Həzrət Ayətullah Xamenei seçkilərin birinci mərhələsindəki fəallığın proqnozların əksinə olaraq gözlənilən həddən aşağı olduğunu dedi: “Bunun da səbəbləri var. Politoloq və sosioloqlar həmin səbəbləri araşdırırlar”.
O, bəzilərinin birinci mərhələdə səs verməyən adamların dövlətə müxalif olması ilə bağlı təsəvvürünün yüz faiz səhv olduğunu dedi: “Bir qrup insanın bəzi məsul şəxslərdən, hətta İslam dövlətindən xoşu gəlməyə bilər. Onlar bunu azad şəkildə bildirirlər. Amma səs verməyən hər kəsi bu adamlara və ya bu təfəkkür tərzinə aid etmək tamamilə səhv və yanlışdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir çox adamların problemi, işi və çətinliyi var. Ya da başqa səbəblərdən səsvermədə iştirak etməyib. İnşallah, ikinci mərhələdə insanların seçki qutuları önündəki izdihamı həyəcanverici və dövlətin şərəf mənbəyi olar”.
İnqilabın Rəhbəri xalqın iştirakının dövlətin dayağı və başıucalıq səbəbi olduğunu dedi: “İştirak nə qədər yaxşı, aydın və aşkar olarsa, dövlət həm daxildəki məqsədlərini, həm də ölkənin strateji genişləndirilməsindəki hədəflərini həyata keçirmək qabiliyyətinə malik olar. İştirak məsələsi çox böyük fürsətdir”.
O, ümidvar olduğunu vurğuladı: “Xalqın və dövlətin məqsədlərini gerçəkləşdirə biləcək şəxsi seçə bilməsi üçün Allah xalqa ən yaxşı seçim uğuru bəxş etsin”.
İnqilabın Rəhbəri bu görüşün əvvəlində “Şəhid Mütəhhəri Ali Məktəbi”nin inkişaf proqramlarının zəruri və düzgün hərəkət olduğunu dedi: “Proqramlar prinsiplər və əsaslar saxlanılmaqla, habelə zamanın tələblərinə uyğun şəkildə dəyişdirilməlidir, çünki elmi hövzələrin, həqiqətən, yeni addımlara ehtiyacı var”.
O, fəaliyyətlər üzərindəki idarəetmə əhatəliliyi və nizam-intizam məsələsinin zəruriliyini vurğulayaraq dedi: “Şəhid Mütəhhəri Ali Məktəbi” Tehran elmi-teoloji mərkəzinin simvolu kimi teoloji məktəb və universitet olaraq təqvalı və nəcib alimlər yetişdirməlidir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir