Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri əhli-sünnə alimləri və imam cümələrindən bir qrupu ilə görüşdə:

“İslam ümməti” mövzusu heç bir vəchlə unudulmamalıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan əvvəl ölkənin əhli-sünnə alimləri, imam cümələri və elmi-teoloji mərkəzlərinin müdirlərindən bir qrupu ilə görüşdə İslam ümmətinin qiymətli kimliyinin qorunmasının zəruriliyini qeyd edərək islami vəhdətin çox mühüm əhəmiyyətə malik olduğunu, bədxahların onu zədələmək üçün çalışdıqlarını vurğuladı: “İslam ümməti mövzusu heç bir vəchlə unudulmamalıdır”.

Həzrət Ayətullah Xamenei vəhdət həftəsinin başlanması və Rəsuli-Əkrəmin (s) mübarək mövlud ildönümü münasibətilə keçirilən bu görüşdə dedi: “İslam ümmətinin kimliyi milliyyət anlayışının fövqündə duran əsaslı bir məsələdir. Coğrafi sərhədlər İslam ümmətinin həqiqəti və kimliyini dəyişməz”.

O, müsəlmanlarda öz islami kimliklərinə qarşı biganəlik yaratmaq üçün göstərilən düşməncəsinə səylərə toxunaraq əlavə etdi: “Müsəlmanın Qəzzada və ya dünyanın digər bölgələrində başqa bir müsəlmanın əzaba məruz qalmasından xəbərsiz olması İslam təlimlərinə ziddir”.

Sünni alimlərini İslam kimliyinə və İslam ümmətinə arxalanmağa çağıran İslam İnqilabının Rəhbəri bədxahların İslam dünyasında, xüsusilə də İranda dini ixtilafları qızışdırmaq üçün həyata keçirdikləri tarixi planlara və fəaliyyətlərə işarə edərək vurğuladı: “Onlar intellektual, təbliğat və iqtisadi vasitələrindən istifadə edərək ölkəmizdə və digər İslam bölgələrində şiə və sünniləri bir-birindən ayırmağa çalışır, hər iki tərəfdən insanların təhqir və söyüşlərə vadar etdirilməsi kimi tədbirlərlə inad və ixtilaf yaradırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu fitnələrlə mübarizə və çıxış yolu vəhdətə arxalanmaqdır: “Vəhdət məsələsi taktika deyil, bir Quran prinsipidir”.

İslam İnqilabının Rəhbəri bilərəkdən və ya bilməyərəkdən şiə və sünni birliyini pozan bəzi hərəkətlərə görə təəssüfləndiyini dedi: “Əlbəttə, çoxlu fitnələrin olmasına baxmayaraq, bizim sünni camaatımız bu düşmənçilik motivləri ilə əzmlə mübarizə aparmışdır. Müqəddəs Müdafiədə və digər hadisələrdə 15 min sünni şəhidin olması, çoxlu sayda əhli-sünnə aliminin haqq və inqilab yoludnakı şəhadəti bunun sübutudur”.

Həzrət Ayətullah Xamenei İslam ümmətinin izzətinin mühüm hədəfinə çatmağın yalnız vəhdətdən asılı olduğunu vurğulayaraq dedi: “Bu gün qəti vaciblərdən biri Qəzzə və Fələstinin məzlumlarına dəstək olmaqdır. Əgər kimsə bu vəzifədən boyun qaçırsa, Allah qarşısında mütləq cavab verəcək”.

Bu görüşdə Çabharın imam cüməsi, Sistan və Bəlucistan əyalətinin sünni alimlərindən olan Mövləvi Əbdül-Rəhman Çabhari, Qəşəmin imam cüməsi, Hörmüzqan əyalətinin sünni alimlərindən olan Mövləvi Əbdul Rahim Xətibi və Məhabadın imam cüməsi, Qərbi Azərbaycan əyalətinin sünni alimlərindən olan Mamusta Əbdüssalam İmami İslam Respublikası və İnqilab Rəhbərinin vəhdət yaradan yanaşmalarını və onların sünni icmasına dəstəyini yüksək qiymətləndirərək, ölkənin inkişafı üçün birləşdirici sahələrin gücləndirilməsinin, milli imkanlardan, xüsusən də sünni bölgələrindən istifadə edilməsinin zəruriliyini vurğulayaraq, təkfirçi və ekstremist cərəyanlara qarşı mübarizənin bir zərurət olduğunu dedilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /