlar Quranın təbiri ilə "mürəccifun" (şayiə və yalan xəbər yayanlar) hesab edilirlər. Allah bu davranışlarını dayandırmadıqları təqdirdə Peyğəmbərə onları cəzalandırmağı əmr edir.
Bu cür insanların yanlış analizlər və ya qərəzli davranışlar içərisində olduğunu deyən Həzrət Ayətullah Xamenei olanlara səslənərək vurğuladı: “Ağıla gələn hər şeyi virtual mühitdə paylaşmaq olmaz; bunun insanların əhval-ruhiyyəsi, hissləri və düşüncələri üzərindəki təsirini nəzərə almaq lazımdır”.
O, son günlər və həftələrdə virtual mühit mövzusunun dəfələrlə təkrarlanmasına işarə edərək dedi: “Virtual mühitlə bağlı qərar vermək və ya qərar qəbul etmək istəyənlər, bir yalnış xəbər və ya məlumatın insanların narahat olmasına və şübhəyə düşməsinə necə səbəb olduğunu unutmamalıdırlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkə rəhbərləri sərhədlər, küçələr, prospektlər və insanların həyatının təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıdıqları kimi, insanların psixoloji təhlükəsizliyinin qorunmasında da tam məsuliyyət daşıyırlar”.
İnqilabın Rəhbəri ölkələrə və xalqlara düşmən olan bədxahların sərt müharibə ilə yanaşı yumşaq müharibə vasitələrindən istifadə etdiklərinə işarə edərək dedi: “Cəmiyyətin psixoloji mühitini təhlükəsizsizləşdirmək bu yumşaq müharibənin bir hissəsidir və hər kəs onların öz məqsədlərini həyata keçirmək üçün virtual məkandan necə istifadə etdiklərini görüb”.
O, çıxışının bu hissəsinin sonunda təhlükəsizlik şəhidlərinin ailələrinə səslənərək dedi: “Başınızı dik tutun və şəhidlərinizlə fəxr edin, çünki onlar və digər təhlükəsizlik mühafizəçiləri olmasaydı, ölkə və xalq üçün çox problemlər yaranardı; buna görə də bütün xalq bu şəhidlərə və onların ailələrinə minnətdar olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində sionist rejimin Qəzzada törətdiyi dəhşətli cinayətlərə, o cümlədən on min uşağın və on mindən çox qadının şəhid edilməsinin ən vəhşi müharibə cinayətlərindən olduğunu vurğulayaraq dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin bu rejimin Qəzza və Livandakı fəaliyyətlərinə qarşı mübarizədə böyük laqeydlik göstərdiyini sərt şəkildə tənqid etdi.
O dedi: “Müharibənin öz qaydaları, qanunları və sərhədləri var. Müharibələrdə bütün sərhədlər tapdalanmamalıdır. Cinayətkar banda işğal altında olan torpaqlarda bütün qaydaları və sərhədləri ayaqları altında əzib məhv ediblər”.
Həzrət Ayətullah Xamenei hökumətlərin, xüsusən də İslam hökumətlərinin cinayətkar rejimə qarşı çıxmalarını və bu qatil rejimə qarşı qlobal bir koalisiya yaradılmasını zəruri hesab edərək əlavə etdilər: “Qarşı çıxmaq iqtisadi yardımları dayandırmaq demək deyil, çünki işğalçı rejimə yardım göstərilməsinin ən çirkin və ən böyük günahlardan olduğu aydın məsələdir. Qarşı çıxmaq deyilərkən ən vəhşi müharibə cinayətlərini törədən şər rejimə qarşı beynəlxalq siyasi, iqtisadi və lazım gəldikdə hərbi koalisiya yaradılması nəzərdə tutulur”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir