Ali Məqamlı Rəhbərin informasiya bloku

Südvermə vasitəsilə məhrəm olan şəxslər

Sual: Südvermə vasitəsilə uşağa hansı şəxslər məhrəm olur?
Cavab: Əgər bir qadın səkkiz şərt daxilində bir uşağa süd versə, bu uşaq ilə bəzi şəxslər arasında məhrəmlik yaranır. Bu şəxslər aşağıdakılardır:
1- Südverən qadın bu uşağın anası hökmündə olur və ona “süd anası” deyilir; 
2- Qadının əri – hansı ki, qadın bu kişinin uşağını dünyaya gətirmiş və bu doğuma görə onun döşünə süd gəlmişdir – uşağın atası hökmündə olur və ona “süd atası” deyilir;
3- Süd anasının ata və anası, baba və nənəsi və bu silsilə ilə yuxarı doğru irəliləyərək  (hətta onlar süd atası və anası olsalar belə);
4- Süd anasından dünyaya gələn və ya sonradan dünyaya gələcək uşaqlar;
5- Süd anasının övladlarının uşaqları, onların uşaqları (istər bu uşaqlar süd anasının övladlarından dünyaya gəlsinlər, istərsə də süd anasının övladları bu uşaqlara süd vermiş olsun);
6- Süd anasının bacısı və qardaşı (hətta qadının süd bacısı və qardaşı olsalar belə);
7- Süd anasının əmisi və bibisi (hətta qadının süd əmisi və bibisi olsalar belə);
8- Süd anasının dayısı və xalası (hətta qadının süd dayısı və xalası olsalar belə);
9- Süd atasının başqa qadından olan övladları, onların övladları (hətta onlar süd övladları olsalar belə);
10- Süd atasının atası və anası, babası və nənəsi və bu silsilə ilə yuxarıya doğru irəliləyərək;
11- Süd atasının bacısı və qardaşı (hətta kişinin süd bacısı və qardaşı olsalar belə);
12- Süd atasının əmisi və bibisi, dayısı və xalası, əminin əmisi və bibinin bibisi, dayının dayısı və xalanın xalası və bu silsilə ilə yuxarıya doğru irəliləyərək.
Qeyd: “Şəriət hökmlərinin izahı” adlı kitablarda südvermə vasitəsilə məhrəm olan digər şəxslər də qeyd olunub. Daha geniş məlumat əldə etmək üçün bu kitablara müraciət edin.

Məhrəmliyə səbəb olan südvermənin şərtləri
Sual: Məhrəmliyə səbəb olan südvermənin şərtləri hansılardır?
Cavab: Məhrəmliyə səbəb olan südvermənin səkkiz şərti vardır:
1. Körpə diri qadının südünü əmməlidir. Deməli, əgər körpə ölmüş qadının döşündən süd əmsə, məhrəmlik yaranmır.
2. Qadının südü haram cinsi əlaqədən dünyaya gələn uşağın südü olmamalıdır. Deməli, əgər zinadan dünyaya gələn uşağın südü başqa bir uşağa verilsə, bu uşaq bu süd vasitəsilə heç kimə məhrəm olmayacaqdır.
3. Körpə südü döşdən əmməlidir. Deməli, əgər südü körpənin boğazına töksələr, məhrəmlik yaranmır.
4. Süd xalis olmalıdır, yəni başqa bir şeylə qarışmış olmamalıdır.
5. Süd bir ərə aid olmalıdır. Deməli, əgər südverən qadına talaq verilsə və qadın başqa bir kişiyə ərə gedib ondan hamilə qalsa, amma uşağını dünyaya gətirənədək birinci ərə aid südü hələ də döşündə qalmış olsa, qadın doğanadək – məsələn – səkkiz dəfə birinci ərə aid süddən və uşaq dünyaya gələndən sonra yeddi dəfə ikinci ərə aid süddən bir uşağa verərsə, bu uşaq heç kimə məhrəm olmayacaqdır.
6. Körpə əmdiyi südü xəstəlik səbəbilə qusmamalıdır. Əgər qusarsa, ehtiyat-vacibə görə, süd əmmək vasitəsilə bu uşağa məhrəm olacaq şəxslər onunla evlənməməli, eyni zamanda ona məhrəm kimi də baxmamalıdırlar.
7. Körpə on beş dəfə və ya bir gecə-gündüz (bir sutka) müəyyən bir qaydada doyunca süd əmməlidir. Yaxud uşağa o miqdarda süd verilməlidir ki, “bu süddən uşağın sümükləri bərkimiş və bədəninə ət gəlmişdir” deyilməlidir. Hətta əgər körpəyə on dəfə süd verilsə belə, ehtiyat-müstəhəbə görə, süd əmmək vasitəsilə o uşağa məhrəm olacaq şəxslər onunla evlənməsin, eyni zamanda onunla məhrəm kimi də davranmasınlar.
8. Uşağın iki yaşı tamam olmamalıdır. Əgər iki yaşı tamam olandan sonra uşağa süd verilərsə, bu uşaq heç kimə məhrəm olmur. Hətta əgər iki yaşı tamam olmamışdan qabaq on dörd dəfə və sonra bir dəfə süd əmərsə, yenə də heç kimə məhrəm olmur. Amma əgər südverən qadının doğuşundan iki ildən çox vaxt keçsə və onun döşündə süd hələ də qalmış olsa və qadın bu südü bir uşağa versə, bu uşaq qeyd edilən şəxslərə məhrəm olacaqdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər