İslam İnqilabının Ali Rəhbəri bu gün səhər parlamentin sədri və nümayəndələri ilə görüşdə parlamentin cavabdehliyinin zəruriliyi, parlamentlə yeni hökumət arasında konstruktiv qarşılıqlı fəaliyyət, mühüm məsələlərdə ölkənin əsas dayaqlarından vahid səsin eşidilməsi, parlament müzakirələrində və nümayəndələrin digər fəaliyyətlərində etik qaydaların rəhbər tutulması, qanunvericilik aktlarında olmalılar və olmamalılar, ifrat və təfritsiz monitorinq, nümayəndələrin fəaliyyətinin monitorinqi üzrə kollegiyanın səmərəli fəaliyyəti, qlobal məsələlərdə və xarici siyasətdə parlamentin ciddi iştirakı kimi 8 mühüm məsələni qeyd edərək seçilmiş prezident və parlamentin ortaq məsuliyyət hissi əsasında mömin, məhsuldar, inqilabçı, gələcəyə ümidli, təmizliyi və dürüstlüyü ilə tanınan, milli baxışı, İslam Respublikasına dərin inancı olan, əqidəli insanlardan ibarət bir heyətin formalaşaraq ölkəni və xalqı idarə edəcəklərinə ümidvar olduğunu dedi.
Həzrət Ayətullah Xamenei 12-ci məclislə olan bu ilk görüşdə parlamentin mövqeyinin çox mühüm və həssas olduğunu vurğulayaraq əlavə etdi: “Ümumi təsəvvürdən fərqli olaraq parlament təkcə sorğu-sualçı deyil, hər bir qərarı qəbul edən və fəaliyyət göstərən qurum kimi Allah və xalq qarşısındakı vəzifələrinə və fəaliyyətlərinə görə cavabdeh olmalıdır”.
O əlavə etdi: “Düzdür ki, parlamentin xalq qarşısında hesabat verməsi mexanizmimiz yoxdur, lakin xalqın məmnunluğu və ya narazılığını onların parlamentin fəaliyyətinə reaksiyasında görmək olar”.
İnqilab Rəhbəri həm də bunları dedi: “Keçmişdə bəzi parlamentlərin gördüyü işlər xalqın xoşuna gəlmədiyi üçün xalqın gözündən düşdü. Buna görə də hər bir nümayəndə öz davranışını, çıxışını, mövqeyini və fəaliyyətini cavabdehlik zərurətinə uyğun tənzimləməlidir”.
Qüvvələr arasında konvergensiya və konstruktiv qarşılıqlı əlaqə İnqilab Rəhbərinin aydınlıq gətirdiyi ikinci məqam oldu.
O dedi: “Dövlətin ayrı-ayrı qurumları vahid bir kompleks təşkil etməlidir. Bu məqsədə çatmaq üçün qarşılıqlı əlaqə və əməkdaşlığa, bəzən göz yummaya ehtiyac var”.
Həzrət Ayətullah Xamenei dövlətin qurumları vəhdət və birliyinin ölkənin, dövlətin və xalqın ehtiyacı olduğunu dedi. O, seçilmiş prezidentin on ikinci parlamentin nümayəndəsi kimi iştirakına işarə edərək bildirdi: “Mən həmişə parlamenti hökumətlərlə konstruktiv qarşılıqlı fəaliyyətə çağırdığım kimi, hökumətlərdən də parlamentlərlə əməkdaşlıq etmələrini istəmiş və bunu zəruri hesab etmişəm”.
İnqilabın Rəhbəri cənab Pezeşkiyanın iqtisadi, mədəni, beynəlxalq və digər sahələrdəki uğurlarının hər kəsin uğuru olduğunu bildirdi: “Hamımız seçilmiş prezidentə öz vəzifələrini yerinə yetirməkdə kömək etməliyik və onun uğurunun hamımızın qələbəsi olduğuna tam şəkildə inanmalıyıq”.
O, mühüm məsələlərdə dövlətin bütün qurumlarından vahid səsin eşidilməsinin vacibliyinə işarə edərək dedi: “Dünyada bəzi insanlar məsul şəxslərin səsləndirdikləri fikirlər arasında fərqlilik əlamətləri tapmaq üçün diqqətlə qulaq asırlar. Dövlətin qurumları vahid səslə onları məyus etməlidir”.
Həzrət Ayətullah Xamenei habelə parlamentin müzakirələrində əxlaqın hökmranlığını tamamilə zəruri hesab etdi: “Parlament ictimai rəydə müsbət dalğalar yayan, rahatlıq və arxayınlıq verən mərkəz olmalı, bəzi dövrlərdəki nümayəndələrin böhtan və qarayaxma kimi bəzi hərəkətlərini təkrar etməməli, insanların fikirlərini qarışdırmamalıdırlar”.
O əlavə etdi: “Nümayəndələrin parlamentdən kənar, virtual məkanlardakı danışıqları və davranışları da əhalinin psixoloji təhlükəsizliyini qorumalı, xalqda vəhdət, arxayınlıq və xatircəmlik yaratmalıdır”.
İnqilabın Rəhbəri ölkənin məsul şəxsləri və siyasi fəalların sayıqlığı ilə də bağlı mühüm bir nüansa aydınlıq gətirdi: “Biz bilirik ki, bütün iranlıların ortaq düşməninin kiber ordusu qarşı tərəfi qəzəbləndirmək, qızışdırmaq və zorla hərəkətə gətirmək üçün ölkənin siyasi fraksiyaları və rəqibləri örtüyünə bürünərək fraksiyaların dini və siyasi cəhətdən etimad edilən şəxslərini təhqir edir. Buna görə də kiberməkanda gördüyünüz hər şeyin siyasi rəqiblərinizin işi olduğunu düşünməməlisiniz”.
Rəhbərin deputatlara ünvanladığı dördüncü məsələ qanunvericiliyin olmalı və olmamalıları məsələsi oldu.
O, bütün qüvvə və qurumların hərəkəti üçün relslərin çəkilməsi və yol xəritəsinin hazırlanmasının parlamentin əsas vəzifəsi olduğunu dedi: “Qanunvericinin məqsədi ölkəni inkişaf etdirmək və xalqa xidmət olmalıdır”.
Ayətullah Xamenei ekspertlərdən mümkün qədər daha çox istifadə edilməsinin zəruriliyini vurğulayaraq, qanunu pozan qanun bilicilərinin sui-istifadəsinin qarşısını almaq üçün qanunun şəffaflığı və yozula bilən olmamasının zəruri olduğunu bildirdi.
Qanunların yüksək sənədlərə uyğunluğu və qanun sıxlığı yaratmaqdan çəkinmək İnqilab Rəhbərinin qanunvericiliklə bağlı səsləndirdiyi digər iki məqam oldu.
İnqilabın Rəhbəri həmçinin qanunvericilik üçün plan təqdim edilməsində həddin aşılmasının problemli olduğunu dedi: “Konstitusiya təklif vermək üçün parlamentin əlini açıq qoyur, amma bu işdə təklif qane edəcək dərəcədə yetərli olmalıdır ki, qanunun sıxlığına və çoxlu təkliflərin baxılma növbəsinə salınmasına səbəb olmasın”.
O, qanuna ehtiyacı olan fövqəladə hallar haqqında qeydində dedi: “Bəzən hökumətlər beynəlxalq kommunikasiyalar və ya iqtisadi və quruculuq məsələləri ilə bağlı təcili tapşırıq üçün qanuna ehtiyac duyurlar. Belə hallarda onlar tez-tez asan yola əl atır və rəhbərlikdən icazə alırlar. Təbii ki, fövqəladə hallar istisna olmaqla, bu icazə verilmir, lakin fövqəladə hallarda parlamentin qanunvericiliyi sürətləndirməsi daha yaxşıdır”.
Ayətullah Xamenei ötən illərdə qanunvericiliyin ümumi siyasətlərinin çatdırılmasına işarə edərək onun həyata keçirilməsinin qanunların qəbul edilməsinin zəruri cəhəti olduğunu dedi: “Parlament bu sahədə hələ qanun qəbul etməyib və bu, tezliklə həyata keçirilməlidir”.
İnqilabın Rəhbərinin çıxışının növbəti məqamı parlamentin sual, xatırlatma, araşdırma kimi vasitələrdən istifadə edərək icra hakimiyyətinə nəzarəti ilə bağlı oldu.
O, deputatlara səslənərək bu sahədə iki nüansı qeyd etdi: “Birincisi, nəzarətin məqsədi hökumətin səmərəliliyini artırmaqdır. Buna görə də siyasi, şəxsi və fraksiya xarakterli məsələlər heç bir halda monitorinq alətlərinin istifadəsinə səbəb olmamalıdır. İkincisi, monitorinqdə həddi aşmaqdan çəkinmək və ədalətə riayət etmək”.
Həzrət Ayətullah Xamenei on ikinci parlament nümayəndələrinə verdiyi altıncı tövsiyəsində dedi: “Bəzən bir nümayəndənin yanlış davranışına görə 290 nümayəndənin hamısı sorğu-sual edilir və bütün parlament xalqın gözündən düşür. Nümayəndələrin fəaliyyətinə nəzarət şurasının yaradılmasının fəlsəfəsi bu halların qarşısını almaq, baş verərsə, həll etməkdir. Lakin sözügedən şuradan gözlənilən bu məsələ gerçəkləşməyib”.
O, yeddinci tövsiyəsində parlamentin beynəlxalq məsələlər və xarici siyasət sahəsi ilə bağlı mühüm imkanlarına işarə edərək dedi: “Parlament dünya dövlətlərinin öz fəaliyyətləri və münasibətlərində istifadə etdikləri ağırlığı olan bir qurumdur. Məsələn, danışıqlar masası arxasında öz mövqelərini müdafiə etmək və ya əsaslandırmaq üçün parlamentin qarşı çıxması və ya təsdiq edilmiş qanunlardan pərdə və ya öz mövqelərini izah etmək üçün istifadə edirlər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, parlament xarici məsələlərdə hökumətin əlini doldura bilər: “Parlamentin xarici siyasət sahəsində yaxşı və səmərəli fəaliyyətləri sırasında 11-ci Parlamentin qəbul etdiyi Strateji Fəaliyyət Qanunudur. Bəziləri etiraz edərək bu qanunda nöqsan olduğunu bildirsələr də, qətiyyən haqlı etiraz olmamışdır. Həmin qanunun qəbulu çox düzgün addım olmuşdur”.
O, spiker və parlamentarilərin səfərlər və görüşlər çərçivəsində qlobal hadisə və diplomatiyada oynadıqları həlledici rolun, o cümlədən spikerin son BRİKS sammitindəki səmərəli iştirakının effektiv olduğunu dedi: “Bəzən elə olur ki, deputatların xarici siyasətlə bağlı etdikləri bir çıxış belə mühüm və effektiv təsirə malik olur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hökumətlərin parlamentlərin dəstəyindən istifadə etməsi dünyada geniş yayılmış bir hadisədir: “Buna ABŞ konqresinin İslam Respublikasına qarşı qəbul etdiyi və o vaxtkı ikiüzlü, xəbis, əlbəttə ki, bizim məmurlardan daha zirək olan demokrat prezidentinin imzaladığı “CISSADA” adı ilə tanınan genişmiqyaslı sanksiya qanununu misal göstərmək olar. Halbuki İranla əməkdaş və yoldaş olduğunu iddia etdiyi halda, bu qanunu imzalamaya da bilərdi”.
O, seçkilər vaxtı namizədlər və onların nümayəndələri, habelə xalq arasında sanksiya məsələsinin təkrarlanmasına toxunaraq, parlamentin bu sahədə fəaliyyət göstərmək və rol oynamaq imkanları olduğunu bildirdi: “Biz sanksiyaları şərəfli vasitələrdən istifadə edərək aradan qaldıra, hətta təsirdən sala bilərik. Dəfələrlə demişik ki, sanksiyaları aradan qaldırmaq bizim əlimizdə deyil və biz onları aradan qaldırmaq üçün tədbirlər düşünməliyik. Amma sanksiyaları təsirdən salmaq bizim əlimizdədir. Bunun üçün yaxşı yollar da var. Bəzi hökumət rəhbərləri həmin yollardan isitfadə edərək yaxşı nəticələr də əldə etdilər. Parlament də bu sahədə həlledici rol oynaya bilər”.
İnqilab Rəhbərinin parlament qarşısında duran təxirəsalınmaz işlər istiqamətində aydınlıq gətirdiyi səkkizinci və sonuncu məsələ cənab Pezeşkiyan hökumətinə etimad rəyinin verilməsi ilə bağlı oldu.
O, lazımi tədbirlər görüdükdən sonra nazirlər kabinetinin çox tez bir zamanda təyin edilməsinin faydalı və zəruri olduğunu dedi: “Bu sahədə həm deputatların, həm də seçilmiş möhtərəm prezidentin üzərinə ağır məsuliyyətlər düşür”.
Həzrət Ayətullah Xamenei iqtisadiyyat, mədəniyyət, tikinti və istehsal sahəsi üzrə nazir və rəhbər olacaq şəxslər üçün zəruri meyarlar olduğunu dedi: “Elə bir adam nazir olmalıdır ki, əmanətdar, dürüst, dindar, təpədən dırnağa qədər İslam Respublikasına inanan olsun”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “İnanc mühüm göstəricidir. Gələcəyə ümid və üfüqlərə müsbət baxış digər mühüm göstəricidir. Üfüqlərə baxışı qaranlıq olan və heç bir işin mümkün olmadığına inananlara mühüm və əsas vəzifələr verilə bilməz.”.
O, 14-cü hökumət təmsilçiləri üçün qanunvericilik, dürüstlük və təmizlik reputasiyası, pis keçmişin olmaması, milli baxışa malik olmaq, siyasi və fraksiya məsələlərində boğulmamaq, habelə səmərəliliyin digər zəruri xüsusiyyətlər olduğunu dedi: “Seçilmiş prezident və parlament bu meyarlara əməl etməlidir. Çünki onlar ölkənin məsul şəxlsərinin seçimində ortaq məsuliyyət daşıyırlar”.
Həzrət Ayətullah Xamenei bu meyarlara riayət edilməsi, habelə prezident və parlamentin ortaq məsuliyyətinin həyata keçirilməsi ilə ölkəni idarə edə biləcək yaxşı, səmərəli, dindar və inqilabçı nazirlər kabinetinin seçiləcəyinə ümidvar olduğunu dedi.
O, çıxışının sonunda Qəzza məsləsinin İslam dünyasının birinci dərəcəli problemi olduğunu vurğuladı: “Bədxah qəsbkar rejimin cinayətlərinin başladığı vaxtdan aylar keçməsi ilə bəzi insanlarda bu cinayətləri lənətləmək və onlarla mübarizə şövqü azalsa da, Qəzza məsələsi ilk günlərdəkindən daha çox əhəmiyyət daşıyır”.
İnqilabın Ali Rəhbəri müqavimətin gücünün hər gün artmaqda olduğunu vurğulayaraq dedi: “Amerika adlı böyük bir siyasi, iqtisadi və hərbi aparat qəsbkar sionist rejimlə birlikdə müqavimət adlı kiçik bir qrupla vuruşur və bu iki bədxah HƏMAS və müqaviməti məhv etməyə müvəffəq olmadığı üçün xəstəxanalar, məktəblər, uşaqlar, qadınlar və məzlum insanların üzərinə bombalar yağdırırlar”.
O bu gün dünya əhalisinin qəsbkar rejimin son cinayəti və iyrəncliyinə şahid olduğuna və bu cinayətləri mühakimə etdiyinə işarə edərək, millət vəkillərinə səsləndi: “Qəzzə məsələsinə susmayın, sakit qalmayın. Bu gün parlamentin xarici siyasət və diplomatiya sahəsindəki fəaliyyətinin mühüm hissəsi Qəzza məsələsidir.
İnqilab Rəhbərindən əvvəl çıxış edən İslami Şura Məclisinin sədri əvvəlki parlamentin relslərin çəkilməsi, iqtisadi və strateji qanunların yaxşı şəkildə icrasına nəzarət edilməsi istiqamətində görülən təkmilləşdirici tədbirlərin 12-ci parlamentin ən mühüm işlərindən biri olduğunu dedi və bildirdi ki, yeni parlament xalqın problemlərinin həlli istiqmaətində yeni seçilmiş hökumətin yardımçısı olacaq: “12-ci parlament və 14-cü hökumətin dayaq nöqtəsi dövlətin ümumi siyasətlərinin, xüsusilə yeddinci inkişaf proqramı qanununun icrası zərurətidir”.
Cənab Qalibaf həssas və aztəminatlı qrupların problemlərinə, o cümlədən cəmiyyətin orta təbəqəsinin tələblərinin diqqət mərkəzində saxlanmasının yeni parlamentin digər prioritetlərindən olduğunu dedi: “Deputatlar qeyri-əsas məsələlər, qondarma ikili standart tələsinə düşməkdən qorunmaqla səylərini xalqın, elit şəxslər və İslam İnqilabına ürəkdən bağlı olan şəxslərin tələbləri üzərində təmərküzləşdirəcəklər”.
Fraksiyaçılıqdan çəkinmək və yeni hökumətə rəğbətlə köməklik göstərmək, bütün seçicilərin tələblərinə diqqət yetirmək, təmsilçilərin dairələrlə struktur əlaqələrini gücləndirmək və zəiflikləri aradan qaldırmaq üçün yeni monitorinq üsullarından istifadə etmək kimi nüanslar İslami Şura Məclisinin sədri və xalq nümayəndələrinin Həzrət Ayətullah Xamenei ilə görüşündə səsləndirilən məsələlərdən oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir