Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət ünvanladı:

Müqavimətin lideri bir şəxsiyyət deyildi, bir yol, bir məktəb idi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə bağlı etdiyi müraciətində Hizbullahın misilsiz rəhbərinin şəhadəti münasibətilə bütün müqavimət cəbhəsinə və İslam ümmətinə təbrik və başsağlığı verərək ölkədə beş günlük matəm elan etdi: “Onun Livanda qoyduğu təməl və digər müqavimət mərkəzlərinə verdiyi istiqamət, əziz müqavimət liderinin itkisi ilə nəinki yoxa çıxmayacaq, əksinə, onun və bu hadisənin digər şəhidlərinin qanı sayəsində daha da güclənəcək. Müqavimət cəbhəsi sionist rejiminin tənəzzülə uğramaqda olan gücsüz bədəninə daha sarsıdıcı zərbələr endirəcək”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

بسم اللّه الرحمن الرحیم
انا للّه و انا الیه راجعون

Əziz İran xalqı!
Böyük İslam ümməti!

Böyük mücahid, bölgədəki müqavimətin bayraqdarı, fəzilətli din alimi, müdrik siyasi lider cənab Seyid Həsən Nəsrullah (rizvanullahi əleyh) dünən gecə Livanda baş vermiş hadisələr zamanı şəhadətə yetişərək mələkut aləminə ucalmışdır. Müqavimətin əziz lideri onilliklər ərzində Allah yolunda apardığı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir müharibə zamanı aldı. O, Beyrutun Zahiyə qəsəbəsinin pənahsız əhalisi, dağıdılmış evlərin və onların didərgin düşmüş əziz sakinlərinin müdafiəsi üçün plan hazırlayarkən şəhid oldu. Necə ki, onilliklər boyu məzlum Fələstin xalqını, qəsb edilmiş şəhər və kəndlərini, dağıdılmış evlərini və kütləvi qətllərə məruz qalmış sakinlərinin yaxınları və əzizlərini müdafiə etmək üçün planlar qurub mübarizə aparırdı. Bu qədər mübarizədən sonra şəhidlik səadəti onun təbii haqqı idi.

İslam dünyası böyük şəxsiyyəti, Müqavimət cəbhəsi şanlı bayraqdarı, Hizbullah isə misilsiz lideri itirdi, amma onun onilliklərlə davam edən tədbiri və cihadının bərəkəti itməyəcək. Seyidin Livanda qurduğu və digər müqavimət mərkəzlərinə istiqamət verən təməl onun itkisi ilə nəinki yox olmayacaq, əksinə onun və bu hadisənin digər şəhidlərinin qanı sayəsində möhkəmlənəcək. Allahın lütfü ilə Müqavimət cəbhəsi sionist rejiminin tənəzzülə uğramaqda olan gücsüz bədəninə daha da sarsıdıcı zərbələr endirəcək. Sionist rejiminin çirkin zatı bu hadisədə qələbə əldə etməyəcək.

Müqavimətin lideri bir şəxsiyyət deyildi, bir yol, bir məktəb idi. Bu yol olduğu kimi davam edəcək. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadı, Şəhid Seyid Həsənin də qanı yerdə qalmayacaq.

Özündən əvvəl oğlu Seyid Hadini Allah yolundan qurban vermiş əziz Seyidin dəyərli həyat yoldaşına və övladlarına, bu hadisənin şəhidlərinin ailələrinə, Hizbullahın üzvlərinin hər tək-təkinə, əziz Livan xalqına və Livanın rəhbərliyinə, bütün müqavimət cəbhəsinə və İslam ümmətinə Böyük Nəsrullahın və onun şəhid yoldaşlarının şəhadəti münasibətilə təbrik deyir, başsağlığı diləyir, İranda beşgünlük ümumi matəm elan edirəm. Allah onları öz Övliyalarına qovuşdursun!

Salam olsun Allahın saleh bəndələrinə!

Seyid Əli Xamenei
7 mehr 1403
28 sentyabr 2024

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /