Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin Seyid Səfiyəddinin şəhadəti ilə bağlı müraciəti

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei müqavimət cəbhəsinin gənclərinə ünvanladığı müraciətdə Livan Hizbullahının İcra Şurasının rəhbəri Seyid Haşim Səfiyəddini (Allah ondan razı olsun) hörmətlə yad edərək dedi: “Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və uzun zamandır Livanı parçalamaq məqsədi güdən sionist rejimin tamahkarlığının qarşısını kəsən ən möhkəm sipərdir”.

İnqilabın Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Müqavimət cəbhəsinin əziz gəncləri!

Cəsur və fədakar mücahid Seyid Səfiyəddin (Allah ondan razı olsun) müqavimət şəhidlərinin sırasına qoşuldu və bununla da Qüds uğrunda aparılan mübarizə səmasını başqa bir parlaq ulduz bəzədi.

O, Hizbullahın ən görkəmli şəxsiyyətlərindən biri və cənab Seyid Həsən Nəsrullahın əbədi dostu idi. Hizbullah onun kimi liderlərin müdrikliyi və cəsarəti sayəsində Livanı parçalanma və dağılma təhlükəsindən qorumağı bacardı, bədbəxt və zalım ordusu bəzən Beyruta qədər irəliləmiş qəsbkar rejimin təhdidini zərərsizləşdirdi.

Onun və Nəsrullahın digər aparıcı komandir və mücahidlərinin şücaəti və fədakarlığı Livanın cənubundakı Litani, Sur və digər şəhərlərin qəsb edilərək işğal edilmiş Fələstinə birləşdirilməsi təhlükəsini ortadan qaldırdı, Hizbullahın  qiymətli abrını, canını və malını Livanın ərazi bütövlüyünü qorumağa sərf edərək cani və təcavüzkar sionistin arzusunu ürəyində qoydu.

Bu gün Nəsrullah və Səfiyəddin kimi liderlər cismən aramızda deyillər, amma ruhları və liderlikləri meydandadır, Livanı və onun müdafiəsiz əhalisini qorumaqda davam edirlər.

Hizbullah bu gün də Livanın ən güclü müdafiəçisi və sionist rejimin tamahkarlığı qarşısında ən möhkəm sipərdir. Bu rejim uzun müddətdir ki, Livanı parçalamağı qarşısına məqsəd qoyub. Düşmən Hizbullahın Livan üçün fədakar rolunu inkar etməyə çalışır. Livana ürəyi yanan şəxslər bu yanlış sözlərin onların dilindən eşidilməsinə icazə verməməlidirlər.

Hizbullah diridir, inkişaf edir və öz tarixi rolunu yerinə yetirir. İslam Respublikası da həmişə olduğu kimi, Qüds mücahidlərinə və Fələstini qəsb etmiş cinayətkar dəstənin işğalına qarşı müqavimət göstərənlərə Allahın izni ilə kömək edəcək.

Əzizimiz cənab Seyid Səfiəddinin şəhadəti münasibətilə onun əziz ailəsini, yaxınlarını və bütün müqavimət cəbhələrindəki döyüş yoldaşlarını təbrik edir və başsağlığı verirəm.

Salam olsun Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei
03 aban 1403
24 oktyabr 2024

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /