İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın Tehranda qılınan dini-siyasi Cümə namazındakı böyük və əzəmətli izdihamı qarşısında etdiyi çıxışı zamanı müsəlmanların birliyi və həmrəyliyinin ilahi rəhmət, izzət və düşmənlər üzərində qələbəyə səbəb olduğunu dedi: “İslamın müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İranın Silahlı Qüvvələrinin qaniçən sionist rejimi cəzalandırmaq üçün həyata keçirdiyi parlaq iş tamamilə qanuni idi. İslam Respublikası bu istiqamətdə vəzifə bildiyi hər bir addımı yubanmadan və tələsmədən, qüdrət, əzm və qətiyyətlə həyata keçirəcək”.
Tehranın İmam Xomeyni (r.ə) adına müsəllası və kilometrlərlə uzanan ətraf küçələrdə məsuliyyətini anlayan saysız-hesabsız mömin və inqilabçı insanların iştirakı ilə təşkil edilmiş bu mərasimdə Həzrət Ayətullah Xamenei mücahid, şəhid Seyid Həsən Nəsrullahın İslam dünyasının məşhur siması, qürur mənbəyi və region xalqlarının danışan dili olduğunu dedi:
“Müqavimətin bayraqdarı və məzlumların cəsur müdafiəçisi şəhid olduqdan sonra təsiri daha da artacaq. Bölgə xalqları və Allah yolunun mücahidləri onun şəhadət mesajını izləyəcək – sionist düşmən məğlub olana qədər müabrizəni daha böyük iman və təvəkküllə, daha möhkəm birlik içərisində, heç bir tərəddüd etmədən, daha güclü şəkildə, bütün varlığı ilə davam etdirəcəkdir”.
İslam İnqilabının Rəhbəri Qurani-Kərimin “Müsəlmanların həmrəyliyi” siyasətinə aydınlıq gətirərək dedi: “Müsəlmanların vəhdəti, həmrəyliyi və əməkdaşlığını ehtiva edən rəhbərlik Allahın izzətli və hikmətli yardımına səbəb olacaq. Bu da maneələrın aşılması və düşmən üzərində qələbə ilə nəticələnəcək”.
O qeyd etdi ki, bu ilahi siyasətin əksi dünyanın təcavüzkar imperialistlərinin bölücülük siyasətidir: “İslam ümməti imperialistlərin “parçala və hökmranlıq et” siyasətindən çox əziyyət çəkib. Lakin bu gün müsəlmanların oyanış günüdür. Bu məşum siyasətin təkrarlanmasına yol verilməməlidir”.
Həzrət Ayətullah Xamenei düşmənlərin parçalamaq üçün əl atdıqları müxtəlif hərbi, siyasi, iqtisadi, sosial və mədəni siyasətlərə işarə edərək dedi: “İran xalqının düşməni Fələstin, Livan, Misir, Suriya, İraq, Yəmən və digər İslam ölkələrinin düşmənidir. Hücum və bölücülük göstərişlərinin hamısı bir fərman otağından verilir. Yeganə fərq onun İslam ölkələrindəki fərqli tətbiq metodlarındadır”.
İnqilab Rəhbəri vurğuladı: “Əgər hər hansı xalq düşmənin iflicedici mühasirəsinə düşmək istəmirsə, ayıq olmalı, düşmən bir xalqın üzərinə gedəndə dərhal o xalqın köməyinə tələsməlidir. Əks halda, növbədə o özü olacaq”.
O dedi: “Biz Əfqanıstandan Yəmənə, İrandan Qəzza və Livana qədər bütün İslam ölkələrində müdafiə, müstəqillik, şərəf və ləyaqət kəmərini möhkəm bağlamalıyıq”.
İnqilabın Rəhbəri İslamın torpaqların, evlərin və maraqların müdafiə edilməsinin qanuniliyi və rasionallığı ilə bağlı aşkar müdafiə hökmlərinin olduğuna işarə edərək dedi: “Konstitusiyaya, habelə beynəlxalq qanunlara əsasən, xalqların, o cümlədən Fələstin xalqının işğalçılardan müdafiə edilməsi tamamilə qanuni və güclü məntiqə malikdir. Heç kəsin, heç bir mərkəzin və beynəlxalq təşkilatın onlara etiraz etmək hüququ yoxdur”.
Həzrət Ayətullah Xamenei İslam, ağıl və beynəlxalq qanunlara əsasən, özünü işğalçılardan müdafiə edən bir xalqa kömək edilməsinin qanuniliyinə toxunaraq əlavə etdi: “Məzlum Qəzza əhalisinə kömək etdiyi və Fələstin xalqının qiyamına dəstək verdiyi üçün heç kəs Livan xalqına və Hizbullaha etiraz edə bilməz”.
İnqilabın Rəhbəri keçən il eyni vaxtda baş vermiş “Əl-Əqsa tufanı” əməliyyatının Fələstin xalqının hüququ və beynəlxalq qanunlara əsaslanan düzgün və məntiqli bir hərəkət olduğunu dedi. O, Livanlıların Fələstin xalqını canları bahasına müdafiə etməsini yüksək qiymətləndirdi.
Ayətullah Xamenei bu əsasla ölkəmizin Silahlı Qüvvələrinin bir neçə gecə əvvəl sionist rejimə qarşı atdığı parlaq addımın tamamilə qanuni olduğunu dedi: “Silahlı Qüvvələrimizin bu addımı ABŞ-ın regiondakı vampir və canavar xislətli quduz iti olan qəsbkar sionist rejimin heyrətamiz cinayətlərinə qarşı çox kiçik bir cəza tədbiridir”.
O vurğuladı ki, bu istiqamətdə İslam Respublikasının üzərinə hansı vəzifə düşürsə, qüdrət, mətanət və qətiyyətlə yerinə yetirəcək: “Biz bu vəzifəni yerinə yetirərkən yubanmır, səhlənkarlığa yol vermir, tələskənlik etmir, rasional, məntiqli və düzgün olan tədbirləri hərbi və siyasi qərargahın qərarı ilə vaxtında həyata keçiririk. Bunu etdik, gələcəkdə də lazım gəlsə, edəcəyik”.
İnqilabın Rəhbəri Cümə namazının ərəb dilində oxuduğu ikinci xütbəsində bütün dünya müsəlmanlarına, xüsusilə əziz Livan və Fələstin xalqlarına səslənərək dedi: “Tehranın Cümə namazında qardaşım, əzizim və iftixarım, İslam dünyasının sevimli siması, bölgə xalqlarının danışan dili, Livanın parlayan cəvahiri cənab Seyid Həsən Nəsrullahın (r.ə) xatirəsinin əziz tutulmasını lazım bildim”.
O vurğuladı ki, əziz seyidin şəhadəti hamımızı matəmə, böyük bir qəm-qüssəyə qərq etdi: “Təbii ki, matəmimiz matəm, depressiya və ümidsizlik deyil, həzrət Seyyidüş-şühədanın (ə) əzadarlığı kimi diriltmək, dərs vermək, stimul və ümid yaratmaq xüsusiyyətinə malikdir”.
Həzrət Ayətullah Xamenei şəhid Nəsrullahın həqiqi şəxsiyyəti, ruhu, yolu və aydın səsinin qalıcı olacağını ded: “O, zülmkar və soyğunçu əhrimənlərə qarşı çıxan müqavimət bayrağı, məzlumların müdafiəçisi, danışan dili, haqq tələb edən mübarizlərin cürət və cəsarət səbəbi idi.
İnqilabın Rəhbəri əlavə etdi: “Onun nüfuzu və cazibəzi Livan, İran və ərəb ölkələrinin hüdudlarını aşmışdı. Bu gün onun şəhadəti bu təsiri daha da artıracaq”.
O qeyd etdi ki, həyatda olduğu vaxt şəhid Nəsrullahın ən mühüm şifahi və əməli mesajı İmam Musa Sədr və Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətlərin itirilməsi səbəbindən yaranan ümidsizlik və məyusluqdan çəkinmək olmuşdur: “Şəhid Nəsrullahın mesajı bu idi: mübarizə yolunda tərəddüd etməyin, gücünüzü, bacarığınızı artırın, həmrəyliyinizi ikiqat edin, təcavüzkar düşmənə qarşı iman və təvəkküllə müqavimət göstərin, onu məyus edin. Bu gün də şəhid seyidimizin öz xalqı, müqavimət cəbhəsi və bütün İslam ümmətindən istədiyi budur”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, mənfur düşmənin möhkəm Hizbullah, Həmas, İslami Cihad və Allah yolunun digər mücahid təşkilatlarına ciddi ziyan vura bilməməsi onun terror etmək, dağıtmaq, bombalamaq və dinc əhalini qətlə yetirmək, silahsız insanlara zərər vermək kimi addımlar atmasına səbəb olur.
“Düşmən bunu öz qələbəsinin əlaməti hesab edir. Lakin bu davranışlar qəzəb və hiddətin daha da kəskinləşməsinə, insanların motivasiyasının artmasına, kişilərin, ordu rəhbərlərinin, liderlərin və fədailərin daha çox boy göstərməsinə, qaniçən canavarın mühasirə çənbərinin daha da daralmasına, sonda rüsvayçı varlığının tarixdən silinməsnə səbəb olacaq”.
O, şəhid Nəsrullahın 30 illik mübarizəsi, səbirli və məntiqli tədbirləri, ayrı-ayrı vaxtlarda sionist rejimi geriyə itələyən Hizbullahı addım-addım inkişaf etdirməsinə işarə edərək dedi: “Hizbullah, həqiqətən, “Pak ağac”dır. Hizbullah, onun qəhrəman və şəhid lideri Livanın tarixi və kimlik fəzilətlərinin cövhəridir”.
İslam İnqilabının Rəhbəri iranlıların Livan və onun imtiyazları ilə tanışlığına, Sərbədarlar və Səfəvilərin hakimiyyəti dövründə Livanın böyük dini şəxsiyyətləri və elm xadimlərinin elm və bərəkətlərindən bəhrələndiklərinə işarə edərək dedi: “Yaralı və qanlar içərisindəki Livana olan borcumuzu ödəmək bizim və bütün müsəlmanların vəzifəsidir”.
O, vurğuladı: “Hizbullah və şəhid Seyid Qəzzanın müdafiəsinə qalxmaqla, Məscidül-Əqsa uğrunda cihad etməklə, qəsbkar və zalım rejimə zərbə endirməklə bütün regiona və İslam dünyasına həyati xidmət yolunda addım atdı”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ və ortaqlarının qəsbkar rejimin təhlükəsizliyini qoruyub saxlanma cəhdləri regionun bütün resurslarını ələ keçirmək və ondan böyük qlobal münaqişələrdə istifadə etmək üçün rejimi alətə çevirən təhlükəli siyasətin üzərini örtən pərdədir: “Onların siyasəti rejimi regiondan qərb dünyasına enerji ixrac etmək, Qərbdən isə məhsul və texnologiya idxal etmək üçün bir qapıya çevirməkdən ibarətdir. Bu, qəsbkar rejimin mövcudluğu və bütün regionun ondan asılı vəziyyətə salınmasının qarantı deməkdir”.
O vurğuladı ki, sionist rejimin döyüşçülərə qarşı qəddar və amansız rəftarı onların belə bir vəziyyətə olan hərisliklərindən qaynaqlanır: “Bu fakt bizə başa salır ki, qəsbkar rejimə hər hansı şəxs və qrup tərəfindən vurulan zərbə bütün bölgəyə, hətta bütün bəşəriyyətə xidmətdir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, qəsbkar rejimin mövcudluğuna zəmanət verən sionist və amerikan yuxusu qeyri-mümkün və xam xəyaldır: “Bu qondarma rejim Qurani-Kərimin təbirincə desək, kökü olmayan, davamsız çirkin ağacdır. ABŞ-ın dəstəkləri ilə özünü güclə ayaq üstə saxlayır. Bu da Allhın lütfü ilə çox sürməyəcək”.
O bildirdi ki, sionist rejimin davamsızlığının aşkar dəlili mühasirədə olan mücahidlərlə mübarizə apara bilməməsidir: “Artıq bir ildir ki, düşmən Qəzza və Livanda bir neçə milyard dolar xərcləməsinə, ABŞ və bir neçə qərb dövlətinin hərtərəfli yardımlarına baxmayaraq, mühasirədə olan, xaricdən gələn istənilən köməkdən məhrum edilmiş bir neçə min mücahid və mübariz kişi qarşısında məğlubiyyətə uğrayıb. Yeganə bacardıqları şey evləri, məktəbləri, xəstəxanaları, silahsız və sivil insanların toplaşdığı mərkəzləri bombalamaqdır”.
Həzrət Ayətullah Xamenei cinayətkar sionist bandanın artıq yavaş-yavaş Həmas və Hizbullah üzərində heç vaxt qələbə çala bilməyəcəkləri qənaətinə gəldiyinə işarə edərək, müqavimətçi Livan və Fələstin xalqına, cəsur döyüşçülərə, səbirli və qədirbilən insanlara səsləndi: “Bu şəhadətlər, torpaq üzərinə axıdılmış qanlar hərəkatınızı zəiflətmir, əksinə, daha da gücləndirir”.
O, 1360-cı (1981) ilin yayında İslam İnqilabının sütunları və çoxlu sayda yüksək rütbəli dövlət xadiminin şəhadətinə işarə edərək dedi:” O əzizlərin itkisi asan olmadı, amma inqilab dayanmadı, geri çəkilmədi, əksinə, sürətləndi. Bu gün də bölgədəki müqavimət bu şəhadətlərlə geri çəkilməyəcək, qələbə əldə edəcək.
Qəzzadə müqavimətin dünyanı heyrətə gətirdiyini və İslama şərəf verdiyini vurğulayan İnqilabın Rəhbəri əlavə etdi: “Qəzzada İslam öz sinəsini hər növ pislik və çirkinliklərə sipər edib. Elə bir azad insan yoxdur ki, bu müqaviməti alqışlayıb, qəddar və qaniçən düşmənə lənət yağdırmasın”.
O dedi ki, “Əl-Əqsa tufanı”, Qəzza və Livanın bir illik müqaviməti sionist rejimin öz mövcudluğunu qoruya bilməyəcəyi ilə bağlı narahatlıq hissinı yenidən dönməsinə səbəb oldu: “Bu o deməkdir ki, Fələstin və Livanın mübariz kişilərinin mübarizəsi sionist rejimi 70 il geriyə qaytara bilmişdir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, bu regionda münaqişə, müharibə və geriliyin əsas səbəbi sionist rejimin, habelə sülh və əmin-amanlıq iddiasında olan hökumətlərin buradakı mövcudluğudur: “Regionun əsas problemi yadların müdaxiləsidir. Bölgənin hökumətləri burada sülh və əmin-amanlığı bərqərar etməyə qadirdirlər. Bu böyük və xilaskar məqsəd üçün xalqların və hökumətlərin səy və mübarizələri lazımdır”.
O, Nəsr əzəmətli Cümə namazının xütbələrinin sonunda Allahın hərəkətdə olan yolçularla birlikdə olduğunu vurğulayaraq Allah yolunun mücahidlərinə belə salam verdi: “Rəhbər şəhid Nəsrullaha, qəhrəman şəhid Həniəyə, qürur mənbəyi olan komandan general Qasim Süleymaniyə Allahın salamı olsun”.
Mərasimin sonunda İslam İnqilabının Rəhbərinin imamlığı ilə Cümə və Əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir