Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Sinə vurmaq
Sual: Seyyidüş-şühədanın (ə) əzadarlıq məclisində sinə vurmaq qəm və kədərin ifadəsi sayılırmı? Hansı şəkildə sinə vurmaq icazəlidir?
Cavab: Adi qaydada və ürfə görə qəm və kədərin təzahürü hesab olunan bir şəkildə sinə vurmağın iradı yoxdur.

Sual: Alimlər və şəhidlər üçün yas məclisi qurmaq və sinə vurmaq olarmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Qeyri-adi bir şəkildə və rəqsə bənzər bir tərzdə sinə vurmağın hökmü nədir?
Cavab: Hazırkı dövrdə şiə məzhəbinin əsaslarını sarsıdan və düşmənin əlinə bəhanə verən hər hansı bir əzadarlığa icazə verilmir.

Sual: Üzün və bədənin qızarmasına, göyərməsinə səbəb olacaq bir şəkildə möhkəm sinə vurmağın və üzü cırmaqlamağın hökmü nədir?
Cavab: Cismə ciddi ziyanı olmayacaq bir şəkildə olarsa, iradı yoxdur. Amma məzhəbin əsaslarını sarsıdan bir şəkildə olmamalıdır.

Sual: Bəzi bölgələrdə əzadarlıq məclislərində insanlar sinə və zəncir vurmaq əvəzinə əllərinə iki girdə daş alıb, növhə oxuyan şəxsin səsi və ya təbil və sincin sədası altında bu daşları bir-birinə vururlar. Bu işin hökmü nədir?
Cavab: Yaxşı olar ki, möminlər Məsumların (ə), xüsusilə də Seyyidüş-şühəda İmam Hüseynin (ə) əzadarlıq məclislərinin normalarına riayət etsinlər. Seyyidüş-şühədanın (ə) əzadarlıq məclisi izdihamlı, klassik və maarifləndirici bir şəkildə təşkil olunmalıdır.

Sual: Məscidlərdə və hüseyniyyələrdə təşkil olunan əzadarlıq məclislərində kişilərin öz köynəklərini çıxarıb sinə vurmalarının hökmü nədir? Əgər məclisdə çəkiliş aparılarsa və bu videogörüntüdən sui-istifadə oluna bilərsə, bu halda məsələnin hökmü nədir?
Cavab: Əgər naməhrəm qadınlar kişiləri görərsə, yaxud bunun hansısa bir fəsadı ola biləcəyi qorxusu mövcud olarsa, bu halda çılpaq bədənlə sinə vurmamalıdırlar.

Sual: Əzadarlıq məclisində kişilərin öz köynəklərini çıxararaq sinə vurmaları məzhəbin əsaslarını sarsıdan bir əməl kimi qiymətləndirilə bilər?
Cavab: Yaxşı olar ki, geyimli vəziyyətdə əzadarlıq edilsin.

Sual: Sürətli şəkildə sinə vurmağın hökmü nədir? Belə ki, bu şəkildə sinə vurduqda bəzən rəqsə bənzəyən hərəkətlər ortaya çıxır və şəxs bir növ atılıb-düşür.
Cavab: Yaxşı olar ki, möminlər Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinə uyğun olmayan hər bir işdən çəkinsinlər. Sualda qeyd edilən şəkildə sinə vurmağa gəlincə, əgər bu, insanların nəzərində əzadarlıq məclisinin dəyərinin azalmasına səbəb olmazsa, iradı yoxdur.

Sual: Sürətli şəkildə sinə vurarkən Əhli-beytin (ə) adını sürətli şəkildə ard-arda demək olarmı? Belə ki, bu zaman kəlmələr, adətən, yarımçıq tələffüz edilir. Əhli-beytin (ə) adını yarımçıq tələffüz etmək, onlara qarşı bir növ hörmətsizlik hesab olunurmu?
Cavab: Əhli-beytin (ə) adını sürətli şəkildə ard-arda deməyin öz-özlüyündə maneəsi yoxdur, amma ürfə görə hörmətsizlik hesab olunan bir şəkildə deyilməməlidir. Məsələni müəyyən etmək isə insanın öz öhdəsindədir.

Sual: Əgər bir şəxs əzadarlıq məclisində ürəkgetməyə səbəb olacaq bir şəkildə sinə vursa, bu şəkildə sinə vurması düzgündürmü?
Cavab: İnsan öz cisminə ciddi ziyanı olan bir işi ixtiyari şəkildə və bilərəkdən görə bilməz.

Zəncir vurmaq
Sual: Əhli-beytin (ə) əzadarlıq məclisində kürəyə zəncir vurmağın hökmü nədir?
Cavab: Adi qaydada və ürfə görə qəm və kədərin təzahürü hesab olunan bir şəkildə zəncir vurmağın iradı yoxdur.

Sual: Əgər Əhli-beytin (ə) əzadarlıq məclisində zəncir vurmaq bədənin göyərməsinə, yaralanmasına və bəzən qan axmasına səbəb olarsa, bunun hökmü nədir?
Cavab: Cismə ciddi ziyanı olan bir şəkildə zəncir vurulmamalıdır. Həmçinin elə etmək lazımdır ki, bu əməl məzhəbin əsaslarını sarsıdan bir əməl kimi qiymətləndirilməsin.

Qəmə vurmaq
Sual: Sırf əzadarlıq niyyətilə, yəni məzhəbin əsaslarını sarsıtmaq, ya bədənə ziyan vurmaq və ya başqa bir niyyət olmadan qəmə vurmağın hökmü nədir? Bu işi kütlənin gözü önündə deyil, gizlin şəkildə tək və ya bir neçə nəfərlə birlikdə etmək olarmı?
Cavab: Başa xəncər vurmaq həm ürfə görə qəm və kədərin təzahürlərindən hesab olunmur, həm də İmamların (ə) dövründə bu iş yerinə yetirilməyib və bu barədə heç bir Məsumdan (ə) nə xüsusi, nə də ümumi şəkildə bir dəlil-sübut əlimizə gəlib çatmayıbdır. Bundan əlavə, hazırkı dövrdə bu iş məzhəbin əsaslarını sarsıdan bir əməl kimi qiymətləndirilir və məzhəbin pis ad çıxarmasına səbəb olur. Buna görə də, bu işə heç bir şəkildə icazə verilmir.

Sual: Bəziləri qəmə vurmağı əsaslandırmaq üçün Kərbəla hadisəsinin tarixində yazılan bu hadisəni göstərirlər. Belə ki, Xanım Zeynəb (s.ə) əsir ikən İmam Hüseynin (ə) başına gələn müsibətləri yad edib, başını kəcavənin taxta dirəyinə vurdu və başı yaralanıb qan axdı. Bu tarixi hadisəyə əsaslanıb və bu inancla qəmə vurmaq olarmı?
Cavab: Xanım Zeynəb (s.ə) barəsində nəql edilən hadisə müxtəlif cəhətlərdən qəmə vurmaq məsələsi ilə fərqlidir və bunların bir-biri ilə əlaqəsi yoxdur.

Sual: Bəzi şəriət məsələlərində, məsələn, qəmə vurmaq məsələsində qeyd edilən “dinin və ya məzhəbin əsaslarını sarsıdan əməl” ifadəsi hansı mənanı daşıyır?
Cavab: “Dinin və ya məzhəbin əsaslarını sarsıdan əməl” dedikdə, başqa dinlərə və məzhəblərə mənsub insanların nəzərində “dini və ya məzhəbi məntiqə əsaslanmayan bir şəkildə göstərmək” nəzərdə tutulur. Hətta əgər mübah və ya müstəhəb bir əməl cəmiyyətin və başqa dinlərə mənsub insanların dinə qarşı bədbin olmalarına səbəb olacaq bir şəkildə yerinə yetirilərsə, bu iş haramdır və bunu etməmək lazımdır.

Sual: Əzadarlıqda “cismə ziyan vurmamaq” hansı meyar əsasında müəyyən edilir?
Cavab: Ürfə görə, “ciddi hesab olunan ziyan” nəzərdə tutulur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər