Əza günlərində işləmək və dincəlmək
Sual: İmam Hüseynin (ə) Tasua və Aşura günlərində, həmçinin Əhli-beytin (ə) şəhadət günlərində işləməyin iradı varmı? Əgər bir şəxs işləmək məcburiyyətində olarsa, məsələnin hökmü nədir?
Cavab: Bu günlərdə işləmək haram deyildir. Amma bu günlərdə, xüsusilə də Aşura günündə əzadarlıq məclisində iştirak etmək və bu məclislərdə iştirak etməyin savabından məhrum qalmamaq daha yaxşıdır.
Sual: Əhli-beytin (ə) əza günlərində hovuza getmək, təbiətdə gəzintiyə çıxmaq, tarixi abidələrə baxmaq, yaxud kompyuter oyunları oynamağın iradı varmı?
Cavab: Əgər bu işlər əza günlərinə qarşı hörmətsizlik məqsədilə edilməzsə, həmçinin ürfə görə hörmətsizlik və saymazlıq hesab olunmazsa, iradı yoxdur.
Aşura ziyarəti
Sual: Aşura ziyarətində yüz lənət və yüz salamın yerinə bir lənət və bir salam demək olarmı? Əgər lənət və salam bir dəfə deyilərsə və onun əvvəlində “yüz dəfə” (miətə mərrətən) ifadəsi işlədilərsə, bu, yüz lənət və yüz salamı əvəz edirmi?
Cavab: Savab ümidi niyyətilə deməyin iradı yoxdur.
Sual: Aşura ziyarətinin axırındakı səcdədə səcdənin şərtlərinə riayət etmək, o cümlədən yeddi üzvü yerə qoymaq, alını möhürə qoymaq, üzü qibləyə olmaq və s. vacibdirmi? Hərəkət halında və maşında ikən səcdə necə yerinə yetirilməlidir?
Cavab: Səcdənin şərtlərinə riayət etmək vacib deyildir. Hərəkət halında işarə ilə səcdə etmək olar.
Sual: Bəzi mərsiyəxanlar dua və ziyarətnamə oxuyarkən onu saxlayıb, Əhli-beytin (ə) müsibətlərindən danışırlar. Bu isə bəzən duanın məzmununun yaddan çıxmasına, həmçinin dua üçün ayrılan vaxtın uzanmasına səbəb olur və dinləyiciləri yorur. Bu halda mərsiyə deyənin və dinləyənin vəzifəsi nədir?
Cavab: Yaxşı olar ki, dua və ziyarətnamə yazıldığı kimi oxunsun. Dua məclislərini yorucu etmək bəyənilmir.
Sual: Maşında sürücülük edərkən və ya hansısa bir iş ilə məşğul olarkən dua və mərsiyə dinləmək saymazlıq və hörmətsizlik sayılırmı? Çünki bu halda duaya və ya mərsiyəyə tam diqqət yetirilmir.
Cavab: Müxtəlif hallar mövcuddur. Əgər ürfə görə, hörmətsizlik sayılarsa, bundan çəkinmək lazımdır.
Məsumların təsviri
Sual: Məscid və hüseyniyyələrin divarından asılması üçün Həzrət Peyğəmbərin (s), İmam Əlinin (ə), İmam Hüseynin (ə) və digər Məsumların (ə) təsviri əks olunan tabloları almağın hökmü nədir?
Cavab: Bu işin şəriət baxımından öz-özlüyündə iradı yoxdur. Amma bu şərtlə ki, ürfə görə hörmətsizlik sayılan işlər ona şamil olmamalı, həmçinin bu iş o şəxsiyyətlərin şəninə zidd olmamalıdır.
Tasua və Aşura günü oruc tutmaq
Sual: Tasua və Aşura günü oruc tutmağın hökmü nədir?
Cavab: Aşura günü oruc tutmaq məkruhdur. Oruc tutulması haram və məkruh olan günlər istisna olmaqla, ilin qalan günlərində oruc tutmaq müstəhəbdir. Tasua günü oruc tutmaq müstəhəbdir.
Müqəddəs məkanlar
Sual: Hüseyniyyə məscid hökmündədirmi? Yəni şəri üzrü olan şəxslər hüseyniyyəyə daxil ola bilərlərmi?
Cavab: Hüseyniyyə məscid hökmündə deyildir. Şəri üzrü olan şəxslər hüseyniyyəyə daxil ola bilərlər.
Sual: İmamzadələrin hərəmi məscid hökmündədirmi?
Cavab: İmamzadələrin hərəmi məscid hökmündə deyildir.