Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Əzadarlıq geyimi
Sual: Əhli-beytin (ə) əza günlərində qara geyim geyinməyin məkruhluğu vardırmı?
Cavab: Əhli-beytin (ə) əza günlərində, xüsusilə də İmam Hüseynin (ə) əzasında “İlahi nişanələri uca tutmaq” və qəm-kədəri göstərmək ünvanında qara geyim geyinmək bəyənilir. Suala əsasən, bu işin məkruhluğu yoxdur.

Sual: Bəzi insanlar məhərrəm ayı başlanandan səfər ayının axırınadək İmam Hüseyn (ə) əzasının hörmətini saxlamaq niyyətilə qara geyim geyinirlər. İki ay qara geyim geyinmək yenə də bəyənilən əməl sayılırmı və məkruhluğu yoxdur?
Cavab: Əhli-beytin (ə) əza günlərində “İlahi nişanələri uca tutmaq” və qəm-kədəri göstərmək niyyətilə qara geyim geyinməyin İlahi savabı vardır. Ümumiyyətlə, namazdan qeyri hallarda qara geyim geyinməyin məkruhluğu sübuta yetməyib.

Sual: Geyimlərin, xüsusilə də qara geyimlərin üzərinə Quran ayələrinin və Məsumların (ə) adlarının çap edilməsi və yazılması icazəlidirmi? Qeyd edək ki, əzadarlıq edərkən əl və ya bədənin digər yerləri bu yazılara toxunur. Bu geyimlərdən istifadə etməyin hökmü nədir?
Cavab: Quran ayələrinin, Allahın adlarının və bu kimi yazıların geyimlərin üzərinə yazılmasının iradı yoxdur. Amma bu yazılara toxunan şəxs bu adların şəri hökmlərinə riayət etməlidir, o cümlədən onlara qarşı hörmətsizlik etməməli, onları napak etməməli və onlara dəstəmazsız toxunmamalıdır.

Sual: Allahın ad və sifətlərinin, həmçinin İlahi peyğəmbərlərin və on dörd Məsumun (ə) ad, ləqəb və künyələrinin yazıldığı yazılara toxunmağın hökmü nədir?
Cavab: Mütəal Allahın zatına xas olan ad və sifətlərin yazıldığı yazıya dəstəmazsız toxunmaq haramdır. Ulul-əzm peyğəmbərlərin və Məsumların (ə) adlarının yazıldığı yazı isə ehtiyat-vacibə görə, Allahın adlarının yazıldığı yazı hökmündədir və onlara da dəstəmazsız toxunmaq olmaz.

Sual: Əhli-beytin (ə) əza günlərində və əzadarlıqlarında açıq və əlvan rəngli geyim geyinməyin hökmü nədir?
Cavab: Əgər hörmətsizlik etmək məqsədilə olmazsa, habelə ürfə görə də bu əməl hörmətsizlik və saymazlıq etmək hesab olunmazsa, belə geyimi geyinməyin iradı yoxdur.

Əza günlərində şadlanmaq
Sual: Məhərrəm və səfər aylarında, Məsumların (ə) şəhadət günlərində izdivac etməyin hökmü nədir?
Cavab: İzdivac etməyin iradı yoxdur. Amma Əhli-beytin (ə) əza günlərində toy və şadyanalıq məclislərinin qurulmasına gəlincə, əgər bu məclislərin qurulması ürfə görə hörmətsizlik sayılarsa, buna icazə verilmir.

Sual: Məhərrəm və səfər aylarında, Məsumların (ə) əza günlərində hər hansı bir şəkildə şadlanmaq, məsələn, şən, amma haram olmayan musiqiləri dinləmək haramdır?
Cavab: Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) əza günlərində möminlərin şadlanması bəyənilmir. Belə günlərdə Məsumlara (ə) hörmətsizlik hesab olunacaq bir şəkildə şadlanmaqdan çəkinmək lazımdır.

Sual: Məhərrəmlikdə və Əhli-beytin (ə) əza günlərində gülməyin hökmü nədir?
Cavab: Əhli-beytin (ə) əza günlərində sevinc və şadlığı izhar etməmək bəyənilir. Ürfə görə hörmətsizlik və saymazlıq hesab olunacaq bir şəkildə sevinc və şadlığı izhar etmək olmaz.

Əza günlərində bəzənmək
Sual: Əhli-beytin (ə) əza günlərində gözəllik salonunu işlətmək olarmı?
Cavab: Bu iş öz-özlüyündə haram deyildir.

Sual: Əhli-beytin (ə) əza günlərində qadınların makiyaj etməsi və qaş aldırmasının, kişilərin saç-saqqalını səliqəyə salması və qısaltmasının iradı vardırmı?
Cavab: Əgər günahla yanaşı olmazsa və ya İmam Hüseynin (ə) əza günlərinə hörmətsizlik olmazsa, bunun iradı yoxdur.

Sual: Əhli-beytin (ə) əza günlərində sürmə çəkmək, saçlara xına və ya saç boyası qoymaq olarmı?
Cavab: Bu iş haram deyildir. Amma ürfə görə hörmətsizlik hesab olunacaq bir şəkildə olmamalıdır.
 
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər