Ali Məqamlı Rəhbərin informasiya bloku

“Məhrəm” ifadəsinin mənası

Sual: “Məhrəm” dedikdə, kimlər nəzərdə tutulur?
Cavab: “Məhrəm” dedikdə, İslam dininə görə bir qrup yaxın qohumlar nəzərdə tutulur ki, onlarla izdivac etmək haramdır. Məhrəmlər üç dəstəyə ayrılır: 
1- Nəsəbi-məhrəm, yəni qan qohumu olan məhrəm şəxs; 
2- Səbəbi-məhrəm, yəni şəri izdivac (daimi və ya müvəqqəti izdivac) vasitəsilə məhrəm olan şəxs; 
3- Rizai-məhrəm, yəni südvermə vasitəsilə məhrəm olan şəxs. 
Xatırlatma: Məhrəm və südvermə mövzusuna aid məsələlərin izahı genişdir. Məsələlərin təfsilatı üçün “Şəriət hökmlərinin izahı” adlı kitablara müraciət olunmalıdır.

Kişiyə məhrəm olan qadınlar
Sual: Kişiyə qan qohumlarından məhrəm olan qadınlar kimlərdir?
Cavab: Kişiyə qan qohumlarından məhrəm olan qadınlar aşağıdakılardır:
1. Ana, ananın və atanın anası (yəni nənə), nənənin anası və bu silsilə ilə yuxarıya doğru olan qadınlar;
2. Kişinin öz qızı, oğlunun və qızının qızı (yəni nəvə), nəvənin qızı (yəni nəticə) və bu silsilə ilə aşağıya doğru olan qızlar;
3. Bacı (bu, həm oğlan ilə eyni ata-anadan olan qıza, həm də təkcə atadan və ya təkcə anadan eyni olan qıza şamil olur);
4. Bacının qız övladları, nəvələri, nəticələri və bu silsilə ilə aşağıya doğru olan qızlar;
5. Qardaşın qız övladları, nəvələri, nəticələri və bu silsilə ilə aşağıya doğru olan qızlar;
6. Kişinin öz bibisi, atasının və anasının bibisi, nənələrinin və babalarının bibisi (qeyd edək ki, bibi qızı və onun övladları məhrəm deyildirlər);
7. Kişinin öz xalası, atasının və anasının xalası, nənələrinin və babalarının xalası (qeyd edək ki, xala qızı və onun övladları məhrəm deyildirlər).
Qeyd: Bibinin bibisi və xalanın xalası kişinin ata və anasının öz bibisi və ya xalası olduqları təqdirdə, kişiyə məhrəmdirlər. Əks təqdirdə, məhrəm deyildirlər.

Sual: İzdivac vasitəsilə kişiyə hansı qadınlar məhrəm olur?
Cavab: Daimi və ya müvəqqəti nikah əqdi oxunan kimi qadının anası, nənəsi və bu silsilə ilə yuxarıya doğru olan qadınlar kişiyə əbədi məhrəm olurlar. Hətta qadın öldükdən və ya ərindən ayrıldıqdan sonra bu qadınlar kişiyə məhrəm qalırlar. Qeyd edək ki, əgər bir kişi bir qadınla izdivac etsə və bu qadının əvvəlki ərindən qızı olsa, nikah əqdi oxunan kimi qadının qızı bu kişiyə məhrəm olmur. Amma qadınla bu kişi arasında cinsi əlaqə olduqdan sonra onun qızı ərinə məhrəm olur.

Qadına məhrəm olan kişilər
Sual: Qan qohumlarından qadına məhrəm olan kişilər kimlərdir?
Cavab: Qan qohumlarından qadına məhrəm olan kişilər aşağıdakılardır:
1. Ata, atanın və ananın atası (yəni baba), babanın atası və bu silsilə ilə yuxarıya doğru olan kişilər;
2. Qadının öz oğlu, oğlunun və qızının oğlu (yəni nəvə), nəvənin oğlu (yəni nəticə) və bu silsilə ilə aşağıya doğru olan oğlanlar;
3. Qardaş (bu, həm qız ilə eyni ata-anadan olan oğlana, həm də təkcə atadan və ya təkcə anadan eyni olan oğlana şamil olur); 
4. Qardaşın oğlan övladları, nəvələri, nəticələri və bu silsilə ilə aşağıya doğru olan oğlanlar;
5. Bacının oğlan övladları, nəvələri, nəticələri və bu silsilə ilə aşağıya doğru olan oğlanlar;
6. Qadının öz əmisi, atasının və anasının əmisi, babalarının və nənələrinin əmisi (qeyd edək ki, əmi oğlu və onun övladları məhrəm deyildirlər);
7. Qadının öz dayısı, atasının və anasının dayısı, babalarının və nənələrinin dayısı (qeyd edək ki, dayı oğlu və onun övladları məhrəm deyildirlər).
Qeyd: Əminin əmisi və dayının dayısı qadının atasının və anasının öz əmisi və ya dayısı olduqları təqdirdə, qadına məhrəmdirlər. Əks təqdirdə, məhrəm deyildirlər.

Sual: İzdivac vasitəsilə qadına hansı kişilər məhrəm olur?
Cavab: İzdivac vasitəsilə qadına məhrəm olan kişilər aşağıdakılardır:
1. Ər, ərin atası (yəni qaynata), ərin babası, ərin başqa qadından olan oğlu və nəvələri;
2. Qadının öz kürəkəni, qızının və oğlunun kürəkəni, nəvəsinin kürəkəni.
Daimi və ya müvəqqəti nikah əqdi oxunan kimi kişinin atası, babası və bu silsilə ilə yuxarıya doğru olan kişilər qadına əbədi məhrəm olurlar. Hətta kişi öldükdən və ya qadından ayrıldıqdan sonra onlar qadına məhrəm qalırlar. Həmçinin əgər bir qadın bir kişi ilə izdivac etsə və bu kişinin əvvəlki arvadından oğlu olsa, daimi və ya müvəqqəti nikah əqdi oxunan kimi bu qadınla kişinin oğlu arasında əbədi məhrəmlik yaranır və cinsi əlaqənin olmasına ehtiyac yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər