Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbərinin təsdiqi ilə:

İran xalqının müdrik, dürüst və xalqdan olan şəxsiyyətə verdiyi səsi təsdiq etdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər təşkil edilən mərasimdə Konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, İran xalqının doktor Məsud Pezeşkiyana verdiyi səsi təsdiq edərək onu İran İslam Respublikasının prezident təyin etdi.

İslam İnqilabının Rəhbəri tərəfindən cənab doktor Məsud Pezeşkiyanın prezidentliyi ilə bağlı verilmiş sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd Aləmlərin Rəbbi üçündür. Allahın salavat və salamı olsun Muhəmmədə, onun pak ailəsinə, xüsusilə Allahın yer üzərindəki höccətinə

İran İslam Respublikasını bir daha qürurlandıran və böyük millətin üzünü ağardan alim və qüdrətli Allaha şükürlər olsun. Tale yüklü Prezident seçkiləri sınağı xalqın və məsul şəxslərin səyləri sayəsində çətin bir şəraitdə sakit və xətasız-bəlasız başa çatdı və xalqın seçilmiş şəxsiyyəti böyük bir məsuliyyəti daşımağa hazır oldu.

Mərhum şəhid prezidentin bitməmiş səlahiyyət müddətindən sonra keçirilən 14-cü prezident seçkiləri İran xalqının qürurverici cəhətlərindən biri, sabit İslam dövlətinin möhkəmliyi, ölkənin siyasi atmosferinin rasionallığı və mətinliyindən xəbər verən bir göstəricidir . Dünyanın bəzi regionlarının bənzər sınaqlarında xoşagəlməz halların yaşanması İran və iranlıların üstünlüyünü göstərir.

İndi mən bu qürurun yaranmasında rolu olan hər kəsə təşəkkürümü bildirir, böyük xalqın doktor Məsud Pezeşkiyanın müdrik, vicdanlı, elmi və xalqdan olan şəxsiyyətinə verdikləri səsi təsdiq edərək onun İran İslam Respublikasına prezidentliyini təsdiq edirəm. Ona dua edir, səmimi qəlbdən uğurlar diləyərək bildirirəm ki, onun İslam və inqilabın düz yolunda irəliləyən daimi siyasi xətti davam etdikcə xalqın səsi və mənim təsdiqim davam edəcəkdir.

Allahın saleh bəndələrinə salam olsun

Seyid Əli Xamenei
7 mordad 1403 
28 iyul 2024

Bu mərasimdə İnqilabın Rəhbəri cənab Pezeşkiyanın prezidentlik səlahiyyətini təsdiq etdikdən sonra 14-cü prezident seçkilərinin keçirilməsinin xalqın mühüm bir sınaqda qazandığı uğur hesab edərək seçkilərin şirin nəticələrinin xalq tərəfindən hiss ediləcəyinə ümidvar olduğunu dedi. Sonra o, Prezidentə, gələcək hökumətə, xalqa və namizdələrin tərəfdarlarına mühüm tövsiyələr verdi.

Həzrət Ayətullah Xamenei Allaha şükür edərək prezident səlahiyyətlərinin təsdiqi mərasiminin İran xalqının və 14-cü prezident seçkilərinin təşkilatçılarının xalqın qürur tarixi çərçivəsində əbədiləşdirdikləri məzmunlu kitabın sonuncu səhifəsi olduğunu dedi.

O, şəhid prezidentin itkisinin səbəb olduğu ümumi hüzün və kədər mühitinə işarə edərək dedi: “Buna baxmayaraq, seçkilər sakit, sağlam və namizədlərin seçilmiş prezidentlə təqdirəlayiq davranışları və rəqabətləri mühitində keçirildi. Bu məsələdə prezidentlik səlahiyyətlərinin icraçısı cənab Müxbirə və təmsil etdiyi hökumətə bu iki ay ərzində çəkdikləri zəhmətlərə görə təşəkkür edirik”.

İnqilabın Rəhbəri ölkədə sağlam rəqabətlə müşayiət olunan demokratiyanın xalqın keçmişdə mövcud olan faciəli vəziyyətə qarşı qiyamı və inqilabının nəticəsi olduğunu dedi: “Böyük İmam (r.ə) qələbənin ilk günündən tam qətiyyətlə xalqın ölkə idarəçiliyindəki iştirakı və təsirini analoqu olmayan bir səciyyə kimi təsbit edərək bu səciyyənin ölkənin ən mühüm tarixi hadisələrindən biri olduğunu dedi”.

O, məşrutənin uğursuz təcrübəsinə işarə edərək dedi: “Xalqın səy və fəaliyyətlərinə baxmayaraq, qüdrətli, nüfuzlu və xalqdan olan bir rəhbərin olmaması səbəbindən həmin təcrübə nəticəsiz qaldı. Ölkə daxilindəki xaos və xarici müdaxilələr 15 ildən sonra Rza şah adlı amansız və qəddar bir diktatorun hakimiyyət başına gəlməsi və xalqın bütün zəhmətlərinin havaya sovrulması ilə nəitcələndi”.

Həzrət Ayətullah Xamenei diktatura, məzlum insanların öldürülməsi, xalqın təzyiq altında saxlanamsı, yadlara itaət və onlar qarşısında zillətin I Pəhləvi hökumətinin ən mühüm xüsusiyyətləri olduğunu dedi: “İngilislər o şəxsi hakimiyyət başına gətirərək İranın milli sərvətlərini talamaqla yanaşı, İranın siyasəti, mədəniyyəti, iqtisadiyyatı, idarəçiliyi sahəsində, dinfobiya və ruhanifobiya çərçivəsində istədiklərini etdilər. Nəhayət, öz kuklalarını Hitler Almaniyasına meyl etdiyi üçün İrandan sürgün edib çıxardılar. Sonra da həmin siyasətləri davam etdirmək üçün onun ləyaqətsiz oğlunu hakimiyyətə gətirdilər”.

O, ölkə daxilində mövcud olan kəskin boğucu vəziyyətin, yadların siyasətləri qarşısındakı zillətin, ölkənin sərvətlərinin, o cümlədən neftin qarət edilməsinə icazə verilməsinin Məhəmmədrza Pəhləvinin əsas xüsusiyyətlərindən olduğunu bildirdi: “İkinci kuklanın işləri elə bir həddə çatdı ki, istisna hal olaraq xalqın səsi ilə hakimiyyət başına gəlmiş milli bir hökuməti devirmək üçün ABŞ və İngiltərənin əli ilə çevrilişə əl atdı. Bundan böyük cinayət təsəvvür edilə bilməz”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkədə mövcud olan demokratiya İnqilabın xalqa hədiyyəsidir: “Son qırx neçə ildə onlarla seçki sağlam rəqabət və xalqın izdihamlı iştirakı çərçivəsində keçib. Əlbəttə, iştirak bəzən daha yüksək, bəzən də aşağı səviyyədə olub. Amma birinci dərəcəli məsələ xalqın istəkli olmasıdır ki, bu da həmişə olub”.

Həzrət Ayətullah Xamenei bu gün prezidentin mərasimdə etdiyi çıxışın dini demokratiyanın həqiqi prinsiplərinə bağlılıqdan xəbər verən möhkəm və dərin məzmuna malik bir çıxış olduğunu dedi: “Ümidvarıq ki, Allahın lütfü və hamının köməyi ilə ölkəyə və təşkil edilmiş hökumətə layiq prezident ölkə və xalq üçün böyük işlər görə biləcək”.

İnqilabın Rəhbəri çıxışının davamında prezident, hökumət və ayrı-ayrı sahələrin məsul şəxslərinə 7 mühüm tövsiyə ünvanladı.

O, birinci tövsiyəsində böyük İranın sərvətlərinə, çoxsaylı təbii və insani imkanlarına işarə edərək yeni hökuməti bu imkanlardan isitfadə etməyə çağırdı: “Ölkədə çoxlu sayda fikir və təşəbbüs sahibi olan insanlar var. Onların təklif və etirazları istiqamətləndirici və heyrətamizdir. Möhtərəm Prezident və hökumət məqsədə çatmaq üçün “xalq üçün, xalqla, xalq arasında” prinsipləri və bu böyük imkanlardan isitfadə etməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin insani potensialları ilə yanaşı, çoxlu imkanları, maddi və təbii sərvətləri də var ki, indiyədək onların çoxundan istifadə olunmayıb. Bu fürsətlər əsasında böyük işlər görmək olar. Bunun üçün yüksək qətiyyət, fəaliyyətlərin ciddi şəkildə izlənilməsi və yaxşı əməkdaşlar seçilməsi tələb olunur”.

O qeyd etdi ki, qanuni və inzibati çərçivələrə riayət edilməsi mücahid işini inkar etmir: “Bir çox insanlar üzdə qanunlara əməl edir, lakin lazımi nəticə əldə edilmir. Mücahid işi keyfiyyət göstəricisi ilə səciyyələnir. Belə ki, səkkiz illik müqəddəs müdafiədə qələbə çalmaq, düşmənlərin mürəkkəb və rəngarəng fitnələrinə qarşı mübarizə aparmaq kimi böyük işlər mücahid işi ilə mümkün olmuşdur”.

O, mücahid işinin məsul şəxslərin meydanda olması və uzaqdan nəzarət etməkdən çəkinməsi ilə şərtləndiyini dedi: “Hər hansı müdirin işləri uzaqdan idarə etməsi mümkün deyil, işlərin ortasında olmaq lazımdır”.

İnqilabın Rəhbəri növbəti tövsiyəsində ölkənin əsas sütunlarının bir-biri ilə qarşılıqlı əalqəsinin zəruri olduğunu vurğuladı: “Həm parlament hökumətə kömək etməlidir, həm hökumət parlamentin həssas yanaşdığı məsələləri diqqətə almalıdır. Məhkəmə sistemi də ehtiyac duyulan hər bir məsələdə fəal iştirak etməlidir”.

O, qüvvələrin rəhbərlərinə müştərək iclasların təşkil edilməsi ilə bağlı verdiyi tövsiyəsinə işarə edərək dedi: “Qüvvələr rəhbərlərinin iclasları, müxtəlif məsələlərlə bağlı apardıqları fikir mübadiləsi ciddiyə alınmalı olan çox gözəl bir fürsətdir”.

Prioritetlərə riayət edilməsi Həzrət Ayətullah Xameneinin vurğuladığı dördüncü tövsiyə oldu: “Mədəni və ictimai məsələlərə qarşı çox həssasam. Amma zaman etibarı ilə prioritet iqtisadi məsələlərdir. Güclü, izlənilən və hesablanmış iqtisadi hərəkətə ehtiyac var. Əlbəttə, əvvəlki hökumətin vaxtında davam etdirilməsi vacib olan qiymətli işlər həyata keçirilmişdir. Onlarla yanaşı, digər işlr də görülməlidir”.

İnqilabın Rəhbəri xalqa, siyasi və ictimai fəallara ünvanladığı başqa bir tövsiyəsində seçkilər mühitinə, seçki rəqabətləri və gərginliklərindən doğan ümumi emosialara işarə edərək vurğuladı: “Seçkilərdən sonra ikiqütblülüyə səbəb olan vəsvəsələrə etina etmək və onların təsiri altında qalmaq olmaz. Bu mənim israrla vurğuladığım tövsiyədir”.

Həzrət Ayətullah Xamenei seçkilər dövründə insanları bir-biri ilə mübahisəyə vadar edən emosiyaların davam etməməli olduğunu vurğulayaraq əlavə etdi: “Seçkilərin özəlliyi odur ki, bir nəfər səs toplayır, digəri səs toplamır. Bu, mübahisələrə, ixtilaflara, parçalanmalara və ayrılıqlara səbəb olmamalıdır”.

O, inqilabın əvvəlindən indiyə kimi ölkə idarəçiliyində müxtəlif zövq və meyllərin olmasının bir növ sınaq olduğunu vurğulayaraq dedi: “Keçirilmiş bütün seçkilərdə iştirak etmiş insanlar, istər onların namizədi səs toplasın, istərsə də toplamasın, hamısı qalibdir. İran xalqı qalib gəlib və bu seçkidə uduzanımız yoxdur”.

İnqilabın Rəhbəri siyasi, ictimai və seçki fəallarına səslənərək dedi: “Nə namizədi səs toplamış adam özünü yüksəkdə tutmalıdır, nə də sevimli namizədi səs toplaya bilməmiş adam özünü məğlub hiss etməlidir”.

O, növbəti tövsiyəsində ölkənin məsul və icraçı şəxslərinə daxili gücü dəyərləndirib ona arxalanmağı tövsiyə etdi: “Daxili gücə önəm verin ki, “Biz bacararıq” devizi daimi bir şüar olaraq qalsın”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, daxili gücə arxalanmaq xarici imkanlardan istifadə etməmək kimi başa düşülməməlidir: “Heç bir ağıllı insan demir ki, xarici güc və imkanlardan istifadə etməyin. Biz bütün daxili və xarici imkanlardan istifadə etməliyik. Hətta bəzən düşmənlərimiz də bizim xeyrimizə olan bir iş görürlər. Bundan da istifadə edilməlidir. Amma daxili gücü görməzdən gəlmək, hər hansı daxili məsələni dayandırmaq və xarici bir məsələdən asılı etmək olmaz”.

O, məsul şəxslərə səslənərək vurğuladı: “Beynəlxaql səviyyədə bacardığın qədər yaxşı və şərəfli iş gör, amma daxili güc və təşəbbüsə laqeyd qalma”.

İnqilabın Rəhbərinin son tövsiyəsi xarici siyasət məsələləri ilə bağlı oldu. O, bununla bağlı dedi: “Qlobal, xüsusilə regional hadisələr, dalğalar, siyasi, hətta süni intellekt kimi elmi məsələlərdə passiv deyil, aktiv və təsiredici olun”.

Ayətullah Xamenei dünya və regionda baş verən hadisələrə laqeyd yanaşmağın, onlara biganə qalmağın icazəli olmadığına işarə edərək əlavə etdi: “Ölkənin mövqeyini açıq, aydın, aşkar və qətiyyətli şəkildə ifadə edin ki, dünya İran İslam Respublikasının mövqeyini bilsin”.

O, yaxşı bir diplomat və müzakirə opponenti kimi faydalı dinamika, səy və fəaliyyətə malik olan xidmət şəhidi Əmir Abullahiyanı hörtmələ anaraq dedi: “Bu səy və fəaliyyətlər davam etdirilməlidir”.

İnqilab Rəhbəri ölkənin xarici siyasət sahəsindəki prioritetlərindən danışarkən İranın çoxlu qonşulara malik olması imtiyazına toxunaraq, qonşularla əlaqələrin gücləndirilməsi və bu istiqamətdə ciddi səylər göstərməsinin zəruri olduğunu dedi: “Xarici siyasətin digər prioritetlərindən biri Afrika və Asiya ölkələri ilə əlaqələr yaradılmasıdır. Bu, İranın diplomatik sahəsini genişləndirə bilər”.

O qeyd etdi ki, xarici siyasətin başqa bir prioriteti keçən illər ərzində İrana bütün təzyiqlərlə mübarizədə dəstək verən, diplomatik və iqtisadi sahədə köməklik göstərən ölkələrlə əlaqələrin yüksək qiymətləndirilərək möhkəmləndirilməsidir.

Həzrət Ayətullah Xamenei bu mövzuda əlavə etdi: “Xarici siyasət prioritetləri sırasında Avropa ölkələrinin adını çəkməməyimiz müxalifət və düşmənçilik kimi başa düşülməməlidir. Onlar sanksiyalar, neft və insan haqları kimi qondarma hadisələrdə İrana qarşı yaxşı davranmadılar. Əgər qeyd edilən pis davranışları olmasa, onlarla əlaqə də bizim prioritetlərimizdəndir. Əlbəttə, bir neçə ölkə var ki, onların yaratdıqları çətinlikləri, inadkar davranışları unutmarıq”.

İslam İnqilabının Ali Rəhbəri çıxışının son hissəsində Qəzza məsələsinin qlobal bir məsələ olduğunu vurğulayaraq əlavə etdi: “Fələstin bir zamanlar yalnız İslam dünyası ölkələrinin problemi idi, lakin bu gün ümumi və qlobal bir məsələyə çevrilib, ABŞ Konqresi, Birləşmiş Millətlər Təşkilatı, Olimpiadalar və bütün sahələrə qədər nüfuz edib”.

O, qəsbkar sionist rejimin vəhşiliklərinə əsasən, onu cinayətkar, qatil və terrorçu bir banda adlandırdı: “Bu rejim hökumət deyil, cinayətkar dəstənin ən çirkin simasını dünyaya göstərərək cinayətkarlıq tarixində yeni bir standart yaratmış bandadır”.

Həzrət Ayətullah Xamenei Qəzzada çoxlu sayda körpələrin və uşaqların şəhid edilməsinə, xəstəxanaların və qadınların bombalanmasına işarə edərək dedi: “Sionistlərin ağır bombaları bir güllə belə atmamış insanların başına yağdırılır”.

İnqilabın Rəhbəri müqavimətin gücünün davamlı olaraq artmasına işarə edərək bildirdi: “Sionistlər ABŞ və bəzi xain hökumətlərin bütün köməklərinə baxmayaraq, müqavimət qüvvələrini sarsıda bilməyiblər və HƏMAS-ın kökünü kəsəcəkləri ilə bağlı elan etdikləri məqsədləri iflasa uğrayıb. HƏMAS, cihad və müqavimət tam gücü ilə müqavimət göstərir”.

O, iki gün əvvəl ABŞ Konqresinin sionist cinayətkarın çıxışını dinləməsini böyük rüsvayçılıq hesab etdi: “Dünya Qəzzada baş verən hadisələrlə bağlı ciddi qərar qəbul etməli, dövlətlər, xalqlar, fikir və siyasət adamları ayrı-ayrı istiqamətlərdə işlər görməlidirlər”.

İnqilabın Ali Rəhbəri Prezidentin səlahsiyyətlərinin təsdiqi mərasimindəki çıxışının sonunda Allah-taaladan hörmətli prezidentimizə və yeni hökumətə əziz İrana və xalqa başıucalıq gətirəcək böyük işlər görmək uğuru bəxş etməsini dilədi”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən doktor Məsud Pezeşkiyan İslam İnqilabının mərhum memarı İmam Xomeyni (r.ə), İran İslam Respublikasının uca şəhidləri, general-leytenant Hacı Qasım Süleymani, Şəhid Rəcai, Bəhünər və Ayətullah Rəisinin xatirəsini ehtiramla yad edərək İnqilabın Rəhbərinə seçkilərdə iştiraka və fərqli fikirlərin rəqabətinə şərait yaratdığı üçün təşəkkür etdi.

Prezident bir daha özünü nəcib İran xalqının ayaqları altındakı torpaq adlandıraraq əlavə etdi: “Biz bütün İran xalqının dəyişikliklə bağlı gözləntilərinin obyekti və konstitusiyanın icrasına məsuluq”.

Cənab Pezeşkiyan əlavə etdi: “Ölkə, region və dünya ilə bağlı perspektiv sənədin gerçəkləşdirilməsi xətti yalnız İnqilabın Rəhbərinin elan etdiyi ümumi siyasətlərin və inkişaf planı qanununun icrası ilə izlənəcək. Bu, 14-cü hökumətin missiyası olacaq”.

Prezident perspektiv sənədinin mühüm məqsədlərinə, o cümlədən İranın regionda qabaqcıl iqtisadi, mədəni və elmi mövqeyinə, İslam dünyasının ilhamverici olması, dünya ilə konstruktiv qarşılıqlı əlaqələrə malik olmasına işarə edərək, İslami dəyərlərin, o cümlədən, ədalət, qanuni azadlıqların təmin edilməsi, əmin-aman, müstəqil və qüdrətli İranın yaradılması məsələlərinin rəhbər tutulmasının zəruriliyini vurğuladı: “Bu çox mühüm məqsədlərin həyata keçirilməsi üçün bacarıqlı bir hökumətə, inkişaf və tərəqqiyə köklənən konsensusa ehtiyac var”.

Cənab Pezeşkiyan habelə siyasi ixtilafların əsas səbəbinin nəfsani istəklər olduğunu bildirərək Əmiri Möminin (ə) təlimlərindən sitatlar verdi. O, İran xalqına şəhidlərin yolunun davam etdirilməsinin, xalqa sevgi və xidmət göstərilməsi, insaf və ədalətin, xalqın dəstəyi və razılığının qazanılmasının gələcək hökumətin davranışının sərlövhəsi olacağına söz verdi.

Prezident çıxışının davamında bildirdi ki, böhranları və sıxıntıları həll etmək, gözləntilərə cavab vermək xalqın, elitlərin və məsul şəxslərin vəhdəti, birliyi, qarşılıqlı uzlaşması və qanunları rəhbər tutması ilə şərtlənir.

O, hər kəsi milli birliyə əsaslanan hökumətin təşkili istiqamətində konvergensiya siyasətinin icrasına kömək etməyə çağırdı.

Çıxışının sonunda prezident aparatının rəhbərinə, Mühafizə Şurası və Daxili İşlər Nazirliyinə seçkilərin arzuolunan şəkildə keçirilməsində göstərdikləri səylərə görə təşəkkür edən doktor Pezeşkiyan dövlətin seçkilərdə daha yaxşı təmsil olunması məqsədilə seçkilərdə iştirak etmiş xalqa, elitlərə, müxtəlif siyasi fraksiyaların təmsilçilərinə də təşəkkür etdi.

Andiçmə mərasimində prezidentdən əvvəl çıxış edən 13-cü hökumətin daxili işlər naziri 14-cü prezident seçkilərinin keçirilməsi prosesi ilə bağlı hesabat verdi.

35 günlük bir zaman müddətində rəqabətli seçkilərin 2 mərhələsinin keçirilməsi, siyasi sakitlik, sağlamlıq və rəqabət platformasının yaradılması, İranda və dünyanın 98 ölkəsində 60 minə yaxın seçki məntəqəsində səsvermə üçün şərait yaradılması və kiber təhlükəsizliyin təmin edilməsi, namizədlərin təbliğat və təhlükəsizlik vasitələrindən ədalətli şəkildə istifadə etməsi üçün şərait yaradılması hökumətin qərəzsizliyi, seçki prosesinin düzgünlüyü və dəqiqliyi, nəticələrin elan edilməsində sürət cənab Vəhidinin seçkilərin lazımi qaydada keçirilməsi ilə bağlı məruzə etdiyi məsələlərdən oldu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /