Sual: Sosial şəbəkələrdən istifadə etmək olarmı?
Cavab: Əgər sosial şəbəkələrdən fəsad törətmək (məsələn, yalan məlumatlar və şayiələr yaymaq, əxlaqa zidd materiallar yaymaq və s.) məqsədilə istifadə edilərsə, yaxud sosial şəbəkələrdən istifadə zamanı günah etmək qorxusu mövcud olarsa, yaxud da sosial şəbəkələrdən istifadə etmək İslamın və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, bu hallarda sosial şəbəkələrdən istifadə etməyə icazə verilmir.
Virtual dərslər
Sual: Naməhrəm qız-oğlanların, qadın-kişilərin sosial şəbəkələrdə dini qruplarda birlikdə dərs öyrənməkləri icazəlidirmi?
Cavab: Əgər bu işin bir fəsadı olarsa və ya günah etmək qorxusu mövcud olarsa, icazə verilmir.
Fotoşəkil paylaşmaq
Sual: Müsəlman bir qadının öz hicablı fotoşəklini sosial şəbəkələrdə paylaşması icazəlidirmi?
Cavab: Müxtəlif hallar ola bilər. Əgər bu işin fəsadı olarsa və ya günah etmək qorxusu mövcud olarsa, buna icazə verilmir.
Sual: Hicablı qadın sosial şəbəkədə öz həyat yoldaşı ilə olan fotoşəkillərini paylaşa bilərmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Əgər fəsadı olarsa, buna icazə verilmir. Əks halda, bunun öz-özlüyündə maneəsi yoxdur.
Naməhrəmə salam vermək
Sual: Qonşu qızlara, qadınlara salam verməyin hökmü nədir?
Cavab: Kişinin naməhrəm qadına salam verməsi məkruhdur. Xüsusilə də gənc qadına salam verməsi daha çox məkruhdur. Amma əgər qadına salam verməyin bir fəsadı olarsa, yaxud günah etmək qorxusu mövcud olarsa, salam verməyə icazə verilmir.
Sileyi-rəhim
Sual: Xain qohum-əqrəba və qonşularla əlaqə saxlamaq düzgündürmü? Çünki hiss edirsən ki, onlar sənin yaxşılığını deyil, pisliyini istəyirlər. Sənin başına pis iş gələndə sevinir, yaxşı iş gələndə isə pis olurlar. Yəni belələri ilə necə rəftar etmək doğru olar? İslam dini bu məsələdə nə göstəriş verir?
Cavab: “Sileyi-rəhim” qan qohumları ilə əlaqə saxlamaqdır. Ümumiyyətlə, qan qohumları ilə əlaqəni kəsmək haramdır. Amma sileyi-rəhim məhz get-gəl etmək deyildir. Telefonla hal-əhval tutmaq və mesajlaşmaq və bu kimi işlər də sileyi-rəhim hesab olunur.
Quran öyrətmək və Quran qiraətini dinləmək
Sual: Qadının naməhrəm kişi müəllimindən qiraət və təcvid dərsi alması, imtahan məqsədilə ayələri avazla oxuyub səsyazısını bu müəllimə göndərməsi şəriətə görə icazəlidirmi?
Cavab: Əgər bu iş naməhrəmin diqqətini cəlb edərsə və onun hisslərini təhrik edərsə, yaxud başqa bir fəsadı olarsa, buna icazə verilmir. Əks halda, bu işin maneəsi yoxdur.
Qadının ifası
Sual: Qadın dini məclislərdə tək və ya cəm halda ilahilər oxuya, hədis və hekayə söyləyə bilərmi? Nəzərə alaq ki, naməhrəmlər onun səsini eşidirlər.
Cavab: Əgər qadın ğina şəklində oxusa, yaxud bilsə ki, naməhrəm kişi onun səsini eşidir və onun səsi naməhrəmin diqqətini cəlb edə və ehtirasının təhrik olunmasına səbəb ola bilər, yaxud başqa bir fəsada və ya harama səbəb ola bilər, bu halda qadının oxumasına icazə verilmir. Qeyri hallarda isə şəriət hüdudlarına və qaydalarına riayət edərək oxumasının maneəsi yoxdur. Bu məsələni ayırd etmək isə insanın öz öhdəsindədir.