Əzadarlıqda simvolik vasitələrdən istifadə edilməsi
Sual: Əhli-beytin (ə) əzadarlıq məclisində ələmdən və bayraqdan istifadə etməyin, onu məclisdə yerləşdirməyin hökmü nədir?
Cavab: Bu işin öz-özlüyündə iradı yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır.
Sual: İmam Hüseynin (ə) əzadarlıq məclisində bəzi bölgələrdə ələm gəzdirirlər. Belə ki, insanlar ələmin qarşısında nəzir verir, qurban kəsirlər. Həmçinin bəziləri bu inancdadırlar ki, ələm kimin çiyninə otursa və bu şəxs ələmə pul bağlayıb diləyini diləsə, onun nəziri və diləyi qəbul olunar. Onlar ələmin hərəkətini Allahın qüdrət nişanəsi bilirlər. Bu kimi işlər və inanclar düzgündürmü?
Cavab: Ələm və bayraq qaldırmağın öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır. Bunu da qeyd edək ki, Əhli-beyt (ə) üçün nəzir verməyin, qurban kəsməyin və bunları fəqirlərə, əzadarlara sərf etməyin iradı yoxdur.
Sual: Bəzi bölgələrdə Tasua və Aşura günləri bəzi şəxslər böyük bir ələmi əllərinə götürüb, xüsusi hərəkətlərlə ələmi gəzdirirlər. Bəzən ələmi bəzi əzadarlara tərəf aparıb, onları yaralayırlar. Onlar bu inancdadırlar ki, həmin şəxslər pis insan olduqlarına, ələmə şəkk-şübhə ilə baxdıqlarına görə ələm onlara tərəf getmiş və onları tənbeh etmək istəmişdir. İnsanlar bu hərəkətə “ələmin cuşa gəlməsi” deyirlər. Bu şəkildə əzadarlıq etmək şəri baxımdan düzgündürmü?
Cavab: Ələm götürməyin öz-özlüyündə iradı yoxdur, amma bu işlər dindən hesab olunmamalıdır. Əgər ələmi gəzdirən şəxs kimisə yaralasa, xəsarətə zamindir.
Sual: Ələmi məscidə qoymaq olarmı? Qeyd edək ki, ələmin üzərində müəyyən işləmələr olur və ələm məsciddə müəyyən bir yeri tutur.
Cavab: Əgər ələmi məsciddə yerləşdirmək məscidin ürfi cəhətlərinə zidd olarsa və ya ələm namaz qılanlar üçün maneəçilik yaradarsa, bunun iradı vardır.
Sual: Bəzi insanlar Əhli-beytə (ə) təvəssül etmək və onlardan hacət almaq əlaməti olaraq ələmə parça və ya qıfıl bağlayırlar. Bu işlər icazəlidirmi?
Cavab: Bu işlərin öz-özlüyündə iradı yoxdur, amma dindən hesab olunmamalıdır.
Sual: Hüseyniyyənin idarə heyəti insanların nəzir ünvanında ələmə bağladıqları parçaları, yaylıqları satıb hüseyniyyəyə və əzadarlığa sərf edə bilərmi?
Cavab: Bu məsələ nəzir edən şəxslərin niyyətinə bağlıdır. Əgər bunlar əzadarlığa və ya hüseyniyyəyə hədiyyə olunubsa və ya nəzir edilibsə, sözügedən işi görməyin iradı yoxdur.
Sual: Həzrət Əli Əsğərin (ə) beşiyinin əlaməti olaraq bir beşik düzəldib, onu əzadarlıq məclisində insanlar arasında gəzdirmək və nəzir yığmağın hökmü nədir?
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur, amma bu iş dindən hesab olunmamalıdır.
Sual: Əhli-beytin (ə) əzadarlıq məclisində insanın öz başına və üzünə palçıq yaxması icazəlidirmi? Bəzi bölgələrdə əza əlaməti olaraq əzadarların üstünə saman və torpaq tökülür. Bu işin iradı varmı?
Cavab: Bu işlərin iradı yoxdur, amma gülünc və məzhəbin əsaslarını sarsıdan bir şəkildə olmamalıdır.