Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin on dördüncü hökumətin idarə heyətinə 13 açar tövsiyəsi

Təcili prioritet bahalıq və inflyasiya probleminin həllidir

İslam İnqilabının Ali Rəhbəri prezident və 14-cü hökumətlə keçirilən ilk görüşdə hökumətin sürətli təşkilində göstərdiyi səylərə görə prezidentə və qiymətli yardımlarına görə parlamentə təşəkkür edərək təcili prioritetlərə riayət edilməsi kimi mühüm məsələlərə, o cümlədən, inflyasiya və bahalıq, müdirlər və həmkarların seçilmə forması, xalqın arasında olmaq, virtual məkanda qanuni idarəçiliyin olması zərurəti, iqtisadi problemlərin həllinin açarı kimi istehsala diqqət yetirilməsi məsələlərinə toxundu.

Həzrət Ayətullah Xamenei xalqın izdihamlı “Ərbəin yürüşü”nü yüksək qiymətləndirərək xalqı hökumət həftəsi münasibətilə təbrik etdi.

Şəhid Rəcai, şəhid Bahünər, şəhid Rəisi və yoldaşlarının əziz xatirəsini hörmətlə anan inqilabın Rəhbəri on dördüncü hökumətin xidmət edəcəyi uzun illər ərzində hökumət həftəsinin ümid, müjdə, şadlıq bəxş edən bir həftə olacağına ümidvar olduğunu dedi.

Hökumətin vaxtında qurulmasının Allahın lütfü və böyük bir nemət olduğunu bildirən Ali Rəhbər cənab Rəisi və yoldaşlarının şəhadəti ilə nəticələnən faciədən sonra ölkənin normal şəkildə idarə olunması, seçkilərin təhlükəsiz və sağlam keçirilməsinə köməklik edən hər kəsə, o cümlədən əvvəlki hökumətin rəhbərliyinə, milli media və digər qurumlara təşəkkür etdi.

İnqilab Rəhbəri prezidentin nazirlər kabineti ilə bağlı məsələləri onunla necə məsləhətləşdiyini açıqlayaraq dedi: “Mən tanıdığım və etibarlı mənbələr vasitəsilə səlahiyyətlərinə əmin olduğum bəzi adları təsdiqlədim və bəzi adlar üzərində israr etdim. Amma tanımadığım bir çoxları haqqında hər hansı fikrim yoxdur. O, parlamenti inandıra bildi və hər kəs üçün etimad səsi ala bildi”.

O əlavə etdi: “Bu gün prezident və parlamentin etimad göstərdiyi bütün möhtərəm nazirlər ölkənin yüksək rütbəli məmurlarıdır. Hər kəsin vəzifəsi onlara dəstək olmaq və uğur qazanmalarına kömək etməkdir”.

Ayətullah Xamenei yeni hökumətə ünvanladığı ilk müraciətində xalqa xidmət və ölkənin tərəqqisi üçün çalışmaq fürsətinin Allahın böyük neməti olduğunu vurğulayaraq əlavə etdi: “Allah və xalqın bu əmanətinin qədrini bilin. Unutmayın ki, 4 illik xidmət fürsəti ildırım və külək sürətilə keçəcək. Təbii ki, bu müddət ərzində də böyük işlər görmək olar. Necə ki, Əmir Kəbir 3 il ərzində böyük işlər gördü. Əziz Rəisi də təqribən 3 ilə yaxın müddət ərzində gözəl işlərin təməlini qoydu. İnşallah ki, bəhrələri ölkəyə yetişəcək”.

İslam İnqilabının Rəhbəri ikinci nüansda potensial və imkanların tanınmasını hökumətin səmərəliliyinin şərti hesab etdi: “Keçmişdə bəzi məmurların daxili potensialları tanımadıqlarını və ya onlara inanmadıqlarını göstərən nümunələr çoxdur. Bu səbəbdən ölkə zərərlər gördü”.

O, zəngin və qiymətli təbii imkanların, coğrafi mövqeyin, dünyanın şimalı, cənubu, qərbi və şərqinin kəsişmə nöqtələri arasında yerləşmənin və uzun sahillərin olmasının maddi imkanlardan olduğunu dedi: “Xalqın dini və siyasi imanı, istedadlı insanlar və milyonlarla savadlı gənc əvəzolunmaz sərvətdir. Əgər biz onları tanısaq, düşüncələrindən və güclərindən istifadə etsək, bir çox problemlər həllini tapar”.

İran xalqını dahilər yetişdirmək qüdrətinə malik bir xalq olduğunu deyən Həzrət Ayətullah Xamenei Xacə Nəsrəddin Tusi, İbn Sina, Molla Sədra və Zəkəriyyə Razi kimi görkəmli şəxslərin adlarını çəkərək dedi: “Bunlar İran xalqının sonsuz intellektual imkanlara malik olduğunu göstərən əlamətlərdir. İndi də ölkənin istedadlı gənclərindən dahilər yetişdirə bilərik”.

İnqilabın Rəhbəri siyasi imkanlar və strateji dərinlik və regional qüdrətin İranın digər imkanlarından olduğunu bildirdi: “Son 45 ilin müsbət və mənfi təcrübələri də nəzərə alınmalı ən qiymətli məqamlardandır”.

Yeni hökumətin həmkarlarının seçilməsində vacib məqamlara aydınlıq gətirilməsi Rəhbərin bu görüşdəki çıxışında toxunduğu üçüncü nüans oldu. O dedi: “Düyünləri açmaq üçün gənc, imanlı, inqilabçı, məsuliyyətli və motivasiyalı həmkarlar seçin. Onları ayrı-ayrı aşağı idarəetmə səviyyələrində yetişdirməklə tədricən ölkənin gələcəyi üçün görkəmli və motivasiyalı idarəçilər nəsli formalaşacaqdır”.

İnqilabın Rəhbəri prezidentə tövsiyə etdi: “Bu keyfiyyətlərə malik yüz gənci işə götürün və hökumətin sonunda yüz güclü və hazır idarəçi təhvil verin. Bu çox böyük iş olacaq. Təbii ki, şəhid Rəisinin də bu sahədə uğurları olub”.

O, növbəti nüansda Prezidentin mütəxəssislər məsələsi ilə bağlı söylədiyi fikirlərə toxunaraq vurğuladı: “Mütəxəssislərdən istifadə ilə bağlı fikrim qətidir. Çünki bu iş ölkəni irəli apararaq, xalqı razı salmaqla yanaşı, idarəçiliyi müdrik və rasional edir, partiya işi, dostluq və tövsiyə dairəsindən xilas edir”.

İnqilabın Rəhbəri eyni zamanda vurğuladı: “Mütəxəssislərdən istifadə edərkən diqqətli olmaq lazımdır ki, öz səhv düşüncələrinin çöküntülərini mütəxəssis ədəbiyyatı və libasında təlqin etməsinlər”.

O, Əmirəl-mömininin (ə) kəlamından sitat gətirərək əlavə etdi: “Eskpert rəyindən istifadə edərkən və məsləhət alarkən paxıl, qorxaq və həris adamla məsləhətləşmək olmaz. Çünki onların əxlaqı ekspert rəyləri və məsləhətlərinə təsir edərək problemlər yaradır”.

Həzrət Ayətullah Xamenei iman, dürüstlük, tanıma, daxili və milli imkanlara inamın faydalı mütəxəssisə xas olan əsas xüsusiyyətlərdən olduğunu dedi: “Qüvvədən düşmüş, köhnə və etibarsız xarici nüsxələr axtaran mütəxəssisin heç bir faydası yoxdur”.

İnqilabın Rəhbəri başqa bir tövsiyəsində dövlət məmurlarına xalqın arasında olmağı tövsiyə etdi: “Əyalətlərə səfərin populizm və avam insanları aldatmaq olduğunu deyənlərin sözlərinə fikir verməyin. Çünki məlumat və hesabatlar, hətta yaxşı olsa belə xalqın həyatının həqiqətlərindən xəbərdar olmaq masa işi və yazılı məlumatlarla mümkün deyil. Odur ki, əyalət səfərlərini və xalq arasında olmağı, o cümlədən kəndlərə səfərlər, gördükləriniz və eşitdikləriniz əsasında qəbul etdiyiniz qərarları rəhbər tutun”.

Ayətullah Xameneinin dövlətin və inqilabın göstəricilərindən biri hesab etdiyi növbəti mühüm məqam ədalət məsələsi oldu.

O, müxtəlif proqram və qanunların təsdiqi və icrası məsələsinə toxunaraq, ədalət prinsipinin gerçəkləşməsində onların təsirinin təyin edilməsinin çox vacib bir məsələ olduğunu dedi: “Bir neçə il əvvəl biz ədalət prinsipinin əlavə edilməsi ilə bağlı məsələ qaldırmış və demişdik ki, hər bir mühüm qanun və qərarın qəbulu üçün ədalət əlavəsi hazırlanmalıdır. Mərhum Rəisi də bu sahədə müəyyən irəliləyişlər etdi, bəzi işlər gördü, ancaq yarımçıq qaldı”.

İnqilabın Rəhbəri ədalət əlavəsinin inzibati iş və qanunlara əlavə olunan forma və formal məsələ deyil, qanun və proqramların mətnində yer alan real bir məsələ olduğunu dedi: “Ədalət əlavəsi deyilərkən layihə və qanunların hazırlanması və qərarların qəbul edilməsi işinə cavabdehliyi olan proqram və büdcə idarəsi kimi mərkəzlər, prezdientin göstərişi ilə yaradılmış proqramlar və qanunların sosial ədalət prinsiplərinə təsirini, o cümlədən siniflərarası fasilələri ölçmək, siniflər arasındakı fasilə artdıqda proqramın həmin hissəsini ixtisar edən qrup nəzərdə tutulur”.

Bir qrup universitet tələbəsi tərəfindən proqram və qanunların ədalətə uyğunluğunu müəyyən edən bir proqram təminatının hazırlandığını deyən Həzrət Ayətullah Xamenei məsul şəxslərə bu qrupu dəvət etməyi və faydalı olarsa, onların məhsulundan istifadə etməyi tövsiyə etdi: “Ədalət deməklə və sözdə təkrarlamaqla olmur. Bunun üçün motivasiya və meydanda olmaq tələb olunur. Xoşbəxtlikdən bu motivasiya prezidentdə var. Elə edilməlidir ki, heç bir məmur ədalətə aparan yoldan çıxa bilməsin”.

Yeddinci tövsiyədə Həzrət Ayətullah Xamenei məhdud fürsətlər və resursların, habelə qarşıda duran çoxlu işlərin nəzərə alınaraq prioritetlərə riayət edilməsini tövsiyə etdi: “Bəzi prioritetlər inflyasiya və qiymətlərin bahalığı kimi təcili məsələlərlə bağlıdır. Bu məsələlər uyğun şəkildə həll edilməlidir. Bəzi prioritetlərə gəlincə isə, infrastrukturla bağlıdır; bu gün diqqətdən kənarda qalarsa, 10 ildən sonra məcburən başladılmalıdır”.

O, ölkənin gələcəyi üçün nüvə enerjisinin zəruri və infrastruktur prioritetlərdən biri olduğunu vurğulayaraq onun faydaları ilə bağlı mövcud olan bəzi şübhəli açıqlamaları rədd etdi: “Ölkə özünü dünyada mövcud olan elmi, texniki və mütərəqqi bir məsələdən məhrum edə bilməz və bu yoldan illərlə geri düşdükdən sonra onun başlanğıcını axtarmamalıdır”.

İnqilabın Rəhbəri ölkənin mühüm kommunikasiya imkanlarını nəzərə alaraq hökumətin Şimal-Cənub və Şərq-Qərb marşrutlarını tamamlamaq planlarını diqqətdən kənarda qala bilməyən digər prioritet adlandıraraq əlavə etdi: “Ərzaq təhlükəsizliyi, buğda istehsalı sahəsində özünütəmin, yuxarı neft sahələrinin inkişafı, yeni neft və qaz çıxarılması üsullarının tətbiqi imkanlarından mümkün olduğu qədər istifadə edilməsi, eləcə də aşağı sektorlarda müxtəlif və çoxsaylı məhsulların istehsalı ölkənin qarşısında duran digər mühüm prioritetlərdəndir”.

Virtual məkan məsələsi İnqilabin Rəhbərinin dövlət məmunrlarına ünvanladığı səkkizinci tövsiyə oldu. O dedi: “Bu gün virtual məkan artıq virtual deyil, insanların həyatının inkişaf etməkdə olan reallığıdır. Buna görə də virtual məkanda qanuni idarəçilik olmalıdır”.

O, ölkənin virtual məkanının başlı-başına olması ilə bağlı səsləndirdiyi fikrin qanuni idarəçiliyin olmamasından qaynaqlandığını dedi: “Əgər bu sahədə qanuni boşluq varsa, ehtiyac duyulan qanunu yaradın və bütün dünyada bu iş ciddi şəkildə həyata keçirildiyi kimi, siz də onun əsasında işlərə nəzarət edin. Gördüyünüz kimi, fransızlar o şəxsi öz qaydalarını pozduğuna görə həbs etdilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İdarəçiliyin pozulması məqbul deyil. Ölkə sizin ixtiyarınızdadır. Ölkə qarşısında vəzifə və məsuliyyətiniz var. Siz idarəçiliyinizin pozulmasına icazə verməməlisiniz”.

O, virtual məkanla bağlı səsləndirdiyi fikirlərin əsasının aydınlığına işarə edərək, bəzi insanların yanlış qənaətlərində israrlı oldqularını vurğulayaraq dedi: “Əgər ölkənin virtual məkanı qanuniləşərsə, fürsətə çevriləcək, amma qanuni idarəçilik olmasa, təhlükəyə çevriləcək”.

İnqilabın Rəhbəri virtual məkandan danışarkən bir daha mühüm əhəmiyyət daşıyan süni intellekt məsələsinə və bu texnologiyanın dünyada qəribə və heyrətamiz şəkildə sürətlənməsinə diqqət çəkərək dedi: “İndi bizim hərbi və qeyri-hərbi sistemlərimiz bu texnologiyadan istifadə edir. Lakin bu istifadə bizi aldatmamalıdır, çünki sırf istifadə imtiyaz deyil. Bu texnologiyanın dərin və müxtəlif qatlarına hakim olmaq lazımdır”.

O, nüvə enerjsinin bu texnologiyaya hakim olan ölkələrin əlində olduğu kimi, süni intellektin dərin qatlarının mənimsənilməsindən geri qalmağın da başqa bir manapoliya çərçivəsinin yaranmasına səbəb olduğunu dedi: “Dünyanın fürsətçiləri və güc sahibi olmağa çalışan qüvvələri gələcəkdə bir süni intellekt agentliyi yaradacaq və digər ölkələrin onun bəzi sahələri və qatlarına girməsinə icazə verməyəcəklər”.

İnqilabın Rəhbəri doqquzuncu tövsiyyəsində ölkənin iqtisadi problemlərinin həlli açarının istehsalın və təklifin gücləndirilməsi və artırılmasında olduğunu dedi:

“İstehsalın gücləndirilməsi və ciddiyə alınması ilə inflyasiya, məşğulluq və milli valyutanın dəyəri problemləri həllini tapır”.

Ali Rəhbər  qeyd etdi ki, milli istehsal hökumətin köməyi və biznes mühiti kimi məsələlərin yaxşılaşdırılması ilə şərtlənir.

O, bir neçə ay əvvəl bir qrup sahibkarla görüşünə toxunaraq dedi: “İstehsal sektoru fəallarının imkanları heyrətamizdir. Amma onlar hamısı hesab edir ki, istehsalı gücləndirmək üçün dövlətin yardımına ehtiyac var”.

Ayətullah Xamenei başqa bir tövsiyəsində ölkə əhalisinin vaxtından əvvəl qocalması təhlükəsinə toxunaraq, ölkənin ehtiyaclarına uyğun siyasətlərin dinamizmi və elastikliyinin zəruriliyini vurğuladı: “Səhiyyə naziri əhali məsələsini ciddi şəkildə təqib etməlidir. Lazımi tədbirlər həyata keçirməklə, o cümlədən gigiyena şəbəkəsinin monitorinqi ilə əhalinin artımına mane olan amilləri aradan qaldırmalıdır. Çünki ölkənin gənc əhaliyə ehtiyacı var və əhalinin qocalmasının acı nəticələrinin əlacı yoxdur”.

Həzrət Ayətullah Xamenei 11-ci tövsiyəsində maneələrdən qorxmamağın zəruriliyini vurğulayaraq, heç bir plan və işin maneəsiz olmadığını bildirdi: “Maneələrlə qarşılaşdıqda bəzi insanların ilk seçimi geri çəkilmək olur. Amma bu yanaşma səhvdir, maneəni aşmaq və ya ondan yan keçmək lazımdır. Təbii ki, bütün işləri gördükdən sonra bəzən taktiki bir geri çəkilmə lazım ola bilər. Ancaq maneə ilə qarşılaşan kimi öz fikir və rəyindən geri çəkilmək olmaz”.

Başqa bir tövsiyəsində o, düşmənə ümid bəsləmək və onu gözləmək lazım olmadığını vurğuladı: “Bu fakt prezidentin çıxışında və xarici işlər nazirinin bir neçə gün əvvəl verdiyi açıqlamalarında da var idi. Təbii ki, bu o demək deyil ki, bizim haradasa düşmənlə qarşılıqlı əlaqəmiz olmamalıdır. Məsələ burasındadır ki, biz ona ümid bəsləməməli və etimad etməməliyik”.

İnqilab Rəhbərinin dövlət xadimlərinə verdiyi sonuncu, 13-cü tövsiyə mənəviyyat, imanın artırılması, ibadət, Quranla daha çox ünsiyyət və Allah dərgahında dua və yalvarış məsələləri ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei bildirdi ki, rəhbər şəxslər xalqın və idarələrin işçiləri üçün nümunə olmalı, davranışlarına əvvəlkindən daha çox diqqət yetirməlidirlər.

O, İslama, xalqa və İrana xidmətdə dövlət məmurlarına uğur dilədi.

Bu görüşün əvvəlində çıxış edən doktor Məsud Pezeşkiyan başda cənab Rəisi olmaqla hökumət və xidmət şəhidlərinin xatirəsini hörmətlə yad edərək 14-cü hökumətin bütün siyasi fraksiyalar və ixtisaslaşmış komitələrin iştirakını əsas götürən məşvərət heyəti olduğunu dedi. Dövlətin ümumi siyasətləri çərçivəsində addım atmaq üçün birlik və vəhdət şüarı ilə perspektiv sənədi və yeddinci proqram hazırlanmışdır.

Prezident 14-cü hökumətin idarə heyətinin haqq və ədalət kimi prinsiplərə riayət etməyə razılaşdığını bəyan edərək, məhrum ərazilərin nəzarətə götürülməsinin hökumətinin iki mühüm xüsusiyyəti olduğunu dedi: “Bütün problemlərimiz və düşmənlərimizin qarşısında dura bilməyimiz üçün ilk addım ölkədə islahat aparılması, vəhdət, birlik, Allahın ipindən yapışmaq, Rəhbərin göstərişləri altında birləşmək olmalıdır”.

Cənab Pezeşkiyan əlavə etdi: “İnsanların məmurlardan razı qalması düşmənlərin qəddar sanksiyalarından deyil, onların “ədalətli və hörmətli” rəftarından asılıdır”.

Prezident çıxışının sonunda şəxsi ixtilaflardan qaçmağın zəruriliyinə işarə edərək vurğuladı: “Əgər ölkə daxilində və İslam ümməti arasında birlik yaranarsa, sionist rejimin soyqırım cinayətlərini qəddarcasına dəstəkləyən Amerika, Avropa və digər ölkələr istəklərinə çatmayacaqlar”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /