Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Məddahlığın hökmləri
Sual: Məddah və rövzəxan Əhli-beyt (ə) barəsində oxuduğu mədhiyyə və mərsiyələr qarşılığında pul ala bilərmi?
Cavab: Bunun öz-özlüyündə iradı yoxdur.

Sual: Söhbətlərdə və ya mərsiyələrdə başqa məzhəblərin böyüklərini lənətləmək və nifrin etməyin hökmü nədir?
Cavab: Hazırkı dövrdə düşmənin əlinə bəhanə verən, yaxud müsəlmanlar arasında təfriqə yaradan hər bir söz və əməl şəri baxımdan şiddətli haramdır.

Sual: Başqa məzhəblərin böyüklərinə lənət oxunduğu və onların təhqir edildiyi bir məclisdə iştirak etmək icazəlidirmi?
Cavab: Müsəlmanlar arasında təfriqənin yaranmasına səbəb olan bir məclisdə iştirak etmək əgər onların dəstəklənməsi hesab olunarsa, buna icazə verilmir.

Məddahlıq və mərsiyəxanlıqda gina və musiqi
Sual: “Haram musiqi və ğina” dedikdə, nə nəzərdə tutulur?
Cavab: Ümumiyyətlə, insanı Mütəal Allahdan, mənəviyyatdan və insani keyfiyyətlərdən uzaqlaşdıran və onu dinsizliyə, hədəfsizliyə, günaha və şəhvətpərəstliyə sövq edən hər növ musiqi və ifa haramdır.

Sual: Əhli-beytin (ə) mədhində milli və klassik mahnılar, melodiyalar ilə gözəl məzmunlu şeirlərin oxunmasının hökmü nədir?
Cavab: Əgər ğina şəklində olarsa, yəni eyş-işrət və günah məclislərinə xas olan bir şəkildə səs boğaza salınaraq ifa olunarsa, bu tərzdə ifa etmək və onu dinləmək haramdır. Əks halda, iradı yoxdur. Bu hökm baxımından milli və qeyri-milli, klassik və qeyri-klassik mahnılar arasında fərq yoxdur.

Sual: Bəzi məddahlar və mərsiyəxanlar yeni üslublar yaratmağa çalışırlar. Məddahlıq və mərsiyəxanlıqda hansı üslublardan istifadə edilə bilər və bunun şəri hüdudları nədir?
Cavab: Ümumiyyətlə, məddahlıq və mərsiyəxanlıq ğina şəklində və günah məclislərinə xas olan bir şəkildə olmamalıdır. Həmçinin ürfə görə, Əhli-beytin (ə) məclislərinə uyğun olmayan bir şəkildə olmamalıdır.

Sual: Əhli-beytin (ə) mövlud məclislərində məddahların musiqi qrupundan istifadə etməsinin hökmü nədir?
Cavab: Əgər mahnı və ifa tərzi haram olarsa, yaxud bu iş ürfə görə, Əhli-beytə (ə) hörmətsizlik hesab olunarsa, buna icazə verilmir.

Sual: Mahnı (milli və ya xarici mahnılar) avazında, yaxud musiqi ilə yanaşı Quran və dua oxumağın hökmü nədir?
Cavab: Əgər Qurana və duaya qarşı bir növ hörmətsizlik hesab olunarsa, yaxud musiqi haram musiqilərdən olarsa, bu iş haramdır. Ümumiyyətlə, Quran və duanın musiqi ilə yanaşı oxunması bəyənilmir.

Sual: Bəziləri yas məclislərində və ya qəbir üstündə Quran və mərsiyə oxumağı özlərinə bir növ peşə ediblər və daima bu işi görürlər. Bu işi peşə etmək düzgündürmü? Bu iş qarşılığında pul almağın hökmü nədir?
Cavab: İradı yoxdur.

Qadınların məddahlığı və mərsiyəxanlığı
Sual: Əgər bir qadın əzadarlıq məclisində mərsiyə oxuyursa və eyni zamanda naməhrəm kişilərin onun səsini eşitdiklərini bilirsə, buna icazə verilirmi?
Cavab: Əgər fəsad qorxusu olarsa, bu işi görməməlidir.

Sual: Qadınların məddahlığı və mərsiyəxanlığının səsyazılarına kişilərin qulaq asmasının hökmü nədir? Bu səsyazılarının yazıldığı vasitələrin alınıb-satılması düzgündürmü?
Cavab: Əgər ehtirası təhrik edərsə və ya hansısa bir fəsadı olarsa, buna icazə verilmir. Bu səsyazılarının yazıldığı vasitələrin yayılmasının adətən müəyyən fəsadları olduğuna görə, bu işdən çəkinmək lazımdır.

Sual: Qadın ərinin icazəsi olmadan dini məclislərə və əzadarlıqlara gedə bilərmi?
Cavab: Vacib əməllərdən qeyri işlər üçün qadın ərinin icazəsi ilə evdən çıxmalıdır.

Mərsiyələrin məzmunu
Sual: Bəzən məddahlar və mərsiyəxanlar bəzi ifadələr işlədirlər, məsələn, “Mən Abbasın itiyəm”, yaxud “hərəmin göyərçiniyəm” və s. Hətta bəzən həmin heyvanın səsini də çıxarırlar. Bu iş düzgündürmü?
Cavab: Məzhəbin əsaslarını sarsıdan hər bir söz və əməldən çəkinmək lazımdır. Əhli-beytin (ə) uca məqamı, həmçinin onların müsibətləri barəsində düzgün məlumatları ehtiva edən və onların hədəflərini yaşadan şeirlər oxunmalıdır.

Sual: Mədhiyyə və mərsiyələrin Əhli-beytin (ə) şəninə uyğun olması üçün şeirlər hansı keyfiyyətlərə malik olmalıdır?
Cavab: Əhli-beyt (ə) məktəbi barəsində tanışlığı artıran məlumatlar seçilsin, tarixi sənədi olmayan məlumatlar deyilməsin.

Sual: İmam Hüseynin (ə), onun dostlarının və Əhli-beytinin (ə) məzlumluğunu həddindən artıq şəkildə açıqlamaq düzgündürmü?
Cavab: Tarixdə nəql edilən hadisələri onların şəninə uyğun bir şəkildə açıqlamağın iradı yoxdur.

Zəbani-hal
Sual: “Zəbani-hal” nədir?
Cavab: “Zəbani-hal” odur ki, bu şəxsiyyətlərin başına gələn hadisələrə istinadən onlar barəsində belə ifadələr deyilə bilər. Bu iş iki şərt ilə icazəlidir. Birinci şərt odur ki, deyilən söz və ifadələr həqiqətən də onların başına gələn hadisələrə uyğun olmalıdır. İkinci şərt isə bu deyilənlərin baş verən bir hadisə deyil, sırf zəbani-hal olduğu məlum olmalıdır.

Sual: Mədhiyyələrdə və mərsiyələrdə (istər nəzmlə, istərsə də nəsrlə) Əhli-beyt (ə) barəsində zəbani-hal deyilməsi icazəlidirmi?
Cavab: Əgər zəbani-hal deyildiyi məlum olarsa və Əhli-beytin (ə) şəninə uyğun olarsa, bunun iradı yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər